Müəllif: Kənan RÖVŞƏNOĞLU
Getdikcə daha çox ekspert İrandakı hadisələri Suriyada 11 il əvvəl baş verənlərə bənzətməyə başlayıb. Təbii ki, nüanslar var. Siyasi, dini və bir çox başqa şərtlər hələ də fərqlidir. Amma iğtişaşların getdikcə daha çox zorakılaşması, terror aktları və silahlı hücumlar vətəndaş müharibəsi ilə bağlı narahatlıq yaradır.
Hakimiyyət vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq edir
Bu ilin noyabrında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Twitter”də yazıb: “İranda vətəndaş müharibəsi, ölkəni dağıtmaq və parçalamaq planları hazırlayan İsrail rejimi və qərbli siyasətçilər bilməlidir ki, İran Liviya və ya Sudan deyil”.
Lakin bu açıqlamaya münasibət birmənalı olmayıb. Qərbdən olan bəzi ekspertlərin fikrincə, İran rəsmilərinin xarici qüvvələrin ölkədə vətəndaş müharibəsini yaratdığı barədə açıqlamaları əslində hakimiyyətin planıdır və bunun vasitəsilə Tehran etirazları zorakılıqla yatırmaq üçün zəmin hazırlayır. Ancaq artıq 3 aydır davam edən etirazların nəinki zəifləməməsi, əksinə daha da zorakı hal alması, xüsusən də hökumət məmurlarına qarşı silahlı hücumların artması, İran üçün həssas məkanlar olan ziyarətgahların hədəfə alınması vətəndaş müharibəsi riski barədə ehtimalları qüvvətləndirir.
Yeri gəlmişkən, oktyabrda Şiraz şəhərində Şah Çıraq ziyarətgahında törədilən terror aktından sonra Məşhəddə İmam Rza hərəm-kompleksini yandırmaq cəhdi, Xomeyn şəhərində İslam inqilabının lideri Ruhullah Xomeyninin evinin yandırılması, həmçinin noyabrın 23-də Tehran yaxınlığında Şəhri-Qüdsdə daha bir ziyarətgahı hədəfə almağa hazırlaşan intiharçı terrorçunun həbs olunması barədə məlumat yayılıb.
Hərbi müdaxilə vətəndaş müharibəsinin qarşısını alacaqmı?
Baş verənlərin fonunda İran hərbi birləşmələrinin etirazların və silahlı hücumların ən şiddətli şəkildə baş verdiyi kürd regionlarına, eləcə də İraqın şimalındakı kürd muxtariyyətinə yeridilməsi hakimiyyətin “risk ocaqlarını” söndürmək və diqqəti ölkə xaricinə çəkmək məqsədi daşıyır.
Məsələ ondadır ki, hər nə qədər İran etirazları ölkənin bütün bölgələrində, o cümlədən daxili fars əyalətlərində, Tehranda, hətta Məşhəd və Qum kimi dini-ideoloji “paytaxtlara” yayılsa da, əsas risk nöqtələri etnik qrupların yaşadığı şimal-qərb (kürd) rayonları, cənub-şərqdə Sistan-Bəlucistan əyaləti (bəluclar) və cənub-şərqdə Xuzistan (ərəb) əyaləti idi. Azərbaycanlılar İranda dördüncü etnik risk qrupu hesab edilir. Lakin İran İslam Respublikasının Azərbaycan əyalətlərində keçirilən etiraz aksiyaları əsasən dinc xarakter daşıyıb və silahlı münaqişəyə çevrilməyib.
Hakimiyyət isə əsas diqqəti kürd rayonlarına yönəldib. Məlum olduğu kimi, İranda hazırkı etiraz aksiyalarının baş qaldırmasının səbəbi kürd əsilli Məhsa Əmininin Tehranda baş örtüyü qaydasına əməl etməməsi ittihamı ilə polisə aparılması və burada halının pisləşməsi, az sonra isə aparıldığı xəstəxanada dünyasını dəyişməsi olub. İlk etirazlar da Əmininin vətəni kürd rayonlarında baş qaldırıb. Hazırda da ən şiddətli etirazlar və silahlı toqquşmalar kürdlərin sıx yaşadığı Kirmanşah, Elam və Qərbi Azərbaycan əyalətlərində davam edir.
İran İnqilab KeşikçiləriKorpusunun (SEPAH) keçmiş komandirlərindən biri Məhəmməd Kövsəri noyabrın sonlarında bildirib ki, kürd separatçıları ilə mübarizə aparmaq məqsədilə kürd regionuna hərbi qüvvə göndərib.
Eyni zamanda xarici işlər naziri Hüseyn Əmir Abdullahian kürd rayonlarında 76 terrorçu və inqilab əleyhdarı qrupun fəaliyyət göstərdiyini, bu məqsədlə İsrail və ABŞ istehsalı silahların xaricdən göndərildiyini bildirib.
Noyabrın 20-22-də isə İran ordusu yenidən İraq ərazisini (kürdlərin yaşadığı rayonları) bombalayıb. Bundan əvvəl oktyabrda da İran ordusu kürd separatçı təşkilatlarına dəstəklədiyi iddiası ilə İraqın kürd muxtariyyəti ərazisindəki bəzi mərkəzləri bombalamışdı.
Əsas hədəflər isə Kürdüstan Azadlıq Partiyasına (PAK) aid məkanlar olub. İran ordusu rəsmisi İraq kürd muxtariyyəti əhalisinə müraciət edərək İrana qarşı müxalif mövqedə olan kürd partiyaları və onların binalarından uzaq olmağı məsləhət görüb. Eyni zamanda İran ordusunun İraqda quru əməliyyatlarına başlayacağı ilə bağlı xəbərdarlıq edib.
Niyə kürdlər?
Son etirazlarda İranda iki ən qaynar nöqtə yadda qalıb. Bunlardan biri bəlucların yaşadığı Zahedan şəhəri və kürdlərin yaşadığı şimal-qərb regionlarıdır. Zahidanda oktyabrda baş verən toqquşmalar çox sayda insan ölümü ilə nəticələnib.
Amma ən şiddətli hadisələr kürd rayonlarında baş verib. Qeyd edildiyi kimi, İranda ilk etirazlar kürd regionunda baş verdi. İndi isə artıq bu etirazlar kürd silahlıları ilə İran hökumət qüvvələri – ordu və polis arasında silahlı toqquşmalara çevrilib.
Bir çox xarici analitiklər aksiyaların zorakılığa çevrilməsini hökumət qüvvələrinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsinin doğurduğu reaksiya kimi izah edir. Son həftələrdə baş verən silahlı toqquşmalar kürd regionunda vəziyyətin kritik olduğunu göstərir. Müstəqil mənbələrin məlumatlarına görə, təkcə noyabr ayında baş verən silahlı toqquşmalarda 98 kürd, 59 polis və hərbçi öldürülüb. Onların əksəriyyəti odlu silahlarla qətlə yetirilib.
Etirazlardan silahlı toqquşmalara keçid riski
Bir çox iranlı ekspertlərin fikrincə, son vaxtlar dinc etirazların səviyyəsində azalma və silahlı toqquşmaların sayında artım müşahidə olunur. Hakimiyyət isə öz növbəsində etirazları marginallaşdırmağa və hər birinə qarşı ayrılıqda xüsusi əməliyyat keçirməklə onları neytrallaşdırmağa çalışır.
Amma ölkənin, demək olar ki, bütün bölgələrində süst də olsa küçə etirazları davam etdiyi üçün bu, riskli addımdır. Bu isə o deməkdir ki, hətta ayrılıqdan hər hansı regionda keçirilən əməliyyatlar qəfildən kütlənin etirazı ilə qarşı-qarşıya qala bilər.
İranlı rəsmilər anlayır ki, etirazları zorakılıqla yatırmaq və prosesləri silahlı münaqişəyə yönəltmək ciddi risk daşıyır. Birincisi, kütlənin içində müxtəlif səbəblərdən hazırkı hakimiyyətdən narazı olan çox sayda insan var və bu insanların hər hansı mərhələdə hakimiyyətə qarşı qüvvələrə qoşulması riski yüksəkdir.
İkincisi, xaricdən aşkar və gizli şəkildə bu qruplara dəstək verilir. Yəni indiki aksiyaların silahlı üsyana çevrilməsi etiraz əhvali-ruhiyyəsinin qəfil artmasına səbəb ola bilər. Son həftələrdə müsadirə edilən silah və sursatların həcmi açıq şəkildə ciddi kənar dəstəyin mövcudluğundan və İranda vətəndaş müharibəsi başlatmaq cəhdindən xəbər verir.
Zorakılığın artması, həddindən artıq güc tətbiqi ağır itkilərə və İrana qarşı sərt beynəlxalq sanksiyalara səbəb ola bilər. Tehran isə beynəlxalq dəstəyi tamamilə itirərək yekun təcrid vəziyyətinə düşmək istəmir. Bu səbəbdən, hakimiyyət etirazları yatırmaq üçün həddən artıq aşkar zorakılığa əl atmaq istəmədiyi üçün etirazların yatırılması nisbətən sakit templə davam edir.
Bundan sonra nə olacaq?
Bir sıra ekspertlər hesab edir ki, Tehran, ilk növbədə, risk səviyyəsi yüksək olan əyalətlərdə etirazları yatırmağa çalışacaq. İlk mərhələdə kürdlər, ardınca bəluclar və nəhayət, iri şəhərlərdə etirazlar sıra ilə yatırılacaq. Çünki bu mərhələdə xarici düşmən amili, kürd və digər separatçı ocaqları daxildəki etiraz kütləsini tərəddüdə salacaq. Suriyadan fərqli olaraq, İranda milli dövlətçilik düşüncəsi daha dərindir və xarici müdaxilə, o cümlədən, xaricdən dəstəklənən silahlı separatizm hərəkatları daxildə birlik çağırışlarını gücləndirə bilir. Başqa sözlə, hakimiyyət ucqardakı kürd və bəluc üsyanını yatırarkən həm də mərkəzdəki böyük şəhərləri də sakitləşdirməyi hədəfləyir.
Amma bütün bunlarla yanaşı, risklər də qalır. Hadisələrin ilk hərbi müdaxilədən sonra nəzarətdən çıxması təhlükəsi qalır. Ordunun bu əməliyyatlarda həddən artıq güc tətbiq etməsi digər regionlarda etirazları alovlandıra, həmçinin Tehrana qarşı dünya miqyasında ciddi kampaniyaya səbəb ola bilər. Üstəlik, hazırda dünya mediasının diqqəti İrana yönəlib.
Ölkənin digər regionlarında kürd regionundakı əməliyyatlarla paralel aksiyalar baş verə və kütləvi itaətsizlik, silahlı üsyana çevrilə bilər. Nəticədə, hakimiyyət orqanları və ordu bu kütləviliyin qarşısında daha sərt addımlara gedə bilər ki, nəticədə, vəziyyət ölkə boyu nəzarətdən çıxa (Suriya variantı) bilər.
Başqa sözlə, İranda baş verənləri “ərəb baharı” adlanan dövrdə Suriya və digər ərəb ölkələrində baş verən analoji proseslərin gedişatı ilə müqayisə etsək, “inqilab”ın birinci mərhələsinin başa çatdığını deyə bilərik. İlkin mərhələdə müxtəlif səbəblərdən qəzəblənən əhali küçələrə çıxaraq hakimiyyətə etiraz edir. Bu zaman ilk günlərdə nisbətən loyal olan hakimiyyət qüvvələri etirazlar davam etdikcə daha da sərtləşir və bu da paralel olaraq etirazçılarla hakimiyyət qüvvələri arasında qarşıdurmaları daha da zorakılaşdırır. Növbəti mərhələ silahlı toqquşmalar və bunların sistemli hal alaraq vətəndaş müharibəsinə çevrilməsidir.
Artıq ilk silahlı toqquşmalar baş verir. Görünən odur ki, İran hakimiyyəti prosesin növbəti kütləvi itaətsizliyə və vətəndaş müharibəsinə çevrilməməsi üçün ölkənin kürd bölgələrindən gələn etiraz dalğasını yatırmağa başlayacaq. Bu prosesin sonrakı gedişi isə kürd regionlarında baş verənlərə reaksiyadan asılı olacaq.
Amma istənilən halda bu günə qədər baş verənlər göstərdi ki, İranda ciddi risk nöqtələri var və bu nöqtələr hər an alışa bilər. Kiçik marginal etirazların çox tezliklə ölkə boyunca kütləvi etirazlara və itaətsizliyə çevrilməsi riski yüksəkdir. Buraya vətəndaş müharibəsi də daxildir. Sonda onu da qeyd edək ki, etirazçılar hazırkı hakimiyyətdən narazıdırlar və bu da etirazların zorakı xarakter almasına ciddi təsir göstərir. Tarix göstərir ki, xırda etirazların silahlı toqquşmalara çevrilməsi riski yüksəkdir.
MƏSLƏHƏT GÖR: