Müəllif: NURANİ
General Karl fon Klauzevitsin «Müharibə siyasətin başqa vasitələrlə davamıdır» fikri artıq klassikaya çevrilib. Hərbi vasitələrə əl atılmasının «son seçim» olması isə başqa mövzudur. Bütün başqa vasitələr – siyasi, hüquqi, diplomatik sınanıbsa və nəticə verməyibsə, bu halda hərbi yola əl atılmasının anlamı olur.
Bu gün Azərbaycan Qarabağ trekində məhz bu siyasəti nümayiş etdirir. Xankəndi-Turşsu yolundakı insident də bunun təsdiqidir.
RSQ-nin çətiri altında… təhlükəli qaçaqmalçılıq?
Yəqin ki, bu informasiyanın Qarabağ ətrafında postmüharibə proseslərinin gedişini «əvvəl» və «sonra» kimi iki hissəyə ayırdığını düşünənlər haqlıdırlar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, «Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var». Sonradan hadisənin detalları da məlum olub: Azərbaycan tərəfinin itkisi 2, Ermənistan tərəfininki isə 3 nəfər olub. İnternetdə və sosial şəbəkələrdə peyda olmuş video və fotomateriallardan isə Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış «UAZ» markalı maşının silah daşıdığı aydın şəkildə ortaya çıxıb – şəkillərdə maşının içərisində avtomatların və güllə yeşiklərinin olduğu aydın görünür.
Belə bir vəziyyətdə separatçılar dərhal öz versiyalarını ortaya atıblar: guya azərbaycanlılar «Dağlıq Qarabağ polisinin pasport-viza xidmətinin əməkdaşlarını atəşə tutub». Bənzər fikirlərə Rusiya sülhməramlı qüvvələrinin (RSQ) press-rezilində də rast gəlinib. Bakının (o cümlədən başqalarının) sualları isə çoxlarını çətin vəziyyətə salıb. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazi ilə Ermənistan arasında əlaqə üçün Laçın dəhlizindən istifadə olunur və bu, Müdafiə Nazirliyinin açıqlamasında da xatırladılır. Öz tərəfimizdən onu da əlavə edək ki, bu yol humanitar daşımalar üçün açıqdır. Belə bir vəziyyətdə alternativ yoldan istifadə zərurəti nədən qaynaqlanırmış? Ermənistan dövlət nömrə nişanına malik avtomobilin Azərbaycan ərazisində nə işi var imiş? Üstəlik, söhbət silah-sursat daşıyan maşından gedir. Heç kimin tanımadığı separatçı qurumun hansı «pasport-viza xidməti»ndən söhbət gedə bilər?
Bu suallar yalnız separatçılara yox, həm də rusiyalı sülhməramlılara ünvanlanır. RSQ-nin Xankəndiyə yerləşdirilməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, niyə separatçıların silahlı birləşmələri mövcudluğunu hələ də davam etdirir? Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinə malik RSQ niyə bu cür silah, sursat və mina tranzitinin qarşısını niyə almır? Sülhməramlıların təhlükəli qaçaqmalçılıqla məşğul olan erməni maşınlarını müşayiət etdiyini göstərən şok kadrları necə izah etmək olar?
Rəsmi Moskva isə Şuşada «İsgəndər» raketinin qalıqlarının tapılmasından sonra olduğu kimi, indi də susur. Amma bu, onu siyasi məsuliyyətdən azad etmir. Xüsusilə indiki şəraitdə.
Dialoq fonunda insident
Xankəndi-Xəlfəli-Turşsu yolundakı insident Azərbaycan nümayəndəsi Ramin Məmmədlinin Qarabağ regionunun erməni icmasının təmsilçiləri ilə görüşündən dərhal sonra baş verib. Məlum olduğu kimi, ekspertlər həmin görüşə son dərəcə böyük diqqət göstərirdi və bu, tamamilə məntiqlidir. Belə ki, Ruben Vardanyanın istefasına nail olmuş Azərbaycan Qarabağın erməni icması ilə dialoqu bərpa edib və bu, Azərbaycan Prezidenti İlham Əliyevin Münhen görüşündə səsləndirdiyi fikirə tam uyğundur. Dövlət başçısı həmin görüşdə danışıqların iki istiqaməti olduğunu bildirmişdi. Birinci istiqamət Ermənistanla sülh müqaviləsi üzərində aparılmalı olan müzakirələrdir ki, orada Qarabağdan söhbət getmir, ikinci istiqamət isə Qarabağ ermənilərinin Azərbaycan
Cəmiyyətinə inteqrasiyasını nəzərdə tutan dialoqdur. Bununla yanaşı, Bakı regiona «ixrac edilmiş» rusiyalı kriminal oliqarx Ruben Vardanyanla hər hansı təması rədd edirdi və artıq bu məsələdə istəyinə nail olub.
Görüşə gəlincə, gözlənildiyi kimi, o, vasitəçilər – istər Rusiya, istər ABŞ, həmçinin Avropa İttifaqı tərəfindən də alqışlanmışdı. Separatçılar arasında isə bu, çaşqınlığa səbəb olmuşdu. Əvvəlcə onlar ümumiyyətlə fasilə götürmüşdülər. Sonradan guya heç bir görüşün olmadığı görüntüsü yaratmaq cəhdləri başlamış, sonda, nəhayət, açıqlama verilmişdi: bəli, görüş olub, lakin orada inteqrasiya məsələləri müzakirə edilməyib! Azərbaycanlılar buna bənzər nələrisə müzakirə etməyə çalışıb, lakin bizim nümayəndələrimiz imkan verməyib!
Əlbəttə, 44 günlük müharibə dövrü ilə acı paralel aparmamaq, Artsrun Ovannisyanın «taktiki geri çəkilmə» ilə bağlı fikirlərini yada salmamaq, bu dəfə press-relizdə «taktiki geri çəkilmə»nin olub-olmadığı sualını verməmək də olar. Vacib olan bu deyil. Dialoqun bərpası Xankəndidə əhvalın nə qədər dəyişdiyinin göstəricisidir. Orada artıq anlayırlar ki, 1988-ci ilə qayıtmaq mümkün deyil, Bakının irəli sürdüyü şərtlərlə Azərbaycan cəmiyyətinə inteqrasiya, xüsusilə də «miatsum» layihəsinin üzərindən «yağlı xətt»in çəkilməsi qaçılmazdır. Millətçilər üçün ən pisi isə Xankəndidə, Ağdərədə, Xocavənddə bu variantı qəbul etməyə hazır olanların sayının kifayət qədər çox olmasıdır. Bəli, 44 günlük müharibə «miatsum»un üzərindən birdəfəlik xətt çəkib. Qarabağın Ermənistana birləşdirilməsi kimi gerçəkləşməsi mümkün olmayan arzu onsuz da lap əvvəldən güclə gündəmdə saxlanılırdı. İndi isə ağılla düşünmək, gələcəyi mənasız fantaziyalar üzərində deyil, reallıqlardan çıxış etməklə qurmaq vaxtıdır. Beləliklə, RSQ-nin nəzarətindəki ərazilərdə gizli təşviş hiss olunur. Çünki separatçıların rəhbərləri hadisələrin bu cür inkişaf edəcəyinə hazır deyildilər. İndi onlar bilmirlər nə etsinlər: Bakının ayağına getsinlər? Bəs, birdən elədiklərinin hesabı soruldu? Bəlkə öz xətlərini davam etdirsinlər? Amma bunun da cavabını vermək lazım gələgək. Xüsusilə son hadisələr fonunda.
Diplomatik yenidərqurma
Ermənistan rəhbərliyi hərbi darmadağının ardınca diplomatik məğlubiyyətə uğradıqlarını anlayır. Azərbaycan Prezidenti Bakıda keçirilən qlobal forumda deyib: «Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq». Dövlət başçısı bildirib ki, buna baxmayaraq Ermənistan BMT TŞ-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayıb, beynəlxalq hüquqa və dünya birliyinə hörmətsizlik edib. İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupu isə vəziyyəti «dondurmağa» çalışıb: «Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi».
Bu gün Azərbaycan yenidən sülh yoluna üstünlük verir. Bununla yanaşı, indi Bakı-İrəvan münasibətlərinin normallaşdırılması prosesinə fəal şəkildə Rusiya, ABŞ və Avropa İttifaqı da qoşulur. Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar və onun amerikalı həmkarı Luis Bono regiona səfərlər edir, bu yaxınlarda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakıda olub. Həm Bono, həm də Klaar Laçın yolunun yalnız humanitar yüklərin daşınması üçün istifadə edilməli olduğu ilə razıdırlar. Onlar əmindirlər ki, Azərbaycanın yoldan qeyri-qanuni tranzit üçün istifadə olunmasını hiddətlə qarşılaması tamamilə məntiqlidir.
Nəhayət, indi gündəliyi Bakı müəyyənləşdirir və bunu vasitəçilər də yaxşı bilir. Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən sonra regionda geosiyasi yenidənqurma prosesi başlayıb, Bakının beynəlxalq arenadakı rolu və çəkisi artıb və bunu nəzərə almamaq mümkün olmayacaq.
Amma görünən odur ki, istər regionda, istərsə də ondan kənarda sülhdə maraqlı olmayan qüvvələr qalmaqdadır. Azərbaycanın NATO-dakı nümayəndəliiyinin rəhbəri Cəfər Hüseynzadə bildirib ki, Ermənistan Rusiya sülhməramlılarının dəstəyi ilə Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində qoşun göndərməyə davam edir: «Üçtərəfli bəyannamənin <…> qəsdən pozulması hərbi əməliyyatların bərpasına yol aça bilər».
Bu halda Ermənistan, çətin ki, güc yolu ilə revanş almaq şansı qazansın.
MƏSLƏHƏT GÖR: