24 Noyabr 2024

Bazar, 05:42

TALİBLƏRİN DÜŞƏRGƏSİNDƏ ÇEVRİLİŞ?

Əfqanlar müxalifətə inanmır və yeni vətəndaş müharibəsi istəmir

Müəllif:

15.05.2023

2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş «Taliban» hər kəsə sabitlik və təhlükəsizlik vəd edirdi. Lakin onlar xalqın 40 ildən çoxdur əziyyət çəkdiyi zorakılığa hələ də son qoya bilməyiblər. Ölkədə təhlükəsizliyin təmin oluna bilməməsi yalnız talib rejiminin mürtəceliyi, əhalinin onları dəstəkləməməsi ilə yox, həm də dövlət idarəçiliyindəki adi səriştəsizliklə izah olunur. Halbuki ötən əsrin 90-cı illərindən fərqli olaraq, onların əlində yaxşı qurulmuş dövlət hakimiyyəti sistemi var.

 

Üstünlük və problemlər

Həmin illərdə taliblərin üstünlüyü onların Əfqanıstanda hakimiyyəti tammiqyaslı vətəndaş müharibəsi və xaos şəraitində ələ keçirmələrində idi. Belə bir vəziyyətdə kiçik rayonu belə, idarə etmək təcrübəsi olmayan taliblər bir anda bütün Əfqanıstan ərazisini ələ keçirmişdilər. Vətəndaş müharibəsinin parçaladığı ölkədə asayişin, təhlükəsizliyin bərpası onların vizit vərəqəsi olacaqdı. Amma onlar dövlət strukturlarının olmaması, güclü və fəal silahlı müxalifətlə savaş, nəhayət, beynəlxalq sanksiyaların ciddi təzyiqi kimi problemlərlə də üz-üzə idilər. Nəticədə, taliblər dövlət idarəçiliyi sistemini qura bilməmişdilər.

O dövrlə müqayisədə, indi «Taliban»ın iki üstünlüyü var və onların qarşısında yalnız bir problem dayanır. Bu dəfə taliblər milyardlarla dollar xarici sərmayədən istifadə olunmaqla 20 il ərzində qurulmuş işlək dövlət strukturlarına malikdirlər. Digər üstünlük isə daxildə onlara qarşı real gücə malik qüvvələrin olmamasıdır. «Taliban»dan fərqli olaraq, müxalif qruplar ölkənin bütün ərazisinə nəzarət etmək, asayişi bu və ya digər dərəcədə qorumaq gücündə deyil. Bununla yanaşı, taliblər əksər dövlət orqanlarının başına qeyri-peşəkar şəxsləri, bir qayda olaraq, mollaları təyin edir, təcrübəli şəxsləri inzibati iyerarxiyada daha aşağı səviyyələrdə saxlayırlar.

Taliblər artıq devirdikləri respublikaçı hökumətlə müqayisədə daha çox vergi və gömrük rüsumu toplayıblar. Onlar gömrük sistemində korrupsiyaya son qoymağı, kiçik istehsalçılardan və iri müəssisələrdən gəlir vergisi tutmağı bacarıb. İndi talib hökuməti illərdir yığılıb qalmış vergi borclarını uğurla toplayır.

Onların üzləşdiyi yeganə ciddi problem insan haqları sahəsində davamlı siyasətin olmamasıdır. Məsələn, qız və qadınların işləmək və təhsil hüququ ləğv edilib. Bu, daxildə zəif etirazlarla qarşılanmaqla yanaşı, beynəlxalq ictimaiyyətin ciddi narazılığına səbəb olub. Nəticədə, dünyanın heç bir ölkəsi «Taliban» hökumətini tanımır.

Bununla yanaşı, etiraf etmək lazımdır ki, Əfqanıstanda hakimiyyəti ələ keçirənədək talibləri terrorçu hesab edən bir çox dövlət indi onlarla müəyyən münasibətlər qurub və qurur. Xüsusilə bir sıra qonşu dövlətlər Əfqanıstandakı siyasi missiyaları vasitəsilə «Taliban» hökuməti ilə əməkdaşlıq edir. Taliblərin davranışlarını güzəştlər etməklə dəyişdirməyə çalışan Qərb dövlətləri də eyni cür davranır. Vaşinqtonun «Taliban»a münasibəti göstərir ki, artıq ABŞ da onları qeyri-formal olaraq Əfqanıstan hökuməti kimi qəbul edir və kompromislər vasitəsilə onlara təsir göstərməyə çalışır.

 

İnam yoxdur

«Taliban»la silahlı mübarizənin bir neçə səbəbdən uğur qazanmadığı fikri var. Birincisi, əfqan xalqı yeni vətəndaş müharibəsi istəmir. Onilliklər boyu davam etmiş və heç bir fayda verməyən müharibələr sadə insanların münaqişələrin qurbanına çevrilməsinə səbəb olub və əhali bunu təkrar yaşamaq istəmir.

İkincisi, əfqan xalqı ölkəyə son onilliklər ərzində rəhbərlik etmiş liderlərə də inanmır. Onların Əfqanıstana 20 illik rəhbərliyi xalqın motivasiyasını öldürüb. Taliblərin gedəcəyi təqdirdə vəziyyətin düzəlib-düzəlməyəcəyi sualına birmənalı cavab yoxdur, odur ki, insanlar naməlum gələcəkdənsə, pis mövcud vəziyyəti seçir.

Qeyri-populyar fiqurların pərakəndə siyasəti insanlarda heç nəyə ümid qoymayıb. Bu, üçüncü səbəbdir – «Taliban»a qarşı çıxan siyasi və hərbi güclər arasında birliyin olmaması. İndi taliblərə qarşı çıxan siyasi qüvvələr elə keçən illər ərzində hakimiyyətdə olmuş qüvvələrdir. Onlar arasında nə keçmişdə birlik olub, nə də gələcəkdə olacaq. Bu güclər nə qədər bənzər şüarlar səsləndirsələr də, təcrübədə hərəsinin öz hədəfi var.

 

Yüngül qıcıqlandırma

Birləşmiş Ştatların Əfqanıstanı tərk etməsindən sonra yerli siyasi xadimlərin əksəriyyəti ölkədən qaçıb. İlk aylarda ölkənin yeganə real silahlı müxalifət qüvvəsi Əhməd şah Məsudun oğlu Əhməd Məsudun başçılıq etdiyi Milli Müqavimət Cəbhəsi (MMC) olub. Amma o da Pəncşir vilayətini əlində saxlaya bilməyərək, digər rəhbərlərlə birlikdə Tacikistana qaçıb.

Bundan sonra bir müddət taliblərə hər hansı müqavimət əlamətləri hiss olunmayıb. Bu dövrdə yalnız yerli əhali arasında və ya «Xorasanda İslam Dövləti» və s. tipli terror təşkilatlarının törətdiyi lokal silahlı toqquşmalar qeydə alınıb. Yalnız ötən ilin yazında MMC Pəncşir və Əndərabda fəaliyyətini aktivləşdirib. Bir qədər sonra isə ölkə daxilində və xaricdə «Taliban»a müxalifə müxtəlif qrupların formalaşdırıldığına dair xəbərlər yayılıb.

Martda ortaya Əfqanıstanın Azadlığı Cəbhəsi də çıxıb. Onun rəhbərlərindən biri sabiq müdafiə naziri və Baş Qərargah rəisi Yasin Ziyadır. Ziya 1990-cı illərdə Əhməd şah Məsudun köməkçisi də olub.

Ötən ilin oktyabrında isə Sülh və Ədalət uğrunda Əfqanıstan Milli Hərəkatı (ANMPJ) özünü bəyan edib. Təşkilat bütün millətlərdən olan ən müxtəlif siyasi baxışlı yüzlərlə əfqan siyasətçini özündə birləşdirdiyini iddia edir. Onun təsisçiləri arasında sabiq xarici işlər naziri Xənif Atmar və kəşfiyyatın sabiq rəhbəri Məsum Stanekzay da var.

Əfqanıstanın Xilası uğrunda Ali Milli Müqavimət Şurası da peyda olub. Onun sıralarında sabiq vitse-prezident, marşal Abdul Rəşid Dustum, həzaraların lideri Məhəmməd Mohakik, Əfqanıstan parlamentinin aşağı palatasının sabiq spikeri Səlahuddin Rəbbani və digərləri yer alır.

«Taliban»a müqavimət məqsədilə başqa qruplaşmaların da yaradıldığı məlumdur. Onların effektiv gücə çevrilməsinə isə yalnız öz aralarında koordinasiyanın olmaması mane olmur. Bu qiyamçı təşkilatların hər şeydən əlavə, kənar dəstəyə də ehtiyacı var. Amma hələ ki, yeni antitalib hərəkatına heç bir dövlət dəstək verməyə tələsmir.

Bu qruplaşmalar yaxın perspektivdə güman ki, taliblərin daha yaxşı silahlanmış, daha böyük hərbi dəstələri üçün «xırda dilxorçuluq»dan başqa bir şey olmayacaqlar.

 

Şanslar azdır

Amma istənilən halda, ekspertlər düşünür ki, mümkün vətəndaş müharibəsində müxalifətin qalib gəlmək şansı azdır. «Taliban»a real təhdidi yalnız ondan qopa biləcək qrup yarada bilər. Bu isə qiyam, yaxud iqtisadiyyatın iflası, ayrı-ayrı fraksiyaların gəlirinin kəskin azalması nəticəsində yarana biləcək məyusluq nəticəsində baş verə bilər. Bu ssenari isə ayrı-ayrı talib qruplarının Əfqanıstanı gec-tez öz nüfuz dairələrinə parçalaması perspektivini vəd edir.

Məlum olduğu kimi, «Taliban» yarandığı andan davamlı olaraq güclənməyə çalışıb. 2021-ci ildə hakimiyyətin ələ keçirilməsindən sonra isə hərəkat daxilində fikir  ayrılıqları ciddi xarakter alıb. Təşkilatın bir sıra nüfuzlu liderləri ölkənin inkişaf yolunu açıq şəkildə tənqid etməyə başlayıb. Onlar Əfqanıstanı mümkün qədər uzun müddət nəzarətdə saxlamaq istəyir və anlayırlar ki, iqtisadiyyatın çökəcəyi, beynəlxalq təcridin dərinləşəcyi, xarici resursların isə bitəcəyi təqdirdə bu, mümkün olmayacaq.

Məsələn, daxili işlər naziri səlahiyyətlərini icra edən Siracuddin Hakkani bildirir ki, hakimiyyətin taliblər tərəfindən «inhisara alınması» onalın bütün sistemini «ləkələyir». Doğrudur, o, əmirin adını çəkməyib, lakin söhbətin kimdən getdiyi hər kəsə məlumdur. Bundan başqa, müdafiə naziri səlahiyyətlərini icra edən, Ömər hərəkatının yaradıcısının oğlu Məhəmməd Yaqub hesab edir ki, «Taliban» «xalqın qanuni tələblərini» həyata keçirməlidir. Analoji bəyanatlarla baş nazirin müavini və bir neçə nazir də çıxış edib.

İndi ölkədə əmirə qarşı sövdələşməyə gedildiyi, «Taliban» hərəkatında açıq münaqişənin başladığı haqda xəbərlər yayılır. Bu il martın əvvəlində «Taliban» lideri əmir Məvlavi Haybatulla Axundzadə Qəndəharda rəhbərlik etdiyi kabinetin iclasını çağırıb. Deyilənə görə, maliyyə naziri səlahiyyətlərinin icraçısı, aparıcı tayfa və fraksiyaların maraqlarının ifadəçisi olan Hidayətulla Badri əmirin idarəçiliyinə etiraz olaraq, istefa vermək istəyib. Bəzi məlumatlara görə, iclasda ümumilikdə «fərqli düşünənlər»in hamısı eyni addımı atmaq qərarını açıqlayıb. Lakin hadisənin üzərindən bir ay keçsə də, taliblərin idarəçiliyində ciddi dəyişiklik və ya başıpozuqluq müşahidə olunmur. Martın sonlarında isə Badrinin ölkənin Mərkəzi Bankına rəhbər təyin edildiyi açıqlanıb. Amma bunun əmirə etirazın nəticəsi olduğuna inananlar çox deyil.

Əfqanıstanda, demək olar ki, mütləq hakimiyyətə malik olan əmir Haybatulla «Taliban»ın beynəlxalq birlik tərəfindən tanınmaq tərəfdarı olan digər fraksiyaların mövqeyinə dəfələrlə etinasızlıq göstərib. Qərb əmirin əməllərini nə qədər tənqid edirsə, o və tərəfdarları özlərini o qədər haqlı sayırlar. Haybatulla Axundzadə digər islam dövlətləri, təşkilatları, hətta alimlərinin tənqidlərinə də məhəl qoymur. O, özünün müdafiə etdiyi şəriət versiyasını islamın hənəfi məzhəbinin yeganə doğru yolu sayır.

Daxili qiyam son dərəcə riskli işdir və onun təşkilatçılarını edam gözləyir. Qiyam üçün bir-birinə inanmayan liderlər bir olmalıdır. Bu isə ən azı indiki dövrdə mümkün görünmür.

Hakimiyyətin dəyişməsi müqayisədə daha az risk yaradır və görünən odur ki, hazırda narazı taliblər məhz buna çalışır. Rəhbəri Şuranın (Əfqan İslam Əmirliyinin rəhbər orqanı) bərpası da buna xidmət edə bilər. Orada qərarlar konsensus yolu ilə qəbul edilir və yalnız bundan sonra əmir tərəfindən təsdiqlənir. 2021-ci ildə Əfqanıstanın başına keçmiş Haybatulla praktik olaraq bu orqanını ləğv edərək, ölkədə hakimiyyəti öz əlinə alıb.



MƏSLƏHƏT GÖR:

103