24 Noyabr 2024

Bazar, 01:46

KƏSKİNLƏŞMƏ BUCAĞI

Priştina yenə Belqradı regionda vəziyyəti qarışdırmaqda təqsirləndirir

Müəllif:

15.10.2023

Avropa son onilliyin ən qeyri-sabit dövrünü yaşayır – iqlim dəyişikliyinin fəsadları, Ukrayna müharibəsi, Asiya və Afrikadan bitmək bilməyən miqrant axınının yaratdığı böhran. Belə bir vəziyyətdə Avropa İttifaqı üçün Balkan regionundakı vəziyyət xüsusi təhdid yaradır – Belqradla Priştina arasında münaqişə yenidən qızışıb.

 

Hər şey çox yaxşı başlamışdı

Bu il fevralın sonunda Serbiya ilə Kosovo Brüssellə Vaşinqtonun diqqətlə işləyib hazırladığı kompromis təkliflə, demək olar ki, razılaşmışdılar. 11 maddədən ibarət sənəddə deyilir ki, tərəflər qarşılıqlı olaraq bir-birinin milli rəmzləri və sənədlərini tanıyır. Razılaşmaya əsasən, Serbiya Kosovonun BMT də daxil olmaqla, beynəlxalq qurumlara qəbuluna «yaşıl işıq» yandırmalı, Kosovo isə öz növbəsində, ərazisində Serb İcmaları Assosiasiyasının (serblərin çoxluq təşkil etdiyi doqquz bələdiyyədə onların problemlərilə məşğul olmaq istəyir) fəaliyyətinə imkan yaratmalı, orta əsrlərə aid çoxsaylı serb kilsə və monastırlarının müdafiəsinə zəmanət verməli idi. Lakin heç nə alınmayıb. Nəticədə, Priştina yenə Belqradı regionda vəziyyəti qarışdırmaqda, konkret desək, Kosovonun əsasən etnik serblərin yaşadığı şimal hissəsini ilhaq etməkdə günahlandırır.

Priştina ilə Belqrad arasındakı gərginliyi Avropa Siyasi Birliyinin bu günlərdə Qranadada keçirilən sammitində də azaltmaq mümkün olmayıb. Kosovo prezidenti Vosa Osmani bildirib ki, Belqrada sanksiyalar tətbiq olunmazsa, o, serbiyalı həmkarı Aleksandr Vuçiç ilə heç bir danışıq aparmayacaq.

Kosovo Serbiyadan müstəqilliyini 2008-ci ildə elan edib və beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınıb. Amma onun müstəqilliyini tanımayan dövlətlər də var – Serbiya, Çin, Rusiya və daha bir neçə ölkə. Kosovoda yaşayan 1,8 milyonluq əhalinin 92%-i alban, yalnız 6%-i etnik serbdir. Yəni müxtəlif hesablamalara görə, orada 50-120 min arası serb yaşayır. Onların əksəriyyəti, xüsusilə Serbiya sərhədinə yaxın ərazilərdə yaşayanlar Belqrada sadiqlik nümayiş etdirir. Kosovonun məhz bu hissəsində mütəmadi iğtişaşlar baş verir, etiraz aksiyaları keçirilir, bəzi hallarda zorakılıq halları yaşanır. Belqrad Kosovonun müstəqilliyi ilə bir neçə il əvvəl barışsa da, de-yure onu tanımır. Amma onun faktiki olaraq, vəziyyətlə barışması tərəflər arasında əsasən Aİ-nin vasitəçiliyi ilə danışıqların aparılmasına imkan verir. Bəla ondadır ki, uzun illərdir davam edən danışıqlarda heç bir nəticə əldə olunmayıb və olunmur. Görünən odur ki, bu münaqişədə zorakılıq hallarına nə qədər çox yol verilirsə, tərəflərdə bir-birinə inamsızlıq, hətta nifrət o qədər artır. Nəticədə, kompromisə gəlinməsi şansı azalır. Kompromisin əsasını isə əlbəttə ki, Serbiyanın Kosovonu müstəqil dövlət kimi tanıması, orada yaşayan serblərə isə hansısa formada müxtariyyətin verilməsi təşkil edə bilər. Problemin bu formada davam etməsi, təbii ki, bütünlükdə Avropa üçün ciddi fəsadlara yol aça bilər.

