Müəllif: İlqar VƏLİZADƏ
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Avazda (Türkmənbaşı şəhəri) keçiriləcəyi bildirilən görüşü, nəhayət, baş tutub və üç dövlət arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcına çevrilib. Bu, sadəcə söz yox, bu gün regionda və dünyada baş verən proseslərin çətin xarakterini əks etdirən reallıqdır.
İyirmi illik format
Qeyd edək ki, Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli əməkdaşlıq formatının uzun tarixi var. O, formalaşmağa 2000-ci illərin sonlarından başlayıb. Bununla yanaşı, üç ölkə liderlərinin ilk görüşü 2008-ci il noyabrın 29-da Xəzər sahilindəki Türkmənbaşı şəhərində keçirilib. O zaman Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gül iqtisadi-ticari əməkdaşlıq perspektivlərini, Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi layihəsində iştirak imkanlarını müzakirə etmişdilər.
Lakin o vaxt mövcud olan siyasi və iqtisadi konyunktur, Xəzər dənizinin yekun siyasi-hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində müzakirələrin davam etməsi, «Cənub Qaz Dəhlizi» layihəsinin işə düşməməsi üç ölkə arasında miqyaslı enerji razılaşmalarının reallaşdırılmasına müəyyən maneə yaradırdı.
Həmin illəri yada salsaq, görərik ki, o vaxt «Nabukko» qaz kəməri layihəsi diqqət mərkəzində idi. Məlum olduğu kimi, bu layihə bir sıra siyasi və iqtisadi səbəblərdən reallaşdırılmamış qaldı. Eyni zamanda, o vaxt Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) heç anons belə, edilməmişdi. Odur ki, Xəzər regionu ilə Avropanı birləşdirəcək magistral qaz xəttinin haradan keçəcəyinə, onun son nöqtəsinin haraya düşəcəyinə dair, həmçinin tranzit qiymətləri, tikinti xərcləri ilə bağlı davam edən mübahisələr iştirakçıları və potensial qaz istehlakçılarını daha çox narahat edirdi.
Amma istənilən halda, tərəflər artıq 2008-ci ildə iki əsas istiqamət – enerji və nəqliyyat sahələrində əməkdaşlığı fəal şəkildə inkişaf etdirəcəklərilə bağlı razılığa gəlmişdi. Yeri gəlmişkən, həmin vaxtdan başlayaraq, üç ölkə arasında yük daşımlarının həcmi sürətlə artmaqdadır. Bu işdə ötən illərdə yaradılmış nəqliyyat infrastrukturundan, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə olunur.
Üç liderin daha bir görüşü 2014-cü il iyunun 5-də Bodrumda keçirilib. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV sammitindən sonra baş tutmuşdu. Həmin vaxt Aşqabad artıq diqqətini tamamilə Çindən qaz tədarükünə yönəltmişdi və Avropa istiqaməti onun üçün aktuallığını itirmişdi. Digər yandan Azərbaycanla Türkiyə tam gücləri ilə TANAP layihəsinin reallaşdırılmasına başlamışdı və Türkmənistan qazı onlar üçün vacib sayılırdı, Bakı ilə Ankara Türkmənistana hələ də Avropaya qaz nəqli layihəsinin potensial iştirakçısı kimi yanaşırdılar.
Ədalət naminə qeyd etmək lazımdır ki, müəyyən həcmdə Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropa bazarlarına nəqli hər il mütəmadi həyata keçirilib və bunun fonunda üç ölkənin enerji sahəsində əməkdaşlığı mövzusu aktuallığını heç zaman itirməyib.
2017-ci ildə Aşqabad öz neftini Mahaçqala limanı vasitəsilə Novorossiyskə nəql etmək qərarı verdikdə tərəflər Bakı-Tbilisi-Ceyhan xətti ilə türkmən neftinin nəqlinin artırılması məsələsini detallı şəkildə müzakirə etməyə başlamışdı. Bu, həmçinin Türkmənistan qazının Azərbaycan və Türkiyənin tranzit infrastrukturundan istifadə edilməklə nəqli məsələsi prezident Q.Berdıməhəmmədovun Bakıya 2017-ci ilin avqustunda etdiyi səfər zamanı da diqqət mərkəzində olub. Lakin səfər çərçivəsində keçirilən görüşlərdə Trans-Xəzər qaz kəmərinin tikintisi məsələsinə toxunulmayıb. O vaxt bütün diqqətlər neft və qazın Türkmənbaşı limanından dəniz yolu ilə Azərbaycan paytaxtına, buradan isə ya Bakı-Tbilisi-Ceyhan kəməri, ya da Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından yararlanmaqla ixracı imkanlarına yönəldilmişdi.
19 aprel 2019-cu ildə İstanbulda Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirlərinin də görüşü keçirilib və görüşdə Türkmənistanın enerji resurslarının Avropaya nəqli perspektivləri bir daha müzakirə edilib. Amma bu görüş artıq tam fərqli şəraitdə baş tutub – o zaman artıq Xəzər dənizi ilə bağlı çoxdan gözlənilən siyasi-hüquqi konvensiya qəbul olunmuşdu, «Cənub Qaz Dəhlizi»nin yekun bəndi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatmaq üzrə idi. Aşqabadla Türkmənistan qazının Aİ-yə nəqli ila bağlı aparılan danışıqların əsas iştirakçısı olan Avropa Komissiyası isə bu ölkənin «Cənub Qaz Dəhlizi» infrastrukturuna qoşulmasına dair danışıqlar prosesini stimullaşdırmaqla məşğul idi. Bu isə öz növbəsində, Türkmənistan tərəfinin Azərbaycan və Türkiyə ilə enerji sahəsində əməkdaşlığa marağını artırırdı.
Yeni razılaşmalar, yeni perspektivlər
Lakin Türkmənistanın, ilk növbədə, «Cənub Qaz Dəhlizi» vasitəsilə böyük həcmdə «mavi yanacaq» nəql etməyə nə dərəcədə hazır olması böyük sual altında idi. İlk növbədə, ona görə ki, onun Avropaya nə qədər qaz təklif edəcəyi əvvəlkitək, məlum deyildi. Üstəlik, o, ixraca yönəltdiyi qazı praktik olaraq tam həcmdə Çinə göndərirdi. Bundan başqa, Türkmənistanın Pekinlə planlaşdırılan dördüncü boru kəməri marşrutunda əlavə qaz həcmi ilə bağlı da müqaviləsi var.
Odur ki, Avaz görüşünə yalnız Türkmənistan qazının Avropaya ixracı ilə bağlı razılaşma kontekstində yanaşılmamalıdır. Söhbət Türkmənistan-Azərbaycan-Türkiyə enerji dəhlizinin genişləndirilməsilə bağlı ümumi razılaşmadan gedir. Trans-Xəzər qaz kəmərinə gəlincə, o, Aşqabad üçün əvvəlkitək, perspektiv layihə olaraq qalır. Hələ onun layihəsi belə, hazır deyil, onun tikintisi ilə bağlı təşkilati işlərin necə həyata keçiriləcəyi hələ də bilinmir: layihənin işlənməsi üçün əməliyyat konsorsiumu yaradılacaqmı, oraya kimlər daxil olacaq, iştirakçıların payı necə bölünəcək və s.
Güman etmək olar ki, Aşqabad, Bakı və Ankara yaxın gələcəkdə diqqəti məhz bu məsələlərə yönəldə bilərlər, çünki qarşıdakı illərdə Avropanın qaza tələbatı yüksək olaraq qalacaq.
Eyni zamanda görüşün böyük siyasi əhəmiyyəti də var. Çünki o, ilk növbədə, Avropa Komissiyasına bu üç ölkənin üçtərəfli enerji əməkdaşlığı ideyasından vaz keçmədiyini, həcmi artmaqda olan Xəzər qazının Aİ-yə nəqli ilə bağlı mümkün layihələr üzərində çalışdıqlarını göstərir. Bununla yanaşı, görünən odur ki, tərəflər enerji sahəsində istər «üçlüy»ün özü, istərsə də Aİ üçün maraqlı olacaq başqa layihələr də təklif edə bilər. Bu mənada, Türkiyə prezidentinin Xəzər dənizindəki «Dostluq» Azərbaycan-Türkmənistan yatağının işlənilməsində Bakı və Aşqabadla əməkdaşlığa hazır olduqlarını deməsi maraqlıdır. Məlum olduğu kimi, əvvəllər bu yatağın işlənilməsinə Rusiyanın «LUKoil» şirkəti də xüsusi maraq göstərirdi. Lakin Rusiyanın üzləşdiyi sanksiyalar fonunda onun layihədə iştirakı yəqin ki, sual altındadır. Belə bir vəziyyətdə öz xidmətlərini təklif edən Ankara bu layihə ətrafında üçlüyün maraqlarını birləşdirməyi düşünür. Bu, enerji sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini göstərən praktiki hadisə olacaq.
Prezident Ərdoğan Ankaranın Türkmənistan və Azərbaycanla Türkiyəyə elektrik enerjisinin idxalı məsələsini də müzakirə etməyə hazır olduğunu bildirib. Bu təklifin praktiki əhəmiyyəti yalnız Türkiyənin özünün elektrik enerjisinə tələbatının artması ilə bağlı deyil. Bu halda onun enerjinin Avropa istiqamətində ötürülməsində tranzit ölkə rolu da artacaq.
Prezidentlər Avazda danışıqların məğzini ortaya qoyan kifayət qədər çoxsaylı təşəbbüslərlə çıxış ediblər. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev ölkələri birləşdirən nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışarkən Zəngəzur nəqliyyat dəhlizinin də əhəmiyyətini vurğulayıb. «Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq», - deyə İlham Əliyev sammitdə bildirib.
Türkiyənin dövlət başçısı isə əsas hissəsi üç ölkənin hər birinin ərazisindən keçən «Lazurit dəhlizi» nəqliyyat layihəsini yada salıb. Məlum olduğu kimi, bu layihə Əfqanıstana və əksinə yüklərin daşınmasına hesablanmışdı və ona bu ölkəyə əsas yardım yollarından biri kimi baxılırdı. Lakin Əfqanıstanda «Taliban» hərəkatının hakimiyyətə gəlməsindən və dünya arenasında baş verən son hadisələrdən sonra layihəni yaddan çıxarmaq lazım gəlmişdi. İndi dünya birliyinin əfqan xalqına miqyaslı humanitar yardımın göstərilməsi haqda düşünməyə başladığı yeni şəraitdə Türkiyə, Azərbaycan və Türkmənistanın iştirakını da nəzərdə tutan bu layihə yenidən aktuallıq qazanır.
Bununla yanaşı, Türkiyə lideri enerji sahəsində əməkdaşlıq perspektivlərini xüsusi vurğulayıb, Türkmənistan qazının Xəzər dənizi vasitəsilə onun ölkəsinə ixrac ediləcəyinə ümidini bildirib.
Sammitin yekununda imzalanmış birgə bəyannamədə üç ölkə liderləri iqtisadi-ticari, enerji, nəqliyyat və humanitar sahələrdə birgə əməkdaşlığın vacibliyinə xüsusi diqqət çəkiblər. Son məqamın sənəddə yer alması heç də təsadüf deyil. Məsələ ondadır ki, bu üç ölkəni yalnız xalqların türk mənşəli olması birləşdirmir. Həm türkiyəlilər, həm azərbaycanlılar, həm də türkmənistanlılar türk dili ailəsinin eyni xəttinə – oğuzlara məxssdurlar. Türkiyə prezidenti sammitdəki çıxışında gələcək nəsillərin tərbiyəsi məsələsinə bu üzdən xüsusi diqqət çəkib. O, üç ölkə gənclərinin bir-birinin dilini, dinini, mədəniyyətini daya yaxşı bilməsinə imkan yaradacaq təşəbbüsün anonsunu da verib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycanın Qəbələ və Türkmənistanın Avaz rayonlarında hər il gənclər üçün kurslar keçiriləcək. «Beləliklə, onlar həm Qəbələni, həm Avazı tanıyacaqlar, gənclərimizin dil, din və tarix bilikləri daha çox olacaq», - deyə Ərdoğan qeyd edib.
Sammitdə bu sənədlər imzalanıb: «Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş», «2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı», «Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum», «Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum», «Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum».
Bu sənədlərin qəbulu faktının özü yaxın vaxtlarda Azərbaycan-Türkiyə-Türkmənistan formatının konkret məzmun qazanacağını, türk dövlətlərinin əməkdaşlığının möhkəmlənməsində vacib elementə çevriləcəyini göstərir.
MƏSLƏHƏT GÖR: