Müəllif: Samir VƏLİYEV
Ukraynadakı hərbi əməliyyatlar son günlər hərbi-siyasi proseslərin ümumi fonuna əhəmiyyətli təsir göstərən bu və ya digər səs-küylü hadisə və qalmaqalların kölgəsində qalıb. Çoxları bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) vəd olunan əks-hücumuna hazırlıq prosesi ilə əlaqələndirir. Ukrayna Prezidenti V. Zelenski hərbi komandanlıq iclası keçirərək Baxmut istiqamətində əks hücum planını təsdiq edib. Bu hadisə Ukrayna tərəfinin nəinki uğurla müdafiə olunmaq, həm də hücum etmək gücündə olduğuna dair informasiya fonunun formalaşdırılması prosesinə yaxşı uyub. Görünən odur ki, Kiyev arzuladığı effekti əldə edə bilib.
Əks-hücum hazırlıqlarına start verilib
Əksər KİV diqqəti son həftələr Ukraynanın əks-hücum hazırlıqlarına diqqətin cəmləşdiyi bir vaxtda Rusiya ərazisində müxtəlif diversiya aksiyalarının baş verməsinə çəkir. Yalnız mayın 1-2-də Bryansk əyalətində dəmir yollarının partladılması nəticəsində 2 lokomotiv və 27 yük vaqonu yoldan çıxıb. Mayın 3-də Krasnodar vilayətinin Temryuk rayonundakı neft bazasında partlayış baş verib, nəticədə, neft çəni alışıb. Mayın 6-sı səhər isə Krımda partlayış olub. Ehtimala görə, partlayış Hava Hücumundan Müdafiə (HHM) sisteminin reaksiyası ilə baş verib. Ən ciddi rezonans yaradan hadisə isə təbii ki, mayın 3-də Kremlə edilmiş dron hücumudur. Rusiya bunu terror aktı, Ukrayna isə onun ərazisinə zərbələrin endirilməsinə əsas yaratmaq üçün qurulmuş oyun adlandırıb.
Rusiya tərəfinin versiyasını tənqid edənlər davamlı arqumentlər irəli sürür, suallar verirlər. Məsələ ondadır ki, Rusiya hökuməti hələ bir neçə ay əvvəl Müdafiə Nazirliyi üzərində və bütünlükdə Moskvadakı inzibati binalarda HHM qurğuları quraşdırırdı. Kreml isə dünyada ən ciddi mühafizə olunan hökumət binalarından biridir. Üstəlik, Rusiya-Ukrayna sərhədi də mühafizə altındadır. Belə bir vəziyyətdə dron, həqiqətən də, Ukrayna ərazisindən qalxıbsa, o, bu boyda məsafəni aşkarlanmadan necə qət edib? Həqiqətənmi Moskvanın müdafiəsində bu qədər ciddi boşluqlar var? Pilotsuz uçuş aparatı Kremlə necə yaxınlaşa bilər?
Bu dron hücumunun ardından Kiyev, Odessa, Xarkov və digər Ukrayna şəhərlərinə zərbələr endirilib. Ukrayna bunu gözlənilən hadisə kimi qiymətləndirib. Bununla yanaşı, paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, mayın 8-nə keçən gecə Kiyev müharibənin başlamasından bu yana ən şiddətli hücuma məruz qalıb.
Son dövrlərin ən səs-küylü hadisələrindən biri də rusiyalı siyasətçi və yazıçı Zaxar Prilepinə edilmiş sui-qəsddir. Hadisə mayın 6-da Nijni Novqorodda baş verib. Şəxsi avtomobilinə edilmiş hücum nəticəsində siyasətçinin sürücüsü hadisə yerində həlak olub, özü ilə qızı isə yaralanıb.
Prilepin Ukraynadakı hərbi əməliyyatlarda fəal iştirakı ilə tanınır. Hücum da bununla əlaqələndirilir. Sui-qəsdə görə məsuliyyəti Krım tatarlarının «Ateş» hərəkatı öz üzərinə götürüb. KİV xəbər verir ki, «Ateş» Prilemini ilin əvvəlindən izləyirmiş.
Yazıçıya edilmiş sui-qəsdi jurnalist Darya Duqinin, hərbi müxbir Vladlen Tatarskinin ölümü, həmçinin «Tsarqrad» telekanalının rəhbəri Konstantin Malofeyevə sui-qəsd cəhdi ilə bir cərgəyə qoyurlar. Bəzi versiyalara görə, Ukrayna savaşının ən fəal iştirakçılarının «ovuna başlanılıb» ki, bu da hibrid müharibənin bir hissəsidir.
Priqojin vs Şoyqu
Son zamanlar baş verən hadisələr içərisində ən əlamətdarı isə «Vaqner» özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin müraciətidir. O, rəhbərlik etdiyi şirkətə məxsus onlarla döyüşçünün cəsədi fonunda çəkdiyi videoda onların ölümünə görə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən nazir Sergey Şoyqu ilə Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandırıb. Cəbhə xətti yaxınlığında ətrafa səpələnmiş cəsədlərin üzərinə kiçik fənərlə işıq salan Priqojin bildirib ki, bütün bunlar cəmi bir gündə verilmiş qurbanlardır. Reallıqda isə ölənlərin sayı daha çoxdur. «Şoyqu, Gerasimov, silah və sursat hanı?», - deyə müdafiə naziri ilə Baş Qərargah rəisinə müraciət edən Priqojin sual verib.
Elə həmin müraciətdə o, müdafiə nazirinin sabiq müavini, bir müddət əvvəl komandir müavini kimi «vaqnerçi»lərə qoşulmuş Mixail Mizintsevi tərifləyib.
Rusiya qoşunlarının zəifləməsi fonunda Ukrayna münaqişəsində rolunu getdikcə artıran «Vaqner»in rəhbəri son aylarda özü də ön cəbhədə, xüsusilə Baxmut uğrunda gedən döyüşlərdə ciddi fəallıq göstərir.
Priqojinin müraciətini müəyyən mənada müharibənin həlledici məqamlarından biri saymaq olar. O, ilk dəfədir ki, 2022-ci ilin martında Rusiya qoşunlarının Ukrayna ordusunun hücumu qarşısında İzyumdan qaçdığını bildirib. Beləliklə, Priqojin Rusiya hərbçilərinin ilkin planının iflasa uğradığını etiraf edib.
Bundan başqa, onun açıqlamaları Rusiya elitasında dərin parçalanmanın olduğuna dair fikirləri daha da gücləndirib. «Vaqner» rəhbərinin prezident Vladimir Putin ilə sıx münasibətlərinin olduğunu nəzərə alsaq, güman etmək olar ki, o, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi elitası və digərləri üçün hələ uzun müddət ciddi başağrısı olacaq.
Priqojin Baxmuta hücumda ciddi səylər göstərib. İndi onun sərt bəyanatlarla çıxış etməsi göstərir ki, Rusiya qoşunlarının planları pozulub. Hər halda, Ukraynanın dövlət başçısı Zelenski deyirdi ki, Moskva mayın 9-dək şəhərə tam nəzarəti ələ keçirmək niyyətindədir. Bu planın yalnız qarşı tərəfin müdafiəsi yox, həm də hücum edən tərəfdə yaşanan maraqlar savaşı nəticəsində pozulması göstərir ki, Rusiya üçün hərbi əməliyyatların perspektivi heç də aydın görünmür.
Vəziyyətin düzgün təhlilinə ehtiyac var
Bütün bunlarla yanaşı, əks-cücuma hazırlaşan Ukrayna ilə bağlı da hər şey tam aydın deyil. Çexiya Prezidenti, istefada olan general, əvvəllər NATO hərbi komitəsinin rəhbəri olmuş Pyotr Pavel Kiyevi tələsik əks-hücumdan çəkinməyə çağırıb. O, prezident Vladimir Zelenski və baş nazir Denis Şmıqal ilə Kiyevdə keçirdiyi görüşlərdə bildirib ki, ötən il Xarkov və Xerson istiqamətində uğurlu əks-həmlə zamanı Ukrayna tərəfdəki gözlənilməzlik elementi bu dəfə olmayacaq.
Pyotr Pavelin sözlərinə görə, Ukrayna prezidenti ondan və slovakiyalı həmkarı Zuzana Çaputovadan çoxdan gözlənilən əks-hücum ərəfəsində Ukraynanın mexanikləşdirilmiş briqadasının silahlandırılmasını istəyib. «Görünür, onlar hələ uğurlu əməliyyat üçün lazım olan hər şeyə sahib olduqlarını düşünmürlər», - deyə Pavel qeyd edib: «Bu əks-hücumun iflasa uğraması Ukrayna üçün çox zərərli olar. Çünki onların ən azı bu il ikinci şansları olmayacaq». Çexiya prezidenti hesab edir ki, Ukrayna qoşunlarının sayından asılı olmayaraq, Kiyevin «dəhşətli itkilər» verməsi qaçılmazdır və o, hücumun iflasa uğramasına yol verə bilməz.
Yalnız siyasətdə deyil, hərbi sahədə də təcrübəsi olan Çexiya prezidenti NATO-nun şərq cinahının gücləndirilməsi ilə bağlı praktik işlərə şəxsən özü rəhbərlik edib. İndi o, bildirib ki, Qərb Ukraynaya kütləvi dəstəyin verilməsinə rəğmən, müharibənin mütləq qələbəsiz bitməsinə də hazır olmalıdır: «Düşünürəm ki, biz ukraynalıları ruhlandırmaq, onların uğur qazanmasına kömək etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik. Amma daxildə biz də təxminedilməz vəziyyətlərə hazır olmalıyıq».
Rusiya qoşunlarının Ukrayna ərazisinə mayın 9-da endirdiyi şiddətli zərbələri «təxminedilməz vəziyyət» adlandırmaq mümkün olmasa da, miqyasına görə o, əvvəlki hava hücumlarının hamısını geridə qoyub. Yəqin ki, məqsəd Rusiyanın raket arsenalının, pilotsuz uçuş aparatlarının tükənməkdə olduğuna dair məlumatlara rəğmən, Moskvanın hələ də uzaq hədəflərə zərbələr endirmək üçün kifayət qədər raket və digər silahlara malik olduğunu nümayiş etdirmək cəhdi idi.
«Storm Shadow», sanksiyalar və hücum gözləntisi
Ola bilsin ki, Böyük Britaniya USQ-yə 250 kilometrdən uzaq məsafəni vurmaq iqtidarında olan «Storm Shadow» qanadlı raketlərinin verilməsini məhz bu hadisə nəticəsində sürətləndirib. Ukraynalı hərbçilər onların köməyi ilə Rusiya qoşunlarının nəzarətində olan ərazilərin dərinliklərinə, o cümlədən Krıma zərbələr endirə bilərlər.
Gözlənildiyi kimi, Rusiya bu hadisəni son dərəcə mənfi qarşılayıb və onu «adekvat cavablar»la hədələyib. Moskva mayın 18-də Qərbdən Ukraynaya silah tədarükü, xüsusilə «Storm Shadow» raketlərinin verilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını da istəyib. Qurumun baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin buna cavabı lakonik olub: təşkilat Qərb ölkələrinin Ukraynaya göndərdiyi hər silah partiyasına qiymət vermir.
Bu arada, Brüssel Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqi məsələsini yenidən gündəmə gətirib. Söhbət sayca 11-ci sanksiyalar paketindən gedir. Bununla yanaşı, Avropa İttifaqı üzv dövlətləri Kremlin sanksiyalardan yayınmasına kömək edən dövlətlərə qarşı ticarət məhdudiyyətlərinin tətbiqinə də çağırıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı maraqlı bəyanatla çıxış edib. «Son zamanlar biz Avropa İttifaqı və bəzi üçüncü ölkələr vasitəsilə qeyri-adi ticarət axınlarının artımının şahidi oluruq. Sonradan həmin məhsullar Rusiyaya gedib çıxır», - deyə o, Ukrayna Prezidenti V. Zelenski ilə birgə verdiyi açıqlamada bildirib. Fon der Lyayen konkret ölkə adı çəkməsə də, Aİ rəsmiləri Çin, İran və Ermənistan vasitəsilə daşımalardan narahatlıqlarını bir müddətdir dilə gətirirlər. «Görsək ki, Avropa İttifaqından üçüncü ölkələrə gedən mallar sonradan Rusiyada peyda olur, üzv dövlətlərimizə həmin mallara sanksiyaların tətbiq olunmasını təklif edə bilərik», - deyə o, jurnalistlərə bildirib.
Daha əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirmişdi ki, sanksiyalar ölkələr deyil, Rusiyanın silah istehsalçılarına vacib komponentlər, o cümlədən «ikili təyinatlı mallar» tədarük edən konkret şirkətlərə tətbiq olunacaq.
Bu, şübhəli idxal-ixrac əməliyyatlarında çoxdan iştirak edən Ermənistan şirkətlərinə də aid ola bilər. «New York Times» qəzetində bu yaxınlarda çıxmış məqalədə bildirilir ki, Ermənistan 2022-ci ildə ABŞ-dan 2021-ci ildə müqayisədə 51,5%, Aİ-dən isə 21,2% daha çox çip və prosessor idxal edib. Daha sonra Ermənistan həmin məhsulların 97%-ni Rusiyaya göndərib.
Lakin avropalı siyasətçilər tələbləri pozanların siyahısında Çinlə İranın adını tez-tez çəksələr də, İrəvanı gündəmə gətirməyə xüsusi həvəs göstərmirlər. Ukraynalı siyasətçilər və ictimai xadimlər isə Ermənistan rəhbərliyini dəfələrlə Kiyevə münasibətdə ikili standartlardan çıxış etməkdə günahlandırıb. Avropalı siyasətçiləri isə onlar kimin etibarlı tərəfdaş olduğunu müəyyənləşdirə bilməməkdə təqsirləndirir.
İstənilən halda, Ukraynada hesab edirlər ki, mövqeyin beynəlxalq birliyə çatdırılması üçün ən yaxşı arqument USQ-nin hazırlaşdığı əks-hücum əməliyyatıdır. Onların Baxmutdakı uğurlu hücum əməliyyatı göstərir ki, Kiyev bu hazırlığa start verib.
MƏSLƏHƏT GÖR: