Müəllif: İlqar VƏLİZADƏ, politoloq
Gözlənildiyi kimi, Aİ-nin iyunun 23-də Brüsseldə keçirilmiş sammitində Gürcüstana bu təşkilata çoxdan gözlənilən «putyovka» təqdim edilməyib – o, Avropa İttifaqına üzvlüyə namizəd ola bilməyib. Ukrayna və Moldova isə əksinə, bu statusa sahib çıxıblar və artıq Avropaya inteqrasiya yolunda yeni keyfiyyətdə irəliləməyə başlayıblar. Əksər analitiklər bu qərarı Tbilisinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqe ilə əsaslandırır. Məlum olduğu kimi, Rusiya ilə qarşıdurmadan qaçmaq istəyən Gürcüstan bu münaqişədə Kiyevə o qədər də aşkar dəstək vermir. Hətta Gürcüstan Prezidenti Salome Zurabişvili bir müddət əvvəl şikayətlənərək bildirmişdi ki, ölkə hökuməti Moskvanın qəzəblənəcəyindən ehtiyatlanaraq, onun Ukrayna və Moldovaya səfər etməsinə imkan verməyib.
Aydındır ki, Ukrayna müharibəsi qlobal siyasi gündəmə ciddi təsir göstərib. Münaqişə zonasına bilavasitə yaxın olan ölkə və regionlar üçün isə savaşın təsiri daha ciddidir. Cənubi Qafqaz yalnız ərazisində SSRİ-nin dağılması ərəfəsində münaqişə ocaqları yaranmış postsovet məkanı deyil. O, həm də keçmiş Sovet İttifaqı coğrafiyasındakı istənilən hərbi gərginliyin əks-sədasını özündə hiss edən bölgədir. Digər yandan o, həm də Qara dənizinə bitişik regiondur. Məlum olduğu kimi, hazırda Qara dəniz hövzəsinin şimal hissəsi savaş meydanına daxil olan ərazidir.
Gürcüstan-Ukrayna: çətin dialoq
Rusiya-Ukrayna müharibəsinin ilk həftələrində Gürcüstanın dolayısı ilə bu münaqişəyə cəlb olunacağı ehtimalı yüksək idi. Çünki o, bölgədə Ukraynanın əsas siyasi tərəfdaşı, məsləkdaşı sayılırdı. Tbilisi Kiyevlə birlikdə uzun müddət Amerikanın hərbi yardımının resipiyenti olub və NATO strateqləri onu Alyansın regiondakı dayaq nöqtəsi sayıb. Lakin Tbilisi münaqişənin ilk günlərindən Moskvanı sərt addımlar atmağa vadar edə biləcək əməllərdən uzaq durmağa çalışıb. Məsələn, o, Abxaziya və Cənubi Osetiya ilə inzibati sərhədində silahlı qüvvələr cəmləməyə ehtiyac duymayıb və ya bunu nümayiş etdirməməyə çalışıb. Ümumiyyətlə, Gürcüstan Moskvanın təhdid kimi qiymətləndirə biləcəyi hərbi xarakterli addımlardan çəkinib. Eyni zamanda o, Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqindən imtina edib, bunu mümkün belə addımların Gürcüstanın öz maraqlarına zidd olması ilə əsaslandırıb.
Bunun ölkə üçün nə qədər həssas məsələ olduğunu Gürcüstanla Rusiya arasındakı ticarət dövriyyəsinin həcmi də göstərir. 2021-ci ilin yekunlarına görə o, 1,6 milyard dolları aşıb. Bu, 2020-ci illə müqayisədə 23,2% çoxdur. Nəticədə, Rusiya Gürcüstanın ikinci ticarət tərəfdaşına çevrilib. Bundan başqa, Rusiyaya hazır gürcü məhsullarının ixracı milli iqtisadiyyatın real sektorunun inkişafına imkan verir. Bu gün Gürcüstan üçün bir çox istiqamətdə Rusiya bazarına alternativ yoxdur.
Bundan başqa, Rusiya vətəndaşları ölkənin turizm sektorunun inkişafında əhəmiyyətli rola malikdir. 2021-ci ildə Gürcüstana səfər etmiş turistlərin sayına görə Rusiya ikinci yerdə qərarlaşaraq, yalnız Türkiyədən geri qalıb. Pandemiyayadək isə Rusiya bu siyahıda birinci yerdə olub.
Hazırda Gürcüstana qeyri-müəyyən müddətə yollanmış müvəqqəti miqrantların sayına görə də Rusiya vətəndaşları ilk yerdədir. Üstəlik, Gürcüstan üçün ölkədən kənarda çalışan vətəndaşların pul köçürmələri əhalinin gəliri baxımından vacib yer tutur. Ən çox köçürmə isə ənənəvi olaraq məhz Rusiyadan həyata keçirilir. Rusiyanın üzləşdiyi iqtisadi çətinliklər, o cümlədən Rusiya banklarının SWIFT sistemindən kənarlaşdırılması köçürmə həcmini ciddi şəkildə azaltsa da, Gürcüstan üçün bu siyahıda o, hələ də liderlər sırasındadır. Bütün bunları nəzərə alan Gürcüstan hökumətinin Rusiyaya göstərdiyi münasibət anlaşılandır.
Bununla yanaşı, Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili ölkə parlamentində mayın 27-də etdiyi çıxışında bildirib ki, onun ölkəsi «sanksiyalarla (ABŞ və Avropanın tətbiq etdiyi) üzləşmiş hər hansı şirkət və ya individin Gürcüstan ərazisində qanunsuz fəaliyyətinə imkan verməyəcək, Gürcüstandan sanksiyalardan yayınmaq üçün istifadə etməyə çalışanların qarşısı kəsiləcək». Bu addımın atılmasında siyasi motivasiya isə daxili amillərdir. Birincisi, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və tərəfdarlarını dəstəkləyən Ukrayna hakimiyyəti ilə münasibətlərdə ziddiyyətlər var. Məlum olduğu kimi, Saakaşvili ölkə rəhbərliyinin əsas rəqibi sayılır. İkincisi, rəsmi Tbilisi münaqişəyə birbaşa cəlb olumaqdan, ölkənin növbəti dəfə Qərblə Rusiya arasındakı hərbi-siyasi qarşıdurmanın meydanına çevrilə biləcəyindən ehtiyatlanır. Burada 2008-ci il müharibəsini yaxşı xatırlayırlar və o zaman baş verənlərə görə ölkənin keçmiş rəhbərliyini günahlandırırlar. Hazırkı hakimiyyət hesab edir ki, o zaman məhz ölkə rəhbərliyinin hərbi ssenarinin gerçəkləşməsinə aparıb çıxaran siyasəti Tbilisinin ölkə ərazisinin 20%-nə nəzarəti tam itirməsinə səbəb olub. Odur ki, hazırkı hakimiyyət «eyni palçığa ikinci dəfə batmaq», ölkədə yeni münaqişənin başlamasına imkan vermək istəmir. Əlbəttə, Gürcüstan Aİ və NATO ilə yaxınlaşmaq, sonda isə hər iki quruma üzv olmaq hədəfindən imtina etmir. Lakin bununla yanaşı, vəziyyətə uyğun davranır və hadisələri sürətləndirmək istəmir. Mayın 20-də Tbilisidə «Müdafiə və əngəlləmə» təşəbbüsü konsepsiyası» imzalanıb. Sənəd yaxın 10 il üçün Gürcüstanla ABŞ arasında hərbi əməkdaşlığın konturlarını müəyyənləşdirir. Söhbət Tbilisinin Vaşinqtonla gələcək yaxınlaşması üçün addımların atılmasını təmin edəcək institusional və çərçivə sənədindən gedir.
Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı sorğusunun iki hissəsinin doldurulması proseduru haqda da eyni sözləri demək olar. O, Avropa tərəfinə mayın 12-də təqdim edilib. Avropa İttifaqının üzvü olmaq istəyini ortaya qoyan Tbilisi bununla yanaşı, istər Moskvanı, istərsə də Brüsseli qıcıqlandırmamaq üçün mövzunu «gözə soxmamağa» çalışır. Rusiya tərəfinin məsələyə mənfi reaksiya verəcəyini, Brüsselin isə skeptizmini nəzərə alan gürcülər özü üçün qızıl ortanı tapmağa, Qərb siyasətinin nüfuz dairəsində qalmaqla eyni vaxtda Rusiya ilə qonşuluqdan maksimum faydalanmağa cəhd göstərir.
Ermənistan. Variantlar olmadıqda
Ermənistan regionda müharibə başlar-başlamaz, Ukraynadan tamamilə uzaqlaşmıq, Rusiyanın bu ölkədəki əməllərinə açıq dəstək ifadə edən yeganə dövlətdir. Halbuki rəsmi səviyyədə İrəvan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Donbas və Krımı Ukrayna ərazisi sayır.
Bununla yanaşı, İrəvanın Ukrayna böhranı ilə bağlı mövqeyini nə Kiyev, nə Qərb tənqid edir. Ola bilsin ki, onlar Ermənistanın Rusiyadan birmənalı asılılığının ona fərqli davranmaq imkanı vermədiyini nəzərə alırlar. Ermənistanın xarici ticarət tərəfdaşları və investorları sırasında Rusiya ilk yerdədir. 2021-ci ildə tərəflər arasında qarşılıqlı ticarət dövriyyəsi bir il əvvəllə müqayisədə təxminən 13% artaraq, 2,6 milyard dollara çatıb. Ermənistanın Türkiyə və İranla sərhədlərini rusiyalı sərhədçilər qoruyur, ölkənin ərazisində isə Rusiya Silahlı Qüvvələrinə məxsus 102-ci hərbi baza fəaliyyətdədir. Ermənistanı təbii qaz və yanacaq-sürtkü materialları ilə də demək olar ki, tam həcmdə Rusiya təmin edir. Bu ölkədən Ermənistana pul köçürmələri ənənəvi olaraq, ölkəyə xarici daxilolmaların vacib hissəsini təşkil edir. İrəvanla Moskva arasındakı münasibətlərin xarakterini anlamaq üçün, yəqin ki, sadalananlar kifayətdir. Odur ki, Ermənistanın Kremlin düşmənlərilə bağlı siyasətində qırmızı xəttin harada olduğunu təxmin etmək mümkündür. Belə vəziyyətdə İrəvan Qərb və Rusiya ilə dialoqu xüsusi həssas mövzulara toxunmadan aparmağa çalışır. ABŞ və Avropadakı nüfuzlu erməni diasporu isə Ermənistan hökumətləri ilə Qərb ölkələri arasındakı dialoqda İrəvanın vəziyyətini izah edərək, fasilitator rolunda çıxış edir.Çünki Ermənistan bir tərəfdən Qərblə əməkdaşlığı dərinləşdirməyə, hətta Avropa İttifaqına ehtiyatlı inteqrasiya yolu ilə getməyə çalışır, digər tərəfdən isə hərbi və enerji təhlükəsizliyinin qarantı kimi, Rusiyadan yararlanmaq istəyir.
Erməni ictimaiyyətinin əhvalı da Ermənistanın siyasi elitasının əhvalına tam uyğundur. Burada həm Rusiyanın tərəfini tutanlar var, həm də Ukraynanın. Lakin Ermənistan regionda yeganə ölkədir ki, Rusiyanın tərəfdarları onun Ukraynada apardığı hərbi əməliyyatlara açıq dəstək ifadə edir. Bu, ölkədə yaxınları, qohumları Rusiyada yaşayan, işləyən şəxslərin çoxluğu ilə də əlaqəli ola bilər, sırf siyasi düşüncə ilə də. Məsələn, Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində qalmış qırıntıları açıq şəkildə «DXR» və «LXR»in müstəqilliyinin tanınmasını dəstəkləyirlər. Rusiyapərəst erməni müxalifətinin əsas hissəsi isə Rusiya ordusunun əməllərinə simpatiya ilə yanaşır. Bunu İrəvan və Xankəndidə Rusiyanın Ukrayna əməliyyatlarına dəstək olaraq keçirilən aksiyalar da təsdiqləyir.
Azərbaycan. Maraqların balansı
Azərbaycan öz neytrallığını qoruyub saxlayır. Amma bu neytrallığın öz xüsusiyyətləri var. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini açıq şəkildə bəyan edir. Bundan başqa, aprelin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna hakimiyyətinə açıq şəkildə tövsiyə verərək, onları ərazi bütövlüyünün müdafiəsində sonadək mübarizə aparmağa çağırıb. İlham Əliyev bu məsələdə Azərbycanın təcrübəsini nümunə də göstərib. Bundan başqa, Azərbaycan 3 Cənubi Qafqaz ölkəsindən Ukraynaya ciddi iqtisadi yardım göstərən yeganə ölkədir. O, Kiyevin yanacaq-sürtkü materialları ilə təchizatını da davam etdirir. Onun bu mövqeyi isə yalnız Kiyev deyil, Qərb tərəfindən də yüksək qiymətləndirilir. Qərbdə Bakını tam müstəqil oyunçu sayır, onun addımlarını yalnız öz uzunmüddətli maraqlarına əsaslanaraq atdığını bilirlər. Azərbaycan Moskva tərəfindən təzyiqlə üzləşə biləcəyi ehtimalına rəğmən, belə davranır.
Amma bütün bunlar Bakı ilə Moskva arasında dialoqu istisna etmir. Məsələn, ikitərəfli hökumətlərarası komissiya çərçivəsində ticarət dövriyyəsinin artırılması, nəqliyyat-tranzit əməkdaşlığının fəallaşdırılması ilə bağlı planlar qurulur. Rusiya Azərbaycanın 3 əsas ticarət tərəfdaşından biridir, Ukrayna isə bu siyahıda ilk onluqda yer alır.
Yalnız onu vurğulamaq kifayətdir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracının 70%-dən çoxu Rusiyanın payına düşür. Ölkəyə gətirilən ərzaq taxılının 90%-dən artığı isə Rusiyanın payına düşür. Ukrynaya gəlincə, 2021-ci ildə Ukraynaya ümumi neft ixracında Azərbaycanın payı 70,8% təşkil edib.
Bundan başqa, Azərbaycan tərəfi Qarabağ münaqişəsindən sonra qalmış məsələlərin həllində Moskvanı vacib tərəfdaş kimi görür. Bununla yanaşı, Bakı Ukraynadakı müharibə zəminində Qərblə Rusiya arasında qarşıdurmanın regional reallığa hər hansı ekstrapolyasiyasını, xüsusən də regionda hərbi qarşıdurma üçün ilkin şərtlərin yaradılmasını qəbuledilməz hesab edir.. Bu, yeni müharibə, yeni münaqişə riski yaradır, bu isə ümumilikdə Cənubi Qafqaz üçün böyük fəlakətlərə yol aça bilər.
Odur ki, rəsmi Bakı bütün qlobal və regional güc mərkəzləri ilə dayanıqlı dialoq siyasətinə sadiqdir. Regionda xarici oyunçuların maraqlarının balansını yaradan Azərbaycan münaqişələrin baş verməməsi üçün əsas tənzimləyici amil kimi çıxış etməyə çalışır. Bakı nə NATO-ya, nə Aİ-yə can atır, eyni zamanda KTMT və AAİ-yə də üzv olmağa maraq göstərmir. Bunun fonunda o, Qoşulmama Hərəkatındakı mövqeyini getdikcə gücləndirir.
Bakıda xatırladırlar ki, Qarabağ münaqişəsi zamanı Qərb ölkələri Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi məsələsində qəti mövqe nümayiş etdirməyiblər, eyni zamanda Bakının Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq haqqına da lazımi dəstəyi ifadə etməyiblər. Tanınmamış Donetsk, Luqans «xalq respublikaları» Vaşinqtonda, Brüsseldə və digər Avropa paytaxtlarında Ukrayna ərazisindəki qanunsuz qurumlar, Krım isə ilhaq olunmuş ərazi sayılırsa, Qarabağ separatçılarını tez-tez «öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparanlar» kimi qəbul edir, tanınmamış «DQR»ə bəzən Bakı ilə danışıqlar prosesinin gələcək iştirakçısı kimi yanaşırdılar. Lakin Azərbaycan uzun illər davam etmiş münaqişəni öz gücünə həll edib və indi qalan məsələlərin həllində istər Moskvanın, istərsə də Brüsselin vasitəçilik səylərini məmnuniyyətlə qəbul edir. Çünki indi Avropa diplomatiyası postmünaqişə reallıqlarını qəbul edir. Bununla yanaşı, rəsmi Bakı Avropa İttifaqının Ukraynaya münasibətdə tətbiq etdiyi meyarların Ermənistanla qalan problemlərin həllində də aktual olmasını istəyir və bunda israr edir.
Rusiya-Qərb qarşıdurmasında arenaya çevrilmək risklərindən qaçan Azərbaycan, eyni zamanda, özünün neft-qaz layihələrinin reallaşdırılması üçün təhlükəsiz mühitin yaranmasına da çalışır. Bu layihələrin əsasını isə Bakı-Tbilisi-Ceyhan neft kəməri və «Cənub Qaz Dəhlizi» qaz borusu təşkil edir. Bu mənada, Azərbaycanın bu səylərinə Qərb də anlayışla yanaşır. Moskva isə Xəzər hövzəsində münaqişəli vəziyyətin region üçün hansı siyasi, iqtisadi və ekoloji fəsadlar yarada, bunun onun öz maraqlarına hansı təsirləri göstərə biləcəyini anladığından, Bakı ilə dialoqu çətinləşdirməməyə çalışır. Rusiyaya Azərbaycan ərazisindən keçən kommunikasiyalar da sərf edir və bu, dialoqda yaranan ziddiyyətlərin aradan qaldırılmasına öz təsirini göstərir.
Ümumilikdə, Cənubi Qafqazın hər üç ölkəsinin ictimaiyyəti Ukraynada və onun ətrafında yaşananları diqqətlə izləyir və şərh edir. Bununla yanaşı, insanların əhəmiyyətli bir hissəsinin Ukraynaya ürəyi yanır və onlar bu ölkə ərazisində gedən hərbi əməliyyatların mümkün qədər tez başa çatmasını istəyir.
MƏSLƏHƏT GÖR: