24 Noyabr 2024

Bazar, 06:27

LUZERDƏN «HƏDİYYƏ»

Ermənistanın növbəti təxribatları sülh prosesini pozmağa yönəlib

Müəllif:

15.04.2023

 

Gorus rayonunun ermənilərin «Tex» adlandırdığı Dığ kəndi diqqət mərkəzindədir. Aprelin 11-i axşam saatlarında erməni tərəfi növbəti təxribata məhz burada əl atıb. Artıq axşam məlum olub ki, təxribat nəticəsində üç Azərbaycan hərbçisi şəhid olub.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənlərə görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bəyan edib. Qurumun açıqlamasında deyilir ki, İrəvan bu tipli təxribatlara dünya birliyinin tərəfləri israrla danışıqlara çağırması fonunda əl atır və bu, Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. «Ermənistanın belə hərbi təxribatları, eyni zamanda təxribatçı siyasi addımlar və bəyanatlarla müşayiət olunur», - deyə bəyanatda vurğulanır. Nazirlik bildirir ki, Ermənistanın əməlləri beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və bu, yalnız Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin pozulması deyil, həm də regional sülh və təhlükəsizliyə ciddi təhdiddir.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində, sərhəddəki insidenti Ermənistanın məqsədyönlü təxribatı kimi qiymətləndirib. Bakıda Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edən dövlət başçısı bildirib ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh prosesi iki istiqamətdə gedir. İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi bununla əlaqədar olaraq, Qarabağ iqtisadi zonasının erməni sakinləri ilə Bakıda görüşün keçirilməsi təklifini irəli sürüb, xüsusi nümayəndə təyin edib. Ermənilər Bakıya istər reinteqrasiya, istərsə də müxtəlif infrastruktur layihələrinin müzakirəsi üçün dəvət olunublar.

Xatırladaq ki, bəzi ekspertlər sərhəddə qışda müşahidə olunan sakitliyi müvəqqəti sayırdı və yazda qarın əriməsi ilə vəziyyətin gərginləşə biləcəyinə dair xəbərdarlıq edirdilər. Təəssüf ki, onların proqnozları özünü doğrultdu…

 

Xaric kömək etməyəcək

Azərbaycanlı ekspertlər bildirirlər ki, iki ölkənin şərti sərhədində yaşanan növbəti gərginlik ərəfəsində İrəvan kifayət qədər açıq şəkildə siyasi oyun oynamağa başlamışdı. Söhbət Ermənistan rəsmilərinin ritorikasının kəskinləşməsindən, danışıqlar zamanı Bakı üçün qəbuledilməz olan şərtlər irəli sürməsindən və s. gedir. İrəvan hər addımı ilə Azərbaycanla razılığa gəlmək istəmədiyini nümayiş etdirirdi. Onları ölkəyə Avropa İttifaqının ikinci müşahidə missiyasının gəlişinin ruhlandırdığına isə şübhə yoxdur. Missiyanın rəhbəri Markus Ritterin Almaniya KİV-nə müsahibəsində səsləndirdiyi fikirlər hər şeyi açıq şəkildə ortaya qoyur. O, «Alman dalğası» ilə söhbətində deyib: «Bir çox erməni yazda Azərbaycanın hücuma keçəcəyini gözləyir. Hücum baş verməzsə, bu, missiyamızın uğuru kimi qiymətləndirilə bilər». Azərbaycan bu bəyanatı haqlı olaraq, qəzəblə qarşılayıb. Cənab Ritterin məntiqinə görə, hücum olmayacaqsa, səbəb birmənalı olaraq avromissiyadır. Halbuki ermənilərə hücum Azərbaycan tərəfinin ağlından belə keçmir. Məsələ ondadır ki, Ermənistan hökumətinin təxribata əl ata biləcəyi avropalıların ağlına gəlmir.

Belə bir vəziyyətdə avromüşahidəçilərin bölgədə mövcudluğunun siyasi indulgensiya kimi qəbul olunması da təəccüblü deyil. Bu arada, NATO-nun sabiq baş katibi, hazırda pul qarşılığında İrəvana lobbiçilik edən Anders Foq Rasmussenin regiona səfəri də nəzərə alınmalıdır.

Daha bir məqam isə Ermənistanda yaşanan daxili siyasi gərginlikdir. Yeri gəlmişkən, gərginliyin artmasında baş nazir Nikol Paşinyanın xanımı Anna Akopyanın da rolu var. O, 2016-cı ilin aprelində ölmüş erməni əsgərlərinin birinin xatirəsini yad edərkən deyib: «44 günlük müharibə zamanı komandan insanları könüllü olaraq vətəni qorumağa çağırsa da, çoxları bunu etmədi. Mən nümunə göstərmək üçün dəstə yaratdıqda isə bu da mənfi qarşılandı». Bundan başqa, Akopyan deyib ki, o vaxt Ermənistanda nə az, nə çox – düz 11 min fərari var imiş. Xatırladaq ki, Ermənistanda 10 min fərari haqda hələ müharibə yeni bitən zaman da danışılırdı. Lakin Akopyanın bu çıxışı çoxları tərəfindən təhqir kimi qəbul olunub.

Gərginliyin əsas səbəbi isə təbii ki, başqadır. Son təxribat ərəfəsində Ermənistan Qarabağda «yol müharibəsi»ni qansız-qadasız uduzmuşdu…

 

Bütün yollar… NBM-ə aparır

Dığ kəndi Gorus-Laçın-Şuşa-Xankəndi yolu üzərində yerləşir. Son zamanlar Ermənistan dəfələrlə vahimə içərisində bu yolla Azərbaycan qoşunlarının hərəkət etdiyini, guya 80 min hektar ərazini «ələ keçirdiyini» və s. bəyan edib. Bununla yanaşı, Ermənistan hökuməti əvvəlcə hər hansı formada müqavimət göstərməyə ehtiyac duymayıb. Azərbaycan əvvəlcə Turşsuya gedən torpaq yolu nəzarətə götürüb. Söhbət erməni separatçılarının qanunsuz qurduqları postlarının təchizatını həyata keçirdikləri, eyni zamanda qaçaqmalçılıq üçün istifadə etdikləri yoldan gedir. Bakının təklifi, daha dəqiqi, tələbi isə məlumdur: Gorus-Laçın-Şuşa-Xankəndi yolunda Nəzarət Buraxılış Məntəqəsi (NBM) qurulmalıdır!

Dəfələrlə qeyd olunduğu kimi, sərhəddə NBM-in olması regionda vəziyyətin normallaşması üçün vacib addımdır. Bundan başqa, bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyannaməyə də zidd deyil. Nəhayət, NBM Xankəndiyə humanitar yüklərin daşınması prosesini sivil müstəviyə qaytarmağın ən yaxşı yoludur. Bu mənada, Azərbaycanın Qafan-Gorus yolundakı NBM nümunə sayıla bilər.

KİV-də, ilk növbədə isə Ermənistan və Rusiya mətbuatında sülhməramlıların və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaxşı «biznes qurduğu» haqda məlumatlara kifayət qədər çox rast gəlinir. Bir yük maşını kommersiya təyinatlı yükün sülhməramlıların yükü adı altında bölgəyə keçirilməsinin qiyməti minlərlə dollardır. Sonradan qiymət 10 min dollaradək qalxıb və bu, Xankəndi sakinlərini əməlli-başlı hiddətləndirib. Rusiya mətbuatı yazır ki, «Qırmızı xaç» bir nəfərin daşınmasına görə 1-2 min dollar alır. Azərbaycanlı ekofəallar isə humanitar yükləri və Xankəndidə yaşayan dinc sakinlərin yolunu kəsmədiklərini dəfələrlə bəyan ediblər. Amma bu dinc sakinlər azərbaycanlıların piket keçirdikləri əraziyə çatmaq üçün hələ separatçıların «polis postları»nı keçməlidirlər…

Bu haqda çox danışılıb. Azərbaycan Ermənistandan Xankəndiyə gedən yolu nəzarətə götürmək üçün NBM məsələsini yenidən qaldırıb. Əslində artıq «NBM rejimi»ndə iş gedir və Ermənistan yolda Azərbaycana məxsus nəzarət məntəqəsinin yaradılmasının zaman məsələsi olduğunu anlamaya bilməz. Üstəlik, Rusiya sülhməramlılarının yola lazımi səviyyədə nəzarət edə bilmədikləri ortadadır.

Belə bir vəziyyətdə ermənilərin Dığ kəndində əl atdıqları təxribat onların Laçın yolunda NBM qurulmasını əngəlləmək cəhdindən başqa bir şey deyil. Çünki artıq İrəvanın buna imkan verməmək üçün heç bir arqumenti qalmayıb. Azərbaycan isə faktiki olaraq, onsuz da bütün yollara nəzarət edir. Belə bir şəraitdə yəqin ki, Nikol Paşinyan vəziyyəti dəyişmək üçün Dığ kəndində təxribata əl atmaqdan başqa heç nə düşünə bilməyib. O, avropalı müşahidəçilərin istənilən halda ermənilərin təxribatını ört-basdır edəcəyinə də bel bağlayıb.

 

Pozulmuş dialoqun qiyməti

Ermənistanın yeni təxribatı İlham Əliyev ilə Nikol Paşinyan Vaşinqtonda görüşə biləcəklərinə dair məlumatın yayıldığı vaxta təsadüf edib. Məlum olduğu kimi, son zamanlaradək vasitəçilikdə lider olan Avropa İttifaqı Parislə İrəvanın «səyləri» nəticəsində oyundankənar vəziyyətdə qalıb.

Azərbaycan və Ermənistanın hansı vasitəçilərə üstünlük verdiklərinə dair müxtəlif versiyalar söyləmək olar. Lakin istənilən halda, sülh danışıqları üçün əsas Azərbaycanın təklif etdiyi 5 prinsipdir. Ən əsası isə Bakı istənilən «işlək» formata açıq olduğunu bildirir. Lakin Ermənistan tərəfi razılığa gəlmək istəmir. Onlar yaxşı bilirlər ki, istənilən sülh müqaviləsi Ermənistanın Qarabağ iddialarına son qoyacaq. Bundan başqa, bu halda sərhədlərin demarkasiyası və delimitasiyasına da başlanılacaq. Bu isə İrəvan üçün ən ağır variantdır. Çünki belə olduqda Ermənistan kifayət qədər böyük əraziləri Azərbaycana qaytarmalı olacaq.

Təcrübə göstərir ki, silahlı təxribatlar İrəvanın diplomatiyanı öz xeyrinə çevirməsinə kömək etmir. Əksinə, belə hallar, bir qayda olaraq, İrəvan üçün şərtləri daha da ağırlaşdırır, onların xarici havadarları isə Ermənistanı qorumur.

 



MƏSLƏHƏT GÖR:

109