Müəllif: Natiq NAZİMOĞLU
Gürcüstanda və ətrafında baş verənlər yenə siyasi burulğan kimi xarakterizə olunur. Bu dəfə səbəb bilavasitə xarici güc mərkəzlərinin bu ölkədəki nüfuz savaşıdır. Gürcüstan ətrafında ehtirasları bu dəfə ilk olaraq Rusiyanın bu ölkə vətəndaşları üçün viza rejimini ləğv etməsi, yerli aviaşirkətlərin Gürcüstan şəhərlərinə uçuşlarına qoyulmuş qadağanı aradan qaldırması coşdurub.
Məhdudiyyətlər aradan qaldırılıb
Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Gürcüstan vətəndaşları üçün 2000-ci ildən qüvvədə olan viza rejimi ləğv edilib (Tbilisi Rusiya vətəndaşlarına münasibətdə eyni addımı hələ 2012-ci ildə atıb). Bununla yanaşı, iki ölkə arasında birbaşa uçuşlara Moskva tərəfindən 4 il əvvəl qoyulmuş qadağa da aradan qaldırılıb. O zaman bu qadağa Tbilisidəki etirazlara cavab olaraq tətbiq edilmişdi. Etirazlara səbəb isə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Parlamentlərarası Assambleyanın rəhbəri qismində Gürcüstana səfəri və ölkə parlamentinin iclasında spikerin kürsüsündə əyləşməsi idi.
Kremlin son addımları, ilk növbədə, geosiyasi məqsədəuyğunluqla izah olunur. Moskva «Gürcü arzusu» hökumətinin haqqını verir – 2008-ci il müharibəsindən sonra iki ölkə arasında münasibətlər olmasa da, Tbilisi Rusiya ilə hərbi-siyasi qarşıdurmaya getməməyə çalışır. Qərblə Rusiya arasında qlobal qarşıdurma fonunda Moskva postsovet məkanında, ilk növbədə, Cənubi Qafqazda nüfuzunu qorumağa çalışır, bu kontekstdə Gürcüstanda rusiyapərəst əhvalın artmasını istəyir. Putinin son fərmanlarının da məhz bu məqsədə çatılmasına hesablandığı şübhə doğurmur.
Rəsmi Tbilisinin baş verənlərə reaksiyası Kremlin bu hesablamalarının əsassız olmadığını göstərir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın viza rejiminin ləğvi və birbaşa uçuşların bərpası qərarını müsbət qiymətləndirib. Bununla yanaşı, Gürcüstan hökumətində hesab edirlər ki, bu, Rusiyada yaşayan, təxminən, 1 milyon gürcünün vətənlə əlaqəsini asanlaşdıracaq. Eyni zamanda birbaşa uçuşların bərpası nəticəsində Gürcüstan büdcəsinə turizm sahəsindən əlavə 400 milyon dollar gələcək.
Bu amilləri nəzərə alan Gürcüstan hökuməti Rusiyanın «Azimut» və yerli «Georgian Airways» şirkətlərinin iki ölkənin paytaxtları arasında birbaşa uçuşlar təşkil etməsinə icazə verib. Bundan başqa, Rusiyanın «Red Wings» aviaşirkəti iyundan Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva reysləri üzrə uçuşlara başlayacaq.
Lakin bütün bunlar Rusiya rəhbərliyinin son qərarlarını alqışlayan rəsmi Tbilisinin mövqeyini bütünlükdə Gürcüstan ictimaiyyətinin də bölüşdüyü anlamına gəlmir. Bu mənada, sözügedən qərarlar nəticəsində ölkədə rusiyapərəst əhvalın yüksələcəyini də əminliklə söyləmək mümkün deyil.
Prezident, «Arzu» və müxalifət
Moskvanın qərarı və onun Gürcüstan hökuməti tərəfindən bəyənilməsi bu ölkənin əsas müxalifət qüvvələri tərəfindən sərt tənqidlə, hətta etirazla qarşılanıb. Müxalifət hökuməti Rusiya ilə «müttəfiqlik»də günahlandırır, Kremlin son qərarlarının bunun «mükafatı» olduğu bildirir. Müxalifət qüvvələrinin hakim «Gürcü arzusu»na ünvanladığı əsas ittiham ondan ibarətdir ki, hökumətin siyasəti ölkənin Avro-Atlantik məkana inteqrasiya kursuna «zərbə vurur».
Maraqlıdır ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də eyni fikirdədir. Onun fikrincə, «nə qədər ki, Rusiya Ukraynaya təcavüzü və Gürcüstan ərazilərinin işğalını davam etdirir, iki ölkə arasında birbaşa aviareyslərin bərpası və viza rejiminin ləğvi yolverilməzdir». Putinin qərarını alqışlayan Gürcüstan hökumətinə qarşı çıxan prezident hakim qüvvədən nə qədər uzaq olduğunu bir daha ortaya qoyub.
Gürcüstan Prezidenti ilə hökuməti arasında artıq tamamilə aşkar olan münaqişənin əsasını Zurabişvilinin Karibaşvili kabinetinin «rusiyapərəst» siyasətilə barışmaması təşkil edir. Bu münaqişəni bir qalmaqallı məsələ daha da qızışdırıb. Söhbət Rusiya xarici işlər nazirinin qızı Yekaterina Vinokurovanın həyat yoldaşının qardaşı, rusiyalı sahibkar Aleksandr Vinokurovun toyunda iştirak etmək üçün Gürcüstana gələcəyi xəbərlərindən gedir. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ailə üzvləri Qərbin sanksiyalar siyahısında yer alırlar. Gürcüstan isə Rusiyaya birbaşa iqtisadi sanksiyaların tətbiqi qərarına qatılmasa da, qeyd olunan siyahını qəbul edib. Gürcüstan müxalifətçiləri əmindirlər ki, hökumət və təhlükəsizlik xidmətinin razılığı olmadan, Lavrovun qohumları Gürcüstana gələ bilməzdi. Onlar toyun keçiriləcəyi ehtimal olunan Kaxeti regionunda etiraz aksiyası da təşkil ediblər.
«Gürcü arzusu»nun sədri İrakli Kobaxidze müxalifətin davranışını ksenofobiya kimi qiymətləndirib və bu, prezident Zurabişvilini hiddətləndirib. O, «gürcü xalqının ksenofob adlandırılmasına imkan verməyə
cəyini» bildirib. Bu qalmaqala elə dövlət başçısı özü son qoyub. O, keçirdiyi fövqəladə brifinqdə deyib: «Gürcüstanda Lavrov ailəsinin toyu olmayacaq. Daxili işlər naziri məni əmin etdi ki, bu şəxslər toyun ikinci hissəsinə görə ödəniş etməli idilər, lakin onlar çıxıb gediblər. Bu, cəmiyyətin qələbəsidir». Bununla yanaşı, müxalifətin ardınca Zurabişvili də beynəlxalq sanksiyalarla üzləşmiş şəxsləri Gürcüstan ərazisinə buraxmış dövlət qurumlarını sərt tənqid edib.
Son 4 ildə Moskvadan Tbilisiyə uçan ilk təyyarə də etirazlarla qarşılanıb. Aksiya zamanı polis bir neçə müxalifətçini, o cümlədən «Droa» partiyasının lideri Elene Xoştariyanı saxlayıb. Sonuncunun adı «Gürcü arzusu» sədrinin daha bir rezonans doğuran bəyanatında prezident Zurabişvili ilə birlikdə çəkilib. Kobaxidze prezidentlə müxalifət partiyası liderini «cahil» adlandırıb, onlara Vaja Pşavelanın «Qonaq və ev sahibi» poemasını oxumağı məsləhət görüb. Kobaxidze deyib ki, həmin poemada «məhz Xoştariya ilə Zurabişvili kimi şəxslərdən danışılır».
Daxili diskussiyaların bu həddə çatması Zurabişvili ilə hakim «Gürcü arzusu» arasında münasibətlərin tamamilə bitdiyi anlamına gəlirmi? Məlum olduğu kimi, Zurabişvilinin prezident postuna gətirilməsini vaxtilə «Gürcü arzusu»nun yaradıcısı və faktiki lideri, milyarder Bidzina İvanişvili də dəstəkləyib. Belə düşünməyə əsas vermiş ilk ciddi hadisə Zurabişvilinin hakim partiyanın xarici agentlərlə bağlı irəli sürdüyü qanun layihəsinə etirazı idi. Kremlin viza rejiminin ləğvi və birbaşa uçuşların bərpası qərarı ətrafında yaşananlar isə faktiki olaraq, Zurabişvilini hakimiyyətin «rusiyapərəst siyasət»inə etiraz edən müxalifətin müttəfiqinə çevirib.
Bəs bu müttəfiqlik praktik olaraq ittifaqa çevrilə bilərmi? Bu sualın cavabı Gürcüstanda siyasi qüvvələr nisbətinin gələcəyinə öz təsirini göstərəcək. Bu isə Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya planının taleyini həll edəcək əsas amillərdən biridir.
Təzyiqlər nəticəsiz ötüşməyəcək
Qərb birmənalı olaraq bildirir ki, rəsmi Tbilisinin Rusiyaya qarşı loyallığı Gürcüstanın özü üçün nəticəsiz ötüşməyəcək. ABŞ Dövlət Departamenti Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpasından narahatlığını press-spiker Metyu Millerin dilindən ifadə edib. «Rusiya ilə əlaqələri genişləndirmək vaxtı deyil», - deyə Miller qeyd edib. Bundan başqa, Birləşmiş Ştatlar Gürcüstan aeroportları və aviaşirkətlərinin sanksiyalarla üzləşmək riskinin yarandığını da vurğulayır.
Rusiyanın qərarlarının rəsmi Tbilisi tərəfindən alqışlanmasından Avropa İttifaqı da təəssüflənir. Qurumun xarici siyasət xidmətinin rəsmisi Peter Stano Aİ-nin sanksiyalarını xatırladıb, Rusiyaya və Rusiyadan uçuşlara icazə vermədiyini bildirib. O, deyib ki, «Gürcüstan hökumətinin qərarı Tbilisinin Avropa yolu ilə bağlı narahatlıq yaradır».
Avropa İttifaqı Gürcüstandan Rusiyaya tətbiq edilmiş sanksiyalara qoşulmasını gözləyir və bunu kifayət qədər açıq ifadə edir. Tbilisi isə Aİ-nin bu münasibətinin ədalətli olmadığını deyir, əks-arqument kimi, Türkiyə, Azərbaycan, Ermənistan, İsrail kimi ölkələri Rusiya ilə birbaşa uçuşlar həyata keçirməsinə etiraz edilmədiyini bildirir. Amma qarşı tərəfin arqumenti hər şeyi aydın şəkildə ortaya qoyur. «Gürcüstan hökumətinin qərarı ona görə narahatlıq yaradır ki, Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəddir. Assosiasiya sazişinə əsasən, o, xarici siyasətlə bağlı qərarlarını Aİ ilə razılaşdırmalıdır», - deyə Stano qeyd edib.
Gürcüstan hökuməti Qərb instansiyalarının bu təzyiqlərinə boyun əyməməyə çalışır. Baş nazir Qaribaşvili bildirib ki, «Gürcüstan Ukraynanı və Ukrayna xalqını dəstəkləyir, lakin Rusiyaya tətbiq edilmiş birbaşa sanksiyalara qoşulmayacaq». Onun fikrincə, bu halda «ölkə iqtisadiyyatı çökəcək və bundan gürcü xalqı əziyyət çəkəcək». «Gürcüstan 4 milyonluq əhaliyə malik kiçik ölkədir. Odur ki, ölkədə sülhün, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması vacibdir. Mənim borcum xalqımın maraqlarını qorumaqdır», - deyə Qaribaşvili qeyd edib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə öz növbəsində, «Rusiyaya sanksiyaların tətbiqi təklifini verənlər»i tənqid edib, bildirib ki, həmin şəxslər «faktiki olaraq, bizə riskə getməli, Rusiya ilə mümkün hərbi münaqişəyə girməli olduğumuzu deyirlər».
Tbilisi ilə Aİ arasında hər iki tərəf üçün bu qədər prinsipial olan məsələdəki fikir ayrılığı, şübhəsiz ki, Gürcüstanın «Avropa yolu»nun gələcəyinə öz təsirini göstərəcək. Brüssel bu yolda mümkün ləngimələrə görə məsuliyyəti artıq rəsmi Tbilisinin üzərinə qoyub. Söhbət, əlbəttə ki, ilk növbədə, Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinin ləngiyəcəyindən gedir.
MƏSLƏHƏT GÖR: