24 Noyabr 2024

Bazar, 04:31

GÜRCÜ PARÇALANMASI

«Gürcü arzusu» hökuməti ilə prezident Salome Zurabişvili arasında münaqişə böyüyür

Müəllif:

15.09.2023

Gürcüstanda «Gürcü arzusu – Demokratik Gürcüstan» partiyasının timsalında hökumət və hakim güc ilə prezident Salome Zurabişvili arasında münaqişə qızışır. Hökumət prezidentə impiçmentin elan olunması proseduruna start verildiyini belə, bəyan edib, lakin görünən odur ki, bu təşəbbüsün uğur qazanma şansı o qədər də yüksək deyil.

 

Mübahisə doğuran ziyarətlər

İmpiçment qərarına səbəb prezident Zurabişvilinin hökumətlə razılaşdırmadan Avropa turnesinə çıxması olub. Turne çərçivəsində o, Almaniya və Fransaya səfər edib, müvafiq olaraq, prezidentlər Frank-Valter Ştaynmayer və Emmanuel Makronla görüşüb, Brüsseldə isə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişeli lə danışıqlar aparıb. Zurabişvili bu görüşlərdə Gürcüstanın Aİ-yə inteqrasiyası, ilk növbədə, bu Cənubi Qafqaz ölkəsinə Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi məsələsi olub və dövlət başçısı ilə «Gürcü arzusu» hökuməti arasında əsas mübahisəni də bu yaradıb. Hökumət prezidentə itaətsizlik göstərib.

İndi hökumət prezident Zurabişvilini ölkə Konstitusiyasını kobud şəkildə pozmaqda günahlandırır. Baş nazir İrakli Qaribaşvili deyib: «Bizim Konstitusiyamızda yazılıb ki, ölkənin daxili və xarici siyasətini Gürcüstan hökuməti həyata keçirir və o, bəzi hallarda bu funksiyanın icrasını prezidentə həvalə edə bilər. Prezident Avropaya hökumətilə razılaşdırmadan səfər etməklə nümayişkaranə şəkildə Konstitusiyanı pozub».

Baş nazir hökumətin Zurabişvilinin Avropa turnesinə «yox» deməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, səbəb dövlət başçısının bir neçə ay əvvəl Gürcüstanın ali icra hakimiyyəti orqanını açıq şəkildə ittiham etməsidir. Prezident onu ölkənin Aİ-yə üzvlüyü üçün statusun əldə edilməsi öhdəliyini yerinə yetirməməkdə təqsirləndiribmiş. «Prezident onu da demişdi ki, ötən il Gürcüstan bu statusu almağa layiq olmayıb. Belə bəyanatlardan sonra prezidentə hansısa səlahiyyətlərin verilməsi doğru olmazdı», - deyə Qaribaşvili bildirib.

Hakim partiyanın start verdiyi impiçment proseduru Konstitusiya Məhkəməsinə müvafiq müraciətin olunmasını nəzərdə tutur. Lakin qərar 150 yerlik parlamentin ən azı 50 deputatı tərəfindən dəstəklənməlidir. Konstitusiya Məhkəməsi dövlət başçısının ali qanunun tələblərini pozduğunu təsdiqləyərsə, parlament ali məhkəmə orqanının qərarını müzakirəyə çıxaracaq. Bu zaman isə impiçmentin elan olunmasına 100 parlamentari «hə» deməlidir.

Bunun baş verib-vermədiyi oktyabrın əvvəlində məlum olacaq. Nəzərə alsaq ki, parlamentdəki çoxluq 84 mandata sahibdir, müxalifətin dəstəyi olmadan Zurabişviliyə impiçmentin elan edilməsi mümkün deyil. Odur ki, «Gürcü arzusu» artıq müxalifətçi deputatlarla bu istiqamətdə müzakirələrə başlayıb.

 

Deyəsən, müxalifət imkan verməyəcək

Gürcüstan müxalifəti prezidentin hakimiyyətdən kənarlaşdırılması məsələsində hakim partiyanın yanında yer almayacağını bildirir. Amma bu, «Gürcü arzusu»nu prosedura başlamaq fikrindən daşındırmır. «Radikal müxalifətin dəstəyi olmadan bu qərarın qəbulu mümkün deyil», - deyə «Gürcü arzusu»nun sədri İrakli Kobaxidze etiraf edib: «Buna baxmayaraq, biz prosedura başlamaq haqda qərar qəbul etmişik».

Bu arada, KİV-də Almaniya İctimai Televiziya və Radio Yayımları Şirkətinə istinadən yayılmış xəbərə görə, müxalifətçilər Zurabişviliyə ultimatum veriblər. Məlumata görə, onlar təxminən iki ildir həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin əfv edilməyəcəyi təqdirdə «Gürcü arzusu»nun arzusunu gerçəkləşdirməsinə dəstək verəcəklərini bildiriblər. Bəzi müxalif deputatların açıqlamaları prezidentə, həqiqətən də, belə bir təzyiqin olduğunu düşünməyə əsas verir. Məsələn, məlumata görə, əsasını Saakaşvilinin qoyduğu, bu gün ölkənin əsas müxalifət partiyası olan «Vahid Milli Hərəkat»ı təmsil edən deputat Anna Setelidze deyib: «Biz hesab edirik ki, Salome Zurabişvili özünü ölkənin Avro-Atlantik məkana inteqrasiyası kursunun müdafiəçisi kimi göstərirsə, müasir dövlətimizin qurucusu olan Mixail Saakaşvilini anlamalı və əfv etməlidir».

Lakin «Vahid Milli Hərəkat» Zurabişvili hər hansı danışıqların aparılmadığını, bununla yanaşı, impiçment qərarını dəstəkləməyi düşünmədiklərini bildirir. Elə həmin Setelidze deyib ki, «Zurabişvilinin impiçmenti məsələsinin Mixail Saakaşvilinin əfvi ilə əlaqələndirilməsi absurddur».

Müxalifətlə prezident arasında Saakaşvili ilə bağlı hər hansı razılaşmanın əldə oluna biləcəyinə hakim partiya da inanmır. «Gürcü arzusu» fraksiyasının lideri Mamuka Mdinaradzenin fikrincə, Zurabişvili Saakaşvilini «sadəcə, impiçmentlə üzləşməmək üçün əfv edərsə», bu, onun üçün «tarixdə görünməmiş siyasi intihar olacaq». «Bu halda belə çıxacaq ki, ölkə başçısı impiçmentə dəstək veriləcəyinə dair hədə aldığı üçün hansısa cinayətkarı əfv edir», - deyə fraksiya rəhbəri qeyd edib.

Lakin bu cür müzakirələrin getməsi faktının özü göstərir ki, Saakaşvili Gürcüstanın daxili siyasətində hələ də ciddi amil olaraq qalır. Eks-prezident iyunun ortalarında siyasətə qayıtmaq qərarını açıqlayıb. Bunu «Vahid Milli Hərəkat»ın üzvü, Saakaşvilinin təmsilçisi qismində çıxış edən Sofo Caparidze də təsdiqləyib. Avqustun sonlarından isə o, sabiq dövlət başçısının seçki kampaniyasına başlayıb. Bu məqsədlə müxtəlif aksiyaların, regionlarda əhali ilə görüşlərin keçirilməsi planlaşdırılır. Bu, şübhəsiz ki, Gürcüstanda 2024-cü ildə keçiriləcək prezident və parlament seçkisi öncəsi daxili siyasi mübarizənin qızışacağını təsdiqləyir.

 

Qarşıdurmanın nüansları

Gürcüstanda hazırkı daxili siyasi vəziyyətin əsas amili hakim «Gürcü arzusu» partiyası ilə prezident Zurabişvili arasındakı qarşıdurmadır. Halbuki, o, uzun illər «Gürcü arzusu»na yaxın siyasi fiqur kimi tanınıb, prezident kürsüsünə də hakim qüvvənin və şəxsən onun yaradıcısı, faktiki lideri olan milyarder Bidzina İvanişvilinin dəstəyi ilə gəlib.

Salome Zurabişvili Fransada yaşayan gürcü siyasi mühacirlərin ailəsində doğulub (onun ata babası İvan Zurabişvili 1918-1921-ci illərdə Sovet İttifaqından əvvəlki müstəqil Gürcüstanın hökumətində yer alıb). O, təxminən 30 il Fransanın Xarici İşlər Nazirliyi sistemində diplomat kimi çalışıb. 2001-ci ildə Fransanın milli müdafiə baş katibliyinin beynəlxalq məsələlər və strategiya üzrə rəhbəri təyin edilib. Hazırkı prezident tarixi vətəninə düz 20 il əvvəl – 2003-cü ildə Fransanın Tbilisidəki səfiri kimi qayıdıb. 2004-cü ilin martında isə o, Gürcüstan vətəndaşlığını qəbul edərək, ölkənin xarici işlər naziri təyin edilib. O zaman ölkə başçısı Mixail Saakaşvili idi. Saakaşvili Zurabişvilini «Gürcüstanın heç zaman görmədiyi səviyyədə diplomat» sayırdı.

Lakin Saakaşvili ilə Zurabişvilinin siyasi ittifaqı cəmi ilyarım sürüb. 2005-ci ilin oktyabrında xanım siyasətçi o vaxtın hakim partiyası olan «Vahid Milli Hərəkat»ı sərt tənqid etdikdən sonra vəzifədən kənarlaşdırılıb. Zurabişvili Saakaşvilinin hakim partiyasını ölkədə «klan diktaturası» qurmaqda günahlandırırdı.

O vaxtdan iki siyasətçinin yolları ayrılıb. Zurabişvili müxalifətə keçib, 2018-ci ildə isə prezidentliyə müstəqil namizəd olsa da, hakim «Gürcü arzusu»nun dəstəyini alaraq, bu posta seçilib. Amma o, dövlət başçısı kimi, hakim partiya ilə də çox yola getməyib. Prezident seçildikdən təxminən bir il sonra Zurabişvili ilə hökumət və parlamentdəki çoxluq arasında ciddi fikir ayrılıqları yaranmağa başlayıb. Böhran pik həddinə bu il çatıb: Zurabişvili «xarici agentlər haqqında» qanunun qəbuluna qarşı çıxıb, «Gürcü arzusu»nun bu təşəbbüsünə qarşı keçirilən etiraz aksiyalarına açıq dəstək verib. Dövlət başçısının fikrincə, xalqın təzyiqi qarşısında, nəhayət, hökumət tərəfindən geri çağırılmış sözügedən qanun layihəsi Gürcüstanın Avropa İttifaqına üzvlük kursuna zidd idi. Çünki onun əsas maddələri Rusiyadakı analoji qanunun maddələri ilə üst-üstə düşürdü.

Ümumilikdə isə Zurabişvili ilə «Gürcü arzusu» hökuməti arasındakı ziddiyyətin kökündə Tbilisinin Rusiyaya münasibətinə yanaşma dayanır. Prezident hesab edir ki, Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən, Moskva Abxaziya və Sxinvali regionlarını «müstəqil dövlət» kimi tanımaq qərarını dəyişmədən, onunla ciddi əməkdaşlıq qurulmamalıdır. Onun bu mövqeyi Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Gürcüstan hökumətinin Aİ-nin Moskvaya tətbiq etdiyi sanksiyalara uyğun gəlməyən addımlar atması ilə daha da sərtləşib. Zurabişvili ölkəsinin anti-Rusiya sanksiyalarına qoşulmasını vacib sayırsa, hökumət və şəxsən baş nazir fərqli düşünür. Onlar hesab edirlər ki, Gürcüstanın ilk növbədə iqtisadi sahədə öz milli maraqlarından çıxış edərək, Qərbin Rusiyaya qarşı sərt addımlarını dəstəkləməməlidir. Bu məsələdəki fikir ayrılığı özünü ən açıq formada 2023-cü ilin mayında Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin bərpası zamanı göstərib. Gürcüstan hökuməti Moskvanın bu qərarını müsbət qarşılayıbsa, prezident baş verənləri «Rusiyanın növbəti təxribatı» kimi qiymətləndirib.

Baş verənlər Zurabişvilidə Tbilisinin Avro-Atlantik məkana inteqrasiyası kursunun davamlı tərəfdarı, «Gürcü arzusu» hökumətində isə Rusiyaya loyal siyasi qüvvə imici yaradıb. Amma bu yanaşmanı ilk növbədə, elə «Gürcü arzusu» hökumətinin özü inkar edir. Hökumət vətəndaşları Avropaya inteqrasiya kursuna sadiq olduğuna inandırmağa çalışır, prezident Zurabişvilini Tbilisinn qərbpərəst strategiyasına zərbə vurmaqda günahlandırır.

 

Avropanın səsi

«Gürcü arzusu»nun prezidentin Avropaya hökumətlə razılaşdırmadan etdiyi səfərə mənfi münasibəti də bunun Tbilisinin xarici siyasətinə mənfi təsir göstərə biləcəyilə əlaqələndirilir. Hər halda, rəsmi mövqe belədir. rusiyapərəst olduqlarına dair fikirləri rədd edən «Gürcü arzusu» təmsilçiləri Zurabişvilinin «qeyri-məhsuldar» fəaliyyətini belə izah edir ki, o, Aİ-nin Gürcüstana namizəd statusu verməməsi üçün əlavə səbəblər yaradır.

Dövlət başçısının özü, administrasiyası və ona yaxın dairələr isə hökumətin Zurabişvilinin Gürcüstanın Avropaya inteqrasiyası siyasətinə əsaslanan səfərlərinə mane olmasını qəbuledilməz sayır. Üstəlik, Zurabişvili bu səfərlər zamanı heç bir sənəd imzalamır, sadəcə, ölkəsinin Aİ-yə üzvlüyə namizəd statusu almasının vacibliyindən danışır.

Bəs Aİ? Baş verənlər orada necə qarşılanır? Görünən odur ki, Brüssel bu qarşıdurmada prezidentin tərəfindədir. Aİ bununla Gürcüstan hökumətinin istər daxili (ölkənin demokratikləşməsi üçün lazımi səylərin göstərilməməsi), istərsə də xarici (Tbilisinin sərt anti-Rusiya kursundan imtinası) siyasətindən müəyyən narazılıqlarının olduğunu təsdiqləyir.

Zurabişvilinin Brüssel səfəri zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ona «Gürcüstanla Avropanın yaxınlaşması üçün son dərəcə vacib addımlarına görə» minnətdarlıq edib. Üstəlik, o, bu «səylər»i Gürcüstanda «məhkəmə sistemi islahatları, korrupsiyanın aradan qaldırılması və dövlətin oliqarxları idarə etməsi» işlərinin «davam etdirilməsi zərurəti» ilə əlaqələndirib.

Gürcüstanda baş verənlər haqda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel də birmənalı danışıb. Tbilisiyə ilk dəfə rəsmi səfər edən Borrel bildirib ki, «prezidentə impiçmentin elan olunması vəziyyəti daha da qarışdıracaq, qütbləşməni dərinləşdirəcək riskli addımdır». O, Brüsselin tələbləri üzərində xüsusi dayanıb ki, bu da elə Zurabişvilinin mövqeyi ilə üst-üstə düşür.

«Ölkə Aİ üzvlüyünə namizəd statusuna ciddi islahatlar sayəsində layiq olmalıdır», - deyə Avropa diplomatiyasının başçısı qeyd edib: «Avropa İttifaqı Gürcüstan da daxil olmaqla, beynəlxalq tərəfdaşlarından Rusiyanın təcridini gücləndirmələrini gözləyir. Ukrayna müharibəsinə görə, belə olmalıdır».

Brüsselin Zurabişviliyə dəstəyini Gürcüstan prezidentinə impiçmentin elan olunması ehtimalını azaldan daha bir vacib amil saymaq olar. Qərbin, eyni zamanda daxili elektoratın kifayət qədər ciddi dəstəyini hiss edən prezident impiçment qərarının parlamentdən keçməyəcəyinə əmin görünür. Hər halda, o, bədxahları istefaya «gedəcəyilə bağlı arzularını unutmağa» çağırıb. Demək, prezident «Gürcü arzusu» ilə qarşıdurmanı davam etdirmək əzmindədir. Hakim qüvvə isə qarşıdan gələn seçkidə dövlət başçısı postuna daha sərfəli namizəd axtaracaq.



MƏSLƏHƏT GÖR:

93