24 Noyabr 2024

Bazar, 10:52

12 UĞURSUZ BAHAR

“Ərəb baharı” ərəblərə niyə demokratiya gətirmədi?

Müəllif:

15.12.2022

“Ərəb baharı” kimi tanınan Şimali Afrika və Yaxın Şərq ölkələrində “Qərb tipli demokratikləşmə” prosesinin başlanmasından 12 il keçir. 2010-cu il dekabrın 14-də Tunisin kiçik Sidi Buzid şəhərində küçə ticarətçisi Məhəmməd Buəzizinin bələdiyyə məmurlarının işləməsinə mane olmasına etiraz edərək özünü yandırması ilə başlayan aksiyalar əvvəlcə Tunisə, ardınca bütün ərəb coğrafiyasına yayılıb. Tunisdə “Yasəmən inqilabı” adı verilən hadisə digər ölkələrə yayıldıqdan sonra “ərəb baharı” adını alıb. “Bahar” ərəb dünyasında ciddi hadisələrə, bir neçə ölkədə hakimiyyətin dəyişməsinə səbəb olub, bəzilərində isə hələ də vətəndaş müharibəsi davam edir.

 

“Ərəb baharı”nın xarakterik xüsusiyyətləri

Demək olar ki, bəzilərində etirazlar kiçik miqyasda olsa da, istisnasız olaraq bütün ərəb ölkələrinə “ərəb baharı” gəlib. Mahiyyətcə inqilabi proseslərin həyata keçirilməsi üçün konkret mexanizmin olmamasına baxmayaraq, müşahidələr onların daha çox respublika idarəetmə formasına malik ərəb dövlətlərinə ciddi təsir etdiyini göstərib: Tunis, Misir, Liviya, Yəmən, Suriya.

Amma monarxiya quruluşlu ərəb ölkələrində “ərəb baharı” kiçik etirazlarla yadda qalıb. Onlardan ən şiddətlisi İran və Səudiyyə Ərəbistanı arasında siyasi və ideoloji rəqabət meydanı sayılan kiçik ada dövləti olan Bəhreyndə müşahidə edilib. Nümayişləri dini fikir ayrılıqları və İranın ölkədəki təsiri ilə əlaqələndirmək cəhdləri qonşu Ər-Riyadı Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının qərarına uyğun olaraq öz ordusunun bir hissəsini adaya göndərməyə təhrik edib. Bu isə etirazların təşkilatçılarının məqsədlərinə nail olmaması ilə nəticələnib. Daha iki monarxiya ölkəsi olan İordaniya və Küveytdə isə etirazlar hökumətin yenilənməsinə səbəb olub. Digər monarxiya dövlətlərində isə kiçik etirazlar hökumətlər tərəfindən yatırılıb.

Artıq qeyd etdiyimiz kimi, respublika idarəetmə formasına malik ərəb ölkələrində əsas inqilabi proseslər gedirdi. Tunisdə 23 il ölkəni idarə etmiş Zeynalabdin bin Əli 2011-ci ilin yanvarın əvvəlində ölkəni tərk edərək Səudiyyə Ərəbistanına qaçıb və bununla da inqilab ilk ölkədə qələbə ilə başa çatıb.

Oxşar vəziyyət Şimali Afrikanın digər ölkəsində - Misirdə də yaşanıb. Hüsnü Mübarək iqtidarı 2011-ci il yanvarın 25-də başlayan aksiyalara cəmi 3 həftə tab gətirə bilib. Nəticədə, həmin il fevralın 11-də Mübarək istefa verib. İldırımsürətli dəyişiklik dalğası sürətlə yayılaraq genişmiqyaslı vətəndaş müharibələrinə çevrilib.

İlk olaraq Tunislə qonşu olan, 42 il ərzində polkovnik Müəmmar Qəddafi tərəfindən idarə olunan Liviyada ilk etirazlar dinc məzmunlu olsa da, tezliklə hökumət qüvvələri və Qəddafi əleyhdarları arasında silahlı toqquşmalar baş verib. 2011-ci ilin martın sonunda isə NATO bu ölkənin hökumət qüvvələrini bombalayaraq Liviya müxalifətinə hərbi və siyasi dəstək nümayiş etdirib.

Respublika sistemli başqa bir ərəb ölkəsi olan Suriyada etirazlar həmin ilin martında başlayıb və təxminən üç ay sonra hakimiyyətlə müxalifət arasında vətəndaş müharibəsinə çevrilib.

Oxşar vəziyyət ərəb yarımadasının cənubunda yerləşən Yəməndə də baş verib. 30 il ölkəni idarə etmiş Əli Abdullah Salehə qarşı 2011-ci ilin fevralında başlayan etirazlar təxminən 1 il sonra prezidentin istefası ilə nəticələnib. Lakin regionun ən qeyri-sabit ölkəsində baş verən inqilab tezliklə müxtəlif silahlı qruplaşmalar arasında bu günə qədər davam edən mübarizəyə çevrilib.

 

“Baharın” ikinci anı: çörək, yoxsa demokratiya

“Ərəb baharı”nın səbəbləri hələ də müxtəlif amillərlə əlaqələndirilir, məsələn, demokratikləşmə dalğasının artması, yoxsulluğun yaratdığı etirazlar, islam oyanışı və sair. Lakin bu amillərin hər biri ayrı-ayrılıqda ümumi prosesə aid edilmir. Baxmayaraq ki, “ərəb baharı”nın müəyyən dövrlərində bu amillər az-çox nəzərə çarpan şəkildə özünü göstərib. Məsələn, iqtisadi cəhətdən kasıb olan Tunisdə ilk narazılıq yoxsulluğun və işsizliyin aradan qaldırılmasına çağıran şüarlar altında başlayıb. Qonşu Liviyada isə ölkənin neft gəlirləri fonunda ciddi yoxsulluq səviyyəsi müşahidə olunmayıb.

Misir və Suriyada isə yerli islamçı qruplar əvvəllər xüsusi nəzərə çarpmırdı. Amma bu iki ölkədə etirazların əsas leytmotivi kimi islam oyanışı fenomeni adlandırılıb. Yalnız sonrakı mərhələdə daha hazırlıqlı islamçı təşkilatlar küçə etirazlarının liderliyini ələ alıb və mütəşəkkil siyasi qüvvə kimi ortaya çıxıblar. Buna səbəb isə bu ölkələrdə siyasi plüralizm praktikasının olmaması idi, çünki müxalif siyasi partiyalar ləğv olunaraq öz yerini dini dəyərlər ətrafında birləşmiş Misirin “Müsəlman Qardaşları” kimi əvvəllər kölgədə fəaliyyət göstərən islamçı hərəkatlara vermişdi.

Avtoritar rejimli ərəb respublikalarında baş verən inqilabları bir neçə amillə izah etmək olar. Birincisi, respublika sistemi. Bu ölkələrdə formal da olsa siyasi idarəçilik forması respublika idi və insanlar müəyyən dövrdə hakimiyyət dəyişikliyi təcrübəsi ilə tanış idi. Üstəlik, monarxiyalardan fərqli olaraq onlarda Konstitusiya və qanunlar da dəyişiklik üçün zəmin yaradırdı.

İkincisi, sosial-siyasi ədalətsizlik. “Ərəb baharı” prosesindən az əvvəl yayılan “WikiLeaks” sənədləri ərəb ölkələrinin hakimiyyətləri daxilində çox ciddi korrupsiya faktlarını və siyasi intriqaları üzə çıxarmışdı. Bir çoxlarına görə “baharın” alovlanmasında “WikiLeaks” sənədlərinin də “xidməti” olmuşdu. Hər halda, sosial ədalətsizlik, dövlətin sərvətləri və vəzifələrin bir qrupun əlində cəmləşməsi, əhalinin böyük əksəriyyətinin kasıb və hüquqsuz olması inqilabların hərəkətverici qüvvəsi idi.  

Üçüncü amil, inqilab baş verən ölkələrdə böyük neft ehtiyatlarının, ya da başqa sözlə, “neft yastığının” olmaması. Liviya istisna olmaqla, “ərəb baharı”nın qurbanı olan digər ölkələrdə karbohidrogenlərin satışından əldə olunan gəlir cüzi idi. Buna görə də digər zəngin ölkələrlə müqayisədə bu ölkələrin hökumətləri bu cür satışlardan əldə etdikləri gəlirlə əhalinin narazı təbəqəsini vaxtında sakitləşdirə bilmədilər. Digər tərəfdən qeyri-neft ölkələrinə neft hasil edən ölkələrlə müqayisədə vaxtında dəstək verilməyib. Burada yeganə istisna Liviya idi. Lakin Qəddafinin Qərbə tabe olmaqdan tamamilə imtina etməsi onu faciəli, ağrılı sonluğa məhkum etdi.

 

İnqilab niyə demokratiya gətirmədi?

Yuxarıda qeyd olunduğu kimi, “ərəb baharı” yalnız respublika quruluşlu 4 ölkədə - Tunis, Misir, Liviya və Yəməndə - mövcud iqtidarların xalq etirazları nəticəsində devrilməsinə səbəb olub. Suriyada etirazlar vətəndaş müharibəsinə, ardınca isə terror və xaosa səbəb olub. Amma bu 5 respublikanın heç biri demokratiya və sabitlik bərqərar edə bilməyib. Qismən sabitlik və demokratiyaya keçid yalnız Tunisdə, inqilabın ilk qurbanında qeydə alınıb. Bununla belə, həmin ölkədə siyasi islamçılarla dünyəvi siyasi bloklar arasında dərin münaqişə olduğu üçün Tunis demokratiyası da ciddi təhlükə altındadır.

Yeri gəlmişkən, Tunisdə vəziyyətin nisbətən ümidverici olması, parlament demokratiyasının yaranması bir neçə amillə izah oluna bilər. İlk növbədə, Tunisdə hərbi çevriliş təcrübəsinin olmaması, müstəqillik dövründə respublikanı yalnız iki prezidentin idarə etməsi və bu dövrdə vətəndaş müharibələri və ya hərbi çevrilişlərin baş verməməsidir. Üstəlik, ölkənin nisbətən “qaynar nöqtələrdən” uzaqda yerləşməsi, neftin olmaması, nəhayət siyasi institutların mövcud olmasını nümunə göstərmək olar. Tunisdə inqilab zamanı qurbanların nisbətən az olmasında, daha sonra parlamentdə fərqli siyasi qüvvələrin təmsil olunduğu bir sistemin yaranmasında islamçı liderlərin də xidmətləri olub. Burada xüsusilə də “Nahda” (Oyanış) hərəkatının lideri Rəşid Qannuşinin adını qeyd etmək lazımdır.

Ancaq bildiyiniz kimi, Misir, Liviya, Suriya və Yəməndəki inqilabların taleyi fərqli idi. Liviya və Yəməndə inqilabın səbəb olduğu rejim dəyişikliyi vətəndaş müharibəsinə səbəb olub, Suriyada isə ümumiyyətlə rejim dəyişikliyi olmayıb.

Adları qeyd olunan bu 4 ölkədə inqilabların fərqli nəticə göstərməsinin arxasında dayanan ən böyük amil xarici müdaxilə idi. 2012-ci ildə ərəb baharı fəallarının ilk qələbəsini qazandıqları Misirdə “Müsəlman Qardaşlar” müxalifət hərəkatı parlamentdə çoxluğu, eləcə də ölkə prezidentliyini qazanıb. Bununla belə, islamçıların idarəetməsi tezliklə həm daxildə, həm də xaricdə ciddi müqavimətlə üzləşib. Nəticədə, 2013-cü ildə bu ölkədə hərbi çevriliş baş verdi və dövlət başçısı Misir ordusunun Baş Qərargahının komandanı Əbdül Fəttah əs-Sisi idi.

Digər ölkələrdə isə proseslər vətəndaş müharibəsinə çevrilib, ardınca xarici dövlətlərin birbaşa və dolayısı ilə müdaxiləsi nəticəsində ölkələrdə xaos və terror yayılıb. Hər 3 ölkədə, həm Liviya, həm Yəmən, həm də Suriyada vətəndaş müharibəsinin uzun illərdir davam etməsi və bu gün də sülhün əldə olunmaması xarici amillə izah olunur.

Yəmən İran və Səudiyyə Ərəbistanı, Liviya - bir tərəfdən Türkiyə və Qətər, digər tərəfdən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, həmçinin bir sıra Avropa ölkələri arasında proksi müharibənin qurbanı olub. Suriyaya gəlincə, bu ölkə bir tərəfdən Türkiyə, ABŞ, Avropa və Fars körfəzi dövlətləri, digər tərəfdən isə Rusiya, İran və qismən Çin arasında baş verən proksi müharibə məkanına çevrilib. Buna görə də bu üç ölkədə dayanıqlı və sabit sülhə nail olmaq hələlik mümkünsüz görünür.

“Ərəb baharı” inqilabları bütün ərəb coğrafiyasına yayılsa da, yalnız 4 ölkədə (Tunis, Misir, Liviya və Yəmən) iqtidar dəyişikliyi, 3 ölkədə (Liviya, Yəmən və Suriya) isə vətəndaş müharibəsinə səbəb oldu. Hakimiyyət böhranının bu günə qədər davam etdiyi Tunis istisna olmaqla, heç bir ölkəyə demokratiya, sabitlik və inkişaf gətirməyib. Görünür, yaxın bir neçə ildə bu baş verməyəcək.

Əksinə, “ərəb baharı” Yaxın Şərqdə radikal silahlı islamçı qruplar üçün “pandora qutusu”nu açaraq bölgədə terrorizmin və anarxiyanın yayılmasının katalizatoruna çevrildi. Digər tərəfdən “ərəb baharına” qədər yüksəlişdə olan siyasi islam ciddi mənada gerilədi. Misirdə böyük ümidlər bəslənən “Müsəlman Qardaşlar” siyasət sınağından çıxa bilmədi. Əvəzində islamçılıq İŞİD, Ən-Nusra və digər radikal islamçı qrupların timsalında özünü “təqdim etdi”. Eyni zamanda demokratiya və inqilab yolu ilə dəyişikliklərə olan ümidlər dəfn olundu. Yenidən bərpa prosesi isə yəqin ki, uzun zaman alacaq. Yaxın illərdə region ölkələri “ərəb baharı”nın vurduğu yaraları sağaltmalı olacaq.



MƏSLƏHƏT GÖR:

128