Müəllif: Natiq NAZİMOĞLU
Dünya siyasətində son həftələrin ən səs-küylü hadisələrindən biri İranla Əfqanıstan arasında münasibətlərin gərginləşməsidir. Məsələ o həddə çatıb ki, tərəflər arasında Hilmənd çayından istifadə üzündən yaranmış ziddiyyət sərhəddə hərbi qarşıdurmayadək gedib çıxıb. Bu üzdən eskalasiyanı «su müharibəsi» adlandırmağa başlayıblar.
Nəyin mübahisəsi gedir?
Silahlı insident İranın Sistan və Bəlucistan əyalətləri ilə Əfqanıstanın Nimroz əyaləti arasındakı sərhəddə baş verib. Tərəflər bir-birini təxribatda günahlandırır. Qeyd edək ki, atışma nəticəsində 2 iranlı sərhədçi və 1 əfqan hərbçi həlak olub. Bundan başqa, İranın «IRNA» dövlət informasiya agentliyi xəbər verir ki, insident nəticəsində 2 mülki iranlı yaralanıb. Hərbi qarşıdurmadan sonra İran iki ölkə arasındakı Milak-Zaranc əsas sərhəd keçid məntəqəsini bağlayıb, Əfqanıstana rəhbərlik edən «Taliban» hərəkatını isə mehriban qonşuluq siyasətindən imtina ediləcəyi ilə hədələyib.
Hədə dolu bəyanatlar taliblərdən də gəlib. Məsələn, hərəkatın keçmiş səhra komandirlərindən olan, əvvəllər Pənşəhr əyalətində təhlükəsizlik qüvvələrinə başçılıq etmiş, daha sonra Əhmədabad şəhərinin qubernatoru olmuş Abdul Həmid Xorasani videomüraciət yayaraq, İranı işğalla hədələyib. O, taliblərin iranlılarla «ABŞ ilə uzun illər davam etmiş qarşıdurmada olduğu kimi», «böyük həvəslə döyüşəcəklərini» də deyib. Doğrudur, Xorasaninin bəyanatı «Taliban» hökumətinin rəsmi mövqeyi deyil, çünki o, hökumətdə hər hansı rəsmi post tutmur. Amma onun dilə gətirdiyi təhdid radikal hərəkat daxilində İrana olan münasibəti göstərir.
Hərbi toqquşmanın bilavasitə səbəbinə gəlincə, bu, hər iki ölkənin ərazisindən keçən Hilmənd çayının suyundan istifadə hüququ ilə bağlı yaranmış mübahisədir. İranla Əfqanıstan arasında 1973-cü ildə əldə edilmiş razılaşmaya görə, həmsərhəd əraziləri çay axınının aşağı hissəsində yerləşən İrana ildə ən azı 850 milyon kubmetr su çatmalıdır. İki ölkə münasibətlərinin çətin tarixinə baxmayaraq, bu razılaşmaya bütün rejimlərin dövründə əməl olunub – Əfqanıstanın Sovet İttifaqının işğalında olduğu dövrdən tutmuş, ABŞ-ın işğalı dövrünədək. Lakin son zamanlar Tehran taliblərin hökumətini razılaşmanı pozmaqda, Hilmənd suyunun İranın quraqlıqla üzləşən şərq rayonlarına çatmasını əngəlləməkdə günahlandırır. İran tərəfinin iddiasına görə, əfqanlar Əfqanıstan ərazisindəki su anbarından istifadə edərək, suyun qarşısını kəsir, onu başqa istiqamətə yönləndirir. İttihamlara görə, əfqanlar bunu özünün kənd təsərrüfatı torpaqlarını suvarmaq məqsədi ilə edir. Nəticədə, İranın 1 milyondan artıq insanın yaşadığı Sistan və Bəlucistan əyalətləri quraqlıqdan əziyyət çəkir.
Taliblər isə öz növbələrində, ittihamları rədd edir. İqlim dəyişikliyi və bu üzdən yaranmış su çatışmazlığına istinad edən Əfqanıstan tərəfi bildirir ki, bu il onlar İrana razılaşmada nəzərdə tutulan həcmdə su barıxmaq imkanında deyillər. Bununla yanaşı, taliblər iranlı mütəxəssislərin Əfqanıstana gələrək çayın qarşısının kəsilmədiyini öz gözlərilə görməsinə razılıq vermir, bu isə mübahisəni daha da qızışdırır.
Tehranın israrı anlaşılandır. Çünki quraqlıq, su təchizatı ilə bağlı problemlər Sistan və Bəlucistan əyalətlərinin sosial-iqtisadi durumunu ağırlaşdırır. İranı ötən ilin sentyabrından bürümüş kütləvi etiraz aksiyaları ölkənin ən yoxsul bölgələrindən sayılan bu əyalətlərdən də yan keçməyib. Sistan və Bəlucistanda etnik və dini azlıqların yaşaması amili isə vəziyyətə daha kəskin xarakter qazandırır. Burada yaşayan vətəndaşların əksəriyyəti sünnilərdir və bu, şiələrin çoxluq təşkil etdiyi İran mollakratiyasına qarşı keçirilən etirazlara xüsusi çalar qazandırır.
Beləliklə, İran hökuməti Sistan və Bəlucistanda onsuz da ağır olan vəziyyətin bir qədər də pisləşməsində maraqlı deyil. Sərhəddə baş vermiş hərbi toqquşmadan cəmi bir neçə gün əvvəl İran prezidenti İbrahim Rəisi bu bölgəyə səfər etmiş, talibləri Hilmənd çayının qarşısını kəsməməyə çağırmışdı. «Ekspertlərimiz su anbarında suyun olmadığını təsdiqləyərlərsə, demək, problem yoxdur. Amma orada su varsa, siz Sistan və Bəlucistan sakinlərinin hüquqlarını təmin etməyə borclusunuz. Sözlərimə ciddi yanaşın ki, sonda peşman olmayasınız», - deyə Rəisi taliblərə xəbərdarlıq edib.
Tehranın bu təhdidi taliblərin kəskin reaksiyasına səbəb olub. Bütün bunlar isə sonda iki ölkə sərhədində hərbi qarşıdurmaya yol açıb.
Tərəfləri bir-birinə bağlayan bağlar
Bu məsələdə ən paradoksal olanı odur ki, «Taliban»ın 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıtmasınadək İran onları dəstəkləyib. Söhbət taliblərə Amerikanın başçılıq etdiyi NATO koalisiyası ilə mübarizədə verilmiş dəstəkdən gedir. Tehranın taliblərə hərbi və maddi dəstəyi ötürdüyü əsas bölgə isə məhz Hilmənd olub. Ekspertlər hesab edir ki, Tehranın 2021-ci ilədək talibləri dəstəkləməsinin əsas səbəbi məhz İranın Hilmənd çayının suyuna ehtiyac duyması olub. Yəni İranda həm də düşünüblər ki, taliblər hakimiyyətə gəldikdən sonra Sistan və Bəlucistan əyalətlərinin su təchizatına heç bir maneə yaratmayacaq.
Əfqanıstandakı qərbpərəst hökumətin devrilməsindən və «Taliban»ın hakimiyyətə qayıtmasından sonra isə İran onlara müəyyən iqtisadi yardımlar da göstərib. Məsələn, Əfqanıstana enerji resurslarının tədarükündə, yük daşımalarının artırılması üçün bu ölkədə yolların tikintisində Tehran kifayət qədər fəal olub. Sərhəd insidentindən bir neçə həftə əvvəl tərəflər yeni 225 kilometrlik dəmir yolunun təntənəli açılış mərasimini belə, keçirmişdilər. Söhbət İranın şimal-şərqində yerləşən Haf şəhəri ilə Əfqanıstanın şimal-qərbindəki Herat şəhərini birləşdirən dəmir yolundan gedir.
Bir sözlə, İran Əfqanıstanın yeni rəhbərliyinə ilk anlardan siyasi loyallıq nümayiş etdirib. Halbuki beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan «Taliban»ın qurduğu hökuməti digər dövlətlər kimi, İran da rəsmən tanımır. Bununla yanaşı, iki ölkənin hökumətləri arasında müntəzəm əlaqələr var. İran taliblərin Əfqanıstanın Tehrandakı səfirliyinin binasından istifadə etməsinə belə, razılıq verib. Sual yaranır: mayın sonunda baş vermiş sərhəd qarşıdurması İranla Əfqanıstan arasında ciddi münaqişəyə yol aça bilərmi?
Hər iki tərəfin sərhədə hərbi texnika toplaması bunun mümkünlüyünü göstərir. Xüsusilə «Taliban» sərhədə artilleriya sistemləri, zirehli maşınlar, tanklar və s. toplayıb. Bənzər addımlar qarşı tərəfdən də atılıb.
Bu, əlbəttə ki, yeni hərbi toqquşmaların mümkünlüyünü göstərir. Lakin yaşananların tammiqyaslı müharibəyə çevrilmə ehtimalı çox azdır ki, bunun da səbəbi sadədir: bu, nə İranın, nə də «Taliban»ın maraqlarına uyğundur.
Maraqlardakı nüanslar
Talibana qonşu dövlətlə ciddi qarşıdurma qətiyyən lazım deyil. Yalnız ona görə yox ki, İran Əfqanıstandan bütün parametrlərə görə xeyli güclüdür. Taliblərin daxili idarəetmədə belə, çox ciddi problemləri var: ölkə effektiv hakimiyyətin yoxluğundan, iqtisadiyyatın bərbadlığından, getdikcə artan sosial narazılıqlardan, real aclıq təhlükəsindən əziyyət çəkir. Üstəlik, bu problemlərin tezliklə həll olunma perspektivi görünmür. Çünki dünyada heç kim tərəfindən tanınmayan «Taliban» hökuməti əvvəlki hakimiyyətlərdən fərqli olaraq, heç bir beynəlxalq yardım almır. Belə bir vəziyyətdə «Taliban»ın İranla müharibəyə girməsinin heç bir mənası yoxdur. Odur ki, «Əfqanıstan İslam Əmirliyi»nin xarici işlər naziri Əmir Xan Muttaki Tehranı hələ sərhəd insidentinədək su təchizatı ilə bağlı problemi «mətbuatda səs-küy qaldırmaqla deyil, göz-gözə danışıqlar yolu ilə çözməyə» çağırırdı.
Öz növbəsində, İrana da taliblərlə müharibə lazım deyil. Tehranda anlayırlar ki, onlarla miqyaslı münaqişə asan olmayacaq, çünki bu halda partizan müharibəsinə vərdiş etmiş təxminən 100 minlik ordu ilə savaşmaq lazım gələcək. Nəzərə alsaq ki, iki ölkənin 800 kilometrlik ümumi sərhədi var, bu, İrandan ciddi müqavimət resursları tələb edəcək. Amerikalıların Əfqanıstanı tələsik tərk etməsilə onlardan taliblərə xeyli hərbi texnikanın qaldığı da məlumdur. Doğrudur, burada söhbət heç də ən keyfiyyətli silah-sursatlardan getmir, amma əsas odur ki, həmin silahlar işləyir, taliblər isə atəş açmağı bacarır. Sərhəddə baş vermiş hərbi toqquşma ilə bağlı danışılarkən bir məqama da xüsusi diqqət çəkilir ki, bu da təsadüf deyil: taliblər İran ərazisini Amerikaya məxsus «M240» pulemyotları ilə atəşə tutublar.
Bu mənada, bir konspiroloji versiya da söylənilir. Guya taliblərin İrana qarşı son əməllərinin arxasından məhz Amerika dayanır. Hazırkı geosiyasi konfiqurasiyada Vaşinqton, həqiqətən də, İranın zəifləməsində maraqlıdır. Çünki o, ABŞ-nin beynəlxalq arenadakı əsas düşmənləri olan Rusiya ilə Çinin aparıcı müttəfiqinə, tərəfdaşına çevrilib. Odur ki, ABŞ məqsədlərinə çatmaq üçün, həqiqətən də, talibləri də prosesə cəlb edə bilər. Bəlkə bunun əvəzində Əfqanıstanın Birləşmiş Ştatlardakı dondurulmuş hesablarının açılacağı vədi var?
Amma istənilən halda, Tehranla Kabilin qarşıdurmanı miqyaslı münaqişəyə çevirmək istəmədiyi aşkar görünür. Odur ki, ən yaxın zamanlarda problemin həlli üçün ikitərəfli təmaslara başlanılacağı istisna deyil. Bu barədə siqnallar hər iki tərəfdən gəlir. Onlar bundan sonra da 1973-cü il razılaşmasına əməl etməyə hazır olduqlarını bildirirlər. Bu mənada, taliban hökumətinin energetika və su resursları naziri Abdul Lətif Mənsurun fikirləri maraqlıdır: «İranın sudan istifadə hüquqları ilə bağlı istənilən gərginliyin həlli Hilmənd çayının suyunun bölüşdürülməsinə dair mövcud olan razılaşmadır. Biz bu razılaşmaya sadiqik… Məsələ danışıqlar yolu ilə həll edilməlidir».
MƏSLƏHƏT GÖR: