Müəllif: İlqar VƏLİZADƏ
Son günlər ABŞ ilə İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Müzakirələr artıq bir neçə aydır ki, Oman sultanı Heytəm bin Tariq əl-Səidin vasitəçiliyi ilə bu ölkədə aparılır.
İsrail KİV öz mənbələrinə istinadən xəbər verir ki, proses gözlənildiyindən sürətli gedir və tərəflərin qarşıdakı həftələrdə razılığa gəlməsi mümkündür. Amma bir çox həll olunmamış məsələ də qalmaqdadır.
Yeni nüvə razılaşması İranın uranın yüksək dərəcədə zənginləşdirilməsi prosesini dayandırmasını nəzərdə tutacaq. Əvəzində, Tehran ABŞ və Avropa İttifaqının təşəbbüsü ilə üzləşdiyi beynəlxalq sanksiyaların yumşaldılacağına ümid edir. Tərəflər razılığa gələrsə, ilk mərhələdə 20 milyard dollarlıq İran aktivlərinə qoyulmuş həbs aradan qaldırılacaq. Söhbət Cənubi Koreya və İraq banklarından, həmçinin Beynəlxalq Valyuta Fondunda saxlanılan hesablardan gedir.
Amerika-İran dialoqu: İsrail narazıdır
Tərəflər arasında inamın artırılması üçün İran Qərb ölkələrindən olan 3 məhbusu azad edib. Əvəzində, 2 il idi Belçika həbsxanasında saxlanılan İran diplomatı da sərbəst buraxılıb. O, Fransada partlayış törətmək cəhdinə görə saxlanılmışdı.
Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin rəsmisi İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı və Ər-Riyadda İran səfirliyinin açılması qərarını da alqışlayıb. Bununla da, Vaşinqton, əslində, əsas rəqibi olan Çinin təşəbbüsü ilə İran ətrafında hərbi-siyasi gərginliyin azaldılmasına dəstəyini ifadə edib. Bunun arxasında sırf praqmatik maraqlar dayana bilər. Məsələn, Vaşinqton Yaxın Şərqdə xarici oyunçuların, o cümlədən elə özünün də cəlb olunacağı yeni beynəlxalq münaqişənin yaranmasını istəmir. Hazırda onlar daha çox Ukraynanın dəstəklənməsi və Çinin qarşısının alınması üçün güclü qlobal mexanizmin yaradılması ilə məşğuldurlar.
Vaşinqtonun bu siyasəti regiondakı əsas müttəfiqi İsraillə sıx koordinasiya halında həyata keçirdiyi istisna deyil. Bu yaxınlarda İsrailin strateji məsələlər naziri Ron Dermer və Milli Təhlükəsizlik Şurasının sədri Saxi Xaneqbi ABŞ-a səfər ediblər. Səfər çərçivəsində ABŞ administrasiyasının yüksəkrütbəli məmurları ilə danıqılar aparılıb, o cümlədən İran məsələsi müzakirə olunub. Məlumata görə, Ağ Ev və Dövlət Departamenti israilliləri yeni razılaşmaların gündəmdə olmadığına, bunun üçün daha çox zamana ehtiyacın olduğuna inandırıb.
Bununla yanaşı, ABŞ rəhbərliyində İsrailin mövqeyini dəstəkləyənlər o qədər də çox deyil. Bu gün Senat (xarici razılaşmaları bu qurum ratifikasiya edir) demokratların əlindədir, Nümayəndələr Palatasında respublikaçıların üstünlüyü isə çox cüzidir. Odur ki, Amerika administrasiyasının İranla razılaşmanı bərpa etmək cəhdlərinin ciddi müqavimətlə üzləşəcəyi gözlənilmir. İranla nüvə razılaşmasının bərpasına tərəfdar olanlar arasında Beynəlxalq Münasibətlər Komitəsinin sədri Robert Menendes də var.
Ümumilikdə Demokratlar Partiyasının solçu qanadı İsrailə daha tənqidi yanaşmanın tərəfdarıdır. Son il ərzində Bayden administrasiyası demokrat senatorların və Nümayəndələr Palatasının İsrailə hərbi yardımın göstərilməsi üçün yeni şərtlərin müəyyənləşdirilməsi, Fələstin əsilli amerikalı jurnalist Şirin Əbu Aklenin ölümünün daha ciddi araşdırılması, İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisinin dayandırılması təşəbbüslərini bir neçə dəfə rədd etməli olub.
Bir sıra sünni dövlətlərinin İranla yaxınlaşması da İsrailin xeyrinə olmayan məqamdır. Hələ 2015-ci ildə İsrailin Vaşinqtonu İranla razılaşdırmadan çəkindirmək üçün istifadə etdiyi əsas rıçaqlar Fars körfəzinin sünni ölkələri idi. O zaman hakimiyyətdə olan Netanyahu müsahibələrində və brifinqlərində deyirdi ki, Fars körfəzinin ərəb hökumətləri onun İranla nüvə razılaşmasının yolverilməzliyilə bağlı mövqeyini qəti şəkildə dəstəkləyir.
Bu gün isə İranla danışıqlar ərəb-Tehran yaxınlaşması ilə paralel aparılır. İyunun əvvəlində Səudiyyə Ərəbistanında İran səfirliyinin açılması da bunun təsdiqidir.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud Tehranda verdiyi açıqlamada İranla münasibətlərin bərpasının əhəmiyyətini vurğulayaraq bildirib ki, iki ölkənin regional təhlükəsizlik, xüsusilə dəniz gəmiçiliyinin təhlükəsizliyi sahəsində əməkdaşlığı çox vacibdir. Söhbət, ilk növbədə, Hörmüz boğazından gedir. Orada o qədər ABŞ və İran hərbi gəmiləri var ki, ən xırda təxribat belə, hətta regional oyunçuların da cəlb olunacağı böyük münaqişəyə çevrilə bilər. Səudiyyə Ərəbistanı bu perspektivdən narahat olduğunu hər imkanda nümayiş etdirir.
İran diplomatiyası da dinc dayanmır. İyunun son ongünlüyündə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Fars körfəzi ölkələri Oman, Qətər və Küveytə səfərlər edib, bununla da, sanki ərəb ölkələri istiqamətindəki nailiyyətlərini daha da gücləndirib.
Odur ki, İsrail artıq yaxın həftələrlə əldə oluna biləcək hər hansı yeni razılaşmaların ərəblərin ciddi müqaviməti ilə qarşılaşacağını gözləmir.
İran-Misir: regional fonda dialoq
İran ərəb dünyasının aparıcı ölkələri ilə əlaqələrin axtarışında tempi aşağı salmır. İyunun 17-də İranın «Mehr» agentliyi Tehranla Qahirənin münasibətlərinin bərpası, təhlükəsizlik sahəsində fəaliyyətin koordinasiyası üzrə komitənin yaradılmasına dair ilkin razılığa gəldikləri haqda məlumat yayıb.
İran-Səudiyyə Ərəbistanı münasibətlərindəki canlanma, eyni zamanda ABŞ-İran dialoqu Tehranın digər ərəb ölkələri, o cümlədən Misirlə əlaqələrinin bərpası prosesini sürətləndirib. Bu işdə Omanın xüsusi fəallıq göstərməsi çoxlarının diqqətini çəkir. Mayda Oman sultanı Heytəm bin Tariq Al Səid Tehrana səfər edib. Bundan əvvəl isə o, Qahirəyə baş çəkib. Qahirədə sultan Misir prezidenti Abdul-Fəttah Xəlil As-Sisi ilə bir sıra məsələlərlə yanaşı, İranla münasibətlərin normallaşdırılması mövzusunda da müzakirələr aparıb. Ölkələrin tezliklə qarşılıqlı şəkildə səfir təyin edəcəkləri, yaxın gələcəkdə isə iki ölkə prezidentlərinin görüşəcəkləri haqda məlumatlar yayılıb.
Omanın vasitəçiliyi iranpərəst sayılan İraq hökuməti tərəfindən də dəstəklənib. Yeri gəlmişkən, İraqda hökumətin iranpərəst olması bu iki ölkəni də yaxınlaşdırıb.
Çoxsaylı məlumatlar göstərir ki, tərəflərin yaxınlaşmasına dair danışıqlara hələ 2023-cü ilin martında Bağdadda start verilib. Misir və İran rəsmilərinin apreldə Bağdadda bir araya gəldikləri, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə dair detallı müzakirə apardıqları bildirilir. Bundan başqa, mayda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehran-Qahirə münasibətlərinin perspektivi ilə bağlı nikbin açıqlamalar verib, bu istiqamətdə qarşılıqlı addımların atılmasının vacibliyini bildirib.
Tərəflərin prezidentlər As-Sisi ilə İdrahi Rəisi arasında görüş imkanlarını araşdırdıqları da bildirilir. Bu, onu göstərir ki, Qahirə ilə Tehran arasında dialoq əhəmiyyətli dərəcədə inkişaf edib. Üstəlik, mayın 29-da İran lideri ayətullah Əli Xamenei Oman sultanı ilə Tehranda keçirdiyi görüşdə Misirlə diplomatik əlaqələrin bərpasını alqışlayıb. Bu, iki ölkə arasında gərginliyin azalmaqda olduğunu təsdiqləyən daha bir amildir.
Qahirə üçün Tehranla yaxınlaşma böyük əhəmiyyətə malikdir. Çünki bu, onun bir neçə vacib məqsədə çatmasına kömək edə bilər. Söhbət, ilk növbədə, İran ətrafında tammiqyaslı münaqişənin başlayacağı təqdirdə Süveyş kanalının müdafiəsindən və gəmilərin Babül-Məndəb boğazından maneəsiz keçidinin təminindən gedir.
Bundan başqa, Qahirə Tehranla müxtəlif önəmli istiqamətlərdə, o cümlədən Suriya, İraq, Yəmən və Pakistanla bağlı məsələlərdə regional və strateji əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Məsələn, İranın bir sıra Fələstin qruplaşmaları, xüsusilə HƏMAS və «Fələstin islam cihadı» ilə sıx münasibətlərini nəzərə alsaq, Misirin Qəzza sektorunda gərginliyin azalması istəyi vacib motivlərdəndir. Qahirə həmsərhəd bölgədə sabitliyin dəstəklənməsində, İsraillə hərbi eskalasiyanın qarşısının alınmasında maraqlıdır. Eyni zamanda o, Fələstin barışığı prosesində də həlledici rola malikdir – Qəzzada sabitliyə nail olunması üçün İranla əməkdaşlıq tələb olunur.
Misirlə İran arasında iqtisadi və ticari əməkdaşlığın inkişafı isə daha bir vacib məqamdır. Tərəflər arasında münasibətlərin yaxşı olmayan keçmişi bu əməkdaşlığı məhdudlaşdırır. Halbuki hazırda ağır iqtisadi böhran yaşayan As-Sisi hökuməti üçün iqtisadi aspekt həyati əhəmiyyət kəsb edir. Bu gün Misir iqtisadiyyatı yüksək inflyasiyadan və getdikcə artan xarici borcdan əziyyət çəkir.
Qahirə-Tehran münasibətlərinin bərpası Misirə iranlı turistlərin axınına da yol aça bilər, bu isə ciddi gəlir deməkdir. Bundan başqa, Misir İran bazarlarına mal ixracının artmasından da ciddi fayda götürə bilər.
Tehrana gəlincə, Misirlə dialoqun bərpası və normallaşdırılması ona böyük üstünlüklər qazandıracaq. Birincisi, bu, ölkənin ABŞ və İsrail tərəfindən təcrid duruma salınması cəhdlərinə mane olacaq. Məlumdur ki, Təl-Əviv Tehrana qarşı regional alyansın yaradılması üzərində ciddi iş aparır və bunu bəzi Fars körfəzi ölkələri, Misir və İordaniyanın köməyilə etmək istəyir. Məqsəd İranın təsir imkanlarının məhdudlaşdırılması, onun hərbi fəallığının qarşısının alınmasıdır. Odur ki, Misir-İran yaxınlaşması İsrail üçün ciddi problem yaradır. İkincisi, bu, İranın regionda mövcudluğunu möhkəmləndirəcək, onun ərəb dünyasındakı strateji maraqlarının qorunmasını təmin edəcək.
Bu, dolayısı ilə İranın Fars körfəzinin ərəb ölkələri ilə münasibətlərindəki gərginliyin azalmasına da kömək edəcək. Çünki Misir bu ölkələrin müttəfiqi kimi, vacib mövqeyə malikdir. Misirlə normal münasibətlər iqtisadi əməkdaşlığın genişləndirilməsinə, böyük Misir bazarına çıxışın əldə olunmasına da yol açacaq. Bu isə öz növbəsində, Tehrana maddi gəlir gətirəcək, iqtisadi böhranın aradan qaldırılmasına kömək edəcək.
Misir-İran yaxınlaşması ideyası yeni deyil. Son 30 ildə buna dəfələrlə cəhd edilib. Amma budəfəki cəhd iki amillə fərqlənir: göstərilən səylərin səviyyəsi və regional-qlobal dinamikanın dəyişməsi. Əvvəlki cəhdlərdə hər hansı konkret vasitəçilik addımları atılmamışdı. O zaman iş ümidverici bəyanatlarla, tərəflərin münasibətləri normallaşdırmaq niyyətlərini dilə gətirməsi ilə bitirdi. Bu dəfə isə İraqla Oman birbaşa dialoqun qurulması üçün qeyri-adi səylər göstəriblər. Səylər uğurlu olarsa, bütünlükdə Yaxın Şərq siyasətində ciddi dəyişikliklər baş verəcək.
MƏSLƏHƏT GÖR: