24 Noyabr 2024

Bazar, 04:00

ÇƏTİNİ BAŞLAMAQDIR

Fars körfəzi və Orta Asiyanın ərəb ölkələrinin ilk sammiti əlamətdar hadisə kimi xarakterizə olunur

Müəllif:

01.08.2023

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt, Oman və Bəhreyn. Ümumi adı - GCC) və Mərkəzi Asiya ölkələrinin (MA – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan. Ümumi adı - C5) ilk sammiti iyulun 19-da Ciddədə baş tutub. O, dünya mediasının çoxu tərəfindən son dərəcə əhəmiyyətli hadisə kimi xarakterizə olunur.

Müşahidəçilərin fikrincə, eyni formatda ötən il Ər-Riyadda nazirlər səviyyəsində keçirilmiş uğurlu görüşə əsaslanan bu sammit Böyük Avrasiyada yeni iqtisadi-siyasi məkanın yaradılması işinə böyük töhfə sayıla bilər. Körfəz və Mərkəzi Asiya ölkələrinin müxtəlif sahələrdə əməkdaşlıq potensialının regionun istər geosiyasi, istərsə də iqtisadi baxımdan inkişafının hərəkətverici qüvvəsinə çevrilməsi mümkündür.

 

Birgə plan

Ciddə sammitinin əsas nailiyyəti «Strateji dialoq və əməkdaşlıq üzrə birgə fəaliyyət planı»nın qəbuludur. 2023-2027-ci illəri əhatə edən plan iqtisadiyyat, ticarət, təhsil, turizm, təhlükəsizlik və mədəniyyət sahələrini əhatə edir. Amma sənəddə əsas diqqət, əlbəttə ki, məhz iqtisadi sahəyə yönəldilib.

Qeyd edək ki, KƏŞ ölkələrindən MA-ya investisiya axını artıq ötən ildən əhəmiyyətli dərəcədə artıb. Səudiyyə Ərəbistanının investisiyalar naziri Xalid Əl-Falih bildirib ki, Mərkəzi Asiya regionunda turizm, bərpa olunan enerji mənbələri və su-elektrik stansiyaları, kənd təsərrüfatı və səhiyyə kimi sahələrdə böyük investisiya imkanları var. Buraya nüvə enerjisi, kosmik sahə və strateji logistikanı da əlavə etmək olar. Odur ki, təsdiqlənmiş sənəd birgə investisiya layihələrinin hazırlanmasını, qarşılıqlı ticarətin stimullaşdırılmasını, sahələrarası kooperasiya, ərzaq və enerji təhlükəsizliyi kimi istiqamətlərdə işçi qrupların yaradılmasını nəzərdə tutur.

Bərpaolunan enerjinin əldə olunması və istifadəsi, ümumilikdə ətraf mühitin mühafizəsi sahəsində də əməkdaşlığa qərar verilib. Sammitdə enerji təhlükəsizliyinin təmini, ərzaq tədarükü sahəsində qlobal zəncirin möhkəmləndirilməsi üçün səylərin artırılması çağırışları da səsləndirilib.

Bundan başqa, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun ilin sonunadək MA və Fars körfəzinin ərəb ölkələri arasında birgə Ticarət Palatasının yaradılması ilə bağlı konkret təklifi də qəbul edilib. Eyni zamanda Özbəkistanın «Körfəz-Mərkəzi Asiya» vizasız turizm məkanının yaradılması təklifi müzakirə olunub.

KƏŞ regional, hökumətlərarası, siyasi və iqtisadi məşvərətçi orqandır. O, Ərəb Dövlətləri Liqası ilə yanaşı, ən ciddi formatlardan biridir. KƏŞ-in nüfuzu regionla bağlı logistika planlarında əhəmiyyətli rol oynayır. Bölgə logistikasında müxtəlif variantlar mövcuddur və görünən odur ki, əməkdaşlığın gücləndirilməsində əsas hədəf məhz budur.

Mərkəzi Asiya isə Avropa, Yaxın Şərq, Şərqi və Cənubi Asiyanın arasında yerləşməklə, vacib geosiyasi mövqeyə malikdir. O, minilliklər ərzində Avrasiya qitəsində Şərq-Qərb ticarətinin aparıcı istiqamətlərindən olub. Beynəlxalq arenada baş verən son hadisələr fonunda bu regionun rolu getdikcə daha da artır. Üstəlik, indi burada ABŞ, Aİ, Rusiya, Çin, həmçinin İran, Hindistan, Pakistan və Türkiyə kimi nəhənglərin maraqları kəsişir. Onların bəzilərinin maraqları üst-üstə düşürsə, digərləri ciddi rəqabət içərisindədir. Odur ki, burada çox qarışıq ittifaqlar və maraqlar şəbəkəsi mövcuddur.

 

Birlikdə, yoxsa ayrı-ayrı?

Bəzi ekspertlərin fikrincə, MA ölkələri nəhəng oyunçular – Rusiya, ABŞ, Çin və Aİ-nin təsirini tarazlaşdırmaq üçün nüfuzlu regional fövqəldövlətlərlə, onların GCC kimi ittifaqları ilə əlaqələrin gücləndirilməsinə ehtiyac duyurlar. Bununla yanaşı, maraqlıdır ki, C5 ölkələrinə yanaşma forması ilə bağlı fikirlər müxtəlifdir: onlara ayrıca regional vahid kimi yanaşılmalıdır, yoxsa hər bir ölkə ilə ikitərəfli münasibətlərə üstünlük verilməlidir?

Qeyd edək ki, 5 Mərkəzi Asiya respublikasının ümumi ərazisi Hindistan ərazisindən böyük, onların ümumilikdə əhalisinin sayı isə 75 milyondan çoxdur. Bundan başqa, postsovet Mərkəzi Asiyası dünyanın ən böyük müsəlman regionlarındandır. Dünya getdikcə MA-nı ayrıca vahid sayır və artıq ona Rusiyanın «arxa qapısı» kimi baxmır. Bölgə özü də müstəqilliyə can atır və prinsipcə, daxildə sabitliyə də nail olunub. Üstəlik, "beş plyus" formatı artıq müxtəlif vaxtlarda Vaşinqton, Brüssel, Pekin və Moskva tərəfindən sınaqdan keçirilmişdi.

Başqa ekspertlər isə bildirirlər ki, MA ölkələrinə vahid blok kimi yanaşmaq tezdir, çünki onların arasında çoxsaylı fikir ayrılıqları, həllini gözləyən problemlər var. Bütün bu fikirlər eyni dərəcədə doğrudur. Sonuncu məqama gəlincə, qeyd etmək lazımdır ki, iqlim dəyişikliyinin nəticələri (xüsusilə sudan istifadə və səhralaşma) ərzaq və enerji təhlükəsizliyi, terrorçuluq və narkotrafik kimi problemləri təkbaşına həll etmək mümkün deyil. Yeri gəlmişkən, Mərkəzi Asiya ölkələri başçılarının ənənəvi illik sammitinə bu kontekstdə xüsusi diqqət yetirmək lazımdır.

 

Digər oyunçular

Ərəb monarxiyalarının Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığına, əlbəttə ki, regiondakı digər oyunçulardan ayrı baxmaq olmaz. Onların iqtisadi baxımdan ən güclüsü təbii ki, Çindir. Hazırda görünən odur ki, Pekinlə ərəb ölkələri «eyni ələ oynayırlar». Məsələ ondadır ki, Çinin hansısa prosesdə iştirakı artıq gəlir zəmanətidir. Bunu ərəb ölkələri də anlayır və bu üzdən belə qüdrətli sığortanın əleyhinə deyillər. Mayda Sian şəhərində «Çin-Mərkəzi Asiya» sammiti keçirilib və orada nəqliyyat dəhlizlərinin yaradılması, enerji və yüksək texnologiyalar, ərzaq təhlükəsizliyi sahələrində münasibətlərin gücləndirilməsi qərara alınıb.

Qərb ölkələri və Rusiya ilə münasibətlərə gəlincə, onu bir çox amil müəyyənləşdirir – coğrafi, tarixi, iqtisadi və s. Hazırkı dönəmdə bu mənada ən əsas amil isə əlbəttə ki, Ukrayna məsələsidir. Mərkəzi Asiyada qüvvələr nisbətinin gələcəyi həm də Dneprdə baş verənlərdən asılıdır.

Nəhayət, regionda Türkiyənin rolu getdikcə artır. Burada Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın mədəniyyət və dil baxımından türk dövlətləri olduğunu, Türk Dövlətləri Təşkilatında yer aldıqlarını nəzərə almaq vacibdir. Odur ki, bu təşkilatla GCC arasında sammitin təşkili də tamamilə mümkündür. Yeri gəlmişkən, GCC-C5 sammitindən bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrinə səfər edib. Bunun təsadüf olub-olmadığını söyləmək çətindir.

GCC-C5 formatında növbəti görüş gələn il Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək. Bu, həm də kökləri əsrlərə gedib çıxan iqtisadi, mədəni və dini əlaqələr baxımından rəmzi məna daşıyır. Səmərqənd İrək Yolunun ən vacib şəhərlərindən olub və ola bilsin ki, Mərkəzi Asiya üçün yeni dövrün əsası da məhz bu şəhərdə qoyulacaq.

Bu regiona beynəlxalq marağın artacağına şübhə yoxdur. Bunu onun əhəmiyyətli təbii resursları və əlverişli geostrateji mövqeyi diktə edir.



MƏSLƏHƏT GÖR:

94