24 Noyabr 2024

Bazar, 07:59

«QƏRBƏ TABE OLMAYAN» MÜNASİBƏT

Çinlə İran strateji ittifaq yarada biləcəkmi?

Müəllif:

01.03.2023

İran Prezidenti İbrahim Rəisinin Çinə dövlət səfəri bu iki ölkə arasında müttəfiqliyin gücləndiyi haqda danışmağa əsas verir. Amma Pekinlə Tehranın münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırdıqlarını söyləmək olarmı?

 

«Praktik əməkdaşlıq» nüansları

Çin-İran əməkdaşlığının genişlənməsi üçün obyektiv olaraq, yaxşı baza var. Məsələn, Çin İranın əsas ticarət tərəfdaşıdır və bu, əsasən enerji sahəsindəki əlaqələrdən qaynaqlanır. İki ölkə arasında 2021-ci ildə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin əsas maddələrindən biri Pekinin İrandan güzəştli qiymətlərdə böyük həcmdə neft alması, əvəzində, Çinin İran iqtisadiyyatına ümumilikdə 400 milyard dollaradək investisiya yatırmasını nəzərdə tutur. Bununla yanaşı, tərəflər arasında ticarət dövriyyəsinin həcmi onları qane edəcək səviyyədə deyil. Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə ölkənin ümumi xarici ticarət dövriyyəsinin yalnız 0,25%-i İranın payına düşüb. Odur ki, hər iki ölkənin liderləri əməkdaşlığın genişləndirilməsində israrlıdırlar. Çin sədri Si Cinpin başçılıq etdiyi hökumətin İrana investisiya yatıracaq şirkətlərə dəstək verməyə hazır olduğunu təsdiqləyib. Rəisi isə bildirib ki, onun ölkəsi Çinlə «qarşılıqlı hörmət, səmərə və ümumi fayda» prinsipi əsasında hərtərəfli əməkdaşlıq planını icra etməyə hazırdır.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq və anlaşmaya dair 20 sənəd imzalanıb. Sənədlərin detalları açıqlanmır. Lakin məlumdur ki, imzalanmış sazişlər həm də İranda Çin şirkətlərinin iştirakı ilə neft-qaz layihələrinin həyata keçirilməsini də nəzərdə tutur. Bununla yanaşı, tərəflərin İranın Qərbi Karun hövzəsinə aid «Yadavaran» yatağının işlənilməsinin ikinci fazasına dair də müzakirələr apardığı məlumdur. Yatağın işlənməsinin ilk fazasını Çinin «Sinopec» şirkəti həyata keçirib və o, 2015-ci ildə başa çatıb.

Maraqlıdır ki, Rəisinin Çin səfərinin əsas məqsədi kimi, 25 il müddətinə nəzərdə tutulmuş hərtərəfli strateji tərəfdaşlığın reallaşdırılması mexanizminin müəyyənləşdirilməsi üzərində işlərin tamamlanması göstərilirdi. Lakin bu sənədin Çinlə imzalanmış digər sənədlərlə dolayısı ilə əlaqəli olduğu ortadadır. Söhbət Çinlə Səudiyyə Ərəbistanı arasında imzalanmış strateji tərəfdaşlıq sazişindən gedir. O, 2022-ci ilin dekabrında Si Cinpinin Ər-Riyada səfəri zamanı imzalanıb və dünyanın siyasi dairələri tərəfindən Pekinin ərəb dünyasında nüfuzunu artırması istiqamətində adtığı ciddi addım kimi qiymətləndirilib. Elə həmin vaxt Çin-Körfəz Əməkdaşlıq Şurası sammitinin yekununda qəbul edilmiş birgə bəyanat və strateji dialoq üzrə fəaliyyət planı da bunu təsdiqləyib.

Çin-ərəb dövlətləri yaxınlaşması Fars körfəzi və bütünlükdə Yaxın Şərq regionunda Səudiyyə Ərəbistanı ilə ciddi nüfuz savaşı aparan İran tərəfindən ciddi narazılıqla qarşılanmışdı. Odur ki, İranın dövlət başçısının Pekinə səfərini Çinin islam dünyası daxilində bir-birilə rəqabət aparan regional tərəfdaşları ilə münasibətlərdə balans yaratmaq cəhdi kimi qiymətləndirmək olar. Amma Çin-İran dialoqu müasir qlobal siyasətin aparıcı konteksti nöqteyi-nəzərindən daha ciddi maraq doğurur. Söhbət, əlbəttə ki, çoxqütblü dünya düzəni uğrunda savaşan, ABŞ və Qərbin birqütblü hegemonluğu ilə mübarizə aparan güclərin yaxınlaşmasından gedir. Bu mənada, Si Cinpinin Çinlə İranın «dünyada çətin, əhəmiyyətli, tarixi dəyişikliklərin yaşandığı dövrdə bir-birini dəstəklədiyi, qarşılıqlı strateji inamı möhkəmləndirdiyi, praktik əməkdaşlığı inamla inkişaf etdirdiyi» haqda fikirləri diqqət çəkir. Amma eyni zamanda, reallıq ondan ibarətdir ki, Pekinlə Tehranın yaxınlaşmaq cəhdləri onların münasibətlərinin müttəfiqlik səviyyəsinə çatdığı və ya çatacağı anlamına gəlmir. Bunun da yenə də həmin geosiyasi düzənlə əlaqəli ciddi səbəbləri var.

 

Geosiyasi məsələlər

Şübhəsiz ki, istər Çin, istərsə də İran bir-birilə dostluq münasibətlərinə, ilk növbədə, strateji nöqteyi-nəzərdən yanaşır. Bunu Çinin «China Daily» qəzetinin dili ilə ifadə etsək, məqsəd Pekin-Tehran münasibətlərinin «Qərbə tabe olmadığını» göstərməkdir. Əslində, bu fikir Si Cinpinin açıqlamalarında da hiss olunur. O, bildirib ki, Tehranla Pekin «çoxqütblülüyün sarsılmaz tərəfdarları, birqütblülük və hecemoniyanın sarsılmaz əleyhdarlarıdırlar». Bu, Pekinin ABŞ və digər Qərb fövqəldövlətləri ilə mübarizədə İrana dəstək ifadəsi sayıla bilər. Cinpin Rəisi ilə görüşünün yekununda açıq şəkildə bildirib ki, Çin «milli suverenliyin müdafiəsi, birqütblülüyə, təhdidlərə müqavimət məsələsində İranı dəstəkləyir». Bundan başqa, Çin lideri «xarici qüvvələrin İranın daxili işlərinə müdaxiləsinə, onun təhlükəsizlik və sabitliyinin pozulması cəhdlərinə» qarşı olduqlarını da deyib. Bununla da, Cinpin Qərbin İranda son aylarda ciddi şəkildə güclənmiş etirazçı hərəkatın genişlənməsindəki roluna eyham vurub.

Bəs Pekinin Tehrana dəstəyi, onların ikitərəfli münasibətləri gücləndirməkdə maraqlı olması ABŞ və bütünlükdə Qərbə qarşı Çin-İran strateji ittifaqının yaradılması üçün kifayətdirmi? Görünən odur ki, ABŞ onsuz da ənənəvi dost olan Çinlə İranın yaxınlaşmasına Qərbə yeni meydan oxumaq cəhdi kimi baxır. O da maraqlıdır ki, Rəisinin Pekinə səfəri Çinlə ABŞ arasında qarşıdurmanın indiyədək görünməmiş həddə çatdığı vaxta təsadüf edib (bu iki dövlət son vaxtlar hətta qarşılıqlı olaraq öz sərhədlərində hansısa uçan naməlum obyektlər aşkarlayır və onları vurur). UNO ilə əlaqəli insidentin ABŞ-ın hava məkanında Çinə məxsus aerostatın peyda olması ilə başladığını nəzərə alsaq, Amerika siyasi elitasının Çini «bir nömrəli düşmən» elan etməsinin əsassız olmadığı ortaya çıxır. Belə bir vəziyyətdə Çinlə İran arasında strateji dialoqun Rəisinin Pekinə səfəri zamanı üzə çıxmış yeni elementləri ABŞ-ın diqqətindən qaça bilməzdi. Hər halda, Senatdakı respublikaçıların lideri Mitç Makkonnel aerostatla bağlı insidentdən danışarkən onu «Çinin ABŞ-ın əsas düşməni olduğunun göstəricisi» kimi qiymətləndirib. Çinlə İranın «birləşməsi» isə Makkonnelin fikrincə, «Ukrayna savaşında Rusiyaya dəstək vermək» məqsədi güdür.

Bu gün Rusiya-Ukrayna müharibəsi mövzusu, həqiqətən də, dünya arenasında istənilən əhəmiyyətli geosiyasi prosesin mərkəzində yer alır. Çin-İran dialoqunun inkişafı da istisna deyil. Xatırladaq ki, onların hər ikisi özünü Rusiyanın strateji tərəfdaşı kimi təqdim edir, onun zəifləməsində maraqlı olmadıqlarını bu və ya digər şəkildə nümayiş etdirir, «Ukrayna böhranı»nın yaranmasına görə Qərbi günahlandırırlar. Praktik müstəvidə bu, özünü həm də İrandan Rusiyaya dron tədarükü, eyni zamanda Çinin Moskvaya mümkün hərbi yardımı ilə bağlı müzakirələrlə göstərir. Bütün bunlar göstərir ki, Çinlə İran ABŞ və bütünlükdə Qərbə qarşı yalnız ikitərəfli səyləri birləşdirməklə kifayətlənməyərək, perspektivdə digər anti-Qərb mərkəzləri ilə də bir araya gələ bilərlər. Güman ki, qlobal siyasətdə və iqtisadiyyatda Avro-Atlantik dünyanın hegemonluğuna qarşı mübarizə üçün əsas platformalardan biri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ola bilər. Xatırladaq ki, Rəisi ilə Si Cinpin 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənddə keçirilən sammiti zamanı da görüşmüşdülər. Çinin İran prezidentini Pekinə səfərə dəvət edəcəyi də o zaman bilinmişdi. Çinə səfər ərəfəsində isə Rəisi İranın ŞƏT-ə üzvlüyü haqda qanunu təsdiqləyib. Çinin siyasi ekspertləri hesab edir ki, ən önəmli neft və qaz hasilatçılarından olan Tehranın ŞƏT-ə qoşulması təşkilatın güclənməsinə təkan verəcək, qlobal enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa ciddi təsir göstərəcək.

Pekinin Tehranı İranın nüvə proqramı məsələsində dəstəkləməsi də diqqət çəkir. Doğrudur, Çin İranın nüvə silahı əldə etməsinə qarşı çıxır ki, bu da onun problemin həlli ilə bağlı danışıqlarda iştirak edən 6 beynəlxalq vasitəçidən biri kimi, tutmalı olduğu mövqedir. Lakin eyni zamanda Pekin proqramın inkişafı üçün İranı təşviq etməklə də məşğuldur. Si Cinpin bildirib ki, Çin İranın «qanuni haqqını və maraqlarını müdafiə edərək», onun nüvə proqramı ilə bağlı hərtərəfli birgə fəaliyyət planının bərpasına çalışacaq.

Lakin Çinlə İran arasında əlaqələrin kifayət qədər güclü olduğunu göstərən bütün amillərə baxmayaraq, onların ən azı yaxın perspektivdə strateji ittifaq qura bilməyəcəklərini düşünmək üçün kifayət qədər əsas var. Bu, ən əsası Çinin mövqeyindən qaynaqlanır. Hər halda, Pekində anlayırlar ki, belə ittifaqın qurulması Qərbə birbaşa çağırış olmaqla, ciddi gərginlik yaradacaq. Çinin bu mövqeyində ciddi aspektlərdən biri, onun hər şeyə rəğmən, Qərblə münasibətləri təhlükə altına atmaq istəməməsidir. Bu, ilk növbədə, iqtisadi sahəyə aiddir – ABŞ və Aİ ilə əməkdaşlıq Çinin strateji maraqlarının nüvəsini təşkil edir.

Pekinin Avrasiyada daha qlobal miqyasda anti-Qərb alyansı formalaşdırılması perspektivinə münasibətinə də bu kontekstdə yanaşılmalıdır. Söhbət yalnız Çinlə İrandan ibarət olmayan, Rusiya, Hindistan, həmçinin birqütblü dünya düzəninə bu və ya digər dərəcədə etiraz edən başqa dövlətlərin də yer alacağı birlikdən gedir. Pekinin yanaşmasına görə, belə alyansın formalaşdırılması ilə bağlı problem yalnız «daxili» ziddiyyətlər, məsələn, Çin-Hindistan münasibətləri deyil. Pekin anti-Qərb koalisiyasının qlobal təşəbbüskarı rolunda çıxış etmək istəmir.

Bundan başqa, artıq qeyd edildiyi kimi, Pekin Tehranla münasibətlərdə Asiyanın digər nüfuzlu oyunçularının, xüsusilə onunla münasibətləri daha ehtiyatlı şəkildə inkişaf etdirən dövlətlərin də mövqeyini nəzərə alır. Bu mənada söhbət yalnız Səudiyyə Ərəbistanından yox, həm də məsələn, İranla münasibətləri yumşaq desək, yaxşı olmayan Pakistandan da gedir.



MƏSLƏHƏT GÖR:

120