24 Noyabr 2024

Bazar, 14:59

DÖRDÜNCÜ MƏRHƏLƏ

Türkiyənin Suriyada keçirilməsinə hazırlığın görüldüyü növbəti hərbi əməliyyatı ilə bağlı bir neçə fakt

Müəllif:

01.09.2022

Türkiyə Suriyada növbəti hərbi əməliyyatlara hazırlaşır. Prezident Rəcəb Tayyib Ərdoğan yeni əməliyyatları “təhlükəsizliklə bağlı narahatlıqları yeni əməliyyatlarla aradan qaldıracağıq” deyərək xülasələşdirib. Rəsmi Ankara Dəməşqi bölgədə özünə qarşı ciddi təhlükəsizlik təhdidi kimi görür. Buna səbəb Suriyanın şimalında de-fakto legitimlik qazanan PYD terror təşkilatı və onun silahlı qanadının güclənməsidir.

Türkiyə Milli Təhlükəsizlik Qurumunun mayın 26-da baş tutan toplantısının yekun sənədində yer alan “cənub sərhədlərimizdə həyata keçirilmiş və keçiriləcək hərbi əməliyyatların qonşuların ərazi bütövlüyünü hədəfə almadığı, milli təhlükəsizlik ehtiyacları səbəbi ilə həyata keçirilib” cümləsi Ankaranın növbəti hər bir əməliyyata hazırlaşdığınl göstəririb.

 

PYD və ya PKK

Demokratik Birlik Partiyası və ya PYD 2002-ci ildə kürd terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın birbaşa göstərişi ilə yaradılıb. Terror təşkilatı Suriyadakı təqiblərə görə yarandığı ilk illərdə İraqın şimalındakı PKK düşərgələrində fəaliyyət göstərib. Lakin 2011-ci ildə “ərəb baharı” dalğası və onun Suriyada silahlı üsyana çevrilməsi PKK və bütövlükdə bölgədəki digər separatçı terror qruplaşmaları üçün bir növ “nəfəslik” rolunu oynayıb.

Suriyanın şimalında yaranan xaos və münaqişədən istifadə edən PYD fəalları İraqdan bu ölkəyə geri dönərək təşkilatlanmağa başlayıb. Çox tezliklə PYD-nin silahlı qanadı YPG və onun qadın briqadası olan YPJ yaradılaraq şimal rayonlarında hərbi gücə çevrilib.  

İŞİD-in meydana çıxması ilə Suriya ordusunun 2014-cü ilin əvvəlində şimal vilayətlərdən çəkilməsi, daha sonra isə İŞİD-in Kobanidə geri oturdulması kürd separatçı qrupların hərbi və siyasi gücünü artırıb. 2015-ci ildən etibarən isə faktiki olaraq Qərb ölkələri tərəfindən İŞİD-ə qarşı mübarizədə dəstəklənən PYD bu dəstəkdən hərbi-siyasi gücə çevrilmək üçün istifadə edib. Nəticədə 2015-ci ildə Suriyanın şimalında “Suriya Demokratik Qüvvələri” adlı koalisiya və qeyri-rəsmi kürd muxtariyyəti yaradılıb. İŞİD-in də məğlub edilərək bölgədən qovulması ilə kürd separatçı terror təşkilatı Türkmən Dağı, Afrin rayonundan Qamışlıya qədər Suriya-Türkiyə sərhədinin böyük bir qismini nəzarətə götürmüşdü. Bu isə Türkiyədə PKK-nın yenidən fəallaşmasına səbəb olmuşdu.

Beləliklə, milli təhlükəsizliyinə təhdiddən narahat olan rəsmi Ankara o zamanlar sözün əsl mənasında legitim bir təşkilata çevrilməyin bir addımlığında olan PKK-nın Suriya qanadına qarşı hərbi əməliyyatlara başladı. İlk hərbi əməliyyata 2016-cı il avqustun 24-də start verildi. “Fərat qalxanı” adlı, 5 ay davam edən, Əziz-Cerablus məntəqələri arasındakı ərazilərin təmizlənməsi ilə nəticələnən əməliyyat uğurlu oldu. Bunun ardınca “Zeytun budağı” əməliyyatı (2018-ci il, yanvar ayı) keçirilib. Türkiyə ordusunun Suriyadakı üçüncü əməliyyatı isə 2019-cu ilin oktyabrında başlayan “Sülh budağı” idi. Bu əməliyyatlar nəticəsində Afrin rayonu və eləcə də Hasake rayonunda sərhəd zolağının böyük bir hissəsi Türkiyə ordusunun nəzarətinə keçdi.

 

Türkiyənin Suriya kampaniyaları

Qeyd etmək lazımdır ki, bu əməliyyatlar PYD və onun separatçı-terrorçu müttəfiqlərinə qarşı olmaqla yanaşı, hərbi-siyasi olaraq Ankaranın Suriyanın şimalında güc qazanmasına və vəziyyətə nəzarət edən gücə çevrilməsinə səbəb oldu. Türkiyə həmçinin daxildə sosial gərginliyə səbəb olan Suriya qaçqınları məsələsini həll etmək üçün bu ölkənin ərazisində nəzarət etdiyi ərazilər yaradıb. Müxtəlif hesablamalara görə, əvvəlki əməliyyatlar zamanı Türkiyənin nəzarətinə keçən ərazilərdə 2 milyon suriyalı yaşayır. Eyni zamanda hər gün Türkiyə ərazisindən yüzlərlə maşın və işçi Suriya ərazisinə daxil olaraq müxtəlif işlərdə çalışır. Ərazidə yaşayan, işləyən əhaliyə maaşlar Türkiyə poçt xidməti tərəfindən verilir və əhali əsasən Türkiyə lirəsi istifadə edir. Üstəlik, yerli məktəblərdə ikinci tədris dili türkcədir.

Suriyanın bu ərazisinə faktiki nəzarət etməklə yanaşı, Türkiyə onu elektrik enerjisi ilə təmin edir, burada poçt şöbələri, xəstəxanaların tikintisi daxil olmaqla, infrastruktur yaradır. Bundan başqa, burada yerli özünüidarə qurumları və ən əsası Suriya müxalifətindən ibarət təhlükəsizlik qüvvələri yaradılır. Türkiyə ordusunun bu günə qədər azad edilmiş ərazilərdə 50 mindən çox suriyalıya hərbi təlim keçdiyi, həmçinin Suriya vətəndaşlarının maddi və hərbi ehtiyaclarını qarşıladığı iddia olunur.

Ankara ipə-sapa yatmayan, tez-tez nəzarətdən çıxan bu qurumları vahid ordu halında birləşdirib Suriya hakimiyyətinə qarşı ciddi hərbi-siyasi gücə çevirmək niyyətindədir. Bundan başqa, Ankaranın dəstəklədiyi hərbi-siyasi müxalifətin Suriyanın gələcək taleyində rol oynaması üçün daha böyük gücə və geniş əraziyə sahib olması lazımdır. Bu məqsədlə kürd separatçı və terror qruplarının zəiflədilməsi şərtdir. Bunun üçünsə növbəti hərbi kampaniyaya ehtiyac var.

 

Dördüncü əməliyyat və onun mümkün nəticələri

Qeyd edək ki, Türkiyə ordusu Suriya ərazisində daha çox hərbi əməliyyatlar keçirib. Bunların arasında 2013-cü ildə baş tutan Süleyman şah türbəsinin yerinin dəyişdirilməsi və ya sonuncu 2020-ci il fevralda İdlibdə baş verən və Rusiya qüvvələri ilə toqquşmaya səbəb olan hərbi əməliyyatlar olub. Qarşıdan gələn növbəti hərbi əməliyyatın hədəfi kürd terror qruplaşmalarıdır.

Suriya rəsmi agentlikləri artıq Türkiyə ordusunun ölkənin şimalında hərbi əməliyyatlara hazırlaşması barədə xəbərlər yaymağa başlayıb. Hətta bir qədər əvvəl rəsmi dövlət agentliyi olan SANA Hasake, Raqqa və Hələb vilayətləri kimi sərhəd rayonlarında Türkiyə ordu qüvvələrinin sürətlə cəmləndiyi, eləcə də yerli əhaliyə evlərini tərk etməmək barədə xəbərdarlıq edildiyi barədə xəbərlər yayıb. Bundan başqa, yerli əhaliyə istinadən sərhəddə Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının müşahidə edildiyi iddia olunur.

Qeyd etdiyimiz kimi, növbəti hərbi əməliyyat Türkiyənin regiondakı, xüsusən də Suriyadakı münaqişə prosesində əlini gücləndirəcək, PYD/PKK-nın yaratdığı təhdidləri aradan qaldıracaq, Ankaranın himayə etdiyi suriyalı müxalif qüvvələrin mövqeyini möhkəmləndirəcək, masada onların tələblərinin reallaşmasına imkan yaradacaq və nəhayət, daxili auditoriyada hazırkı hakimiyyətin mövqeyini gücləndirəcək.

 

Hərbi əməliyyata qarşı əngəllər

İndi Türkiyənin növbəti Suriya əməliyyatı qarşısında bir sıra ciddi əngəllər var. Əlbəttə, rəsmi Dəməşq də Türkiyənin növbəti hərbi əməliyyatını ərazi bütövlüyünə təhdid və işğal kimi qiymətləndirsə də, hazırda Bəşər Əsəd iqtidarının beynəlxalq nüfuzunun aşağı olması, Suriya ərazisində tam suverenliyi təmin edə bilməməsi onun etiraz səsini “boğur”. Eyni zamanda B.Əsəd Türkiyənin Suriyanın şimalında kürd qüvvələrinə qarşı hərbi əməliyyatlarından məmnundur. Çünki kürd muxtariyyəti riski Ankaradan daha çox Dəməşqi narahat edir və hazırda hər iki paytaxtın ortaq mövqedə olduğu az saylı məsələlərdən biri də budur. Həm Ankara, həm də Dəməşq kürdlərin siyasi status qazanmasını istəmir.

Digər tərəfdən hazırda Suriya hökumət qüvvələrinin və eləcə də İran və Rusiya kimi əsas müttəfiqlərinin ölkənin şimalındakı kürd rayonlarında hərbi əməliyyatlar keçirməsi mümkün deyil. Çünki kürd qüvvələrinin nəzarətində olan rayonlarda ABŞ hərbi qüvvələri mövcuddur. 2018-ci ildə “Vaqner”in muzdlularının Deyr əz-Zordakı təbii qaz zavoduna hücumu və ABŞ ordusunun reaksiyası göstərib ki, Pentaqon onun maraq bölgəsinə hücuma biganə qalmayacaq. Bu səbəbdən də hazırda kürd separatçılarının nəzarət etdiyi bölgədə hərbi əməliyyat keçirməyə qadir yeganə regional güc Türkiyədir.

Bu arada, hazırda Türkiyənin Suriya əməliyyatı qarşısında 3 ciddi qüvvə - ABŞ, Rusiya və İran qarşı çıxır. Qərb mediası isə məhz 3 ölkənin qarşı olması səbəbi ilə Türkiyənin Suriyada növbəti hərbi əməliyyatının baş tutması riskinin az olduğunu iddia edir.

Bu il iyulun 17-də Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin sammiti və daha sonra verilən açıqlamalardan məlum olur ki, Moskva və Tehran Ankaranın Suriyada hərbi əməliyyat keçirməsinə “yaşıl işıq” yandırmayıb. Moskva və Tehran Ankaranın əməliyyatına müəyyən şərtlər daxilində razılıq verə biləcəklərini açıqlayıblar. Bu şərtlər barədə dəqiq məlumat olmasa da, Moskvanın davranışından belə aydın olur ki, hərbi əməliyyata razılıq əvəzində Ankaradan əsas tələb Dəməşqlə barışıqdır. Ankara isə hələlik buna hazır deyil, çünki indiki vəziyyətdə Dəməşqlə barışıq Türkiyənin həm Qərb müttəfiqləri, həm Suriyadakı yerli müxalifətdən olan tərəfdaşları, həm də ərəb ölkələri tərəfindən qəzəblə qarşılana bilər. Hətta Ərdoğanın Əsədlə münasibətlərlə bağlı yumşaq ifadəsi belə Türkiyədə ciddi reaksiya doğurub.

Maraqlıdır ki, avqustun ortalarında Ukrayna səfəri zamanı təyyarədə jurnalistlərlə söhbət zamanı Türkiyə Prezidenti “bizim Əsədi məğlub etmək və ya etməmək kimi bir dərdimiz yoxdur” demişdi. Bu açıqlama mediada Ankara-Dəməşq barışığı kimi şərh olunub.

ABŞ hökuməti isə bundan əvvəlki əməliyyatlarda olduğu kimi, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsinə qarşı olduğunu və Türkiyə-Suriya sərhədindəki gərginlikdən narahat olduğunu bəyan edib. Qeyd edək ki, Vaşinqton əvvəllər də oxşar mövqe nümayiş etdirib, lakin hər dəfə NATO müttəfiqi kimi Türkiyənin təhlükəsizlik maraqlarını nəzərə almağa məcbur olub.

Bütün maneələrə baxmayaraq, hərbi və siyasi-diplomatik sahədə böyük hazırlıq işlərini uğurla həyata keçirən Türkiyə hərbi əməliyyat keçirməyə hazırdır. İndi Ankaranın Suriyanın şimalında əməliyyat keçirməsi qarşısında əsas maneə Moskvanın mövqeyi və irəli sürdüyü şərtlərdir. Eyni zamanda Dəməşqlə diplomatik danışıqların bərpası indiki şəraitdə Ankara üçün ciddi problem yaratmır. Birincisi hər kəs anlayır ki, Bəşər Əsədi devirmək mümkün olmadı və onunla hər hansı formada danışıqlar aparmaq lazım gələcək. Hətta Əsədin qatı düşmənləri olan ərəb rejimləri belə artıq Dəməşqdəki səfirliklərini bərpa edir, Suriya hakimiyyətinin Ərəb Dövlətləri Liqasına geri dönməsi üçün zəmin yaradır.

Yalnız daxili ictimai rəyi və Suriya müxalifətini buna hazırlamaq lazımdır ki, hazırda bu müəyyən qədər çətindir. Buna görə də Ankara bununla bağlı əlverişli şəraitin yaranacağına ümid edərək tələsmir. Üstəlik, gələn il daxili ictimai rəyin seçkilərə köklənəcəyini nəzərə alsaq, əməliyyatın daha bir neçə ay ləngimə ehtimalının olduğunu deyə bilərik. Əlbəttə, bu müddətdə gözlənilməz hadisələr və ya qəfil qərarlar da ola bilər.



MƏSLƏHƏT GÖR:

138