Müəllif: Rövşən NƏBİYEV
“Taliban”ın Əfqanıstanda yenidən hakimiyyəti ələ keçirməsinin 1 ili tamam olub. 2021-ci il avqustun 15-də “Taliban” gücləri paytaxt Kabili ələ keçirərək yenidən Əfqanıstanda hakimiyyətini bərqərar edib.
Əsasən etnik puştun xalqından təşkil olunan “Taliban” 1996-cı ildə Əfqanıstanda hakimiyyəti ələ keçirib. Amma 5 il sonra, yəni 2001-ci ildə ABŞ-ın hərbi müdaxiləsindən sonra yenidən dağlara çəkilmiş və hərbi kampaniyanın davam etdiyi dövrdə partizan müqavimətini davam etdirmişdi. Amma təxminən 20 il davam edən nəticəsiz müharibədən sonra ABŞ hökuməti Əfqanıstandakı qüvvələrini çəkməyə məcbur olub. Sonuncu amerikalı hərbçi Kabil hava limanını tərk etdiyi zaman “Taliban” qüvvələri artıq Əfqanıstan paytaxtına daxil olmuşdu. Əfqanıstanın hökumət qüvvələri kiçik toqquşmalar istisna olmaqla ciddi müqavimət göstərə bilməmişdi. Bununla da, Qərbin Əfqanıstan kampaniyası başa çatıb. “Taliban” isə 20 ildən sonra yenidən Əfqanıstanda hakimiyyətə qayıtdı: amma bu dəfə qismən razılaşma və öhdəliklərlə.
Məsələ burasındadır ki, 2020-ci il fevralın 29-da Qətərin paytaxtı Dohada “Taliban” və ABŞ nümayəndə heyəti arasında əldə olunmuş razılığa əsasən ABŞ 14 ay ərzində hərbi qüvvələrini Əfqanıstandan çıxarmağı, “Taliban” isə öz növbəsində transmilli terror qruplarının, əsasən “Əl-Qaidə”nin Əfqanıstan ərazisində fəaliyyətinin qarşısını almalı idi.
Ümumiyyətlə, taliblər hakimiyyəti ələ keçirdikdən sonra legitimlik və dəstək almaq üçün dəyişiklik, yumşalma görüntüsü yaratmağa cəhd edib. Lakin sonrakı aylar və ümumilikdə ötən bir il göstərib ki, “Taliban”ın verdiyi vədlərin əsasında dünyada qəzəb doğurmamaq istəyi dayanıb. Bunun ən bariz nümunəsi qadınlarla bağlı siyasət idi.
Qadın incə məsələdir
Dünya ictimaiyyətinin “Taliban”ın Əfqanıstanda yenidən hakimiyyətə qayıtmasından sonra ən çox narahat olduğu mövzu qadınlar idi. Çünki 1996-2001-ci illərdə “Taliban”ın Əfqanıstandakı birinci hakimiyyəti illərində bu ölkədə qadın hüquqları sahəsində ciddi geriləmə olub və ümumiyyətlə, taliblərin qadınlarla bağlı siyasəti dünyanı dəhşətə salırdı. Qızların təhsilin qadağan edilməsi daxil olmaqla, qadın haqları mövzusunda məhdudiyyətlər “Taliban”a qarşı ciddi qəzəbə səbəb olmuşdu.
Bu səbəbdən də, 2021-ci ildə Əfqanıstanda təkrar hakimiyyəti ələ keçirən “tələbələr”lə bağlı ən böyük narahatlıq məhz qadın haqları mövzusunda idi. Çünki ötən 20 il müddətində Əfqanıstanda qadın hüquqları sahəsində müəyyən addımlar atılmış, qızların təhsil alması, ictimai işlərdə çalışması hüquqları bərpa olunmuşdu. İndi bütün bu irəliləyişlərin yenidən məhv olması təhlükəsi var. Bu səbəbdən də, Kabili ələ keçirən “Taliban”ın yeni hökumət formalaşmamışdan əvvəl verdiyi vədlərdən biri də qadın hüquqları ilə bağlı idi. Lakin bu gün əfqanıstanlı qadınlar ötən 20 ildə əldə etdikləri haqların, demək olar ki, əksəriyyətini itirib.
Avqustun 15-də Kabili ələ keçirib Əfqanıstanda İslam Əmirliyi elan edən “Taliban” qadın haqları ilə bağlı vədlərini çox tezliklə “unutdu”. Təxminən, 1 aydan sonra Kabildə ilk qadın etiraz aksiyası “Taliban” qüvvələri tərəfindən dağıdıldı. Doğrudur, hərəkat sözçüsü ilk günlər aksiyanın dağıdılmasını qınamışdı. Amma sonrakı günlərdə baş vermiş hadisələr bu pisləmənin sadəcə sözdən ibarət olduğunu göstərib. Bundan cəmi 3 gün sonra “Taliban”ın Mədəniyyət Komissiyasının sədri Abdullah Vasiq Əfqanıstanda qadın idmanının “lazımsız” olduğu barədə açıqlama verib. Bu açıqlamanın ardınca əfqanıstanlı qadınların idman yarışlarında iştirakı da qadağan edilib.
Daha sonra sentyabrın 17-də Əfqanıstanda qadınların jurnalist işləməsi qadağan edilib və elə həmin gün Qadın İşləri üzrə Nazirlik bağlanıb, onun əvəzində isə Fəzilətin Təbliği və Əxlaqsızlığın Qarşısını Alma Nazirliyi yaradılıb. Həmçinin 19 sentyabrda Kabildə işləyən məmur qadınların evdə qalmaları barədə qərar elan olunub. Buna görə də “Taliban” hökumətinə heç bir qadın nazir təyin olunmayıb.
2021-ci il dekabrın 26-da Fəzilət Nazirliyi 72 kilometrdən uzaq məsafəyə səfər edən qadınların ailəsindən olan bir kişinin müşayiəti altında olması şərtini gətirib. Həmçinin sürücülərə baş örtüyü olmayan qadınları maşına mindirmək qadağan edilib. Yanvarın 22-də isə ölkə ərazisində rəsmi olaraq baş örtüyü kampaniyasına start verilib.
Martın 23-dən isə orta məktəbdə təhsil alan qız şagirdlər dərslərə buraxılmır. Mayın 3-də isə qadın sürücülərin avtomobil idarə etməsi qadağan edilib. Mayın 7-də isə qadınların ictimai yerlərdə üzünü qapatması tələb edilib, mayın 21-də isə televiziya kanallarında qadın aparıcıların üzlərini örtməsi qadağası tətbiq olunub.
Göründüyü kimi, “Taliban”ın hakimiyyətə gəldiyi ilk həftələrdən etibarən artıq qadın hüquqları ilə bağlı vədlər yerinə yetirilməyib. Bütün bunlar onun beynəlxalq təşkilatlar, xüsusən də BMT-yə müraciət edərək qadın haqları barədə beynəlxalq tələblərə əməl edəcəyi ilə bağlı vədlərinin təşkilatın imicini dəyişməyə xidmət edən təbliğat olduğunu göstərib.
Başqa sözlə, qadın haqları ilə bağlı vəziyyət göstərib ki, “Taliban”, ilk növbədə, öz islamçı imicinə sadiqdir və ideoloji kursdan imtina etmək fikrində deyil.
Fikir ayrılığı aspektləri
Qərb ölkələri ilə “Taliban” arasında daha bir gərginlik “Əl-Qaidə” lideri Ayman əz-Zəvahirinin ABŞ hərbi qüvvələri tərəfindən Kabilin mərkəzində - elit rayonda evində öldürülməsi olub. Vaşinqton “Taliban”ı “Əl-Qaidə”yə dəstək verməyəcəyi ilə bağlı vədinə əməl etməməkdə ittiham edib. “Taliban” isə öz növbəsində ABŞ-ı 2020-ci il Doha razılaşmasını pozmaqda günahlandırıb. Çünki həmin razılaşmaya əsasən ABŞ Əfqanıstandakı qüvvələrini çıxarmalı idi.
“Taliban” hökuməti Baş nazirin ikinci müavini Əbdül Salam Hənəfi isə jurnalistlərə açıqlamasında deyib ki, onların hələ də Ayman əz-Zəvahirinin ölümünün detalları barədə məlumatları yoxdur: “Bütün bildiyimiz odur ki, burada hava hücumu həyata keçirilib və bizim İslam Əmirliyi bunu qətiyyətlə qınayır... İslam Əmirliyi dəfələrlə bildirib ki, ərazimizdən qonşu və digər ölkələrə qarşı istifadə edilməməsi bizim siyasətimizdir. İslam Əmirliyi qətiyyətlə bu siyasətin arxasındadır”.
ABŞ Dövlət Departamentinin nümayəndəsi isə “Taliban”ı Doha razılaşmasını pozmaqda ittiham edib: “Taliban” “Əl-Qaidə” liderini Kabildə yerləşdirib ona sığınacaq verməklə Doha sazişini kobud şəkildə pozub və Əfqanıstan ərazisinin terrorçular tərəfindən digər ölkələrin təhlükəsizliyini təhdid etmək üçün istifadəsinə icazə verməyəcəyinə dair dünyaya dəfələrlə verdiyi zəmanəti pozub”.
Maraqlıdır ki, Qərbdən fərqli olaraq “Taliban” Rusiya ilə normal münasibətlər saxlayır. Rəsmi Moskva Mərkəzi Asiyada “partlayış” riskini nəzərə alaraq, “Taliban”la eyni mövqedən çıxış etməyə çalışır. Rusiya hakimiyyəti Qərblə problemləri olan “Taliban”la normal münasibətlər qurmaqla həm də özünə Mərkəzi Asiyada yeni müttəfiq qazanmağı düşünür.
Qeyd edək ki, bu ilin martında Rusiya nümayəndə heyəti Kabildə səfərdə olub. Səfər zamanı “Taliban” rəsmiləri ilə yüksək səviyyədə görüşlər keçirilib və taliblər Rusiya ilə isti münasibətlər qurmaqda maraqlı olduqlarını bildiriblər. Bu barədə Rusiya Prezident Aparatının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib. O, iyunda isə bəyan edib ki, Rusiya Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökumətini rəsmən tanıya bilər.
Maraqlıdır ki, talibançılar daha sonra Rusiya dövlət başçısının da iştirak etdiyi beynəlxalq konfransa qatılıblar. Bu, Rusiyanın “Taliban”ı hələ də terror təşkilatı olaraq tanımasına rəğmən baş verib.
Güman etmək olar ki, Rusiya Qərblə ciddi problemi olan və Cənubi Asiyaya əsas körpü hesab olunan Əfqanıstanla yaxşı əlaqələr qurmaqda maraqlıdır. “Taliban” Çin tərəfindən dəstəklənir və həm də Rusiyanın təsir dairəsi hesab olunan Mərkəzi Asiyada təhlükəsizlik və sabitlik üçün açar qüvvədir. Əslində, Moskva “Taliban”ın Tacikistanla hərbi münaqişəyə girməsindən və nəticədə Mərkəzi Asiyanın qanlı münaqişə ocağına çevrilməsindən ehtiyat edir. Bu isə Rusiyanın Ukraynada uzun sürən hərbi kampaniyası fonunda ona böyük təhlükə yaradır.
Çörəklə sınaq
“Taliban” üçün isə Rusiya indi ərzaq təminatı baxımından vacib ölkədir. Əfqanıstanın son bir neçə ildə quraqlıqdan əziyyət çəkdiyini nəzərə alsaq, bunun çox mühüm amil olduğunu söyləyə bilərik. “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra isə xarici yardımların azalması nəticəsində ölkədə ciddi ərzaq qıtlığı yaranıb. Buna görə də Rusiya Prezidentinin Əfqanıstana taxıl satışına icazə verən qərarı “Taliban” tərəfindən məmnunluqla qarşılanıb.
Yeri gəlmişkən, hazırda “Taliban”ın ölkə daxilində 3 əsas problemindən biri də ərzaq qıtlığıdır. Davam edən quraqlıq və xarici yardımların dayanması “Taliban” hakimiyyəti üçün ciddi sınaq olub.
Əfqanıstanda digər iki ciddi problem isə İŞİD və şiə hazaralardır. “Taliban” Kabili nəzarətə götürdükdən bir neçə gün sonra İŞİD-in “Xorasan” qrupu adlı təşkilatın paytaxtda yerləşən hava limanında terror aktı törətmişdi. Ötən bir il ərzində terror aktları səngiməyib. Əsasən şiə məscidlərini hədəfə alan terror aktları nəticəsində onlarla insan ölüb. Təkcə ötən ilin oktyabr və noyabr aylarında şiə məscidlərində baş verən terror aktları çox sayda insan ölümü ilə nəticələnib.
Maraqlıdır ki, “Taliban” və İŞİD əslində eyni “kökdən” gəlir. Onlar hər ikisi Sovet-əfqan müharibəsi nəticəsində meydana çıxan cihad hərəkatlarından yaranıb. Ancaq Suriya müharibəsi zamanı İŞİD və “Əl-Qaidə” arasında yaranan münaqişə İŞİD-i digər cihad qrupları ilə düşmən olmasına səbəb olub. “Əl-Qaidə” ilə daha yaxın olan “Taliban” İŞİD-lə münaqişəyə girib. Nəticədə, 2015-ci ildə İŞİD-in Əfqanıstanın şimalında ilk yerli qruplaşması yaranıb və bu qruplaşma “Taliban”la düşmən olub. “Taliban”ın ABŞ-la razılaşma imzalaması sonrası hakimiyyəti ələ keçirməsi İŞİD-lə qarşıdurmanı daha da dərinləşdirib. Demək, “Taliban”ın hazırda Əfqanıstandakı ən böyük müxalifləri sırasında İŞİD, daha dəqiq desək “Xorasan” qruplaşmasıdır (“İŞİD-K” adı ilə tanınır).
İŞİD-in Əfqanıstanda şiə-hazaraların məscidlərini hədəfə alması bir tərəfdən “kafir” şiələrə zərbə vurur, digər tərəfdən “Taliban” üçün daxildə qeyri-sabitliyin yaradılmasına xidmət edir.
Bu arada, İŞİD-in şiə məscidini hədəfə aldığı sonuncu terror aktı bu ilin avqustunda Kabilin Xeyirxana rayonunun Sare Kotal məhəlləsində yerləşən Sadiqiyyə məscidində baş verib. Terror aktı nəticəsində 21 nəfər ölüb, 33 nəfər isə yaralanıb.
Əfqanıstanda əsas şiə icmasını hazara türkləri təşkil edir. Hazaralar hələ Sovet-əfqan müharibəsi zamanı SSRİ qüvvələrinə qarşı silahlı müqavimət qrupları yaratsa da, 1992-1996-cı illərdə Bürhanəddin Rəbbaninin rəhbərlik etdiyi Əfqanıstan koalisiya hakimiyyəti dövründə şiə hazaralar sovetlərə qarşı birgə savaşdıqları qrupların təzyiqi və ağır zərbələrinə məruz qalıb. Əsasən İran tərəfindən dəstəklənən hazara qüvvələri Əfqanıstanda təsirli gücə çevirlməyib. Lakin “Taliban” və digər güclü hərbi-siyasi ittifaqlar hazaralarla hesablaşıb. Burda İran amilinin də rolu undulmamalıdır.
İyun ayında isə daha əvvəl “Taliban” sıralarında vuruşmuş hazara əsilli səhra komandiri Mövləvi Mehdi Mücahid Əfqanıstanın şimalında ələ keçirdiyi bölgədə “Taliban”a qarşı üsyan bayrağı qaldırıb. Mücahid taliblərə qarşı siyasi iddialar irəli sürüb, siyasi iqtidarın bölüşməsi, o cümlədən hazaraların siyasi hakimiyyətdə iştirak etməsini tələb edib. 33 yaşlı Mücahid “Taliban” daxilində az saylı nüfuzlu qeyri-puştun əsilli liderlərdən biri idi. Ətrafında ciddi silahlı güc olan Mücahid “Taliban” qüvvələri ilə ciddi toqquşmalar yaşayıb. Hətta “Taliban” Mehdi Mücahid tərəfdarlarına qarşı zirehli texnika göndərməli olub.
Həm İŞİD, həm də Mehdi Mücahid kimi, “Taliban”ın “öz içindən” çıxan düşmənlərə qarşı daha sərt davranması göstərib ki, keçmiş hakimiyyətin qalıqları, Əhməd şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi “Milli Müqavimət Cəbhəsi”, yaxud Tacikistanda yerləşən “Şimal Müqavimət Cəbhəsi” kimi qruplar “Taliban”ı çox ciddi narahat etmir. Çünki İŞİD ideoloji olaraq “Taliban”a yaxındır. Mücahid isə başqa məzhəbdən olsa da, “Taliban”ın tərkibində döyüşüb, təşkilat daxilində nüfuz qazanıb, tərəfdarlar toplaya bilib. Üstəlik, hazara amili “Taliban” üçün narahatlığı daha da artırır.
Beləliklə, “Taliban”ın bir illik iqtidarı ona olan cüzi etimad limitinin itməsi ilə nəticələnib.
Proseslərin bu şəkildə gedişatı Əfqanıstanın daha çox təcrid olunacağı, qapalı məkana çevriləcəyini göstərir. Rusiya, Çin və İran kimi ölkələrin “Taliban”a olan yumşaq münasibəti isə təhlükəsizlik riskləri ilə əlaqədardır. Bu, özünü Rusiyanın “Taliban”ı rəsmi tədbirə dəvət etdiyi halda terrorçu təşkilat siyahısında saxlamasında bariz şəkildə göstərib. Amma bu dözümün hansı şərtlərdə və nə zamana qədər davam edəcəyini demək çətindir. Bir şey məlumdur ki, günlərin birində “Taliban”la bağlı növbəti “partlayış” baş verə bilər.
MƏSLƏHƏT GÖR: