24 Noyabr 2024

Bazar, 01:30

DOST, YOXSA DÜŞMƏN?

Moskva ilə İrəvan arasında nə baş verir?

Müəllif:

15.10.2023

SSRİ-nin dağılmasından keçən illərdə Cənubi Qafqazın geosiyasi arxitekturası möhkəmlənib. Onun haqqındakı təsəvvürlərə görə, Gürcüstan Aİ və NATO-ya üzv olmaq niyyətini rəsmən bəyan etməklə, Qərbə inteqrasiya yolunu speçib, Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan müstəqil siyasət yürüdərək istər Moskvanın, istərsə də Brüsselin inteqrasiya layihələrinə soyuq yanaşdığını göstərir, Ermənistan isə əvvəldən rusiyapərəst mövqedə olub.

Lakin bu gün Moskva-İrəvan münasibətləri ən azı ciddi imtahan qarşısındadır, ən çoxu isə bu münasibətlər çat verib. Ermənistanın baş naziri Nikol Paşinyan Moskvadan çox incidiyini göstərir. Səbəb guya onun əvvəlcə Azərbaycanın 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibəni qazanmasına «imkan verməsi», daha sonra isə Xankəndidəki xuntanın darmadağın edilməsinə «göz yumması»dır. Azərbaycanın bölgədə keçirdiyi son lokal antiterror tədbirlərindən əvvəl isə Paşinyan KTMT-nin birgə hərbi təlimlərinə qatılmaqdan imtina etmişdi. Bu gün İrəvan təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində yeni tərəfdaşlar axtarışında olduğunu açıq şəkildə ortaya qoyur və bu mənada ilk yeri Fransanın tutduğu göstərir. Artıq Ermənistanda Rusiya telekanllarının qapadılması belə, müzakirə olunur. Ən əsası isə Ermənistan hökuməti Roma statutunu ratifikasiya olunması üçün parlamentə təqdim edib. Məlum olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi bu sənəd əsasında fəaliyyət göstərir. Və Ermənistan parlamenti artıq sənədi ratifikasiya edib!

 

Məğlubiyyət həmişə yetimdir

Bəs İrəvan Moskvanı qınamaqda nə qədər haqlıdır? İstər 44 günlük müharibədən əvvəl, istərsə də müharibə vaxtı Rusiya Ermənistana nəqliyyat təyyarələrində görünməmiş həcmdə silah-sursat göndərib və bu, gac tikinti materialı, hac humanitar yardım kimi təqdim edilib. 2020-ci ilin noyabrında Ermənistanı tam darmadağın olunmaqdan qoruyan, Paşinyanın ordu qalıqlarını qoruyub saxlamasına kömək edən də Rusiya olub. Nəhayət, bütün bu dövrdə hərbi əməliyyatlar KTMT-nin məsuliyyət zonasından, həmçinin Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığa dair ikitərəfli müqavilənin şərtlərindən kənarda baş verib. Başqa sözlə, Moskva İrəvan qarşısında müttəfiq öhdəliklərini dürüst həyata keçirib və keçirir.

Ola bilsin ki, Paşinyan sadəcə, günahı kiminsə üzərinə atmağa çalışır. Psixoloji baxımdan bu, anlaşılandır. Bundan başqa, Ukrayna müharibəsi fonunda Rusiyanın problemləri onsuz da çoxdur. Belə vəziyyətdə o, Ermənistana həqiqətən də əvvəlki həcmdə hərbi dəstək verə bilməz. Sadəcə, Moskva üçün bunu açıq demək xoş deyil. «Erməni satqınlığı» haqda deyilənlər isə daha inandırıcı görünür.

Ermənistanda doxsanıncı illərin əvvəllərində Azərbaycan ərazilərinin işğalı zamanı Rusiyanın onlara verdiyi dəstəyin rolu haqda danışmağı sevmirlər. Hər halda, praktik olaraq, 44 günlük müharibəyədək erməni hərbi təbliğatı «ermənilər döyüşkən millətdir, azərbaycanlılar isə döyüşə bilmir» şəklində işləyib…

Bəs rəsmi İrəvan Paşinyanın timsalında Moskva ilə münasibətləri birdəfəlik pozmaq niyyətindədirmi?

 

İnqilabın başlanğıcı var…

Əlbəttə, düşünmək olar ki, hakimiyyətə qərbpərəst şüarlarla gəlmiş «kabab inqilabı»nın lideri Nikol Paşinyan, nəhayət, inqilabının «xarici siyasət proqramı»nın icrasına başlayıb. Lakin birincisi, müasir Ermənistan tarixində nəticəsiz qalan «Qərb gəzintisi» artıq bir dəfə yaşanıb. Serj Sarqsyanın Avropa İttifaqı ilə assosiativ saziş haqda apardığı danışıqları xatırlatmaq kifayətdir. Ermənistanın guya Qərb düşərgəsinə keçmək qərarı verdiyi o zaman da söylənilirdi. Amma o vaxt Sarqsyan Moskvaya çağırıldı, qazın qiyməti ona xatırladıldı, nəticədə İrəvan Aİ ilə assosiativ sazişi imzalamaqdan imtina edərək, Aİİ sıralarına qoşuldu.

Ekspertlərin fikrincə, bu gün Paşinyanın ritorikası daha effektiv təsir bağışlayır. Amma qərbpərəst baş nazir ölkəsinin Rusiyadan asılılığını azaltmağa cəhd belə, göstərmir. İrəvan nə İran və Türkiyə ilə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunan sərhədlərinə nəzarəti ələ alır, nə də müvafiq qurumlarını beynəlxalq aeroportların rusların nəzarətində olan Nəzarət Buraxılış Məntəqələrinə yerləşdirir. Ermənistanın dəmir yolu, elektrik enerjisi və qaz borusu şəbəkələri də ya Rusiyanın mülkiyyətindədir, ya da konsessiya idarəçiliyində… Orduda belə, birgə quru qoşunları və Hava Hücumundan Müdafiə qüvvələri var. Paşinyan bu razılaşmaların heç birinə yenidən baxmaq niyyətində deyil. Hər halda, onun bu fikirdə olduğunu göstərən heç bir əlamət yoxdur.

Ermənistan indiyədək bir neçə dəfə Moskvanın ünvanına tənqidlərin həddini son dərəcə artırıb, özü üçün bəzi imtiyazları əldə etdikdən sonra onu dayandırıb. Paşinyan KTMT-nin birgə təliminə qatılmaqdan imtina etdikdə də ekspertlər bunun Azərbaycanla Türkiyənin miqyaslı birgə təlimindən sonraya təsadüf etdiyini xatırladırdılar. Yəni ola bilsin Paşinyan da öz ərazisində miqyasına görə Azərbaycan-Türkiyə təliminə bənzər tədbir istəyirmiş. İndi də dəqiq bilinmir, Paşinyan ölkəsini birdəfəlik Qərbə yönəltmək istəyir, yoxsa məqsəd Rusiyadan ciddi hərbi dəstək almaqdır. Bəli, Azərbaycan «Qarabağ yarası»nı sağaltdı, amma şərti sərhəd məsələsi qalmaqdadır…

 

İrəvanın nəzərdən qaçırdığı «qırmızı xətt»

Ekspertlər hesab edir ki, Paşinyan kifayət qədər riskli oyun oynayır. Halbuki həddi aşmaq olmaz. Bu mənada, İrəvanın Roma statutunu ratifikasiya etməsi çox ağır nəticələr verə bilər. Ermənistan bu sədəni hələ bir neçə il əvvəl imzalasa da, o, arxivdə qalmışdı. İrəvan onu indi – Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verdiyi bir vaxtda ratifikasiya edib. Ermənistan rəsmiləri, əlbəttə ki, bunun Rusiyaya qarşı yönəlmiş qərar olmadığını istədikləri qədər təkrarlaya bilərlər. Moskva isə bunu qeyri-dost addımı, üstəlik, şəxsən Vladimir Putinə qarşı yönəlmiş gediş kimi qiymətləndirir. Bu, İrəvanın 2020-ci ilin noyabrında 25 min əsgərini «od»dan qorumuş Rusiya prezidentinə maraqlı «minnətdarlığı»dır.

Rəsmi İrəvanın Qərb trekində səs-küylü jestə ehtiyac duyduğu da istisna deyil. İndi Ermənistan Qərbdən kifayət qədər xoş söz eşidir, lakin real dəstək vədinə hələ də rast gəlinmir. İrəvana Moskvanın son dövrlərədək göstərdiyi miqyasdakı dəstəyə heç bir Qərb ölkəsi hazır görünmür. Jestlər, vədlər çoxdur. Qərbin aparıcı dövlətlərindən nümayəndələrin İrəvana silsilə səfərləri fonunda Roma statutunun ratifikasiyası isə diqqət çəkə, əlavə dividendlər gətirə bilər – İrəvanda belə düşünürlər.

Amma qərbli tərəfdaşların işi sözdən, vəddən o tərəfə keçmir. Moskvanın reaksiyası isə tam fərqli ola bilər. Ola bilsin ki, Nikol Paşinyanın doğru davranmaq üçün sadəcə, siyasi təcrübəsi və intuisiyası çatmayıb. O, sadəcə keçilməsi yolverilməz sayılan «qırmızı xətt»in yerini bilməyib və indi geri qayıtmaq da mümkün deyil. Kreml şəxsən Vladimir Putinə ünvanlanmış hücumu, çətin ki, bağışlasın.

 

Cavab gediş nə vaxt olacaq?

Moskva hələ ki, Ermənistanın siyasi meydanının «hamarlanması» işinə tam gücü ilə başlamayıb. İrəvana iqtisadi təzyiq də yoxdur – erməni brendisi ilə dolu olan və «Yuxarı Lars» Nəzarət-Buraxılış Məntəqəsində «ilişib qalmış» bir neçə yük maşını sadəcə, xəbərdarlıq idi. Nə zaman Kreml Ermənistana neft-qazı dünya bazarlarındakı qiymətlə satmaq qərarı verəcək, əsl təzyiq də onda başlayacaq. Üstəlik, Moskvanın «aktiv»ində dəmir yollarına, enerji sahəsinə təsir imkanları da var… Belə vəziyyətdə Paşinyana müxalif olanların uğur qazanmaq şansı xeyli artacaq. Üstəlik, Ermənistan ordusunda da rusiyapərəst qüvvələrin kifayət qədər olduğu məlumdur. «Kabab inqilabı» zamanı qarşıdurmanın Paşinyanın xeyrinə nəticələnməsi sülhməramlı briqadanın döyüşçülərinin onun tərəfinə keçməsi ilə mümkün olmuşdur. Bəs bu dəfə ordu hissələri baş nazirin rəqiblərini dəstəkləsə? Paşinyan artıq bir hərbi çevriliş cəhdi ilə üzləşib. Amma o, çox zəif idi. Bəs hərbi çevriliş Baqramyan 26 ünvanından başlayarsa?

Rusiya-Ermənistan trekində əsas hadisələr hələ qarşıdadır.



MƏSLƏHƏT GÖR:

99