28 Noyabr 2024

Cümə axşamı, 01:27

AFTERŞOKLARIN SƏSİ

Zəlzələ Türkiyədə seçkiqabağı vəziyyətə əhəmiyyətli təsir göstərib

Müəllif:

01.03.2023

Türkiyədə baş vermiş faciəvi zəlzələ fonunda mayın 14-nə təyin edilmiş prezident seçkisinin vaxtının dəyişdirilə biləcəyinə dair fikirlər eşidilməyə başlayıb. Bəli, hazırda bu, Türkiyə siyasətində müzakirə olunan əsas mövzulardan biridir və yaranmış vəziyyət, şübhəsiz ki, ümumilikdə seçkiqabağı vəziyyətə əhəmiyyətli təsir göstərir. Seçkinin təxirə salına biləcəyi haqda fikirlər əvvəlcə əsasən KİV-də yer alırdısa, son həftələrdə bu, siyasətçilərin çıxışlarında da əsas yerlərdən birini tutmağa başlayıb. Lakin səsləndirilən ehtimallara hakim partiyadakı mənbələrin cavabı belə olub ki, seçkinin təxirə salınması üçün Türkiyə Konstitusiyasına dəyişiklik tələb olunur. Bu, səsvermənin daha gec müddətə təxirə salınması ilə bağlı hər hansı qərarın qəbulunu mümkünsüz edir.

 

Müxalifət ittiham edir, lakin heç bir təklif vermir

Müxalifət iddia edir ki, seçkinin təxirə salınmasının mümkünlüyü haqda fikirləri informasiya məkanına hökumət buraxıb, səbəb isə zəlzələdən sonra hakimiyyətin vahid namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qarşı tənqidlər getdikcə daha geniş xarakter alır. Hökumətə iqtisadiyyatla bağlı ünvanlanmış ənənəvi tənqidlər toplusuna – milli valyutanın məzənnəsinin qeyri-sabitliyi, həyat səviyyəsinin aşağı olması, işsizliyin yüksək həddi – indi tikinti sektorunda miqyaslı korrupsiya ittihamları da əlavə olunub. Müxaliflər hesab edir ki, təbii fəlakət nəticəsində dağıntıların bu qədər miqyaslı olmasının, 40 mindən artıq insanın ölümünün səbəbi məhz budur.

Şəhərsalma və Ətraf Mühit Nazirliyinin məlumatına görə, Türkiyənin zəlzələdən zərər çəkmiş əyalətlərində ən azı 56 min bina dağılıb və ya qəzalı vəziyyətə düşüb. 216 mindən artıq insan ev-eşiksiz qalıb, yaşadığı şəhər və kəndləri tərk edib.

Müxalifət isə Türkiyə hökumətinin zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəlmiş və yeri gəlmişkən, hələ davam edən fəaliyyətini kifayət saymır. Onların fikrincə, insafsız inşaatçıların, onların tikinti aparmasına icazə vermiş yerli administrasiya rəhbərlərinin məhkəməyə verilməsi guya hadisə ilə bağlı ciddi istintaqın getdiyi təəssüratı yaratmaq üçündür. Bu ittihamı səsləndirənlər bildirirlər ki, günahkarların əksəriyyəti, o cümlədən nüfuzlu şəxslər heç bir məsuliyyətə cəlb olunmur.

Türkiyə müxalifətinin hakimiyyətə qarşı ünvanladığı daha bir ittiham ölkədə keçirilmiş telemarafonun nəticələri ilə bağlıdır. İddia olunur ki, canlı efirdə toplanılmış 115 milyard lirənin 90 milyardını dövlət qurumları ayırıb. Hökumət isə öz növbəsində, cavab olaraq öz arqumentlərini irəli sürür. Məsələn, Mərkəzi Bankın rəhbəri bildirib ki, dövlət qurumlarının ianələri başqa məqsədlər üçün nəzərdə tutulub. Zəlzələdən zərər çəkənlərin ehtiyaclarına verilən bu vəsaitdən yalnız bərpa işlərində və ya əhalinin təcili ehtiyaclarının ödənilməsində istifadə olunacaq. Odur ki, dövlətin guya vəsaiti «bir cibdən digərinə qoyduğu» haqda iddiaların əsası yoxdur.

 

Müxalifətin vahid namizədi kim olacaq?

Dağıdıcı zəlzələdən cəmi 2 gün sonra, axtarış-xilasetmə işlərinin tam gücü ilə davam etdiyi vaxtda Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaroğlu bu bəyanatla çıxış edib: «Mən baş verənlərə siyasi nöqteyi-nəzərdən, yaxud hökumətin gözlərilə baxmaqdan imtina edirəm. Mən Ərdoğan ilə heç bir şərtlər daxilində görüşməyəcəyəm». Kılıçdaroğlunun bəzi tərəfdarları onun bu fikri ilə razılaşmayıb. Onlar hesab edirlər ki, liderləri bu bəyanatla zəlzələdən sonra yaranmış həmrəylik ruhunu pozub.

İstənilən halda, müxalifət çaşqın təsiri bağışlayır. Məsələn, o, 2023-cü ilin prezident seçkisi kampaniyası ilə eyni vaxta təsadüf etmiş «əsrin fəlakəti»nin nəticələri ilə mübarizəyə dair hər hansı planı bu günədək ortaya qoymayıb. Hökumətə ünvanlanmış tənqidlərin arxasında da yaranmış vəziyyətdən çıxmaqla bağlı real planın olmaması dayana bilər. Dağılmış şəhər və kəndlərin 1 ilə bərpa olunacağı, ev-eşiksiz qalmış 270 min insanın müvəqqəti sığınacaqlara yerləşdiriləcəyi vədini verən hakimiyyətdən fərqli olaraq, müxalifət daha çox seçkidən danışır ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Bütün bunlarla yanaşı, müxalifət üçün əsas gündəm seçkidə onları kimin təmsil edəcəyi məsələsidir. Yəni onlar seçkiyə vahid namizədlə qatılmaq istəyirlər.

Fevralın 18-də Türkiyənin 6 müxalif partiyasının toplantısında ölkədə zəlzələdən sonra yaranmış vəziyyət müzakirə edilib. Partiya liderləri Konstitusiyaya əsasən, seçkinin uzağı iyunun 18-də keçirilməli olduğunu bildirib, onun mayın 14-də baş tutma ehtimalının o qədər yüksək olmadığını etiraf ediblər. Bununla yanaşı, müxalifətçilər vahid namizədi yalnız seçkinin keçiriləcəyi günün rəsmən elan olunmasından sonra açıqlayacaqlarını deyiblər. Bununla yanaşı, müxalifət səsvermənin təxirə salınmasına qəti etiraz edir.

Lakin ölkənin əsas siyasi partiyalarından olan CXP müxalifətin vahid namizədinin elanına gözləməyən özünəməxsus qruplaşmaya start verib. Vahid namizəd olmaq üçün favoritlərdən sayılan Ankara meri Mənsur Yavaş ölkə başçısı postunda CXP lideri Kılıçdaroğlunu görmək istədiyini bildirib. Paytaxtda 10 parkın təməlqoyma mərasimində çıxış edən Yavaş partiyasının liderinə müraciət edərək deyib: «Sizi bu parkların açılışında prezident kimi görəcəyimə ümid edirəm!»

Bundan əvvəl İstanbulun meri Əkrəm İmamoğlu da CXP liderinin prezidentliyə namizədliyini dəstəklədiyini bildirib. Bununla yanaşı, İstanbulun özündə yerli müxalif administrasiyanın ünvanına tənqidlər getdikcə artır. Maraqlıdır ki, müxalifətin və bəzi mətbuat orqanlarının hökuməti İstanbulun zəlzələyə hazır olmamasında günahlandırdığı bir vaxtda hökumətpərəst KİV əksinə, şəhərin CXP-ni təmsil edən müxalifətçi merini təqsirləndirir. Arqument kimi, Əkrəm İmamoğlunun zəlzələ fəsadlarının qarşısının alınması üçün nəzərdə tutulmuş büdcəni azaltması göstərilir. 2018-ci ildə bu məbləğ büdcənin 5,5%-ni təşkil edirdisə, 2023-cü ildə söhbət cəmi 1,6%-dən gedir. O da iddia olunur ki, İmamoğlu bələdiyyə sədri kimi fəaliyyətə başladığı dövrdən bu tərəfə Zəlzələ risklərinin idarəolunması departamentinin büdcəsini 65% azaldıb, bu isə istismara verilən binaların keyfiyyətinin azalmasına yol açıb. Beləliklə, ünvanın tənqidlərin getdikcə artdığı bir şəraitdə İmamoğlunun aparıcı müxalifət partiyasının namizədi kimi uğur qazana biləcəyi şübhəli görünür.

Amma bunun partiya rəhbərliyinin belə vacib məsələdə daxili fikir ayrılıqlarına yol verməmək üçün atdığı önləyici addım olduğu da istisna deyil.

Bu arada, solçu partiyalardan ibarət «Əmək və azadlıq koalisiyası»na daxil olan kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) seçkiyə öz namizədi ilə qatılacağını bəyan edib. Əksər ekspertlər isə hesab edirlər ki, bu təşkilat məlum 6 partiya ilə hər kəsi qane edən namizədlə bağlı razılığa gələ bilərsə, hansısa mərhələdə öz namizədini yarışdan geri çəkəcək. Amma XDP lideri Pərvin Buldan müxalifət blokunu öz namizədini müəyyənləşdirməkdən imtina edərək, onların namizədini dəstəkləməyə çağırıb.

Bütün bunlar öz-özlüyündə müxalifətin rabitəsizliyini göstərir və bu, ümumilikdə onların imicinə mənfi təsir göstərir.

 

Reytinqlərə rəğmən

Yaranmış vəziyyətdə müxalifət liderləri qarşıdan gələn seçkinin nəticələri haqda az qala eyforiya təsiri bağışlayan hədsiz nikbinlik ifadə edirlər. Çoxları düşünür ki, zəlzələdən sonra hazırkı prezidentin mövqeyi o qədər laxlayıb ki, onu bərpa etmək mümkün deyil. «İyi partiya» lideri Meral Akşenerin əsas məsləhətçilərindən biri istehza ilə bildirib ki, «Ərdoğan indi məğlub olacağı günü müəyyən etmək üstünlüyünə malikdir». İstənilən halda, zəlzələdən əvvəl – fevralın 6-dək keçirilən sosioloji sorğular müxalifətin aşkar üstün vəziyyətdə olduğunu göstərirdi. Belə məlum olurdu ki, ölkənin 6 aparıcı müxalifət partiyası birlikdə 45-47% səs toplamaq iqtidarındadır. Ayrıca verilən səslərə görə lider olan Ərdoğanın partiyası isə rəqiblərinin ümumi səsi qarşısında geri qalırdı.

Onu da unutmaq olmaz ki, prezident seçkisi ilə yanaşı, ölkədə parlament seçkisi də keçiriləcək. Belə bir şəraitdə qeyd olunan göstəricilər hakim Ədalət və İnkişaf Partiyası üçün kifayət qədər təhlükəli siqnaldır. Cəmi bir müddət əvvəlin ictimai rəy sorğuları göstərir ki, səsvermə hakim partiya üçün ən çətin sınaq olacaq. Səbəb isə yalnız zəlzələ yox, həm də son illər lirənin dəyərini itirməsi və bahalaşmadır.

Qeyd edək ki, son zəlzələdən zərər çəkmiş bölgələr ənənəvi olaraq, hər zaman Ərdoğanı dəstəkləyib. 2018-ci ildə keçirilmiş son prezident seçkisində o, bu bölgədən 55% səs almışdı. Hakim koalisiyanın parlament seçkisində bu bölgədə əldə etdiyi nəticə də eyni idi. Müşahidəçilər isə iddia edir ki, fəlakətlər və müsibətlər hər zaman seçkinin nəticəsinə ciddi təsir göstərib. Türkiyənin şimal-qərbində 1999-cu ildə baş vermiş və 17 min insanın həyatına son qoymuş zəlzələdən sonra o dövrdəki hökumətin populyarlığını itirməsinin əsəs səbəbi təbii fəlakət nəticəsində yaranmış tənqid dalğası olmuşdu. 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının qələbəsinə də bu amil təkan vermişdi.

Bütün bunlarla yanaşı, hazırda Türkiyə hökuməti ilə müxalifəti arasında daha bir sərt mübahisə 2014-cü ildən prezident olan və 2 səlahiyyət dövrünü keçmiş Ərdoğanın ali kürsü uğrunda yarışa qoşulmasının qanuni olub-olmaması ilə bağlıdır. Konstitusiyaya görə, Türkiyə dövlətinin başçısı seçkidə yalnız o halda iştirak edə bilər ki, səsvermə iyunadək baş tutsun. Eyni zamanda Konstitusiya bir şəxsin ard-arda yalnız 2 dəfə prezident seçilməsinə imkan verir. İstisna yalnız o halda ola bilər ki, parlament onun ikinci səlahiyyət müddəti bitmədən növbədənkənar seçki elan etsin. Beləliklə, Ərdoğan seçkilərə bir az gec qatılsaydı, Konstitusiyaya dəyişikliklər etmək lazım gələrdi.

İstənilən halda, Ərdoğanın istər tərəfdarları, istərsə də əleyhdarları əmindirlər ki, o, kifayət qədər təcrübəli və ağıllı siyasətçidir. Odur ki, Ərdoğanın çətinliklər qarşısında asanlıqla təslim olacağını gözləməyə dəyməz. Üstəlik, «seçki iqtisadiyyatı» ifadəsi də onun adı ilə bağlıdır.

Seçki ərəfəsində prezident milyonlarla insanın pensiya yaşına çatmadan pensiya almasına icazə verib, minimal əməkhaqqını iki dəfə artırıb, borcların silinməsi ilə bağlı qanun layihəsi irəli sürüb, həmçinin fəaliyyəti dayandırılmış 10 min sürücülük vəsiqəsinin bərpasına göstəriş verib. Bu, artıq özünü doğrultmağa başlayıb. Hər halda, fevralın əvvəlində keçirilmiş sorğular göstərib ki, Ərdoğana dəstək son iki ilin ən yüksək həddinə çatıb. Zəlzələ baş verməsəydi, onun durumu, yəqin ki, daha da yaxşılaşacaqdı. Lakin təbii fəlakət ölkə rəhbərliyinin planlarını tamamilə pozub. İndi ölkə gündəmi yalnız zəlzələdən ibarətdir və yaxın gələcəkdə daxili diskussiyalarda yəqin ki, gündəm dəyişməyəcək. Ekspertlər əmindirlər ki, bütün siyasətçilərə qiymət onların qarşıdakı 3 ayda ortaya qoyacaqları davranışlara əsasən veriləcək. Bu mənada, Ərdoğan dağıntıların bərpası istiqamətində effektiv addımlar atarsa, müxalifətçi rəqibləri qarşısında üstünlük qazana bilər. O, artıq bəyan edib ki, ev-eşiyini itirmiş milyonlarla insan üçün 1 il ərzində yeni evlər tikiləcək. Türkiyə hökuməti tikinti qaydalarının pozulması halları ilə əlaqədar, 100-dən artıq həbs qərarı da verib.

Bu gün Ərdoğanın xeyrinə işləyən daha bir məqam isə müxalifətin hələ də vahid namizədini müəyyənləşdirə bilməməsidir. Müxalifət bununla bağlı yekun qərarın qəbulunu zəlzələ üzündən təxirə salıb. Onun cavab addımının nə olacağı hələ ki, bəlli deyil. Seçki isə sürətlə yaxınlaşmaqdadır.



MƏSLƏHƏT GÖR:

117