 

Yeni insident

Tərəflər arasında son və ən ciddi toqquşma sentyabrın sonunda Zveçan bələdiyyəsinin Banska kəndi yaxınlığında baş verib. Serbiya tərəfinin versiyasına görə, «Priştinanın Kosovo-alban hökumətinin terroru Kosovo və Metoxiya serblərini müqavimətə məcbur edib».

Sentyabrın 24-nə keçən gecə Kosovo serbləri barrikada məqsədilə yolda iki yük maşını saxlayıblar. Polisin maşınları yoldan çəkmək cəhdi toqquşmaya səbəb olub. Serbiya prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, o, hadisələrin bu cür inkişaf edə biləcəyinə dair xəbərdarlıq edibmiş. «Bu baş verdi və serblər qəzəbləndilər», - deyə dövlət başçısı qeyd edib. Vuçiç bildirib ki, həlak olmuş şəxslər terrorçu deyil, sadəcə Priştinanın alban hökuməti «onları özündən çıxarıb».

İnsident nəticəsində həlak olmuş şəxslərin dəfn mərasiminə minlərlə insan qatılıb. Məlumata görə, alban polisi matəm kortejindəki maşının birini saxlayıb, maşında olan bir serbi düşürərək, naməlum istiqamətdə aparıb. «Priştinanın həbsi icra etmək üçün seçdiyi an Kurti və onun ekstremistlərinin niyyətini göstərir: serbləri yalan ittihamlarla həbs etmək, döymək, milli zəmində təhqir etmək, onlara zülm vermək, onları öz ev-eşiklərindən və Kosovonun şimalından, Mexoatiyadan çıxmağa vadar etmək, bununla da bölgəni serblərdən təmizləmək», - deyə Serbiya hökuməti yanında Kosovo və Mexotiya üzrə dəftərxanada bildiriblər.

Priştinanın versiyası isə fərqlidir. Onlar «cinayətkar serblərdən ibarət qrup»un Banska kəndi yaxınlığında polisə hücum etdiyini, nəticədə bir asayiş keşikçisinin həyatını itirdiyini bildirirlər. Məlumatda deyilir ki, daha sonra silahlı şəxslər Banska monastırı ərazisində barrikada qurublar, nəticədə Kosovo polisi reydə başlamalı olub. Bununla da, atışma başlayıb və 4 serb həyatını itirib. Kosovo Daxili İşlər Nazirliyindən bildiriblər ki, Banska monastırı yaxınlığındakı yaşayış obyektlərindən, həmçinin bu istiqamətdə hərəkət edən avtomobillərdən külli miqdarda silah-sursat tapılıb. Baş nazir Albina Kurti isə deyib ki, Kosovo hökuməti serblərin Banska kəndini ələ keçirmək planını əks etdirən sənədlər əldə edib. Üstəlik, bu, regionda planlaşdırılan onlarla təxribatdan yalnız biridir. Kurti bildirib ki, Belqrad bir sıra obyektlərin koordinasiyalı şəkildə ələ keçirilməsi ilə Kosovonun şimalını ilhaq etmək niyyətində imiş. «Serbiyada dəhlizin yaradılması silah və xanlı qüvvənin daşınmasına imkan yaratmalı idi», - deyə Kosovonun baş naziri «X» sosial şəbəkəsində yazıb.

Banskadakı atışmadan sonra Belqrad Kosovo ilə sərhədə əlavə qoşun və ağır texnika göndərib, bu isə təbii olaraq, Qərb ölkələrinin mənfi reaksiyasına səbəb olub. ABŞ Serbiyanı öz qüvvələrini geri çəkməyə çağırıb. Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Belqradın addımlarını «sabitliyin pozulmasına yönəlmiş əməl» adlandırıb. O bildirib ki, hücum «çox yaxşı hazırlanıbmış», çünki orada 20 ədəd texnika, ordu hissələri, hərbi avadanlıqlar və təlim keçmiş insanlardan istifadə edilib.

Serbiya lideri bu ittihamlara «Financial Time» nəşrinə müsahibəsində cavab verib. O, orduya Kosovo ilə sərhədi keçmək əmri verməyi düşünmədiyini, Belqradın eskalasiyada maraqlı olmadığını söyləyib. Bununla yanaşı, Serbiya lideri qoşunların bir hissəsinin sərhəddən geri çəkildiyini deyib, NATO kontingentini bölgənin şimalında təhlükəsizliyin təminini öz üzərinə götürməyə çağırıb. Sonradan məlum olub ki, Şimali Atlantika Alyansının Kosovoda yerləşdirilmiş, KFOR kimi tanınan sülhməramlı qüvvələri «mövcudluğunu gücləndirir». NATO-nun baş katibi Yens Stoltenberq alyansın KFOR kontingentini gücləndirmək niyyətini təsdiqləyib, bunun hərbçilərin vəziyyətə nəzarətin öhdəsindən gələ bilməsi üçün vacib olduğunu bildirib.

 

İndi hər şey ola bilər?

Qeyd olunmalıdır ki, hər yeni gərginlik zamanı Serbiya qoşunları Kosovo ilə inzibati sərhədə doğru hərəkət edir. Aydındır ki, Serbiya daha qəti addımlar atmaq gücündə deyil. Hər halda o, NATO ilə döyüşə bilməz və döyüşməyəcək. Amma burada arxayınlaşmağa imkan verməyən ən azı iki məqam var. Birincisi, ümumilikdə beynəlxalq vəziyyətin qarışıq olduğu indiki dövrdə sanki hər şey mümkündür. Yəni Serbiyanın ən qatı addımlar ataraq Kosovonun şimalındakı serb əhalinin arxasında dayanacağı, bu zaman bütün mümkün fəsadları gözə alacağı tam istisna olunmur.

İkincisi, baş verənlər miqyaslı müharibənin başlayacağını deməyə əsas verməsə də, dinc yaşayışı da mümkünsüz edir, bununla da Brüsseli və ümumilikdə beynəlxalq birliyi gərginlikdə saxlayır. Üstəlik, müasir dünyada proksi müharibə aparmaq imkanları getdikcə təkmilləşir. Münaqişədən üçüncü tərəfin maraqlarına uyğun istifadə olunması ehtimalı hər zaman mövcuddur. Məsələn, Qərbin bəzi icmalçıları baş verənlərdə qatı ultramillətçi serblərin əlini görür. Söhbət Moskva ilə sıx bağlı olan qüvvələrdən gedir. Qərbli müşahidəçilər hesab edirlər ki, indiki vəziyyətdə «Qərbin diqqətinin Ukraynadan yayınması Moskva üçün çox vacibdir».

Yeri gəlmişkən, Rusiya XİN Kosovoda vəziyyətin gərginləşməsini «tanınmamış respublikanın baş naziri Albila Kurtinin regionda serblərə qarşı etnik təmizləmə aparmaq niyyətinin birbaşa nəticəsi» sayır. Nazirlik rəsmisi Mariya Zaxarova deyib ki, Kurti vəziyyəti qarışdırmaqla Qərbin Serbiya rəhbərliyinə təzyiqləri artırmasına nail olmaq istəyir, məqsəd isə Belqradın Kosovonun müstəqilliyini tanımağa məcbur edilməsidir. «Onlar davamlı olaraq odla oynayırlar və bu, bütünlükdə Balkan regionu üçün ciddi təhlükə yaradır», - deyə Zaxarova qeyd edib.

Digər yandan bəzi Qərb KİV baş verənlərdə şimalda üstün mövqeyə malik olan, «Serb siyahısı» partiyası sədrinin müavini Milan Radoiçiçin roluna diqqət çəkir. Guya o, Vuçiçin təsir dairəsindən çıxmaq istəyir və bütün yaşananlara məhz bu rakursdan baxılmalıdır. Bu isə prosesə daha bir çalar əlavə edir.

İstənilən halda, əsas amil Serb İcmaları Assosiasiyasının yaradılması məsələsidir və bu gündəmdədir. Sanki burada növbəti sözü Avropa İttifaqı deməlidir. Razılığa gəlinməsi üçün Brüssel hər iki tərəfə təzyiqi artırmalıdır. Bəs Aİ sözünün eşidilməsi üçün kifayət qədər rıçaqa malikdirmi?



MƏSLƏHƏT GÖR:

106