Müəllif: Kənan RÖVŞƏNOĞLU
Bu ilin martında Suriya Ərəb Respublikasında (SAR) silahlı münaqişənin başlanmasından 12 il keçir. Görünür, bu il biz uzun müddətdir davam edən bu Yaxın Şərq münaqişəsinin gedişində ciddi dönüşün şahidi olacağıq. Belə ki, ərəb ölkələrinin liderləri artıq Suriya Prezidenti Bəşər Əsədlə barışıq prosesinə başlayıb. Doğrudur, bəzi ərəb ölkələri bu prosesə bir neçə il bundan əvvəl start verib.
Ekspertlər hesab edirlər ki, fevralın 6-da baş verən zəlzələdən sonra Suriya ətrafında vəziyyət kəskin şəkildə dəyişib. Bir sıra Avropa ölkələrində artıq B.Əsədin Suriya hakimiyyətinin rəsmi lideri kimi qəbul olunmasına və Dəməşqlə əlaqələrin bərpasına normal yanaşan qüvvələr var. Amma təbii ki, ərəb dövlətlərinin Suriyaya münasibəti həlledici əhəmiyyət kəsb edəcək.
Ərəb qardaşlar yola gəlir
Fevralın 6-da baş verən zəlzələdən sonra Bəşər Əsəd Misir dövlət başçısı Əbdülfəttah əs-Sisi və Əlcəzair Prezidenti Əbdülməcid Təbbunla telefonla danışıb. O, münaqişə başlayandan bəri ilk dəfə Omana yollanıb. B.Əsəd martın ortalarında BƏƏ-yə rəsmi səfərə gedib. Bu, onun Suriya münaqişəsi başlayandan sonra bu ölkəyə ikinci (birincisi 2018-ci ildə baş tutub) səfəridir.
Əgər ciddi bir hadisə baş verməsə, Bəşər Əsəd hökuməti mayın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqasının toplantısına dəvət olunacaq. Krallığın xarici işlər naziri Faysal bin Farhan bu istiqamətdə Dəməşqlə danışıqlar aparıldığını açıqlayıb. Əlverişli şərait olarsa, Ərəb Liqasının sammitində ya prezident B.Əsədin özü, ya da Suriya hökumətinin digər yüksək rütbəli rəsmisi iştirak edəcək.
Bu arada, Suriya nümayəndə heyətinin Ərəb Dövlətləri Liqasının iclaslarına qaytarılması təşəbbüsü daha əvvəl, yəni Əlcəzairin sədrliyi dövründə elan edilmişdi. Bu təşəbbüsün əsas müəllifi isə hələ o vaxt Suriya ilə əlaqələrini kəsməyən rəsmi Əlcəzair idi. Lakin həmin vaxt ABŞ-ın təzyiqi və ərəb dövlətlərinin bəzilərinin bu məsələyə soyuq münasibəti bu prosesi ləngitmişdi. Amma indi vəziyyət, demək olar ki, tamamilə dəyişib. Ərəb qardaşlar Əsədlə barışıq üçün sıraya düzülüb.
Ərəb dünyasının mühüm ölkələrindən biri olan Misir də Suriya ilə barışıq prosesini sürətləndirib. Əslində, Misir-Suriya əlaqələri 2013-cü ilin yayında Misirdə baş verən hərbi çevrilişdən sonra yaxşılaşmağa başlayıb. “Müsəlman Qardaşlar” iqtidarının devrilməsindən sonra marşal Əbdülfəttah əs-Sisi Suriya ilə münasibətləri yumşaltmaq qərarına gəlib. Hətta o vaxt KİV-lərdə Misirin Rusiya ilə koordinasiyalı şəkildə Suriyanın sahilyanı bölgələrinə əməliyyat qrupu göndərəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin daha sonra bu proses dayandırılıb. Bəzi ekspertlərin fikrincə, buna səbəb Misirin əsas “sponsorları” olan BƏƏ və Səudiyyə Ərəbistanının Qahirənin Dəməşqlə yaxınlaşmasına isti yanaşmaması idi.
Lakin indi vəziyyət dəyişib. Fevralın 6-da baş verən zəlzələdən sonra Suriyaya yardım göndərən ölkələrdən biri də Misir idi. O vaxt Prezident Əbdülfəttah əs-Sisi Bəşər Əsədlə telefonla danışmış, Misirin humanitar yardımları isə tez bir zamanda Laziqiyyə dəniz limanına çatdırılmışdı.
Suriya xarici işlər naziri Faysal əl-Miqdad isə aprelin 1-də Qahirəyə səfər edib və misirli həmkarı Səmih Şükri ilə görüşüb. Danışıqlar zamanı tərəflər Misir və Suriya prezidentlərinin Ramazan ayından dərhal sonra aprelin sonuna planlaşdırılan görüşünü müzakirə ediblər. Bu o deməkdir ki, artıq Səudiyyə Ərəbistanı və BƏƏ kimi Fars körfəzinin aparıcı ölkələri Suriya ilə barışığa yaşıl işıq yandırıb.
KİV-lərin məlumatına əsasən, Dəməşqlə hərtərəfli münasibətlərin bərpası Suriya münaqişəsinin siyasi həlli şəraitində mümkün olacaq. Qahirənin artıq Dəməşqlə barışıq prosesinə start verməsi isə Suriya ilə bağlı ümumi razılaşmanın olduğunu göstərir.
Bu arada, “ərəb baharı”nın ilk dəfə yayıldığı ölkə olan Tunis də ötən ilin payızında Suirya ilə diplomatik münasibətlərin bərpası barədə qərar verib.
Ərəblər Əsədlə niyə barışır?
İlk növbədə, Suriya münaqişəsinin uğursuz olması ərəb ölkələrini Dəməşqlə barışığa sövq edib. 12 illik silahlı qarşıdurma B.Əsədin iqtidardan getməsinə və Suriyada hakimiyyət dəyişikliyinə səbəb olmayıb. Suriya lideri Rusiya, İran və Çinin də dəstəyi ilə hakimiyyətini qoruyub.
İkinci vacib amil regionun ən strateji mövqeyə malik ölkələrindən biri olan Suriyada İran və Rusiyanın birgə təsirinin güclənməsi riski idi. Üstəlik, ərəb ölkələri arasında Suriya məsələsində fikir ayrılığının yaranması Əsədlə bağlı siyasətə yenidən baxılmasını şərtləndirən amillərdən olub. Xüsusən də Suriya iqtidarı ilə siyasi-ideoloji yaxınlığı olan Əlcəzair, Misir, İraq və daha bir neçə dövlət bu prosesi sürətləndirib.
Üçüncüsü, regional şərait dəyişib. Məlum olub ki, Suriyaya qarşı ən barışmaz mövqe ilə tanınan bəzi Avropa ölkələri və Türkiyə artıq Əsədin iqtidarda qalma reallığı ilə barışır. Suriyada rejim dəyişikliyinə dəstəyin azalması isə ərəb dövlətlərini bu ölkə ilə bağlı siyasətlərini yenidən gözdən keçirməyə vadar edib. Aydın olub ki, Suriyada vahid, güclü təşkilatlanmış müxalifət yoxdur. Radikal islamçı qruplar isə ərəb rejimlərinin özləri üçün də ciddi başağrısıdır. Başqa sözlə, onlar “pislərin” içində nisbətən az pis olanı seçməyə məcbur olublar.
Nəhayət, Çin və Rusiyanın Yaxın Şərqdə təsirini artırması. Xüsusilə, Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı, daha sonra isə BƏƏ arasında münasibətlərin bərpasına dair mart razılaşması da regiondakı vəziyyəti dəyişib. Yəni Suriya hökuməti artıq ərəb hakimiyyətləri üçün ciddi təhlükə yaratmır.
ABŞ-ın barışıq prosesinə münasibəti
Ərəb ölkələri ilə Suriya arasında münasibətlərin bərpasının sürəti həm də ABŞ və Avropa İttifaqının mövqelərindən, daha dəqiq desək, Vaşinqtonun loyallıq dərəcəsindən asılı olacaq.
Maraqlıdır ki, ABŞ dövlət katibinin müavini Barbara Lif mart ayında Yaxın Şərq ərəb ölkələrinə səfəri zamanı Vaşinqtonun Suriya ilə barışıq prosesini dəstəkləmədiyini bildirmişdi. Ərəb dövlətlərinin KİV-lərinin məlumatına görə, o əlavə edib ki, ABŞ bu yolda heç bir maneə yaratmağa çalışmır.
Başqa sözlə, ABŞ Suriya ilə bağlı siyasətini ən azından açıq şəkildə dəyişmək istəmir. Eyni zamanda Vaşinqton ümid edir ki, Əsədlə barışıq ərəb ölkələri arasında birliyin qorunub saxlanılmasına və Suriyada müəyyən siyasi dəyişikliklərə gətirib çıxaracaq.
Qeyd edildiyi kimi, əslində barışıq prosesi bir neçə il əvvəldən başlayıb. Vaşinqtonun indiki vəziyyətdə buna sərt müqavimət göstərməsi onun ərəb ölkələri ilə əlaqələrinə mənfi təsir göstərə bilər. Onsuz da OPEC+ ölkələrinin qərarları və İran-Səudiyyə Ərəbistanı barışıq prosesi Vaşinqtonun regiondakı nüfuzuna ciddi ziyan vurub. Lakin o da aydındır ki, ABŞ Suriya ilə bağlı siyasətini dəyişmək, xüsusən də bu ölkədəki hərbi kontingentini geri çəkmək fikrində deyil. Amma bu, ərəb ölkələrinin Suriya ilə yaxınlaşmasına mane olmur. Əksinə, güman ki, Vaşinqton İranın Dəməşqə təsirini azaltmaq üçün ərəb dövlətləri vasitəsilə ona müəyyən təsir göstərmək qərarına gəlib. Mart ayında aparılan Səudiyyə Ərəbistanı-Suriya danışıqlarında bu elementlər var idi.
Mediada yer alan məlumatlara əsasən, Səudiyyə Ərəbistanı Suriya ilə barışıq üçün bir sıra şərtlər irəli sürüb. Buraya BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi əsasında müxalifətlə danışıqların başlanılması, Konstitusiya dəyişikliyi, siyasi məhbusların azad edilməsi, İranla strateji razılaşmaların imzalanmaması, İrana bağlı silahlı qrupların Suriyadan çıxarılması, İordaniya sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sair daxildir.
Ümumiyyətlə, Səudiyyə Ərəbistanının əsas şərtləri regionun ərəb ölkələrinin təhlükəsizliyi ilə bağlıdır. Ər-Riyadla Tehran arasında barışıq prosesi başlasa da, Suriyada İrana bağlı silahlı qruplaşmaların olması regionun ərəb ölkələrini, xüsusən də Səudiyyə Ərəbistanını narahat edir. Əlbəttə ki, Dəməşqin Ər-Riyad ilə barışıq naminə bütün tələbləri icra edəcəyi inandırıcı deyil. Lakin o, güzəştlərə getməkdən tam imtina da edə bilməz.
Şübhəsiz ki, ərəb dövlətlərinin Suriya ilə barışmasını regionda yeni reallığın daha bir göstəricisi adlandırmaq olar. Lakin bu reallıq daha çox qlobal siyasət müstəvisində cərəyan edəcək. Yaxın Şərq arenasına yeni oyunçu – Çin daxil olur. Hələlik bu proses siyasi razılaşmalar və anlaşmalar formasında özünü büruzə verir. Lakin yaxın gələcəkdə onun regionda ABŞ və Çin arasında rəqabətin yeni kəskin mərhələsinə çevriləcəyinin şahidi olacağıq.
MƏSLƏHƏT GÖR: