24 Noyabr 2024

Bazar, 05:11

SÜLHƏ APARAN YOL

Azərbaycan Ermənistana və separatçılara doğru yola qayıtmalarını təklif edir

Müəllif:

01.08.2023

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yol strategiyası ekspertlərin diqqətində olmayıb. Lakin erməni işğalından azad olunmuş ərazilərdə tez bir zamanda yolların çəkilməyə başlaması, bu işin sürəti və strateji baxımdan yaxşı düşünülmüş olması diqqətləri ona cəlb edib.

2022-ci ilin oktyabrında erməni səhra komandiri Serob Qasparyanın İrəvanın «Qraparak» qəzetində yer almış açıqlamasında deyilirdi: «Onlar (azərbaycanlılar – red.) çətin tikinti işləri aparır, yeni yollar çəkir. Cermuk ətrafındakı bütün strateji yüksəkliklər Azərbaycanın nəzarətindədir». Qasparyan fikirlərini belə davam etdirib: «Onlar aparıcı mövqelərə gedən yolları qısa zamanda bərpa edib, elə keyfiyyətli yollar çəkiblər ki, bu dağlara mülki minik avtomobili ilə də getmək mümkündür. Onlar öz əsgərlərini düşünərək səngərlər qazır, müdafiə üçün miqyaslı dəmir-beton materiallardan istifadə edir, qarışqa kimi işləyirlər».

Müxalifətçi Ermənistan Respublika Partiyasının rəhbəri Armen Aştyan isə azad olunmuş yollarda çəkilən yeni yolların coğrafiyasını belə qiymətləndirib: «Azərbaycan bizi yollarla boğmağa hazırlaşır».

Postmüharibə nizamlanmasının indiki mərhələsində siyasətçilər, ekspertlər və müşahidəçilərin diqqətində olan məhz yollar və logistikadır. Azərbaycan Qarabağ ermənilərinə humanitar yüklərin Bərdə-Ağdam-Xankəndi yolu ilə daşınmasında israr edir. Ermənistan tərəfi isə Laçın dəhlizindən başqa heç nə haqda eşitmək istəmir, bu yolla «insanların və yüklərin maneəsiz hərəkətinin təmin olunmasını» tələb edir.

 

«Öz istəyi ilə blokada»

Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdə Qarabağla Ermənistanı iki yol birləşdirib: Xankəndi-Şuşa-Laçın-Gorus və Ağdərə-Kəlbəcər-Basarkeçər. 44 günlük müharibədən az əvvəl Nikol Paşinyan üçüncü yolun – o zaman hələ işğal altında olan Cəbrayıl vasitəsilə İran sərhədi boyunca yeni magistralın çəkiləcəyini bəyan etmişdi. Müharibədən sonrakı ilk həftələr və aylarda isə erməni tərəfi yalnız Laçın dəhlizinə deyil, həm də Ağdərə-Kəlbəcər-Basarkeçər marşrutuna xüsusi status verməyə çalışırdı. Onların Rusiya sülhməramlılarının nəzarətinə verilməsi belə, təklif olunurdu. Lakin gözlənildiyi kimi, bütün bu planlar elə plan, daha dəqiqi, xəyali layihə olaraq qaldı.

Laçın yolu müəyyən vaxta qədər Rusiya sülhməramlılarının nəzarəti altında «xüsusi rejim»də fəaliyyət göstərib. Lakin 2023-cü ilin aprelində Azərbaycanın səbri tükənib. Rəsmi Bakı dünyanı dəfələrlə oyunçuların diqqətini bu yoldan nəzərdə tutulmayan məqsədlər üçün istifadə olunduğuna çəkməyə çalışmışdı. Halbuki 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, o, yalnız humanitar yüklərin daşınması üçün nəzərdə tutulmuşdu. Reallıqda isə Laçın yolu ilə minalar, silah-sursat, erməni çağırışçılar, talan olunan filiz daşınır, Fransa prezidentliyinə namizəd Valeri Pekressin Xankəndiyə səfəri təşkil olunurdu.

Məhz bu hallara cavab olaraq, sonda Azərbaycan Həkəri çayı üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsi qurub. Amma bundan dərhal sonra Xankəndidə «blokada», «aclıq» və s. haqda hayqırtılar başlayıb. Amma orada keçirilən ziyafətlərin, pikniklərin, restoranlarda təşkil olunan məclislərin sosial şəbəkələrdə yayılan fotoları ermənilərin yaratmaq istədikləri mənzərəni korlayıb.

Nəhayət, Azərbaycan ortaya qəti və aydın mövqe qoyub: Qarabağa humanitar yüklər Bərdə-Ağdam-Xankəndi yolu ilə daşınmalıdır! Separatçılar buna qəti etiraz edir və baş verənləri avtomatik olaraq, «öz istəyi ilə blokada»ya çevirir.

 

Diplomatik yeniliklər

Ola bilsin ki, Xankəndidə beynəlxalq ictimaiyyətin rəsmi Bakının «əl-qolunu bağlayacağına» ümid edirdilər. Lakin son hadisələr göstərir ki, Azərbaycan həm Avropa, həm də Rusiya meydanlarına yolu aça bilib.

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında növbəti görüş keçirilib. Görüşün yekunlarına dair açıqlamanı ənənəvi orlaraq, Mişel verib. O, ərazi bütövlüyünə, suverenliyə, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasına hörmətdən bəhs edib. Humanitar yüklərin daşınmasına gəlincə, Şarl Mişel Ağdam yolunu xatırlatmaqla, erməni isteblişmentinə şok yaşadıb. «Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Eyni zamanda Azərbaycanın humanitar yükləri eyni dərəcədə Ağdam vasitəsilə ötürməyə hazır olduğunu da qeyd etdim. Hər iki variantı vacib sayıram. Əhalinin tələbatının ödənilməsi üçün hər iki tərəfi humanitar yüklərin tədarükünə təşviq edirəm», - deyə o, bildirib. Ermənistan gah özünü elə aparır ki, sanki Mişel belə söz deməyib, gah da onu bütün ağır günahlarda ittiham edirlər.

İyulun 25-də isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Moskvada bir araya gəliblər. Bu yerdə Ermənistan nəzəri baxımdan yol revanşına ümid edə bilərdi. Hər halda, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır, Kreml isə sanki onu Qarabağla Ermənistan arasında yeganə yol kimi saxlamaqda maraqlı olmalıdır. Amma Azərbaycan burada da öz mövqeyini əminliklə ortaya qoyub.

Bütün bunların fonunda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bəyanat yayaraq, humanitar yüklərin yalnız Laçın deyil, həm də Ağdam yolu ilə daşınmasına çağırış edib. Bu isə artıq erməni tərəfi üçün əsl diplomatik fiasko idi.

 

«Yol» yazılır, «reinteqrasiya» oxunur

Ağdam yolu Azərbaycan üçün yalnız daşınan yüklərə etibarlı nəzarətin təmini məsələsi deyil. Yüklərin tədarükü Qarabağ ermənilərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial həyatına reinteqrasiyası prosesinin bir hissəsidir. Prezident İlham Əliyev də «4-cü Sənaye İnqilabı dövründə Yeni Media» mövzusunda keçirilmiş Şuşa Qlobal Media Forumunda məhz bundan bəhs edib: «Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, bizim gücümüz də bundadır. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Nə üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir, bu, mənə də tam aydın deyil. Bax, bizim yanaşmamız belədir. Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər. Onların reallıqları anlaya bilməsi və barışması üçün bir neçə mərhələ olub».

Amma görünən odur ki, qarşı tərəfdə reallıqla barışmağa heç də hamı hazır deyil. Xüsusilə diplomatik məğlubiyyətlər silsiləsi fonunda. Bu mənada, Şuşada təşkil olunmuş Qlobal Forum da Ermənistan rəhbərliyi üçün ciddi sarsıntı olub. Onların forumda bağlı KİV-də, «Telegram» kanallarında qaldırdıqları isterika bünün sübutudur. Biz ermənilərin belə hallarda təxribatlara əl atmalarına vərdiş etmişik. Bu dəfə də istisna olmayıb. İrəvan «humanitar yük»lərlə dolu yük maşınlarından ibarət kolonna hazırlayaraq, onları «Laçın» sərhəd-buraxılış məntəqəsinə göndərib. Amma bu, Azərbaycanla razılaşdırılmadan edilib. Ermənilər bu şounu izləmələri üçün avropalı müşaşidəçiləri də hadisə yerinə cəlb edib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xarici diplomatlarla görüşdən sonra məhz bununla əlaqədar olaraq, «Twitter» hesabında aşağıdakı fikirləri yazıb: «Yalnız Laçın yolundan istifadə olunmasına israr etmək, Ağdam yolunu isə bağlamaq, onu siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı dəqiq mesajlar verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!»

Bəli, bu, həqiqətən, belədir. Oyun, həqiqətən, bitib.



MƏSLƏHƏT GÖR:

97