Müəllif: Kənan RÖVŞƏNOĞLU
Türkiyədə mayın 14-nə təyin edilmiş prezident və parlament seçkiləri ölkə üçün çətin bir dövrdə keçiriləcək. Cümhuriyyətin 100-cü ilində baş tutacaq seçkilər həm də ölkənin bundan sonra hansı qüvvə ilə davam edəcəyini müəyyən edəcək. Türkiyə xalqının seçimi nə olacaq? Ölkə bundan sonra mühafizəkar qüvvələrlə davam edəcək, yoxsa meydan yeni qüvvələrə veriləcək?
Artıq bəllidir ki, seçkilər iki əsas qüvvə - hakim AKP-nin liderlik etdiyi “Cümhur İttifaqı” və əsas müxalifət partiyalarının təmsil olunduğu “Millət İttifaqı” – arasında rəqabət şəraitində keçəcək. İqtidar blokunun namizədi Prezident Rəcəb Tayyib Ərdoğan, müxalifətin əsas namizədi isə CHP sədri Kamal Kılıçdaroğludur.
Türkiyədə seçki yarışı, bir qayda olaraq, əsas siyasi partiyaların namizədləri arasında olur. Yəni əsas siyasi partiyaların dəstəkləmədiyi namizədlərin seçkilərdə favorit olması mümkün deyil. Ümumi olaraq partiyaların sabit səs faizi var.
Bu səbəbdən də, seçkilərin taleyini müəyyən edən xüsusi qruplar daha çox diqqət cəlb edir. Siyasi partiyalar və əsas namizədlər bu qrupların səslərini almağa çalışırlar. 2023-cü il Türkiyə seçkilərinin taleyini müəyyən edən əsas iki qrup olacaq. Bunlardan birincisi “Z nəsli” adı verilən 1997-ci ildən sonra doğulmuş gənclər, ikincisi isə kürdlərdir. Vəziyyəti daha ətraflı nəzərdən keçirək.
Kürdlər
Türkiyədə kürd əhalinin sayı ilə bağlı dəqiq rəqəm olmasa da, sol yönümlü HDP-nin səsləri kürd seçicinin sayını təxmin etmək üçün əsas meyarlardan biridir. Qeyd edək ki, ölkədəki kürdlərin hamısı HDP-ni dəstəkləmir.
Sonuncu, yəni 2018-ci ildə keçirilmiş seçkilərində HDP 11,70% səs toplayıb. Son aylarda keçirilən bütün rəy sorğularında HDP-nin səsləri 8-13% arasında dəyişir. Bu da HDP-ni, əslində isə kürd seçicini Türkiyədə keçiriləcək 14 may seçkilərində həlledici qruplardan birinə çevirir.
Məlumdur ki, HDP hazırkı iqtidara qatı müxalif mövqedədir. Bu mənada HDP-nin seçkilərə öz namizədi ilə gedəcəyi və ikinci turda isə Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyi ehtimalı yüksəkdir.
Lakin bu o demək deyil ki, bütün kürdlərin seçimi HDP və ya CHP olacaq, çünki Türkiyədəki kürd seçicilərin bir hissəsi dindar və mühafizəkardır. 2015-ci il seçkilərinə qədər kürdlərin mühafizəkar qanadı AKP-yə səs vermişdi. Lakin 2015-ci ildən sonra iqtidarın sərt millətçi ritorikası kürd səslərini böyük həcmdə HDP-yə yönəldib.
İndi isə HDP-nin şəxsində sol yönümlü kürdləri öz tərəfinə çəkən CHP-yə cavab olaraq AKP iqtidarı yenidən mühafizəkar kürd qruplarını cəlb etmək üçün fəal iş aparır. AKP-nin Türkiyənin əsasən cənub-şərq vilayətlərində geniş yayılmış radikal islamçı “HüdaPar” Partiyası ilə seçki ittifaqı mühafizəkar-dindar kürdləri cəlb etməyə hesablanmış addımlardan biridir. Bundan əlavə, kürd etnik qrupu üzərində ciddi təsirə malik təriqət və icmalarla, xüsusən də Adıyaman mərkəzli dini icmalarla seçkiqabağı təmaslar onu göstərir ki, Ərdoğan iqtidarı kürd seçicinin səsini, ən azından mühafizəkar kürdlərin səsini almağa iddialıdır.
2023-cü il seçkilərinin “kabusu” – Z nəsli
Z nəsli 1997-2012-ci illər arasında dünyaya gəlmiş yaş qrupu hesab olunur. Rəsmi məlumata görə, 2023-cü ildə Türkiyədə ümumi seçici sayı 62,4-64 milyon nəfər olacaq. Onların 9 milyonu, yəni 13%-i Z nəslidir. Təxminən 6-7 milyon nəfər isə ilk dəfə səs verəcək gənclər qrupu olacaq.
Türkiyədə bütün siyasi qüvvələr bu konkret seçici qrupuna xüsusi diqqət yetirir, çünki onlar digərlərinin fonunda öz dinamikliyi ilə seçilir. Üstəlik, əvvəlki yaş qruplarından fərqli olaraq, onların siyasi təcrübəsi yoxdur, siyasətə qarışmamağa, yeni dövrün dalğasında yaşamağa üstünlük verirlər. Əgər əvvəlki nəslin nümayəndələri arasında gənclərin yalnız 5%-nin ali təhsilli anaları var idisə, indi bu rəqəm 25%-ə yaxındır. Yəni bu onu göstərir ki, gələcəyin seçiciləri daha çox təhsilli olan ailələrdəndir. Bu, onların seçiminə təsir edən amillərdən biridir.
Türkiyədə 18-23 yaşlı gənclər arasında keçirilən sorğuların nəticələrinə əsasən, bu yaş qrupunda olan gəncləri xarici siyasət, milli sənaye və ya tarixi-ideoloji deyil, əsasən sosial ədalət, miqrasiya, layiqli kadr seçimi və şəffaf iqtisadiyyat kimi mövzular maraqlandırır.
Məlum olduğu kimi, AKP iqtidarının qarşısında duran ən ciddi məsələlər sosial-iqtisadi sahə ilə bağlıdır. Onların arasında son illər Türkiyə milli valyutasının kəskin ucuzlaşması, inflyasiyanın sürətlə artması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi var.
Türkiyənin məşhur sosioloji sorğu şirkəti “Gəzici” Araşdırma Mərkəzinin direktoru Murad Gəzicinin fikrincə, gənc seçicilərin əksər hissəsi hazırkı hakimiyyətə qarşı qəzəbli olsa da, böyük əksəriyyət heç bir ideologiyaya mənsub deyil, bir çoxu isə müxalifətə etibar etmir. Ekspertin fikrincə, bu nəslə mənsub seçicilərin 80%-i AKP-yə səs vermək istəmir, amma onların hər birinin artıq seçim etdiyini də söyləmək mümkün deyil.
“MAK Consulting” şirkətinin direktoru Mehmet Ali Kulat isə 18-29 yaş arasında seçicilərin 70%-nin müxalifəti dəstəklədiyini iddia edir. Ekspertin fikrincə, orta yaş üstü seçicilər daha çox xəstəxana və yol inşası kimi infrastruktur layihələrinin icrası mövzularına daha çox diqqət yetirdiyi halda, gənclər isə real iqtisadi vəziyyətə nəzər yetirməyə, ölkə iqtisadiyyatını xarici ölkələrin iqtisadiyyatları ilə müqayisə etməyə üstünlük verirlər.
Z nəslinin konkret partiyalar üzrə seçim faizinə gəlincə, bu istiqamətdə araşdırma aparan ORC araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, yeni nəsil seçicilərin 13%-i AKP-yə, 34%-i isə CHP-yə səs verəcəyini deyib. Göründüyü kimi, Z nəslinin heç də hamısı müxalifəti dəstəkləmir. Doğrudur, son illərdə işsizlik səviyyəsinin artması, hökumətin sosial medianı məhdudlaşdırmaq üçün tədbirləri və internet üzərində hökumətin nəzarəti gücləndirməsi gənclərin narazılığına səbəb olur.
Maraqlıdır ki, türkiyəli gənclərin əksəriyyəti həm hökumətə, həm də ölkənin məhkəmə sisteminə etibar etmir. Belə ki, növbəti rəy sorğusunun nəticələrinə əsasən, gənclərin 50,7%-i gələn il milli iqtisadiyyatın vəziyyətinin pisləşəcəyini proqnozlaşdırıb, 35,1%-i onun hazırkı vəziyyətdə qalacağına inanır, yalnız 14,2%-i isə yaxşılaşacağına ümid edir. Gənclərin 78,7%-i isə məhkəmə sisteminə inanmadığını bildirib.
Digər tərəfdən maraqlıdır ki, hər nə qədər apolitik institut hesab olunsa da, gənclərin ən çox güvəndiyi dövlət qurumu ordudur. Amma gənclər üçün “kimlik siyasəti” kimi mövzular o qədər də cəlbedici deyil. Türkiyə gəncliyi üçün kimlik fərqi artıq maneə deyil.
Lakin PKK-nın terror aktları üzündən türk-kürd gərginliyi, eləcə də suriyalı qaçqınlara olan qəzəbli münasibət gənclərə də təsir edir. Buna görə də gəncləri belə mövzularla manipulyasiya etmək imkanı yüksəkdir.
Yaşı 30-dan aşağı olan gənclərin əksəriyyəti həyatlarının əhəmiyyətli bir hissəsini Ərdoğanın hakimiyyəti altında keçirib. Bu səbəbdən də, onların əksəriyyəti üzləşdikləri problemlər və ölkədə çatışmazlıqların mənbəyi kimi AKP iqtidarını görür. Belə seçicilərin cəmi 15-18%-i hələ də ideoloji səbəblərə və siyasi baxışlara görə hakim partiyanı dəstəkləyir. “Türkiyə Gənclik Araşdırması”nın hesabatına görə, gənclərin 48%-i ölkə prezidentinə, 56%-i isə ümumiyyətlə siyasətçilərə etibar etmir. Məsələn, ABŞ-da Z nəsli gənclərin 25%-i seçkilərdə iştirak etmir. Bu digər dövlətlərdə, o cümlədən Türkiyə kimi ölkələrdə daha çox ola bilər. Qeyd edək ki, yaş həddinə görə Türkiyə prezidentliyinə əsas namizədlərdən heç biri gənclər arasında xüsusilə cəlbedici deyil. Hakimiyyətin namizədi istisna olmaqla, istənilən namizədə səs verməyə hazır olan əhalinin bir hissəsinin ümumiyyətlə seçkilərdə iştirak etməməsi riski var.
Digər mühüm amil gənclərin daha çox maddiyyatçı olmasıdır. Bu, son illərdəki iqtisadi tənəzzül, inflyasiya və pandemiya fonunda 15-25 yaş arası insanlar arasında xüsusilə nəzərə çarpır. Bu da onların seçimlərində iqtisadi mövzuların daha öndə dayandığını göstərir.
Qısa xülasə
Türkiyədə seçki kampaniyası artıq başlayıb və 40 gündən çox davam edəcək. Bu səbəbdən də, onun sürətli və dinamik olacağı gözlənilir. Seçkiyə qədər ictimai rəy sorğuları vasitəsilə partiya və namizədlərin elektoral dəstəyi barədə ümumi rəy formalaşsa da, keçən illərin də təcrübəsi göstərir ki, seçkilərin taleyini namizədlərin kampaniya dövründə apardığı təşviqat fəaliyyətləri müəyyən edəcək. Bu mənada seçkilərlə bağlı həlledici mərhələ məhz seçki kampaniysı dövrü hesab olunur.
AKP iqtidarı üçün son illər ölkə iqtisadiyyatının tənəzzülü, milli valyutanın kəskin dəyər itirməsi, hətta seçki ilində baş verən zəlzələ və daşqınların fəsadları ciddi mənfi amil hesab olunur. Amma hakimiyyət güclü partiya-təşkilati dəstəyini və Prezident Ərdoğanın seçkilərdə uzunmüddətli iştirak təcrübəsini bu mənfi amilləri aradan qaldırmağa imkan verəcək kifayət qədər güclü kozır hesab edir.
Lakin qeyd etdiyimiz kimi, bir sıra mövzular var ki, həm iqtidar, həm də müxalifət üçün hələ də cavabsız sual olaraq qalır. Bunların sırasında ən çox diqqət cəlb edən etnik kürdlər və şərti olaraq “Z nəsli” adlandırılan əsasən ilk dəfə səs verəcək gənclərdir. Müəyyən mənada təşkilatlanmış kürd etnik qrupu və ilk dəfə səs verəcək, siyasətlə çox dərindən maraqlanmayan yeni nəsil gənclərin səsləri də bu seçkilərdə həlledici ola bilər.
Qeyd edək ki, Türkiyə prezidentliyinə hər iki əsas namizəd yaşlı hesab olunur. AKP sədri, Prezident Rəcəb Tayyib Ərdoğan 69 yaşındadır. Onun əsas rəqibi, müxalifətin vahid namizədi CHP sədri Kamal Kılıçdaroğlunun isə 74 yaşı var. Bu səbəbdən də, gənclərin səslərini kimə verəcəyi, onları necə cəlb etmək məsələsi prezidentliyə namizədlərin əsas hədəflərindən biridir. Amma sorğulara əsasən, görünən odur ki, gənclərin əhəmiyyətli hissəsi hələ də qərarsızdır.
Hazırda türkiyəli politoloqların, ekspertlərin böyük əksəriyyəti siyasət və seçki ilə maraqlanmayan, “kompüter əsrinin uşaqları” barədə həyəcan təbili çalır. Amma məhz onların seçimi səsvermənin nəticəsinə həlledici təsir göstərə bilər. Üstəlik, gənclik həm də eneri, güc və ən əsası gələcəkdir. Yaşlı namizədlərin gəncləri cəlb etmək üçün nə təklif edəcəyini isə yaxın həftələrdə görəcəyik.
MƏSLƏHƏT GÖR: