24 Noyabr 2024

Bazar, 15:43

22-nin QIZMAR YAYI

Rusiyanın hərbi əməliyyatların növbəti mərhələsinə hazırlaşdığı bir vaxtda, NATO hərbi yerləşdirmə üzrə yeni strategiyaya başlayır

Müəllif:

01.07.2022

Avropa İttifaqı, G7 və NATO-nun Rusiya ilə hərbi qarşıdurmada Ukraynaya ciddi yardımların göstərilməsi məqsədilə iyunun sonlarında növbə ilə Brüssel, Ellmau və Madriddə keçirilmiş sammitləri qlobal diqqəti yenidən bu mövzu üzərinə cəmləyib. Amma bütün bunlar dünyanı sülhə yaxınlaşdırmayıb. Bununla yanaşı, fövqəldövlət liderlərinin Qərbi Avropanın gözəl, səliqəli şəhərlərində toplaşaraq söhbətləşdikləri bir vaxtda müharibə davam edir, yeni dağıntılar və itkilər gətirirdi…

 

Ukrayna üçün Marşal planı

Ukraynada hərbi əməliyyatların davam etməsi, Avropada ictimai rəyin Rusiyaya qarşı getdikcə daha radikal xarakter alması Kiyev üçün Avropa İttifaqına üzvlük səylərinin reallaşdırılması baxımından əlverişli şərait yaradır. Avropanın aparıcı dövlətlərinin liderlərinin bu məsələ bağlı ilkin mövqeyini dəyişməsi və ya dəyişməyə başlaması da bunu təsdiqləyir. Amma onların çoxu əvvəlkitək, Kiyevin Aİ-nin tamhüquqlu üzvünə çevrilməsi üçün xüsusi, güzəştli şərtlərin tətbiqinin əleyhinədirlər.

Bununla yanaşı, müharibə Avropada «oyun qaydaları»nı ciddi şəkildə dəyişib və Ukraynanın siyasi və iqtisadi mühitinin Aİ-nin tələblərinə uyğun yenidən təşkil edilməsi üçün şərait yaradıb. Ehtimal olunur ki, Ukrayna üçün Marşal planının hazırlanması və reallaşdırılması Brüsselin Kiyevin iqtisadiyyatına və siyasətinə təsir imkanlarını artıracaq. Bu məsələdə Almaniya xüsusi fəallıq nümayiş etdirir. Xatırladaq ki, o, bütün mövcud çətinliklərə baxmayaraq, hələ də Avropanın əsas maliyyə-iqtisadi lokomotivi rolunu oynayır. Rəsmi Berlində düşünürlər ki, Almaniya Avropanın Ukraynaya yardımının avanqardında yer almaqla, nüfuzunu əhəmiyyətli dərəcədə artıra, Ukrayna və ümumilikdə Şərqi Avropaya uzunmüddətli təsir imkanlarını təmin edə bilər. Amma bununla yanaşı, müharibədən sonrakı tarixində ən ciddi enerji böhranı ilə üzləşmiş Almaniyanın özünün ciddi dəstəyə ehtiyacı var. «Qazprom» iyunda «Şimal axını» ilə qaz nəqlini 40% azaldıb – bu istiqamətdə sutkada 167 milyon kubmetr «mavi yanacağ»ın nəqli nəzərdə tutulurdusa, hazırda bu həcm 100 milyon kubmetrdir. Şirkət tədarük həcminin azaldılmasını «Siemens» şirkəti ilə planlı profilaktika ilə əlaqələndirir – o, təmirdə olan qazvurma aqreqatlarını Kanadanın sanksiyaları səbəbilə geri qaytara bilmir. Aİ Rusiyanın bu əməlini şantaj kimi qiymətləndirir, Berlin isə qaz sahəsində yaşana biləcək fövqəladə vəziyyət üçün hazırlanmış qəza planının ikinci mərhələsinə keçib. Plan ayrı-ayrı müəssisələrin təbii qaza məcburi qənaətini nəzərdə tutur. Ekspertlər hesab edirlər ki, yaxın aylarda vəziyyət dəyişməzsə, çox enerji işlədən istehsal müəssisələri kütləvi şəkildə bağlana, ümumilikdə isə öklədə iqtisadi durğunluq yarana bilər.

Lakin Almaniya belə həyəcanlı perspektivi gözdən keçirməməyə üstünlük verir. Ukrayna üçün Marşal planını isə Berlin yalnız Kiyevə dəstək vasitəsi deyil, həm də Ukrayna iqtisadiyyatının gəlirli sahələrinə investisiyalarını artırmaq aləti kimi görür. Ukrayna prezidenti Vladimir Zelenski bu planını reallaşdırılması imkanlarını qiymətləndirərkən bildirib ki, «bu, təhlükəsiz həyata qayıdış, müasirləşmə və sosial inkişaf üçün texnologiyalar, mütəxəssislər və imkanlar deməkdir». Bundan başqa, o, Ukraynanın donoru olan ölkələrə müharibədən zərər görmüş ayrı-ayrı regionlar, şəhərlər və sahələr üzərində hamiliyi ələ almağı təklif edib. Bu isə Aİ və ya onun ayrı-ayrı üzvlərinin dövlət idarəçiliyində bilavasitə iştirakı anlamına gələ bilər.

 

Aİ-yə arzulanan «putyovka»

Hesab olunur ki, Ukrayna ilə bağlı miqyaslı donor fəaliyyətinə ən effektiv nəzarət vasitəsi Kiyevə Aİ üzvlüyünə namizəd statusunun verilməsi ola bilər. Məlum olduğu kimi, Aİ-nin tələblərinə əsasən, üzvlüyə namizəd Brüsselin praktik olaraq bütün sahələrlə bağlı tələblərini yerinə yetirməlidir. Ukrayna Aİ-yə üzv olacağı günü həqiqətən də, yaxınlaşdırmaq istəyirsə, bu tələblərə son dərəcə diqqətlə yanaşmalı, bütün şərtlərə əməl etməli, istənilən qeydi nəzərə almalıdır. Bu proses özü özlüyündə, Avropa İttifaqına faktiki olaraq Kiyevin davranış xəttini müəyyənləşdirmək, hətta onu istiqamətləndirmək imkanı verir. Bununla yanaşı, bu vəziyyət Ukraynanın arzuladığı vaxtda Aİ üzvü olacağına zəmanət vermir.

Ədalət naminə qeyd edilməlidir ki, Ukraynaya donor yardımlarının reallaşdırılması və Kiyevin Aİ-yə üzvlüyü ilə bağlı prosedur məsələlərin yerinə yetirilməsi hərbi əməliyyatların dayandırılması ilə əhəmiyyətli dərəcədə bağlıdır. Müharibə və Ukraynada dağıntıların davam etməsi Aİ üzvlüyünə namizədin irəli sürülən tələbləri yerinə yetirməsini çətinləşdirir. Bu, xüsusilə iqtisadiyyatın bərpası ilə bağlı tələblərə aiddir.

Bu arada, gözləntilərin əksinə olaraq, iyunun 23-də sammitdə Aİ üzvlüyünə namizədlər siyahısının genişləndirilməsi ilə bağlı ciddi müzakirələr aparılıb. Səbəb bəzi ölkələrin, məsələn, Avstriyanın Bosniya və Herseqovinaya da namizəd statusunun verilməsini istəməsi olub. Kansler Karl Nexammer hesab edir ki, Avstriyanın Qərbi Balkan ölkələrinin taleyi ilə bağlı tarixi məsuliyyəti var. Onların böyük hissəsi Aİ üzvlüyünə namizəd olsalar da, proses əhəmiyyətli dərəcədə ləngiyib.

Lakin Vyananın israrına baxmayaraq, bu məsələni müsbət həll etmək mümkün olmayıb. Sammitdə Albaniya və Şimali Makedoniyanın quruma üzvlüyü ilə bağlı danışıqların başlanacağı tarix də açıqlanmayıb (buna Bolqarıstanın inadkarlığı imkan verməyib), Gürcüstan isə namizəd statusu ala bilməyib. Tirana, Skopye, Sarayevo və Tbilisi bu qərarı ədalətsizlik kimi qiymətləndirib.

Ukrayna və Moldovanın Aİ üzvlüyünə namizəd statusu almaları isə xeyli asan başa gəlib, çünki bununla bağlı konsensusa hələ sammitdən bir neçə gün əvvəl nail olunmuşdu. Ümumiyyətlə, Aİ-nin sammiti Ukrayna mövzusunun əsas mövzuya çevrildiyi ilk toplantı olub. G7 və NATO sammitlərində mövzunun hərbi-siyasi istiqamətlərinin müzakirəsi isə Qərbin Ukrayna ilə bağlı strateji fəaliyyətinin ümumi mənzərəsini formalaşdırmağa imkan verəcəkdi...

 

Məqsədli blokada və ya göstərişlərin icrası

Rusiya ilə Qərb arasında Ukrayna savaşı üzündən davam edən münaqişə daha bir problemin meydana çıxmasına və dərinləşməsinə səbəb olub. İyunun 17-də Litva Dəmir Yolları İdarəsi Kalininqrad vliayətinə tranzitin iyunun 18-dən etibarən dayandırılacağını bəyan edib və Avropa sanksiyalarına düşən malların keçirilməsinə qadağa qoyub. İlkin qiymətləndirmələrə görə, bu, ümumi tranzit yükləri siyahısının 40-50%-i deməkdir. Bu zaman Vilnüs Avropa Komissiyasının 15 mart tarixli qərarına istinad edir. Həmin qərara əsasən, artıq qadağan olunmuş mallar siyahısında tikinti materialları, metallar, sənaye qurğuları, aviasiya və kosmos sahəsinə aid məmulatlar da daxildir. Üstəlik, ilin sonunadək tranziti qadağan olunan malların siyahısı davamlı olaraq böyüyəcək. Artıq iyulun 10-da sement, beton məmulatları, ağac məhsulları, boya və laklar, gübrələr, inşaat materialları, spirtli içkilər və kürü də tranziti qadağan edilmiş malların cərgəsində yer alacaq. Avqustun 10-dan sonra kömür, dekabrın 5-dən isə benzin və dizel yanacağı da bu siyahıya daxil olunacaq. Bundan başqa, Litva iyunun 21-də sanksiyalara düşmüş malların Kalininqrada yük maşınları ilə tranzitini də qadağan edib. Vilnüsdə bildirirlər ki, bu, birtərəfli məhdudiyyət deyil – qadağa Aİ-nin sanksiyalarına əsaslanır.

Bütün bunların ardınca Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Moskva yaxın vaxtlarda Vilnüsün Kalininqrad vilayətinin blokadası qərarına cavab verəcək. Onun sözlərinə görə, Litva əhalisi atılacaq addımların nəticələrini ciddi şəkildə hiss edəcək. Məlumata görə, cavab addımı kimi, Rusiyaya məxsus hərbi gəmiləri Klaypeda limanı ərazisində, Litva hövzəsi yaxınlığında patrul xidmətini gücləndirəcək. Bu, xarici gəmilərin Litvanın yeganə dəniz limanına girişini əngəlləyə və ya ciddi şəkildə çətinləşdirə bilər. Qeyd edək ki, əsas yüklər ölkəyə məhz bu liman vasitəsilə daxil olur.

Litvada isə bu ssenarini inandırıcı saymırlar və bildirirlər ki, ölkə tranzit qadağası ilə bağlı qərarından imtina etməyi düşünmür. İstənilən halda, yaşananlar göstərir ki, Rusiyanın Aİ ilə sərhədində Belarusla sərhəddə olduğu kimi, maneələr artacaq. Bu isə Rusiyanın tranzit rolunun əhəmiyyətli dərəcədə azalması deməkdir. Belə bir vəziyyətdə Moskva böyük həcmdə istər öz, istərsə də tranzit yüklərini cənub və cənub-qərb istiqamətinə yönləndirmək məcburiyyətində qalır.

 

Hərbi kampaniyanın yeni mərhələsi

Ukrayna müharibəsinin başlamasından düz 4 ay sonra – iyunun 24-də bəzi KİV Ukrayna Silahlı Qüvvələrinin Severodonetsk sənaye zonasının bir hissəsindən çıxdığını, faktiki olaraq şəhəri tam boşaltdığını yazıb. Mətbuatda yer almış məlumatlara görə, Britaniya kəşfiyyatı Rusiyanın şəhəri ələ keçirməsini «hədəflərin kiçilməsi çərçivəsində (söhbət Donetsk və Luqansk vilayətləri ilə sərhədə yönəlməkdən gedir) əhəmiyyətli uğur kimi qiymətləndirib». Lakin iddia olunur ki, «bu, Rusiyanın bütün Donbassı ələ alması üçün həyata keçirməli olduğu çətin vəzifələrindən yalnız biridir».

Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyunun 26-da müharibə dövründə ilk dəfə Donbasa səfər edib. Nazir orada hərbi bölüklərə təlimatlar verib, komanda məntəqələrinə baş çəkib, mövcud vəziyyət, Rusiya qoşunlarının əsas istiqamətlərdə fəaliyyəti ilə bağlı məruzələri dinləyib. Güman etmək olar ki, Rusiya yaxın həftələrdə Donbasa tam nəzarəti ələ almaq üçün hərbi əməliyyatların yeni mərhələsinə hazırlaşır.

Belə bir vəziyyətdə Kiyevin atəşə tutulması həyəcan siqnalı sayıla bilər. Paytaxta zərbələrin endirilməsi nəticəsində dinc sakinlər həlak olub, yaşayış binaları dağılıb. Ukrayna tərəfi iddia edir ki, raket zərbələri «Xəzər dənizi ərazisindən təyyarələr vasitəsilə endirilib». Söhbət «Tu-95» və «Tu-160» strateji bombardmançılarından gedir. Onların Kiyevə raket atması üçün atəşin Ukrayna ərazisindən açılması vacib deyil. Bunun üçün sözügedənq təyyarələrin havaya qalxması və döyüş istiqamətinə yönəlməsi kifayətdir. Moskvanın versiyasına görə isə söhbət paytaxtın atəşə tutulmasından yox, Ukrayna Hava Hücumundan Müdafiə sisteminin yanlışından gedir. Ruslar bildirir ki, məhz bu səbəbdən Ukrayna raketi Kiyevdəki yaşayış binasına düşüb.

Bütün bunların fonunda NATO-nun yeni hərbi strategiyası hazırladığı haqda xəbərlər var. Onun miqyaslı silahlanma yarışına, mümkün təcavüzlərin qarşısının alınması üçün Şərqdə effektiv qalxanın yaradılmasına əsaslandığı bildirilir. Onun effektiv olub-olmayacağını, müharibəyə son qoyub-qoymayacağını indidən söyləmək mümkün deyil. Prezident Vladimir Zelenski hesab edir ki, hərbi əməliyyatların qışadək başa çatdırılması vacibdir. Onun fikrincə, bunun üçün Ukraynaya hava hücumundan müdafiə sistemləri əldə etməlidir. Demək, Ukrayna, Avropa və bütün dünya qızmar yaya hazırlaşmalıdır.



MƏSLƏHƏT GÖR:

153