Müəllif: Mehman MİRZƏYEV
İran və ətrafında beynəlxalq fon közərməkdədir. Buna İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı (SƏ) arasında gərginliyin getdikcə artması və artıq yeni miqyaslı regional müharibə riskinin yaranması səbəb olub.
«Daxili və xarici düşmənlər»
Hər şey Amerika KİV-nin Ər-Riyad və Vaşinqtondakı mənbələrinə istinadla yaydığı bir xəbərdən başlayıb. Məlumatda deyilirdi ki, İran Səudiyyə Ərəbistanı ərazisindəki hədəflərə raket zərbələri endirməyə hazırlaşır. SƏ-nin Birləşmiş Ştatlara verdiyi bu məlumata cavab olaraq, Amerikanın Yaxın Şərqdəki silahlı qüvvələri hərbi hazırlıq vəziyyətinə gətirilib. Hesab olunur ki, Tehran Ərəb krallığına təcavüz etməklə, vətəndaşların diqqətini daxildə getdikcə artan etirazlardan yayındırmağa çalışa bilər.
İran, həqiqətən də, islam dünyasının liderliyi uğrunda mübarizədə əsas rəqiblərindən olan Ər-Riyadı onun daxili işlərinə qarışmaqda günahlandırır. Ölkə rəhbərliyi bildirir ki, 22 yaşlı Məsha Amininin əxlaq polisi tərəfindən saxlanılan zaman ölməsi ilə başlamış və bütün ölkəni bürümüş etiraz aksiyalarının planlaşdırılması və reallaşdırılmasının arxasında ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları dayanır. Məsələn, sonuncu irandaxili hadisələrin rəsmi Tehranın maraqlarına zidd şəkildə SƏ mətbuatında və ya səudiyyəlilərin maliyyələşdirdiyi beynəlxalq KİV-də, həmçinin Londonun «Iran International» telekanalında yayımlanmasında təqsirləndirilir.
Beləliklə, İran-SƏ münasibətlərinin pozulması 2021-ci ildə başladılmış ikitərəfli əlaqələrə son qoyub. Halbuki o vaxt hər kəs tərəflər arasında normal dialoqun qurulması prosesinə başlanıldığını düşünürdü. Tehranla Ər-Riyad arasında davamlı şəkildə aparılan danışıqlardan belə görünürdü ki, tərəflər son illərdə yaşanmış problemlərə, onların səbəblərinə diqqət çəkməyi düşünmür. Belə hallardan biri Səudiyyə Ərəbistanında şiə vaiz Nimra əl-Nimranın edamı və 2016-cı ildə krallığın Tehrandakı səfirliyinə edilmiş hücum idi. Digər və daha ciddi hal başlanğıcını 2015-ci ildən götürürdü – o zaman Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəməndə şiə qiyamçıları olan, İranın dəstəyinə arxalanan husilərə qarşı hərbi əməliyyat keçirmişdi. Münasibətlərdəki gərginliyin piki isə 2019-cu ilə təsadüf edirdi. O zaman husilərə məxsus pilotsuz uçuş aparatları SƏ-nin «Saudi Aramco» neft hasilatı kompleksinə hücum etmişdi.
İran-SƏ qarşıdurması ümumilikdə Tehranla Ər-Riyadın geosiyasi rollarından qaynaqlanır. İran özünü şiə, SƏ isə sünni mərkəzi kimi təqdim edir. Onların arasında Yaxın Şərqin müxtəlif cəbhələrində yaşanan münaqişələr də bu zəmində baş verir. Elə İraqda da Səudiyyə Ərəbistanının dəstəklədiyi sünni qruplaşmaları şiələrin başçılıq etdiyi hökumətə qarşı mübarizə aparırdı. Suriya da arxalarında müvafiq olaraq Tehran və Ər-Riyadın dayandığı şiə və sünni qruplaşmaları arasında qanlı mübarizə arenasına çevrilib.
«Sünni-şiə» xətti üzrə bölünmə bu ölkələrin hər birində özünü konkret neft hasil olunan zonalarda hökmranlıq kimi, daxili məsələlərdə də göstərir. Məsələn, Səudiyyə Ərəbistanının Şərq əyalətində əsasən şiələr yaşayır və nəticədə hakimiyyət ənənəvi olaraq, bu bölgəyə İranın siyasi təsirinin artmasından narahatlıq keçirir. İranda isə Xuzistan bölgəsində əsasən etnik ərəblər məskunlaşıb. Tehran onları Ər-Riyada meyilli kütlə sayır.
Lakin bütün bu problemli məqamlara baxmayaraq, bir müddət əvvələdək İran-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması prosesi son dərəcə real görünürdü. Bu, İranda kütləvi etiraz aksiyalarının başlaması və Tehranın buna görə məsuliyyəti həm də Ər-Riyadın üzərinə atmasınadək davam edib. Yaranmış vəziyyət Yəmən istiqamətində də razılığa gəlinə biləcəyinə dair işartıları söndürüb: müəyyən müddət davam etmiş atəşkəs razılaşmasının uzadılması husilər tərəfindən rədd edilib, lakin onlar razılaşmanın pozulmasına görə məsuliyyəti Ər-Riyadın üzərinə atıblar.
Doğrudur, rəsmi Tehran Səudiyyə Ərəbistanına zərbə endirmək niyyəti haqda məlumatları təkzib edir. İran Xarici İşlər Nazirliyinin rəsmisi Naser Kanaani bu haqda fikirləri əsassız adlandırıb. Məsələyə İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə məsləhətçisi, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti də son dərəcə konstruktiv tonda münasibət bildirib. «Biz Səudiyyə Ərəbistanı ilə qonşuyuq və hər ikimiz mövcud olmalıyıq. Problemlərimizin daha effektiv yollarla həlli üçün hər iki ölkədə səfirlikləri bərpa etmək lazımdır», - deyə o, qeyd edib.
Amma bu, İranla SƏ arasında müharibə riskinin aradan qalxdığı anlamına gəlirmi?
Amerikanın mövqeyi
İranın xarici düşməninə güc tətbiqinə əl atması ehtimalı, əlbəttə ki, var. Bu, ilk növbədə, hakimiyyətin yerli ictimaiyyətin diqqətini ölkəni bürümüş etiraz dalğasından yayındırmağa, «ümumi xarici təhdid»ə cəlb etməyə hesablana bilər. Eyni zamanda bu halda rəsmi Tehran «daxili düşmənlər»i əzmək üçün bütün yollardan və vasitələrdən istifadə etmək üçün ciddi arqument də qazanacaq.
Lakin İranın Səudiyyə Ərəbistanı ilə tammiqyaslı müharibəyə girəcəyinə inanmaq da olmur. İlk növbədə, nəzərə almaq lazımdır ki, onların quru sərhədi yoxdur. Odur ki, ehtimal olunan savaş başlayarsa, İran dronlardan istifadə, yaxud ərəb dövlətinin ayrı-ayrı infrastruktur obyektlərinə raket zərbələrinin endirilməsi ilə kifayətlənməli olacaq. Səudiyyəpərəst qüvvələrin mövqelərinə Suriya və İraqdakı İran proksiləri vasitəsilə zərbələrin endirilməsi də istisna deyil. Yeri gəlmişkən, ABŞ mətbuatında yer alan məlumatlarda deyilir ki, Ər-Riyadın təqdim etdiyi informasiyalarda İranın yalnız krallığa deyil, İraqdakı kürd muxtariyyətinin mərkəzi olan Ərbil şəhərinə də zərbələr endirə biləcəyi bildirilir. Səbəb yenə də həmin etirazlardır – İraq Kürdüstanının İrandakı hökumətyönlü üsyanların "kürd elementi"nə müvafiq təsiri ilə əlaqədar.
İstənilən halda, İranın Səudiyyə Ərəbistanına mümkün hücumu haqda məlumata reaksiya verən ABŞ öz silahlı qüvvələrini yüksək hərbi hazırlıq vəziyyətinə gətirib. Ağ Ev, Dövlət Departamenti və Pentaqon Səudiyyə Ərəbistanının timsalında tərəfdaşlarını qeyd-şərtsiz və tərəddüdsüz müdafiə etməyə hazır olduqlarını bəyan ediblər. Halbuki budəfəki Tehran-Ər-Riyad gərginliyi Amerika ilə Səudiyyə Ərəbistanının münasibətlərində müəyyən böhranın yaşandığı vaxta təsadüf edib. Bu ilin iyulunda ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfər edərək, vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşüb. Halbuki o, seçki kampaniyası zamanı 2018-ci ildə qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının ölümünə görə məsuliyyəti Səudiyyə şahzadəsinin üzərinə qoymuşdu. Buna baxmayaraq, Bayden bin Salman ilə Səudiyyə Ərəbistanında neft hasilatının artırılması ilə bağlı razılığa gəlmək istəyirdi. Lakin oktyabrın əvvəlində SƏ OPEK vasitəsilə digər neft hasilatçıları ilə (o cümlədən Rusiya) birlikdə fərqli razılığa gəlib: Ər-Riyad sutkalıq neft hasilatı həcminin 2 milyon barelədək azaldılması qərarına «hə» deyib. Maraqlıdır ki, OPEK-in qərarı ərəfəsində Səudiyyə Ərəbistanı digər «G7» ölkələri ilə Rusiya neftinin qiymətinin üç mərhələdə azaldılmasına dair razılığa gəlmişdi. Belə bir vəziyyətdə Ər-Riyadın OPEK-in qərarı ilə razılaşması Birləşmiş Ştatlara meydan oxumaq kimi qiymətləndirilib. Bundan sonra ABŞ-ın siyasi dairələri Ər-Riyadın Moskva ilə sövdələşməyə getdiyini düşünməyə başlayıb və onunla strateji tərəfdaşlığın pozulmasına açıq çağırışlar etməyə başlayıb. Söhbət, ilk növbədə, əlbəttə ki, hərbi və hərbi-texniki əməkdaşlıqdan gedir (Səudiyyə Ərəbistanının istifadə etdiyi silah sisteminin təxminən dörddə üçünü Vaşinqton tədarük edir).
Amma İran ətrafında baş verənlər Vaşinqtonla Ər-Riyad arasında münasibətlərin hələ də kifayət qədər sıx olduğunu təsdiqləyib. Bu, bir şeyə şübhə yeri qoymur: İran Səudiyyə Ərəbistanı ərazisinə ballistik raketlər və ya dronlarla hücum etmək qərarına gələrsə, ABŞ bundan İslam Respublikasına cavab zərbələrinin endirilməsi üçün əsas kimi istifadə edəcək. İstənilən halda, Amerika Ər-Riyadı hərbi yardımla (o cümlədən İran obyektlərinə dəqiq zərbələrin endirilməsi şəklində) təmin edəcək. ABŞ Mərkəzi Komandanlığının Fars körfəzi regionundakı hərbi təyyarələrin «Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanının ümumi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi çərçivəsində» İran istiqamətində havaya qaldırılması haqda əmri də bunu göstərir. Söhbət artıq Səudiyyə Ərəbistanında olan «F-22» Amerika qırıcılarından gedir. Bundan başqa, SƏ-də təxminən 2500 amerikalı hərbçinin olduğu da məlumdur. Onlar yüksək texnologiyalı kəşfiyyat və təlim işlərində ərəb krallığı ilə əməkdaşlığa cəlb ediliblər.
Beləliklə, ABŞ bütün vasitələrlə göstərir ki, onun Ər-Riyadla münasibətlərindəki problemləri İranın qarşısının kəsilməsi kimi strateji hədəfi kölgədə qoymur. Başqa sözlə, Vaşinqton Tehranın SƏ-yə qarşı istənilən təcavüz hərəkətinə cavab olaraq, birmənalı şəkildə İrana zərbələr endirə, bu zaman həm də İran-Rusiya hərbi əməkdaşlığına zərbə vurmaq məntiqindən çıxış edə bilər. Amerikalılar onu da düşünə bilərlər ki, Səudiyyə Ərəbistanı ilə müharibəyə girəcəyi təqdirdə İran Rusiyaya dron və raket tədarükünü dayandırmalı olacaq. Söhbət Rusiya ordusunun Ukraynaya qarşı istifadə etdiyi vasitələrdən gedir.
Amma digər tərəfdən Fars körfəzi regionunda miqyaslı müharibə yenə də Rusiya ilə qarşıdurma kontekstində ABŞ-ın maraqlarına tam cavab verə bilməz. Çünki İranla SƏ arasında tammiqyaslı savaş Fars körfəzindən dünya bazarlarına enerji resruslarının tədarükünə mütləq şəkildə əngəl yaradacaq. Bundan isə ən çox qazanan Rusiya olacaq. İran-Səudiyyə eskalasiyasının ümumi gedişi genişmiqyaslı daxili etirazlarla üzləşmiş İran ətrafında gərginləşən xarici fona uyğun gəlir.
ABŞ-ın Tehranın təcavüzünə məruz qalacağı təqdirdə Ər-Riyadı dəstəkləməyə hazır olduğunu nümayiş etdirməsi, Rusiyanın İran silahlarından istifadəsi kontekstində beynəlxalq arenada aparılan anti-İran təbliğatı, həmçinin əsas məsələ – İranın nüvə probleminin həlli istiqamətində heç bir irəliləyişin olmaması “mollakratiya” rejiminin getdikcə daha ciddi sınaqlar qarşısında qaldığını təsdiqləyir.
MƏSLƏHƏT GÖR: