24 Noyabr 2024

Bazar, 05:20

QEYRİ-MÜƏYYƏN PERSPEKTİVLƏR SAMMİTİ

G7 formalaşmaqda olan yeni dünya düzəni şəraitində atılacaq addımları razılaşdırmağa çalışır

Müəllif:

01.06.2023

«Böyük yeddilik» («G7») ölkələrinin Yaponiyanın Hiroşima şəhərində keçirilmiş sammitinə əlamətdar hadisə kimi baxılsa da, o, dünyada gedən ciddi proseslər, ilk növbədə isə Ukrayna ətrafında baş verənlərlə bağlı suallara tam aydınlıq gətirə bilməyib. Sammitin yekun kommünikesində Çinin əməllərinin yaratdığı qıcıqla yanaşı, Rusiyanın ünvanına tənqid və Kiyevə dəstək də öz əksini tapıb. Bununla yanaşı, tənqidçilər iddia edir ki, «Böyük yeddiliy»in fəaliyyəti daha aydın, daha birmənalı ola bilərdi. Məsələn, hesab edilir ki, Ukrayna ilə bağlı «F-16» qırıcıları koalisiyası»nın yaradılması prosesində irəliləyiş aşkar görünsə də, Kiyevə dəstək hələ də lazımi səviyyədə deyil.

 

Baxmut hərbi fəallığın indikatoru kimi

Rusiyanın «Vaqner» özəl hərbi şirkətinin ələ keçirdiyi Baxmut şəhəri ilə bağlı ziddiyyətli bəyanatlar sammit iştirakçılarının diqqət mərkəzindəki əsas məqamlardan olub. Ukrayna Silahlı Qüvvələrinin (USQ) bu şəhərə nəzarəti itirməsi ilə bağlı suala qeyri-müəyyən cavab verən Ukrayna Prezidenti Vladimir Zelenski diqqəti daha çox «G7» liderlərinin Ukrayna ordusunun müasir qərb texnikası, xüsusilə «F-16» qırıcıları ilə təchizatının vacibliyinə çəkməyə çalışıb.

ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiya liderləri Ukraynanın planlaşdırdığı, müharibənin nə vaxt və necə bitəcəyini müəyyənləşdirə biləcək əks-hücum əməliyyatı ərəfəsində Kiyevlə həmrəyliklərini bildiriblər.

Zelenski vacib nailiyyət əldə edib. Sammit ərəfəsində ABŞ Prezidenti Co Bayden ukraynalı pilotlara Amerika istehsalı olan «F-16» qırıcılarının idarə olunması üzrə təlimlərin keçirilməsinə razılıq verib. Halbuki əslində ukraynalı pilotlara belə təlimlərin artıq aylardır keçildiyini söyləyənlər də var. İstənilən halda, bu xəbər Qərbin Ukraynaya daha bir vacib dəstək göstərmək fikrində olduğunu təsdiqləyir. Məlumata görə, Zelenski Baydenə həmin təyyarələr vasitəsilə Rusiya ərazisinə zərbələrin endirilməyəcəyi sözünü verib. Onlardan yalnız Ukrayna ərazisində istifadə olunacaq.

Bununla yanaşı, Ağ Evlə Senat arasında Amerikanın dövlət borcunun maksimal həddinin artırılması ilə bağlı münaqişənin yaşanması fonunda Vaşinqtonun Ukraynaya növbəti yardım partiyasına münasibət heç də birmənalı deyil. Konqreslə əlaqəli «The Hill» nəşri yazır ki, ABŞ mövcud probemləri nəzərə alaraq, Ukraynaya yardımları yubada bilər. Yazıda bildirilir ki, Amerika hökuməti Ukrayna ordusunun gözlənilən əks-hücumu ilə bağlı qeyri-müəyyənlik davam etdiyindən, Kiyevə növbəti yardım partiyasının göndərilməsi məsələsinin müzakirəsinin təxirə salınması haqda qərar da qəbul edib.

ABŞ-da hesab edirlər ki, kifayət qədər yaxşı hazırlanmayan əks-hücum planı əsassız xərclərə yol aça bilər.

«Reuters» agentliyinin məlumatına görə, «Böyük yeddilik» ölkələri sammitinin başlamasından bir gün əvvəl Pentaqon mühasibatlıq hesablanmasında 3 milyard dollarlıq yanlışlıq aşkarlayıb. Məlum olub ki, bu məbləğdə vəsait qeydə alınmayıb. Ümumilikdə isə ölkənin müdafiə büdcəsindəki qalıq 14 milyard dollardan azdır ki, bununla da, USQ-nin hərbi əməliyyatlarını yalnız sentyabradək maliyyələşdirmək olar.

Bununla yanaşı, Konqresdə bildirirlər ki, hökumət və parlamentarilər müdafiə xərclərinin azaldılmasını müzakirə etmir, çünki bu, Vaşinqtonun maraqlarına ziddir.

 

Braziliya, Hindistan və Çin «G7»nin planlarında

Hindistan və Braziliya liderlərinin də qatıldıqları sammitin gedişində Zelenski «tərəddüd edən» ölkələrin rəhbərlərini Qərb fövqəldövlətlərinə qoşularaq Ukraynanı dəstəkləməyin vacibliyinə inandırmağa çalışıb. Lakin nə Narendra Modi, nə də Luis İnasiu Lula da Silva mövqelərini dəyişməyə hazırdır. Onlar sadəcə, müharibəyə son qoyulması çağırışı etməklə kifayətləniblər.

Brazidiya və Hindistan liderlərinin sammitə dəvət olunmalarında müəyyən məqsədlər var idi. «G7» ölkələri bununla, qlobal proseslərə ümumi yanaşmaya nail ola bildiklərinə dair ən azı görüntü yaratmağa çalışırlar. Amma onların istəklərinə nail olduqlarını söyləmək çətindir. Çünki gündəlikdə olan prinsipial məsələlərlə bağlı ortaya vahid yanaşma qoymaq mümkün olmayıb.

Bu arada, Ukraynanın müharibənin növbəti mərhələsini aparmaq üçün qərbli tərəfdaşlarının dəstəyinə ehtiyac duyduğu bir vaxta münaqişənin sülh yolu ilə mümkün həllinə dair danışıqlar da aktuallığını itirmir. Rusiyaya təsir imkanına malik yeganə nəhəng dövlət olan Çin bu danışıqlarda və birdəfəlik həllin şərtlərinə əməl olunmasının təminində həlledici rol oynaya bilər.

Bu vəziyyət Pekinlə Vaşinqton arasındakı gərginliyin azalmasını daha arzulanan edə bilər. Baydenin sammitdən dərhal sonra iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasının labüdlüyünü dilə gətirməsi təsadüf deyil. Ağ Ev sahibi deyib ki, Çin Rusiyanı müharibəni dayandırmağa razı salmaq üçün maksimum səylər göstərərsə, Vaşinqton-Pekin münasibətlərində müsbətə doğru dəyişiklik mümkündür.

Ola bilsin ki, kommünikedə Çinin iqtisadi təcridi ideyasından imtina edilməsi Pekinə yönəlmiş bir ismarışdır. Lakin eyni zamanda, deyilir ki, «Böyük yeddilik» ölkələrinin iqtisadiyyatı Çindən tədarük zəncirindən ciddi asılılıqla əlaqədar yaranan risklərdən sığortalanmalıdır. Bu formul «Böyük yeddiliy»in Çinin inkişafına əngəl olmaq istəmədiyinə dair bəyanatla birlikdə bir şeyi göstərir: iki nəhəng – Vaşinqtonla Pekin arasında qarşıdurmadan qaçmağa çalışan Avropa dövlətləri kifayət qədər nüfuz və təsirə malikdir. Bununla yanaşı, yekun kommünikedə bildirilir ki, Çin siyasi məqsədlərinə çatmaq üçün ayrı-ayrı dövlətləri iqtisadiyyatda nələrələ məcbur etməməlidir.

Qeyd edək ki, Pekinin «G7» tərəfindən sərt müqavimətlə üzləşməsinin əsas səbəbləri onun Rusiyaya, Tayvana münasibəti, tərəfdaşlarını ticari baxımdan şantaj etməsi və sairdir. «G7» liderləri bəyanatda Çini Rusiya-Ukrayna savaşını dayandırmaq üçün daha çox iş görməyə çağırıblar. Sənəddə deyilir: «Biz Çini Rusiyanın hərbi təcavüzü dayandırması, öz qoşunlarını Ukraynadan dərhal, tam və qeyd-şərtsiz çıxarması üçün Moskvaya təzyiq göstərməyə çağırırıq. Biz Çini ərazi bütövlüyünə, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə əsaslanan, o cümlədən Ukrayna ilə birbaşa dialoq yolu ilə əldə edilə bilinəcək dayanıqlı, hərtərəfli və ədalətli sülhə dəstək olmağa səsləyirik».

 

Çin fəaliyyətə başlayır

Baş verənlər fonunda Çini xüsusi nümayəndəsi Li Xueyin Kiyevə səfəri Pekinin bu çağırışları hansısa dərəcədə qəbul etdiyini göstərir. BMT keçirilmiş səsvermədə Çin nümayəndə heyətinin Rusiyanın təcavüzkar adlandırıldığı qətnaməyə ilk dəfə səs verməsindən sonraya təsadüf edən bu səfər Pekinin böhrana son qoyulması üçün öz potensialından istifadə etmək qərarına gəldiyinin göstəricisi kimi qiymətləndirilir.

Li Xuey müharibə dövründə Ukraynaya səfər edən ilk yüksəkrütbəli çinlidir. O, səfəri «sülh danışıqlarına kömək» turnesi çərçivəsində gerçəkləşdirib. Xuey Kiyevlə yanaşı, Moskvaya da baş çəkib, Brüsselə də səfər edəcəyini bildirib.

Əlbəttə, bu səfərdən heç kim hansısa ciddi nəticə, qəti qərarların qəbulunu gözləmirdi. Üstəlik, Kiyevdə ona açıq şəkildə deyiblər ki, «Ukrayna ərazi itkisini və ya münaqişənin dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək». Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Amma bu halda belə, səfər son dərəcə vacib hadisə kimi qiymətləndirilir. Çünki bu, Çinə Kiyevin istər mümkün sülh danışıqları ilə bağlı mövqeyini, istər Pekinin təklifinə münasibətini birbaşa özündən dinləmək imkanı yaradıb.

Li Xueyin Moskva səfəri də böyük maraqla izlənib. Çünki o, rusiyalı tərəfdaşları ilə yaxşı tanışdır. Xuey uzun illər Moskvada çalışıb, Rusiya hökuməti tərəfindən mükafatlar belə, alıb. Diplomat münaqişənin lap əvvəlindən Moskvanın mövqeyinə daha yaxın şəxs kimi tanınıb. KİV xəbər verir ki, bu səfər zamanı da o, Rusiyanı Ukraynada atəşi dayandırmağa, bununla yanaşı, yeni regionları öz nəzarətində saxlamağa çağırıb.

Bu mövqe Ukrayna tərəfindən qəbul edilməsə də, bəzi qərbli məmurlar Çinin münaqişənin sülh yolu ilə həllinə dair təkliflərini rədd etməyin tez olduğunu bildiriblər. Görünür, onlar ən kritik həddə Pekinin «xidmət»indən yararlanmağa ümid edirlər. Eyni zamanda onlar Çinin Moskva ilə yaxınlığını önə çəkərək, onun ədalətli vasitəçi ola biləcəyinə şübhə ilə yanaşıblar.

Li Xueyin Moskvadan sonra ondan gözləntilərin tam fərqli olduğu Brüsselə yollanacağı güman edilirdi. Brüsseldə hələ mayın ortalarında bildirirdilər ki, Çin «təcavüzkar dövlət olan Rusiyanı Ukrayna ərazisindən çıxmağa vadar etməlidir. Bu baş verməyəcəksə, Avropa İttifaqı ilə Pekin arasında münasibətlər heç zaman normal inkişaf edə bilməyəcək».

Bununla yanaşı, Pekin Kiyevlə Moskvanı barışdırmağa çalışan yeganə tərəf deyil. Hazırda onun bu işdəki «rəqib»ləri Vatikanla Afrika İttifaqının üzvləridir. Onlar Li Xueyin turnesindən bir neçə gün əvvəl öz nümayəndələrini Kiyev və Moskvaya göndərmək niyyətlərini açıqlayıblar.

Məsələn, Müqəddəs Taxt-Tac öz diplomatik missiyaları vasitəsilə Moskva ilə Kiyevi Roma Papasının elçilərini qəbul etməyə, bununla da, «barışığa aparacaq danışıqlar yolunu açmağa» çağırıb. Papa Fransisk özü hələ aprelin 30-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Vatikan Ukrayna münaqişəsinin həlli üçün missiya hazırlayır.

CAR prezidenti isə bildirib ki, o, Afrika dövlətləri adından Rusiya və Ukraynanın dövlət başçıları ilə danışıqlar aparıb, onlar Afrika liderlərinin sülh təşəbbüsü üzrə missiyasını qəbul etməyə hazır olduqlarını deyiblər.

Qeyd olunan missiyaların uğurlu alınacağına inam çox olmasa da, çoxları anlayır ki, Ukraynanın əks-hücum planının effektiv alınmayacağı təqdirdə hərbi əməliyyatların dayandırılmasına istənilən cəhd xilasedici addım olacaq, vəziyyətin daha da ağırlaşmasının qarşısını alacaq.

 

Hibrid müharibəsi və yeni dünya düzəni

Eskalasiyanın əks-hücum əməliyyatına başlanılmadan da mümkün olduğunu isə Rusiyanın Belqorod vilayətində müşahidə olunan hərbi fəallıq açıq şəkildə ortaya qoyur. Silahlı dəstə burada sərhəddə yerləşən bir neçə yaşayış məntəqəsinə nəzarəti ələ almağa, «mülki ukraynalıların müdafiəsi üçün təhlükəsizlik zolağı yaratmağa» çalışıb. Rusiya tərəfi hesab edir ki, bu regionda USQ-yə məxsus kəşfiyyat-diversiya qrupu işləyir. Ukrayna mənbələri isə əməliyyatı keçirən antihökumət legionları olan «Rusiyaya azadlıq» və «Rus könüllüləri korpusu»dur. Güman edilir ki, məqsəd Rusiya ordusunun böyük bir hissəsinin Rusiya-Ukrayna sərhədinin mühafizəsinə cəlb olunması, bununla da, USQ-nin uğurlu əks-hücum əməliyyatı keçirməsinə şərait yaradılmasıdır.

Bütün bunlar göstərir ki, müharibə formasına görə getdikcə «hibrid» xarakteri alır və onun coğrafi ərazisi getdikcə genişlənir. Odur ki, yaşananların nə ilə bitəcəyini təxmin etmək daha da çətinləşir.

Qərb dövlətlərini də ən çox narahat edən məhz bu təxminedilməzlik və qeyri-müəyyənlikdir. Siyasi məkanın parçalanmış halda olması getdikcə iqtisadi məkanda da bölünməyə yol açır. Məsələn, «Böyük yeddilik» hesab edir ki, baş verənlər onun öz xammal suverenliyini gücləndirməli olduğunu göstərir. Üzvlərinin vacib faydalı qazıntı tədarükü mənbələrini şaxələndirməli olduğunu bəyan edən «G7», güman ki, Çindən asılılığın azaldılmasını nəzərdə tutur. Məlum olduğu kimi, dünyada nadir torpaq elementləri istehsalının 70%-i Çinin nəzarətindədir.

Kommünikeyə əsasən, «G7» ölkələri «kritik faydalı qazıntılarla ticarətdə açıq, ədalətli, şəffaf, təhlükəsiz, dayanıqlı və təxminedilən qaydaları dəstəkləyirlər».

«Böyük yeddilik» Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə rəqib olan «Qlobal infrastruktur və investisiyalar üçün tərəfdaşlıq» proqramı vasitəsilə infrastruktur layihələrinə 600 milyard dollar yönəldilməsini də vacib sayır.

Ukraynaya kömək etmək, Çini isə əngəlləmək istəyən «G7» ölkələri formalaşmaqda olan yeni dünya düzəni şəraitində razılaşdırılmış addımlar atmağa çalışır. Çoxları hesab edir ki, onun yekun konturları Ukrayna münaqişəsinin nəticələrinə əsasən müəyyənləşəcək. Hələliksə bu nəticəni gözləyən güclər yalnız öz maraqlarından çıxış etməyə üstünlük verir.



MƏSLƏHƏT GÖR:

99