24 Noyabr 2024

Bazar, 07:23

ÇİN GEDİŞİ

Pekinin ərəb-İsrail münaqişəsində vasitəçilik etmək niyyətinə ABŞ-ın reaksiyası necə olacaq?

Müəllif:

01.07.2023

Yaxın Şərqdə getdikcə qeyri-adi geosiyasi düzən formalaşmaqdadır. Onun son fraqmentlərindən biri Çinin verdiyi aşkar mesajlardır – indi o, ərəb-İsrail münaqişəsində vasitəçiyə çevrilmək istəyir, tərəfləri zorakılığa dərhal son qoyulmasına, sülh nizamlanması prosesinə başlanılmasına çağırır. Bu xəbər xüsusilə Pekinin Ukraynada müharibəyə son qoyulması ilə bağlı plan irəli sürməsi kontekstində maraqlıdır. Üstəlik, məlumdur ki, Çin artıq bu yaz İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına yardım edib. Təbii ki, Pekinin belə xarici siyasi fəallığı Vaşinqton tərəfindən Yaxın Şərqdə onun diplomatik liderliyinə «əl uzadılması» kimi qiymətləndirilir.

 

Pekin fəallaşır

Koronavirus pandemiyası və Ukrayna müharibəsi üzündən dünyanın gündəmində arxa plana keçmiş ərəb-İsrail münaqişəsi daha on il davam edə bilməz. Bu, Fələstinlə İsrail arasında Məbəd dağındakı miqyaslı toqquşmalar və İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinə hücumu ilə müşahidə olunan növbəti qarşıdurmadan sonra daha çox aydın olub. İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində əməliyyatları davam etdirir.

Görünür, Pekin bu işlə, sözün əsl mənasında, ciddi məşğul olmaq qərarına gəlib. Ölkə başçısı Si Cinpin iyunun ortalarında Fələstin lideri Mahmud Abbası qəbul edərkən bildirib ki, Pekin fələstinlilərin daxili barışığa nail olması və İsraillə danışıqlara başlamasını istəyir. Bunun üçün Çin rəhbərliyinin bir neçə maddədən ibarət təklifləri də var: 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin yaradılması, Fələstində iqtisadi vəziyyətin yaxşılaşdırılması, Qüdsün müqəddəs məkanlarında status-kvonun qorunub saxlanılması, İsraillə BMT qətnamələri əsasında sülh danışıqlarının bərpası. Si Cinpin onu da deyib ki, Fələstin BMT-nin tamhüquqlu üzvü olmalıdır.

Əslində, Mahmud Abbasın Çinə səfəri 2022-ci ilin dekabrında Ər-Riyadda keçirilmiş ərəb-Çin sammitinin məntiqi davamıdır. Səfər çərçivəsində tərəflər strateji tərəfdaşlıq haqda razılığa gəlib – Fələstin «Bir kəmər, bir yol» təşəbbüsünə qoşulacaq, həmçinin Pekinin son aylarda elan etdiyi daha 3 yeni planında iştirak edəcək. Söhbət Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və Qlobal İnkişaf Təşəbbüsündən gedir. İqtisadiyyata gəlincə, bu sahədə Çin fələstinlilərə çoxdan kömək edir, humanitar yardım göstərir, onların inkişafını dəstəkləyir. Belə bir vəziyyətdə Cinpinin Çinlə Fələstin arasında məhz «strateji tərəfdaşlıq»dan danışması xüsusilə maraqlıdır. Bu, Fələstini regionun Misir, Səudiyyə Ərəbistanı və İran kimi dövlətləri ilə bir səviyyəyə qaldırır. Bununla yanaşı, Çin-İsrail münasibətlərinin səviyyəsi də qeyd olunmalıdır. Yalnız onu xatırlatmaq kifayətdir ki, son illər Pekin yəhudi dövlətinin texnologiya, müdafiə, elm, telekommunikasiya və gəmiçilik sahələrinə milyardlarla dollar investisiya yatırıb.

Yəni hər iki tərəflə sıx əlaqələri və xüsusi münasibətləri var. Bəs Fələstin-İsrail barışığı Çinin özünə nə verəcək? Əslində, çox şey. Birincisi, Pekin bununla Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin bərpası ilə ortaya qoyduğu vasitəçi statusunu daha da möhkəmləndirmək istəyir. İkincisi, regionda sülhün yaradılması ilə Çin Yaxın Şərqə yatırdığı investisiyalarını qorumağı düşünür. Üçüncüsü, o, beynəlxalq imicini və nüfuzunu artırır. Ən əsası isə ABŞ-a meydan oxuyur.

ABŞ-ın himayəsi altında 2014-cü ilədək aparılmış danışıqlar illərdir bərpa olunmur, halbuki Ağ Ev vasitəçilikdən heç zaman imtina etməyib. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bu yaxınlarda ölkəsinin bir tərəfdən İsrailin təhlükəsizliyinin qayğısına qalmalı olduğunu, digər yandan isə Fələstin dövlətinin yaradılması ideyasına sadiqliyini təsdiqləyib. O, bildirib ki, yəhudi yaşayış məntəqələrinin genişləndirilməsi sülhə əngəl olacaq. Yəni Vaşinqton faktiki olaraq, iki dövlətin yaradılması ideyasını dəstəkləyir, lakin bu istiqamətdə hər hansı ciddi addım atmır. Bundan başqa, Tramp administrasiyası dövründə Vaşinqton son dərəcə qeyri-adi addım atıb. Söhbət «bölünməz» Qüdsü İsrailin «paytaxt»ı kimi tanıyıb, Amerika səfirliyinin bu şəhərə köçürülməsi mərasimində iştirak edib.

 

Dünya güclərinin maraqları

ABŞ uzun illər ərzində bu məsələdə açıq desək, uğursuzluğa düçar olubsa (bunun səbəbləri haqda ayrıca danışmaq olar), Çin nəyəsə nail ola bilərmi? Hazırda vəziyyət elədir ki, fələstinlilər İsraillə barışığa getməzdən, öz maraqlarını təmin etməzdən əvvəl daxildəki fikir ayrılıqlarını aradan qaldırmalıdırlar. Qəzza zolağına nəzarət edən HƏMAS təşkilatı İsraillə danışıqları qəbul etmir, Abbasa tabe olan və İordan çayının qərb sahilində yerləşən qüvvələr isə daha mötədil mövqedən çıxış edir. Beləliklə, fələstinlilər necəsə razılığa gəlməli, vahid mövqedən çıxış etməlidirlər.

Amma eyni sözləri İsrail haqda da demək olar. Binyamin Netanyahunun rəhbərlik etdiyi radikal sağçı hökumət İordan çayının qərb sahilindəki əraziləri fələstinlilərə qaytarmaq və Fələstin dövlətinin müstəqilliyini tanımaq istəmir. Bu hökuməti iki dövlətin yaradılmasına razı salmaq çətin, bəlkə də mümkünsüzdür. Amma Pekin tələsmir. Yaxın Şərqdə o, artıq yeni simaya çevrilib və bu cür ağır problemin həllinə girişmək qərarının özü belə, Çinin xeyrinə işləyən məqamdır. ABŞ-Çin münasibətlərinin son dərəcə gərgin olaraq qaldığı bir şəraitdə bu, ikinci üçün əlavə kozırdır. Sanki Amerikanın dövlət katibi Entoni Blinkenin Çinə bu yaxınlarda etdiyi, hətta Si Cinpinlə də görüşdüyü səfərdən sonra «dan yeri ağarmağa başlamışdı». Səfər zamanı Blinken həmkarı Sin Qan ilə 5 saatdan uzun sürən danışıqlar da aparmış və nikbin açıqlamalar da vermişdi. Lakin bunun ardınca ABŞ prezidenti Co Bayden gözlənilmədən Si Cinpini nəinki «diktator», hətta «küsəyən, baş verənlərdən xəbəri olmayan diktator» adlandırıb. Üstəlik, Bayden bunu Çinin başıbəlalı hava şarı haqda danışarkən deyib. Xatırladaq ki, Blinken Çinə əslində hələ fevralda səfər etməli olsa da, məhz hava şarı ilə bağlı qalmaqal səfərin təxirə salınmasına səbəb olmuşdu.

Pekin dərhal bəyan edib ki, «ABŞ prezidentinin Çin sədri haqda işlətdiyi sayğısız fikirlər səhv və absurddur, məsuliyyətsizlikdir». Çin tərəfi bildirib ki, bu, «aşkar siyasi təxribatdır».

Belə bir vəziyyətdə Vaşinqton İsraillə Fələstinə öz təzyiq alətlərini tətbiq edə, bununla da, onları Çinə meyillənməkdən çəkindirməyə çalışa bilər. Hər halda, ABŞ ilə İsrail arasındakı xüsusi münasibətləri, qarşılıqlı maraqları və investisiyaları İsrail-Çin əlaqələri ilə müqayisə etmək olmaz. Yəhudi dövləti Vaşinqtonla münasibətlərini riskə atmayacaq.

Bütün bunlarla yanaşı, indi ortada bir fakt da var – Çin yalnız iqtisadi təsir rıçaqlarından istifadəyə son qoyub və xarici siyasi səylərini də gücləndirib. O, İsrail hökumətinə yumşaq strateji təzyiq göstərməklə, Fələstində isə siyasi birliyə nail olunmasına yardım etməklə, irəliləyiş əldə edə bilər. Hər şey həm də dünyadakı ümumi geosiyasi vəziyyətdən asılı olacaq.

Bununla yanaşı, o da qeyd olunmalıdır ki, Pekin Vaşinqton qarşısında ciddi üstünlüyə malikdir – onun münaqişə tərəflərindən heç biri ilə dini və etnik əlaqəsi yoxdur. Yəni ABŞ ilə müqayisədə Çinin təzyiq vasitələri xeyli az ola bilər, lakin o, hələlik məsələyə Vaşinqtondan daha balanslı yanaşma nümayiş etdirir. Görünən odur ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi, Fələstin də hər şeyə rəğmən, Çinə Amerikanın alternativi kimi baxmağa hazırdır. Bu vəziyyət ABŞ-ın regiondakı hökmranlığına meydan oxunmasıdır və buradakı geosiyasi landşaftı əhəmiyyətli dərəcədə dəyişə bilər.



MƏSLƏHƏT GÖR:

99