Müəllif: NURANİ
Dekabrın 7-də Brüsseldə keçirilməli olan danışıqlar baş tutmayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev rəsmən bəyan edib. «Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə o, deyib: «Növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi. Çünki son görüşdə biz noyabr ayında görüşməyə qərar verdik. Lakin sonra - oktyabrın sonunda Prezident Putin Soçidə görüş təyin etdi. Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. Praqa görüşü oktyabrın 6-da idi. Bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu». İlham Əliyev bu fikirlərinə belə yekun vurub: «Bütün bunları nəzərə alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu».
Paris xəyalları və Cənubi Qafqaz reallıqları
Azərbaycanın bu qədər sərt qərarı tamamilə əsaslıdır. Prezident İlham Əliyev «qırmızı xətt»i göstərib: biz vasitəçilik iddiasında olan dövlətlərin aşkar qeyri-obyektivliyi ilə barışmayacağıq. Fransanın Ermənistanla oyunları öz «nəticə»sini verdi: ortaya prinsipial mövqe qoyan Bakı Fransanın vasitəçiliyindən ümumiyyətlə, imtina etdi.
Aydındır ki, Paris Ermənistana «xüsusi diqqət» göstərir. Daha dəqiq desək, çoxsaylı fransalı siyasətçilər Fransada yaşayan etnik ermənilərin, həmçinin fransalı islamofobların səsini qazanmağa çalışır. Onlar üçün Ermənistanın Azərbaycana təşəbbüsü «yaxşı xristianlar»la «pis müsəlmanlar»ın müharibəsidir. Lakin dövlətlərin ali rəhbərliyində təmsil olunan şəxslər elektorat maraqları ilə ciddi siyasət arasında sərhədi müəyyənləşdirməyi bacarmalıdır. Onların vasitəçidən əsas tələbin neytrallıq olduğunu da unutmamalıdırlar. Ola bilsin ki, Paris Azərbaycanın yaşananları «udacağına» və «risk etməyəcəyinə» əmin imiş. Amma nəticədə o özü xarici siyasətdə növbəti iflasını «udmalı» olacaq. Bundan başqa, Paris Aİ-dəki tərəfdaşlarını da pis vəziyyətə salıb. Onun əməli ümumilikdə Avropanın kifayət qədər uğurlu təsir bağışlayan vasitəçiliyinə zərbə vurub. Bəli, görünən odur ki, Paris Azərğaycan Prezidentinin prinsipiallığını və qətiyyətini düzgün qiymətləndirə bilməyib.
Hadisələrin belə inkişaf etməsi nəzəri baxımdan Moskvanı ruhlandırmalı idi. Çünki Bakı ilə İrəvan arasında Brüsselin vasitəçi olmasını orada əvvəldən bəyənmirdilər. Amma bu, məsələnin yalnız nəzəri tərəfidir. Təcrübədə hər şey daha çətindir.
Nikol Paşinyan Makronun danışıqlarda mütləq iştirak etməsi ilə bağlı şıltaq tələb irəli sürməklə, yalnız müstəqil olmadığını növbəti dəfə nümayiş etdirməyib. Ermənistanın baş naziri Rusiyanın beynəlxalq arenada üzləşdiyi çoxsaylı problemlər fonunda «alternativ himayədarlar»ın dəstəyini qazanmağın əleyhinə deyil. Burada ilk yerdə gələn, əlbəttə ki, Ermənistana «xüsusi münasibəti» olan Fransa gəlir. Amma məsələ tək Fransa ilə məhdudlaşmır. Paşinyanın Moskvaya atmacaları da diqqətdən kənarda qalmır. Bu, özünü KTMT-nin İrəvanda keçirilmiş sammitində xüsusilə göstərib.
Dostluq ayrı, siyasət ayrı…
İrəvan ilk baxışdan hər şeyi doğru edib. Nikol Paşinyan Vladimir Putini qarşılamaq üçün aeroporta şəxsən yollanıb, Rusiya səfirliyinin qarşısında isə İrəvan-Moskva dostluğuna dəstək aksiyası təşkil edilib.
Lakin ümumilikdə atmosfer heç də dostluq atmosferi olmayıb. Rusiya ilə münasibətlərə dəstək aksiyaları ilə yanaşı, İrəvanda onun əleyhinə olan nümayişlər də keçirilib. Həmin aksiyalara qatılanlar əllərində Ukrayna və Avropa bayraqları tutub, Moskvanın ünvanına təhqir dolu şüarlar səsləndirib və s. KTMT sammiti ərəfəsində isə Paşiyan Ermənistana Aİ və ATƏT-dən olan müşahidəçiləri dəvət edib. Amma ən önəmlisi bu da deyil. Ermənistanda ən müxtəlif səviyyələrdə KTMT-nin guya Ermənistanı «satdığına», onu Azərbaycandan «qorumadığına» dair fikirlər səsləndirilməyə başlayıb. Paşinyanın səs-küylü demarşları artıq KTMT-nin sammitində yekunlaşıb – baş nazir məhz Ermənistana həsr olunmuş bəyanatı imzalamaqdan imtina edib. Sammitin yekununda çəkilən kollektiv fotoda isə Paşinyan Putinlə yanaşı dayanmamağa çalışıb.
Bütün bunlar necə başa düşülməlidir? Ermənistan xarici siyasətini həqiqətən dəyişmək fikrindədir? Yəni o, Rusiyanın nəzarətindən və nüfuz dairəsindən çıxmağa çalışır?
Qorxa-qorxa qapı çırpmaq…
Bəs Ermənistanın xarici siyasi xəttini Qərbə tərəf fırlatmaq niyyəti nə qədər real və təcrübədə nə dərəcədə mümkündür? Onun Moskvadan hərbi, iqtisadi və siyasi asılılığı davam edir. Ölkənin dəmir yolları, elektrik və qaz şəbəkələri, rabitə şəbəkəsi Rusiya şirkətlərinin mülkiyyətindədir. Ermənistan iqtisadiyyatı isə Rusiyadan neft və qazın daxili qiymətlərlə alınması hesabına «ayaq üstə» qalır. Bu da son deyil. Onun Türkiyə və İranla sərhədlərini rusiyalı sərhədçilər qoruyur, ölkənin təhlükəsizliyini Rusiyaya məxsus hərbi baza və ruslarla birgə quru qoşunları və HHM qüvvələri təmin edir.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Ermənistanı əbəs yerə «Rusiyanın qulu» adlandırmayıb. Müşahidəçilər də Nikol Paşinyanın əvvəlcə Vladivostokda, Şərq İqtisadi Forumunda, daha sonra İlham Əliyev və Vladimir Putin ilə Soçi danışıqları zamanı Ermənistanı «yaddan çıxarmaması üçün» Moskvaya necə yalvardığını yaxşı xatırlayır.
Lakin indi Moskvaya təzyiq göstərməyə çalışan Paşinyan öz-özünü tələyə salıb. O, KTMT sammiti ərəfəsində ölkəsində ictimai rəyi həddindən artıq «qızışdırıb» və müttəfiqləri qarşısında əslində yerinə yetirilməsi mümkün olmayan tələblər qoyub. Hər halda, ermənilərin ərazi iddiaları uğrunda heç kim, xüsusilə KTMT-nin türkdilli ölkələrinin və ya Bakı ilə öz əlaqələri və tərəfdaşlıq münasibətləri olan Belarusun vətəndaşları ölmək fikrində deyil. Sammitdə Belarus lideri Aleksandr Lukaşenko da elə bunu xatırladıb. Nəticədə, Paşinyan çətin dilemma qarşısında qalıb. O, Azərbaycan ərazilərini Ermənistan üçün yenidən ələ keçirmək vədinin yer almadığı bəyanatı imzalaya bilməzdi. Bu halda Moskvanın qəzəbi daxili siyasi çətinliklərin yanında «kölgədə qalardı». Bəli, o, sənədi imzalamayıb. Lakin dərhal avtomobildə Vladimir Putin ilə «uğurlu» müzakirələr apardığı haqda danışmağa başlayıb…
Vardanyandan «xəbərdarlıq»
Aydındır ki, Paşinyanın manevrləri KTMT üzvlərini hərbi addımlar atmağa sövq etməyəcək. Maraqlı olan başqa məqamdır – Moskva İrəvanın sürprizlərinə nə qədər dözəcək? Hər halda, onun Paşinyana daxili siyasi meydanda sarsıdıcı zərbə vurmaq imkanı kifayət qədər genişdir.
Bu mənada, qalmaqallı rusiyalı oliqarx, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, hamıya yaxşı məlum olan gündəliklə Moskvadan gəlmiş Ruben Vardanyanın siyasi manevrləri xüsusi maraq doğurur. Heç kəsin tanımadığı separatçı «hökumət»də «dövlət naziri» postunu tutan Vardanyan müsahibələr verir, Xankəndidə Qarabağda separatizmin ilk dalğasının başladığı dövrlərdə olduğuna bənzər mitinqlər keçirir. Amma o, bununla kifayətlənmir. İstər Bakıda, istərdə İrəvanda ekspertlər bir məqama da diqqət çəkir: Vardanyan fəal şəkildə yeni «hökumət» qurmağa da çalışır, oraya Serj Sarqsyan və Robert Koçaryanın komandalarında olmuş şəxsləri də dəvət edir.
Amma bütün bu baş verənlər Azərbaycan üçün nəzəri cəhətdən belə, təhlükə yarada bilməz. Bu gün o, Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi liderliyini davam etdirir. Müharibədə qazanılan qələbə etinasız yanaşılacaq hadisə deyil, Azərbycanın getdikcə artan iqtisadi rolu da öz yerində.
Əslində, Ruben Vardanyan bu komandanı Nikol Paşinyana qarşı yığır, Ermənistan üçün «kölgə hökuməti» formalaşdırır. Amma Paşinyanı satqınlıqda günahlandıran bu hökumət də danışıqlarda darmadağın və məğlub olmuş Ermənistanın adından çıxış etməli olacaq. Vasitəçiləri dəyişdikdə müharibənin nəticəsi dəyişmir.
MƏSLƏHƏT GÖR: