Müəllif: NURANİ
44 günlük müharibə ərəfəsində Ermənistanda niyəsə belə bir fikir yayılmışdı ki, ölkə yüksək səviyyədə demokratiya nümayiş etdirərsə, dünya birliyi mükafat olaraq Qarabağı ona verəcək. Müharibəni başqalarının aparması, ermənilərin ərazi arzuları uğrunda özləri yox, başqalarının döyüşməsi İrəvanın ənənəvi xülyasıdır. Əvvəllər bu ümidlər Rusiya ilə bağlı idisə, sonradan gözlər İrana yönəlmişdi. İndi diqqət mərkəzində Avropadır.
Bir yandan İrəvan sanki bu işdə müəyyən uğur əldə edib. Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndərib, Avropa Parlamentinin nümayəndə heyəti oraya səfər edib, mütəmadi olaraq Fransa İrəvana dəstək bəyanatları verir, Paris ona 50 zirehli maşın tədarükü vədi də verib. Amma…
Bu gün artıq Ermənistanın özündə belə, ekspertlər etiraf edirlər ki, onların «avropalı dostlar»ı, o cümlədən Fransa vəziyyətə real təsir etmək iqtidarında deyil. Avropa Parlamenti nümayəndələrinin Azərbaycanla sərhədə, Gorus-Laçın-Xankəndi yolunun Azərbaycan hissəsinin başladığı əraziyə səfərini də Ermənistanın özündə istehza ilə «kaskalar şousu» adlandırırlar.
Avropa Parlamentinin yurisdiksiyasına nə Azərbaycan daxildir, nə də Ermənistan. Odur ki, deputatların səfərindən, sərhəddə başlarında kaska ilə şəkil çəkdirmələrindən hansısa effekt gözləməyə dəyməz.
Fransadan Ermənistana müdafiə təyinatlı malların səs-küylü tədarükü də ümidləri doğrultmur. O, miqyasına və effektinə görə Rusiyadan silah idxalı ilə müqayisə oluna bilməz. Məsələn, Fransadan «İsgəndər» raket kompleksləri ilə müqayisə ediləcək heç nə gəlmir. Alınan malların qiyməti də milyardlarla ölçülmür. Eninə-boyuna təbliğ olunan BTR-lər də fransalı analitiklərin özlərinin etiraf etdikləri kimi, təxminən, 50 il əvvəl istehsal olunub və çətin ki, hərbi balansın dəyişməsinə, hətta müəyyən dərəcədə balansın yaradılmasına kömək etsin.
İrəvan anlayır ki, Fransa beynəlxalq arenada da lazımi qətiyyət nümayiş etdirmir. Onu Afrikadakı keçmiş müstəmləkələrindən belə, sıxışdırıb çıxarırlar. Belə bir vəziyyətdə Parisin Ermənistanda mövqelərini qoruyub saxlayacağını gözləmək sadəlöhvlük olardı. Makron üçün bu, geosiyasi oyunda növbəti uğursuzluq, ən pis halda isə növbəti seçkidə erməni seçicilərin səsinin itirilməsidirsə, Ermənistan üçün faciə ola bilər.
Ən acınacaqlısı isə odur ki, uduzulmuş müharibə fonunda, artan diplomatik təzyiq şəraitində Ermənistan hökumətinin necə davranılmalı olduğu, növbəti xoşagəlməzliklərdən necə xilas olunması ilə bağlı işlək ssenarisi yoxdur. Ölkə parlamentində bu yaxınlarda baş verənlər bunu bir daha təsdiqləyib.
Paşinyan nə danışır?
Ermənistan hökumətinin başçısı nəzəri olaraq, sanki maraqlı məsələlərə toxunub – 44 günlük müharibə zamanı atəşin dayandırılması danışıqlarından, 44 günlük müharibənin gedişində Vladimir Putinə 60 dəfə zəng etməsindən, Qarabağla bağlı Üçtərəfli Bəyannaməni məhz nə vaxt imzalamasından. Lakin ekspertlərin də qeyd etdikləri kimi, baş nazir yumşaq desək, vəziyyəti öz xeyrinə çox bəzəyib. O, həqiqətən, ciddi əhəmiyyətə malik bir sıra məqamları açıqlamayıb. Məsələn, Nikol Paşinyan danışıqlar prosesini pozmuş və müharibəni qaçılmaz etmiş addımlarından bəhs etməyib. Söhbət Şuşada rəqs etməsindən, «Qarabağ Ermənistandır və nöqtə!» bəyanatından, hökumətində aparıcı vəzifələrə David Tonoyan və ya Vaqarşak Arutunyan kimi «qırğı»ları təyin etməsindən və s. gedir. Hökumət başçısı Araik Arutunyanın «inauqurasiya»sının Şuşada təşkil edilməsi qərarını da yada salmayıb. Qarabağda əldə olunan humanitar atəşkəs razılaşmalarının məhz İrəvanın günahı ucbatından pozulduğu da xatırlanmayıb. Halbuki bu, çox vaxt Azərbaycanın dinc şəhərlərinə raket zərbələrinin endirilməsi ilə baş verib. Bütün bunlar onun digər «açıqlama»larına inanmağı mümkünsüz edir. Aydındır ki, Paşinyan, ilk növbədə, daxili-siyasi problemləri həll edib.
Ermənilərin «generallar işi»
Nikol Paşinyanın Ermənistan parlamentinin tribunasından etdiyi bütün boşboğazlıq bir suala cavab vermək cəhdi idi: «Ermənistan müharibəni özü üçün daha yüngül şərtlərlə dayandıra bilərdimi?» Bəs baş nazir parlamentariləri və seçicilərini hökumət başçısı, Ali Baş Komandan kimi əlindən gələni etdiyinə inandıra bildimi? Sual açıq qalır. O, daha çox ona çalışıb ki, İkinci Qarabağ müharibəsində Ermənistanın darmadağın olunmasına görə günahı özündən başqa hər kəsin üzərinə atsın. Amma istənilən halda, Paşinyanın ölkəsinin üzləşdiyi məğlubiyyətə görə ordudakı «beşinci kolon»u (o, ali generaliteti belə adlandırıb) günahlandırmaq cəhdi diqqət yetirilməli olan məsələdir.
Baş nazir israrla bildirib ki, generallar onu bilərəkdən aldadıb, ona real vəziyyət məruzə edilməyib və s. Doğrudur, Ermənistan ordusunun 44 günlük müharibə dövründə davamlı olaraq saxta xəbərlər yaydığı məlumdur. Müdafiə Nazirliyinin rəsmiləri Artsrun Ovannisyan ilə Şuşan Stepanyan həqiqəti geniş ictimaiyyətdən gizlədə bilərlər, lakin qərarları qəbul edən şəxslərə, yəqin ki, onlar real məlumatları çatdırıblar. Nikol Paşinyan isə deyir ki, onu da aldadıblar.
Amma erməni baş nazirin sözləri inandırıcı görünmür. Ermənstan Silahlı Qüvvələri Baş Qərargahının ozamankı rəisi Onik Qasparyanın müharibəni uduzduqlarını savaşın üçüncü-dördüncü günlərində anladıqları haqda dediklərini xatırlatmaq kifayətdir. Rəis bunu Paşinyana da məruzə edib, lakin baş nazir müharibənin davam etdirilməsi əmrini verib.
Təbii ki, bütün bunlar Ermənistanın daxili işləridir. Lakin yanaşmalardakı fərqi görməmək mümkün deyil. Azərbaycanda Qarabağ artıq daxili siyasi mübahisə mövzusu deyil. Hakimiyyətə və prezidentə olan yüksək inam, dəqiq dövlət strategiyası, ordu quruculuğu – bütün bunlar dalixi siyasi diskussiyalara, qarşılıqlı ittihamlara yer qoymayıb. Ermənistanda isə vəziyyət tam fərqlidir. Orada «Qarabağ» həştəqi ilə davamlı «qaynar xəbərlər»in yayılması göstərir ki, erməni tarixçi, siyasətçi və diplomat Jirayr Libaridyanın səs-küylü müsahibəsində dediyi kimi, demokratiyanın hazırda təbliğatı aparılan formasının çeviklik, kompromis və hətta adi sağlam düşüncə ilə heç bir ümumi cəhəti yoxdur. Üstəlik bu, demokratiya yox, oxlokratiyadırsa… Hər halda, Ermənistan parlamentinin komissiyasında 44 günlük müharibə ilə bağlı araşdırmanın nəticələrinə dair deyilənləri dinləyən zaman ağla yalnız bu gəlir. Bu, xüsusilə Nikol Paşinyanın komissiya qarşısındakı çıxışına aiddir.
Qarabağ, Ermənistanla Azərbaycan arasındakı sülh prosesi İrəvanda nəinki daxili siyasi mübarizə mövzusu, hətta xal toplamaq vasitəsidir. Belə bir vəziyyətdə, ilk növbədə, İrəvan oxlokratiyasının başçısı və əsiri olaraq qalan Nikol Paşinyan son dərəcə vacib və gözlənilən kompromislərə getməyə, sadəcə, risk etməyəcək. Ermənistanın daxili siyasətində hələ də «sülh partiyası» görünmür. Səhvən «sülh partiyası»nın siması kimi təqdim olunmuş Paşinyanı isə yerli revanşistlərlə radikallıq savaşı daha çox qane edir.
Paşinyan Qarabağla bağlı razılığı Fransa və ya Avropa Parlamenti, yaxud yerli siyasətçilərlə əldə etməli olmayacaq. Razılıq Azərbaycanla, üstəlik, Bakının irəli sürdüyü, beynəlxalq hüquqa və postmüharibə reallıqlarına əsaslanan şərtlərlə əldə olunmalıdır. Ermənistan siyasətçilərinin buna hazır olmaması reallıqda heç nəyi dəyişmir.
MƏSLƏHƏT GÖR: