Müəllif: Kənan RÖVŞƏNOĞLU
“Prezident Bayden və mən razılaşmışıq ki, İsrail İranın nüvə təhlükəsinə çevrilməsi ehtimalının qarşısını almaq üçün lazım bildiyimiz kimi hərəkət etmək azadlığına malikdir”.
Bu sözləri İsrailin Baş naziri Yair Lapid ölkəsinin Hərbi Hava Qüvvələrinin 140-cı eskadronunu ziyarəti zamanı deyib. O, həmçinin əlavə edib ki, ölkəsi İrandan qaynaqlanan hər bir təhlükəyə hazırdır.
ABŞ və İran arasında nüvə sazişinin bərpasına bir addım qaldığı bir zamanda İsrailin narahatlığı təsadüfi deyil. Məsələ ondadır ki, Təl-Əviv üçün təhdid yalnız Tehranın nüvə silahına sahib olması deyil, həm də sanksiyalardan qurtulub neft və qaz gəlirlərini artırması, bunu Yaxın Şərqdə İsrail əleyhinə fəaliyyət göstərən qruplara ötürməsidir. Bu mənada narahatlıq nüvə sazişinin bərpası nəticəsində İranın sərt sanksiyalardan azad olması və dünya bazarına böyük miqdarda neft-qaz çıxarması ilə bağlıdır. Buna görə də nüvə sazişi Vaşinqtonun danışıqlar prosesini bərpa etməkdə qətiyyətli olmasına baxmayaraq, İsrail üçün az qala “qırmızı xəttə” çevrilib.
Vaşinqton israrlıdır
Hazırkı Ağ Ev administrasiyası 2015-ci ildə demokrat kabinetin imzaladığı nüvə sazişinə qayıtmaqda israrlıdır. Vaşinqtonun nüvə sazişini bərpa etməkdə məqsədi Tehranın nüvə fəaliyyəti üzərində beynəlxalq nəzarət əldə etmək, onun regiondakı fəallığını azaltmaq, həmçinin son illərdə güclənən Çin-Rusiya-İran xəttini “qırmaqdır”. Bayden administrasiyası düşünür ki, Tramp administrasiyası dövründə İrana qarşı tətbiq edilən ən sərt sanksiyalar belə Tehranı təslim olmağa vadar edə bilməyib. Əksinə, iranlılar anti-Qərb dalğasından məharətlə istifadə edərək ABŞ-ın region maraqlarına zərbə vurmaqda davam ediblər.
Digər tərəfdən Rusiyanın qlobal təcridi kampaniyasının davam etdiyi bir vaxtda Moskva üçün Şərq, xüsusilə İran ciddi əhəmiyyətə malikdir. Rusiyanın Qərb təcridinə qarşı əsas dəstəkçilərindən biri də Tehrandır. Nüvə sazişinin bərpası isə Vaşinqtona İranın bu istiqamətdəki fəaliyyətini balanslaşdırmaq üçün imkanlar verə bilər. Bu səbəbdən də, Ağ Ev İsrail və yəhudi lobbisinin, eləcə də daxildəki respublikaçı müxalifətin bütün cəhdlərinə baxmayaraq, İranla nüvə danışıqlarını davam etdirməkdə israrlıdır.
“Mühafizəkar” barışıq
İranın indiki on üçüncü hökuməti sərt xarici siyasətinə rəğmən, nüvə sazişi üzrə danışıqlar prosesini yerindən tərpətməyə hazır olduğunu nümayiş etdirir. Baxmayaraq ki, hazırkı iqtidar komandasının bundan əvvəlki Həsən Ruhani komandasına qarşı əsas tənqid mövzularından biri məhz Qərblə barışıq siyasəti idi. Amma siyasi-ideoloji baxış öz yerində, ölkənin də öz daxili şərtləri var. Sanksiyalar İran iqtisadiyyatını zəiflədir, dünyada davam edən ərzaq böhranı da bu ölkəyə ciddi təsir edir. Lakin dünya bazarında yaranmış enerji qıtlığı Tehran üçün xüsusi fürsətə çevrilib. Bu səbəbdən də, İbrahim Rəisinin qatı mühafizəkar komandası nüvə sazişinin bərpası üçün əlindən gələni edir. Məsələn, Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısından çıxarılması tələbindən imtina edib. O, bu şərti əvvəllər özünün “qırmızı xətt”i elan etmişdi. İran rəsmiləri qarşılıqlı güzəştlərin labüdlüyündən bəhs edirlər. Mediada isə İranla sazişin olmadığı təqdirdə Avropanın bu qışda daha çox əziyyət çəkə biləcəyindən bəhs edir. Başqa sözlə, Tehran da sazişin bərpasına hazırdır.
Yeri gəlmişkən, İranın hökumət sözçüsü Əli Bahaduri Cəhromi deyib ki, rəsmi Tehran nüvə sazişi ilə bağlı bir sıra təminatlar istəyir. Buraya Vaşinqtonun sazişi yenidən ləğv etməyəcəyi ilə bağlı təminatı, müqavilədə obyektiv və praktiki yoxlamanın olması və sair daxildir.
O, həmçinin bildirib ki, İslam Respublikası əvvəllər olduğu kimi bundan sonra da danışıqlar prosesini tərk etməyəcək. Bunun isə bir neçə səbəbi var. Birincisi, İran üçün indi beynəlxalq sanksiyaların ləğv olunması, enerji bazarına geri dönmək ölkə daxilindəki iqtisadi vəziyyətin yaxşılaşması üçün vacibdir. İkincisi, rəsmi Tehran əvvəldən nüvə silahı əldə etmək planı olmadığını bəyan edib. Bununla, o, sazişə geri dönmək üçün hər hansı maneənin qalmadığını nümayiş etdirir. Eyni zamanda nüvə sazişinin bərpası İranın region ölkələri ilə iqtisadi və siyasi əlaqələrinin güclənməsinə imkan yaradacaq və qlobal təcriddən çıxacaq.
İsrail razı deyil
Nəzəri olaraq, Vaşinqton İsrailin beynəlxalq təhlükəsizliyinin qarantı olduğu üçün İsrail rəhbərliyinin İran-ABŞ barışığından narahat olmağa əsası yoxdur. Belə ki, iyulun 13-də İsrailə səfər edən ABŞ Prezidenti Cozef Bayden də bir daha bəyan edib ki, ABŞ İsrailin müdafiəsini təmin edəcək və bu, rəsmi sənədlərlə də möhkəmləndirilib. Heç kəs şübhə etmir ki, iqtidarda kimin olmasından asılı olmayaraq, İsrailə qarşı xarici hərbi müdaxilə olarsa bu zaman ABŞ hərbi qüvvələri dərhal dövriyyəyə girəcək.
Bəs İsraili nə narahat edir?
Qorxulu ssenari
Yəhudi dövlətini qorxudan İranın nüvə sazişini bərpa etdikdən sonra gizli şəkildə nüvə silahı əldə etmək riski deyil. Əksinə, sirr deyil ki, sazişin bərpası İranın nüvə fəaliyyətinə daha ciddi beynəlxalq nəzarət imkanı verəcək və bu, Tehranın nüvə silahı əldə etməsi ehtimalını kəskin şəkildə azalacaq. İsraildə bunu yaxşı başa düşürlər. Yəhudi siyasətçilər və hərbçiləri daha çox narahat edən İranın nüvə sazişinin bərpasından əldə edəcəyi qazancdır.
İsrailin Baş naziri Lapid açıq şəkildə bildirib ki, İranla nüvə sazişinin bərpası və sanksiyaların götürülməsi nəticəsində Tehran 250 milyard dollar qazanc əldə edəcək və bunun sayəsində nüvə fəaliyyətini və silahlanma işini gücləndirəcək. Söhbət İranın ballistik raket proqramı və Yaxın Şərqdəki silahlı qruplaşmaları maliyyələşdirməsindən gedir.
İsrail rəsmiləri iddia edirlər ki, Tehranın sanksiyaların ləğvi nəticəsində əldə etdiyi neft və qaz gəlirlərinin bir qismi “Hizbullah” (Livan), “Həmas”, “İslami Cihad” (Fələstin) kimi radikal silahlı qruplara ayrılır və nəticədə, Yaxın Şərqdə gərginlik yüksəlir. Başqa sözlə, İsrailin narahatlığı İranın nüvə fəaliyyətindən daha çox sanksiyalardan qurtulub iqtisadi və paralel olaraq hərbi cəhətdən güclənməsidir.
Nəhayət, İranın güclənməsi Yaxın Şərqdə İsrailə qarşı mübarizə aparan silahlı qrupların “əl-qolunu” açacaq. Üstəlik, bu, iki ildir davam edən ərəb-İsrail barışığına maneə yarada bilər. Bu səbəbdən də, İranla ABŞ arasında “nüvə barışığı” İsrail üçün yolverilməzdir.
Lakin görünən odur ki, İsrail rəhbərliyinin bütün cəhdləri uğursuz olacaq. Avqustun sonlarında Vaşinqtona səfər edən İsrail rəsmiləri yüksək vəzifəli şəxslərin “tətildə olması” və ya digər səbəblərə görə onlarla görüşə bilməyib, görüş keçirilən bütün rəsmilər isə İsrailə yüksək səviyyəli təminat veriblər.
Son ümid
İsrail üçün indi İran-ABŞ sazişini pozmağın yeganə vasitəsi İranla hərbi qarşıdurma və ya İranı danışıqlardan imtinaya vadar edəcək addımlardır. Mövcud gərginlik artıq Tehran və Təl-Əviv arasında gizli və aşkar sui-qəsdin növbəti dalğası ilə nəticələnib. Demək olar ki, hər həftə “casus əməliyyatları”, müəmmalı sui-qəsdlər baş verir. Məsələn, sentyabrın əvvəlində İran xüsusi xidmət orqanları 12 bəhaini İsrailə casusluq etmək ittihamı ilə həbs edib. Bundan əvvəl isə kürdlər yaşayan bölgələrdə “casus qrupları” ifşa olunmuşdu. Belə görünür ki, İranda İsraildən təhlükə həssaslığı ən yüksək səviyyədədir. Bu, artıq dini qruplara da sirayət edir. Məlum olduğu kimi, 19-cu əsrin ortalarında İranda yaranmış Bəhai inancını lideri Bəhaullah daha sonra sürgün edildiyi Osmanlı imperiyasının Hayfa şəhərində dünyasını dəyişib və burada dəfn olunub. Bu səbəbdən də, hazırda dünyada sayları 10 milyona çatmayan bəhai inancı ardıcılları üçün Hayfa və orada yerləşən Bəhaullahın məzarı müqəddəs ziyarətgahdır. Görünür, bu səbəbdən də, iranlılar bəhailərin İsraillə əlaqələrindən ehtiyat etməyə, bu dini qrupun ardıcıllarının İsrail lehinə çalışacağından ehtiyat edir.
Bu arada, bir çox ekspertlərin fikrincə, İran və İsrail arasında qarşıdurmanın ünvanı Suriya ərazisi ola bilər. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biri İsrail aviasiyasının vaxtaşırı Suriyadakı mülki və hərbi obyektləri bombalamasıdır. Doğrudur, daha əvvəl əsasən hərbi obyektlər, xüsusən də İran hərbi qüvvələri və onların təsiri altında olan milis qrupları hədəfə alınsa da, son bir neçə ayda əsasən Dəməşq və Hələbdə, eləcə də digər regionlardakı mülki hava limanları, kimya müəssisələri vurulur. İsrail mülki təyyarələr vasitəsilə İrandan Suriyaya silahlar və silah istehsalı üçün lazım olan avadanlıq və texnologiyaların daşındığını iddia edir.
Bilindiyi kimi, xüsusən də Suriyada vətəndaş müharibəsinin kəskin dövründə İran Əfqanıstan, Pakistan, İraq və digər ölkələrdən könüllü qrupları toplayaraq Suriyada hərbi birləşmələr formalaşdırıb. Bu birləşmələr əsasən SEPAH tərəfindən təşkil olunur və daha sonra xüsusi zonalarda hərbi əməliyyatlara cəlb edilir. İsrail isə bu qrupların tədricən cənuba – ölkə sərhədinə doğru yönəldiyini, Suriya ərazisində raket zavodlarının yaradıldığını iddia edir. İsrailli rəsmiləri hesab edirlər ki, Suriyada formalaşdırılan bu qüvvələr daha sonra İsrailə onlara qarşı istifadə olunacaq.
Belə bir təhlükəni aradan qaldırmaq üçün yəhudi dövlətinin hərbi-siyasi rəhbərliyi vaxtaşırı Suriya ərazisinə hava zərbələri endirmək əmri verir. Doğrudur, hələlik İran tərəfdən bu zərbələrə cavab verilmir, amma bir gün İsrail ərazisinin raket atəşinə tutulmayacağına kimsə zəmanət verə bilməz.
Maraqlıdır ki, Suriyada yerləşən Rusiya hava hücumundan müdafiə qüvvələri İsrail aviasiyasının zərbələrinə “göz yumur”. Doğrudur, zərbələr bir qayda olaraq Aralıq dənizi üzərindən endirilir və təyyarələr faktiki olaraq Suriya ərazisinə daxil olmur. Bu səbəbdən də, Suriyanın məhdud hava hücumundan müdafiə sistemləri atılan raketləri əksər vaxt vura bilmir.
Suriya kimi İranın əsas regional müttəfiqi olan Rusiya da İsrailin İran hərbi qüvvələrinə hücumlarına dözür. Görünən odur ki, Suriya ərazisində İsrail-İran toqquşması həm də Moskva üçün əlverişlidir.
Üstəlik, İran ərazisinin həddən artıq uzaq olması, hücum təyyarələrinin İran üzərində vurulması və geri qayıtmama ehtimalının yüksək olması, eləcə də ABŞ rəhbərliyinin İranın nüvə obyektlərinin vurulmasına qarşı çıxması İsrail rəhbərliyini Suriyadakı İran hədəflərinə daha çox hücum etməyə sövq edir. Çünki Suriyadakı İran hərbi birlikləri ABŞ üçün də leqal hədəflər hesab olunur. Üstəlik, bu, birbaşa İran ərazisi olmadığı üçün Vaşinqtonu narahat etmir.
Başqa sözlə, Suriyada qarşı-qarşıya gəlmək indi həm İran, həm də İsrail (eləcə də ABŞ) üçün ən uyğun variantdır. Bundan başqa, diqqətin Ukraynadan Yaxın Şərqə yönəldilməsi və qlobal qarşıdurma da Rusiyanın maraqlarına cavab verir.
Bir sözlə, bütün bunları, eləcə də son aylarda Suriyada İsrail bombardmanlarını nəzərə alsaq, növbəti qarşıdurmanın Suriya ərazisində olması ehtimalının yüksək olduğunu söyləyə bilərik. Amma Suriyadakı hərbi qarşıdurmanın miqyasının böyüməsi riski İsrailin həlledici addım atmasına mane olan əsas amillərdən biri olaraq qalır. Nüvə sazişinin bağlanmasının yaxın olması hücum riskini hər gün bir az da artırır.
MƏSLƏHƏT GÖR: