Müəllif: Natiq NAZİMOĞLU
Türkiyə ilə Suriya arasında münasibətlər ikincinin ərazisində vətəndaş müharibəsinin başladığı 2011-ci ildən pozulub. İndi isə görünən odur ki, onlar ikitərəfli dialoqu bərpa etmək ərəfəsindədirlər. Ankara ilə Dəməşqin bu fəaliyyəti illərdir silahlı münaqişənin yaşandığı Suriyada vəziyyətin gələcək nizamlanmasına müsbət təsir göstərə bilər.
Ərdoğan-Əsəd görüşü gözləntisində
2023-cü ilin əvvəlindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə 12 il sonra ilk görüşü keçirməsinin mümkünlüyünü dəfələrlə dilə gətirib. Daha əvvəl isə o, Rusiyanın dövlət başçısı Vladimir Putinə üçtərəfli görüşün təşkilatçısı kimi çıxış etməsi təklifini vermişdi. Bununla yanaşı, Türkiyə ilə Suriya arasında ən yüksək səviyyədə danışıqlardan əvvəl xüsusi xidmət orqanları rəhbərləri, hərbi və xarici siyasət idarələri başçıları səviyyəsində görüşlərin keçirilməsinin vacibliyi də bəyan olunmuşdu.
Ankara-Dəməşq münasibətlərinin normallaşdırılması prosesinə Türkiyə, Suriya və Rusiyanın müdafiə nazirlərinin dekabrın 28-də Moskvada keçirilmiş görüşü ilə start verilib. Bu görüşün praktik nəticəsi birgə üçtərəfli komissiyanın yaradılmasına dair razılaşma olub.
Fevralda üç ölkənin hərbi idarələrinin və xüsusi xidmət orqanları rəhbərlərinin bir araya gələcəkləri gözlənilir. Belə görüşün keçiriləcəyini Türkiyəninr müdafiə naziri Hülusi Akar elan edib. Ərdoğan-Əsəd görüşü ilə bitəcək prosesin gedişində XİN başçıları da bir araya gəlməlidirlər.
Beləliklə, Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesini başlamış saymaq olar. İndi onun sürətləndirilməsinə çağırışlar da eşidilir. Lakin bütün bunlar fevralın əvvəlində hər iki ölkədə baş vermiş böyük faciə fonunda baş verir. Ekspertlər Türkiyə və Suriyada son on ildə minlərlə insanın ölümünə səbəb olmuş ən güclü zəlzələnin ikitərəfli münasibətlər gərginliyi azaltmaqla yanaşı, yaxınlaşmaya da yol aça biləcəyini istisna etmir. Bu mənada, 1999-cu ildə İzmirdə baş vermiş zəlzələ nümunə göstərilir. O zaman Yunanıstanla Türkiyənin münasibətlərində ciddi problemlər olsa da, Afina türklərin yardımına gəlmişdi. 17 mindən çox insanın həyatına son qoymuş həmin təbii fəlakətdən sonra Ankara-Afina dialoqu uzun illər kifayət qədər yüksək səviyyədə qalmışdı.
Bəs indiki faciə Ankara ilə Dəməşqi ümumi bəla qarşısında birləşdirə, Türkiyə-Suriya qarşıdurmasına son qoya bilərmi? Bunu yaxın vaxtlarda görəcəyik. Hər halda, tərəflər arasında münasibətlərin normallaşmasını bu və ya digər dərəcədə ləngidə biləcək problemlər hələ də qalmaqdadır. Bu mənada, ilk növbədə, onu qeyd etmək lazımdır ki, Suriya tərəfi Ankaradan fərqli olaraq, Ərdoğan-Əsəd görüşünün ən yaxın zamanlarda keçirilməli olduğu haqda fikirlər səsləndirmir. Rəsmi Ankaranın mövqeyinə dəyişiklik ola biləcəyindən ehtiyatlanan Dəməşqdə daha çox bu fikrə rast gəlinir ki, tərəflər arasında ən ali səviyyədə görüşlərin Türkiyədə bu ilin mayına təyin olunmuş prezident seçkisindən sonra keçirilməsi daha məqsədəuyğundur.
Müxalifə şübhələr
Rəsmi Dəməşq davamlı şəkildə bəyan edir ki, ilk növbədə, vaxtilə çox yaxın olmuş qonşuluq münasibətlərinin pozulmasına yol açmış səbəblər aradan qaldırılmalıdır. Söhbət, ilk növbədə, Dəməşqin Suriya ərazisində Türkiyənin hərbi mövcudluğu, onun Suriyanın şimalında kürd terrorçularına qarşı hərbi əməliyyatlar aparması ilə barışmamasından gedir. Bundan başqa, Suriya tərəfi Ankaranın rəsmi Dəməşqə müxalifətdə olan qruplaşmalara dəstəyi dayandırmasını da vacib sayır. Dəməşqi narahat edən məqam məlumdur. Onlar düşünürlər ki, Suriyanın Türkiyənin nəzarətində olan rayonlarındakı silahlı müxaliflər kapitulyasiya və demilitarizasiyaya tərəflər arasında münasibətlərin normallaşmasından sonra belə, razı olmaya bilərlər.
Yeri gəlmişkən, radikal Suriya müxalifəti belə narahatlığın əbəs olmadığını, həqiqətən də, aydın şəkildə nümayiş etdirir. Hər halda, Suriyanın İdlib əyalətində məskunlaşmış «Həyat Təhrir əş-Şam» qruplaşması Dəməşq ilə Ankara arasında birbaşa danışıqları «Suriya inqilabının hədəflərindən ciddi sapma» adlandırıb. Suriyanın Ankaranın nəzarətində olan şimal rayonlarında isə Ankara-Dəməşq münasibətlərinin normallaşmasına etiraz olaraq kütləvi aksiyalar belə, keçirilib.
Ankaraya gəlincə, o, Suriya müxalifətinin mülayimləşməsi istiqamətində tədbirlər görür. Bu mənada, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Suriya müxalifətinin siyasi qanadının ən nüfuzlu şəxsləri ilə keçirdiyi görüşlər nümunə sayıla bilər. Bu görüşlər zamanı Çavuşoğlu Ərdoğan-Əsəd görüşünün keçirilməsinin vacibliyini göstərən arqumentlər səsləndirir, bunun suriyadaxili münaqişənin sülh yolu ilə həlli üçün vacib olduğunu deyir.
İki ölkə arasında münasibətlərin normallaşması şansını yaradan əsas amil isə Ankaranın Suriya hökuməti üçün həyati əhəmiyyət daşıyan məsələdə Dəməşqlə eyni fikirdə olmasıdır. Söhbət Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasından gedir. Türkiyə heç zaman bu prinsipə qarşı çıxmayıb və bu məsələdə ortaya fərqli yanaşma qoymayıb. İndi də güman ki, danışıqların əsas məğzini bu istiqamətdədir: elə razılaşma əldə olunmalıdır ki, Suriyanın şimal rayonlarındakı kürd terrorçularının Türkiyəyə təhdid yaratmasının qarşısı alınsın, lakin bu bölgə Suriya hökumətinin hakimiyyəti altında qalsın.
Qeyd edək ki, Türkiyə bu prosesə uzun illərdir Dəməşq ilə mübarizədə kürd qüvvələrindən istifadə edən, onlara dəstək verən ABŞ-ın ciddi təzyiqlərinə rəğmən gedir. Görünür, Vaşinqton indi də eyni mövqedədir – o, nə Türkiyənin təhlükəsizliyinə, nə də Suriyanın suverenliyi və ərazi bütövlüyünə əhəmiyyət verir. Bu mənada, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin son bəyanatı heç də təəccüblü deyil. Kirbi bildirib ki, Birləşmiş Ştatlar heç kimə Dəməşqlə yaxınlaşmağı məsləhət görmür. O, Türkiyə və Suriya prezidentləri arasında görüş perspektivinə də toxunub: «Biz, əlbəttə ki, normallaşmanı dəstəkləmirik». Söhbət Ankara-Dəməşq yaxınlaşmasından gedir.
Ankara lehinə, Tehran isə əleyhinə
Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesində ABŞ-ı qane etməyən daha bir tərəfin iştirakı hiss olunur. Türkiyə prezidenti Ərdoğan Ankara, Dəməşq və Moskva arasında ali səviyyədə planlaşdırılan görüşə İranın da qoşulmasını təklif edib. Onun fikrincə, bu format regionda daha dayanıqlı sülhün təmininə kömək edərdi.
Ərdoğanın təşəbbüsü Rusiya tərəfindən dərhal dəstəklənib. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib ki, artıq İranın bu formata qoşulması ilə bağlı prinsipial razılaşma da əldə edilib. «Biz Türkiyə prezidentinin Suriya ilə münasbətləri normallaşdırmaq niyyətini dəstəkləyirik və bu prosesi inkişaf etdirməyə hazırıq», - deyə Lavrov qeyd edib.
Dördtərəfli formatın əsasını Suriya üzrə danışıqların aparıldığı Astana müstəvisi təşkil edir. Onun qarantı kimi, Türkiyə, Rusiya və İran çıxış edirlər. Onu da güman etmək olar ki, Ərdoğanın Tehrana doğru reveransı Türkiyə-Suriya-Rusiya danışıqlarına İslam Respublikasının cəlb edilməsi təklifindən ibarət olub, Suriyada faktiki olaraq möhkəmlənmiş və nizamlanmanın təminatçısı olan Rusiya-Türkiyə tandemi ilə bağlı iranlıların narazılığını azaltmaq niyyətindən yaranıb. Hər halda, bu tandem Suriya məsələsində İranı ikinci plana atıb.
Bununla yanaşı, Türkiyənin bu təşəbbüsünə Ankara ilə Tehranın Suriya məsələsindəki fikir ayrılıqlarının aradan qalxdığının göstəricisi kimi baxmaq olmaz. Əgər Türkiyə üçün hazırda Suriyada vəziyyətin sabitləşməsi, ilk növbədə, təxminən 4 milyon suriyalı qaçqının vətəninə qayıtması baxımından vacibdirsə, İran üçün Əsəd hakimiyyəti Tehranın regional nüfuzunun qorunub saxlanması üçün vacib alət olub və olmaqda davam edir. Sonuncu gözlənilən Ankara-Dəməşq yaxınlaşmasına bu üzdən qısqanclıqla yanaşır. Çünki postmünaqişə dövründə Suriyaya təsir imkanlarının minimuma düşə biləcəyini anlayır. Bundan başqa, Tehran Dəməşqə münasibətdə preventiv təzyiq vasitələrinə də əl atır. Bununla, o, Suriya hökuməti daxilində türkiyəpərəst mövqeyin mümkün güclənməsini əngəlləmək istəyir. «Wall Street Journal» iddia edir ki, Tehran Dəməşqə güzəştli şərtlərlə neft satışını dayandırıb və indi Suriya İrandan aldığı neftə görə ödənişi bazar qiymətləri ilə edir.
Beləliklə, regionda dövlətlərarası münasibətlərin istənilən konfiqurasiyasında, Türkiyə-Suriya münasibətlərinin normallaşması istər Suriyada, istərsə də ümumilikdə Yaxın Şərqdə sülh prosesinə təkan verəcək. Bundan başqa, bu perspektiv Ankaranı Dəməşqin aparıcı tərəfdaşlarından birinə də çevirə bilər ki, bu da öz-özlüyündə Türkiyə siyasəti və biznesi üçün az dividend vəd etmir.
MƏSLƏHƏT GÖR: