Müəllif: İlqar VƏLİZADƏ
Çin Ukrayna müharibəsinin başlamasından 1 il sonra – fevralın 21-də qlobal təhlükəsizlik təşəbbüsü ilə bağlı konsepsiya açıqlayıb. Orada Pekinin yeni diplomatiya və təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı təklifləri yer alır. Bu, ABŞ-ın irəli sürdüyü çoxtərəfli müqavilələr, ittifaqlar və institutlar sisteminə rəqibdir.
Hələlik təşəbbüsün yekun konturları dəqiq bəlli deyil, konsepsiyanın hədəfi isə Çinin iştirakı ilə müxtəlif əməkdaşlıq formatlarının qiymətləndirilməsi, sistemləşdirilməsi və onlara konseptual tərtibatın verilməsidir. Bununla yanaşı, dünya siyasətində proseslərin inkişafından asılı olaraq, Pekin sənədin məğzini tədricən konkretləşdirəcək, öz ətrafında qlobal «geosiyasi tor» quracaq. O, «Çin+» formulunda müxtəlif regional formatlardan, həmçinin dünyanın müxtəlif qütblərində Pekinin mövqeyini gücləndirəcək ikitərəfli və çoxtərəfli münasibətlər sistemindən ibarət olacaq. Qeyd olunur ki, zamanla prosesin özü onun nəticələrindən daha böyük əhəmiyyət daşıya bilər. Başqa sözlə, aydın və konkret siyasi nəticələr olmadan belə, qeyri-müəyyən diplomatik təşəbbüslərə getidikcə daha çox ölkənin qoşulması Çin ətrafında bir-birilə dost münasibətlərində olan beynəlxalq formatlar yarada bilər və bu, Pekinin təşəbbüslərinin daha geniş yayılmasına və inkişaf etməsinə yol açacaq.
Mərkəzi Asiya Çinin yeni təşəbbüs modeli kimi
Çinin yeni yanaşmasının ümumi konturlarını onun Mərkəzi Asiya ölkələri ilə münasibətlərində görmək mümkündür. Məsələn, Çin rəhbəri Si Cinpinin təklifi ilə mayın 17-19-da Sianda Çin-Mərkəzi Asiya sammiti keçirilib. Toplantıda 5 region dövləti – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın prezidentləri iştirak ediblər. Söhbət Çinin bu il təşkil etdiyi ilk nəhəng diplamatik tədbir və Çin liderinin 31 illik münasibətlər tarixində Mərkəzi Asiyanın 5 ölkəsinin rəhbəri ilə ilk birgə görüşü olub.
Maraqlıdır ki, 5 prezidentin Çinə səfəri dövlət səfəri statusu daşıyıb. Demək, səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin siyasi-hüquqi bazasını gücləndirən, müasirləşdirən bir sıra vacib sənədlərə də imza atıb.
Çinin yeni təhlükəsizlik sistemi təşəbbüsünün məğzi elə bundadır. O, Çinin maraqları ilə region dövlətlərinin uzunmüddətli maraqlarının birləşdirilməsini, onlarla gələcəyə hesablanan ümumi iqtisadi gündəm müəyyənləşdirilməsini nəzərdə tutur. Pekinin hədəfi aydındır. Bu gün Çin iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarından biridir və görünən odur ki, gələcəkdə biri yox, birincisi olacaq. Odur ki, çoxtərəfli əməkdaşlıqda trendləri Çin bazarı müəyyənləşdirəcək. Mərkəzi Çin olacaq qlobal iqtisadi qütbün əlavə elementlər olaraq, regional iqtisadiyyatlara, Çin bazarı ilə sıx bağlı olan lokal iqtisadi sistemlərə ehtiyacı var. Pekinlə Mərkəzi Asiya ölkələri arasında Sianda keçirilən sammitdə təklif edilmiş yeni əməkdaşlıq mexanizmi bu hədəflərə nail olunmasına xidmət edə bilər və etməlidir. Müşahidəçilərin fikrincə, tərəflər yeni iqtisadi dialoq strategiyasının hazırlanmasına başlamalıdır. O, maneəsiz ticarətin təmininə, region ölkələrindən Çinə hazır məhsul tədarükü həcminin artırılmasına, Çin investisiyaları və texnologiyalarının cəlbi ilə ümumi sənaye kooperasiyası məkanının formalaşdırılmasına yönəlmiş konkret tədbirləri nəzərdə tutmalıdır. Bunun üçün nazirliklər və müxtəlif profil qurumları səviyyəsində ayrı-ayrı mexanizmlərin yaradılması planlaşdırılır. Onlar öz istiqamətləri üzrə mütəmadi şəkildə əməkdaşlığın bu və ya digər istiqamətlərini razılaşdırmalıdırlar.
Pekinin Mərkəzi Asiya ölkələrinə 3,7 milyard dollarlıq yardımın ayrılması təklifinə bu strategiyanın reallaşdırılmasının ilkin mərhələsində maddi bazanın yaradılması cəhdi kimi baxmaq olar. Ümumilikdə isə sözügedən səfərlər zamanı Çinin Mərkəzi Asiya «beşliy»i ilə müxtəlif sahələrdə əməkdaşlığını nəzərdə tutan 143 sənəd imzalanıb. Onların ümumi dəyəri 50 milyard dolları ötür.
Çin-ərəb dostluğu
Çin üçün daha bir perspektivli bazar və təbii ki, nüfuz dairəsi ərəb dünyasıdır. Hələ ötən ilin dekabrında Ər-Riyadda ilk Çin-ərəb dövlətləri sammiti kifayət qədər uğurla keçib. Mərkəzi Asiya ölkələri ilə münasibətdə olduğu kimi, burada da yeni münasibətlər sisteminin qurulmasında əsas rol iqtisadiyyata verilir. Sammitin vacib qərarlarından biri Çin və Fars körfəzi ölkələrinin birgə investisiya mərkəzi yaratması olub ki, bu da təsadüf deyil.
ÇXR ilə ərəb dövlətlərinin uzunmüddətli münasibətlərinin özünəməxsus özəyini «Bir kəmər, bir yol» layihəsi təşkil edir. Pekin indiyədək bu layihə çərçivəsində 20 ərəb ölkəsi, həmçinin Ərəb Dövlətləri Liqası ilə əməkdaşlıq sənədləri imzalayıb. Onların birgə layihələri isə təxminən 2 milyard insanın yaşadığı dövlətlərin iqtisadiyyatının inkişafını stimullaşdırır.
Çinin ərəb dünyası ilə bağlı xarici siyasətinin konkret elementlərindən anlaşılır ki, Pekinə uzaq perspektivə hesablanmış əməkdaşlıq üçün preferensiyalara əsaslanan möhkəm bazanın yaradılması vacibdir. Çinlə Körfəz Əməkdaşlıq Şurası arasında azad ticarət zonası haqda razılaşma məhz belə baza ola bilər. Onun yaradılması haqda danışıqlar təxminən 20 ildir davam edir. Pekin uzun-uzadı danışıqları ən yaxın vaxtlarda başa çatdırmaq istəyir, çünki bu, sadəcə nüfuz məsələsi yox, həm də mərkəzi Çin olan qlobal iqtisadiyyatın yaradılmasının vacib elementidir. Fars körfəzinin ərəb monarxiyaları üçün isə hər şey heç də çox sadə deyil. Çünki onlar bəzi hallarda bir-birinə tam zidd regional iqtisadi inteqrasiya modelində yer alırlar. Hələliksə o, birinci Ərəb-Çin sammitinin yekun bəyannaməsində yer alan maddələrlə kifayətlənmək məcburiyyətindədir. Orada əsas element 2023-2027-ci illər üçün nəzərdə tutulmuş birgə fəaliyyət planıdır. Planda əsas diqqət dialoqun davam etdirilməsi və beynəlxalq iqtisadiyyatın bərpasının dəstəklənməsinə çəkilir.
Çin isə bununla kifayətlənmək niyyətində deyil. O, regionda elə mühit yaratmaq istəyir ki, regional sistemin və təhlükəsizliyin ən nüfuzlu elementi məhz özü olsun. Pekinin Yaxın Şərqdəki rolunun ən ciddi markeri Səudiyyə Ərəbistanı ilə İran arasında uzun illər davam etmiş ziddiyyətin aradan qaldırılmasıdır. Onlar münasibətlərin normallaşdırılması qərarına məhz Çinin vasitəçiliyi ilə gəliblər.
Yaxın Şərq, İran və hər yerdə
Ər-Riyadda keçirilmiş tarixi sammitdə 2 ay sonra – bu il fevralın ortalarında İran prezidenti son 20 ildə Çinə ilk səfərini edib. Səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin ən müxtəlif sahələrini əhatə edən 20 razılaşma imzalayıb. Amma onlardan ən önəmlisi İranla Çin arasında 27 mart 2021-ci ildə imzalanmış hərtərəfli əməkdaşlıq sazişidir. Burada isə ortaya yenə də iqtisadi məsələlər çıxır. Sözügedən sənədin imzalanmasından sonra Çinin İranın əsas investoruna çevriləcəyi gözlənilsə də, Pekin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini məhdudlaşdırıb. O, diqqəti daha çox «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində logistik mərkəzlərin, sərhəd obyektlərinin və digər infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldib. Məsələ ondadır ki, bu infrastruktur layihələri Çinin İrana və ümumilikdə regiona ixrac imkanlarını genişləndirəcək.
Tehranın üzləşdiyi sanksiyalara baxmayaraq, 2022-ci ildə ölkəyə 5,95 milyard dollar investisiya cəlb edilib. Amma bu məbləğin yalnız 185 milyonu Çin şirkətlərinin payına düşür. Amma Pekinin Tehranla münasibətləri davam etdirəcəyi aydındır, çünki Çin sonuncunun seçim imkanlarının çox olmadığını anlayır. Bəli, Qərbin siyasi təzyiqləri qarşısında İranın Pekin və Moskva ilə əməkdaşlığa sadiq qalmaqdan başqa yolu yoxdur.
Rəisinin Pekin səfərində məqsəd müəyyən dərəcədə həm də Çinin ərəb dövlətləri ilə yaxınlaşmasının mənfi effektinin azaldılmasına yönəlmişdi. Pekin üçün bu, regional oyunçuların maraqları arasında balans qurulması, həmçinin regionda öz təhlükəsizlik sistemini qurması baxımından yaxşı imkandır. Buraya Çinin Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikası ölkələri ilə geniş əlaqələrini də əlavə etsək (onlardan ən nəzərə çarpanı Çin-Braziliya münasibətləridir), aydın olur ki, Pekinin xarici siyasət təşəbbüsləri və formatları artıq qlobal siyasətin ayrılmaz elementidir. Ona «sürüşkən» bəyannamələr və formal ittifaqlarla müqavimət göstərmək mümkün olmayacaq.
Qərb düşünür, Pekin hərəkət edir
İyunun 2-də Qırğızıstanın İssıkgöl gölü sahilindəki Çolpon-Ata şəhərində «Avropa İttifaqı-Mərkəzi Asiya» sammiti keçirilib. Maraqlıdır ki, ilk belə sammit Astanada (Qazaxıstan) 2022-ci il oktyabrın 27-də keçirilmişdi, yəni onun üzərindən heç 1 il ötməyib (7 ay). Bu intensivlik güc mərkəzləri arasında bu region uğrunda rəqabətin artması ilə izah oluna bilər.
Qeyd edək ki, sözügedən görüş Çin-Mərkəzi Asiya sammitindən 2 həftə sonra, AAİ-nin Moskvada keçirilmiş və regionun, demək olar ki, bütün dövlətlərinin başçılarının iştirak etdiyi toplantısından isə heç 1 həftə ötməmiş baş tutub.
Brüssel Çinin regiona təsirini Avropa İttifaqı ilə investisiya və digər əməkdaşlıqların təşviqi yolu ilə almağa çalışır. Aİ hələ 2021-ci ilin dekabrında 300 milyard avro dəyəri olan «Qlobal qapı» («Global Gateway») təşəbbüsü ilə çıxış edib. O, Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə alternativ sayılır. Lakin Ukrayna müharibəsi, onun Avropada yaratdığı enerji böhranı, iqtisadi problemlər planların reallaşdırılmasını ləngidib.
Belə bir vəziyyətdə Qərbin aparıcı dövlətləri ilə Yaponiya 2022-ci ilin iyulunda Almaniyada qlobal infrastrukturların maliyyələşdirilməsilə bağlı tərəfdaşlıq təşkil edib. Xirosimada ən yüksək səviyyədə keçirilən görüşdə tərəflər Çinin «Bir kəmər, bir yol» layihəsinə rəqib olan «İnfrastruktura qlobal investisiyalar üçün tərəfdaşlıq» proqramı vasitəsilə layihələrin maliyyələşdirilməsinə 600 milyard dolların səfərbər edilməsi hədəfini elan edib.
Fərq yalnız ondadır ki, Qərb hələ müzakirələr aparırsa, Pekin iş görür.
MƏSLƏHƏT GÖR: