24 Noyabr 2024

Bazar, 03:05

DESTRUKTİVLİYİN İFLASI

Rəsmi Parisin Avropa trekində qurduğu tələ iflasa uğradı

Müəllif:

15.10.2023

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi regionunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri, həmçinin həmin tədbirlərin bilavasitə nəticələri 44 günlük müharibədən sonra həllini gözləyən məsələlərlə bağlı gündəliyi kökündən dəyişib. Məsələn, son dövrlərdə baş verənlər Avropa diplomatiyasında fəallıq yaradıb və bu özünü istər Aİ-nin ayrı-ayrı siyasi dairələrinin, istərsə də bir çox Avropa institutunun vəziyyətə reaksiyasında göstərir. Bütün bunların kulminasiyası isə Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammiti olmalı idi. Xatırladaq ki, sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının sədri, həmçinin Fransa və Almaniya rəhbərlərinin iştirakı ilə görüşü də planlaşdırılmışdı. Lakin Azərbaycan Prezidentinin görüşə qatılmaqdan imtina etməsi ilə bütün planlar pozulub ki, bunu da Avropa diplomatiyasının aşkar uğursuzluğu kimi xarakterzə etmək olar.

 

Qəribə qayğı

Son dövrlərin hadisələrini izləyən kənar şəxslərdə Avropanın əsas siyasi dairələrinin birmənalı olaraq ermənipərəst mövqedən çıxış etdikləri fikri yarana bilər. Hər halda, Fransanın, Aİ-nin siyasi rəhbərliyində təmsil olunan bir sıra şəxslərin Ermənistana görünməmiş simpatiyasını başqa cür izah etmək də mümkün deyil. Məsələn, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel «Euronews» telekanalına müsahibəsində Azərbaycanın bütün əraziləri üzərində suverenliyini bərpa etməsi haqda danışarkən bildirib ki, Bakının əməlləri «Qarabağın erməni əhalisinin oranı kütləvi şəkildə tərk etməsi ilə nəticələnib». Bununla yanaşı, o, Rusiyanı «Dağlıq Qarabağ ətrafında» sülh və təhlükəsizliyi təmin etməməkdə günahlandırıb.

«Vəziyyət aydındır – bunu hər kəs görür. Rusiya erməni əhalini satdı. Rusiya əsgərlərinin orada olmasını istəyirdi və bununla sabitlik, təhlükəsizlik haqda razılaşmanın icrasına zəmanət verirdi. Amma görürük ki, hərbi əməliyyatlar hadisə yerində olan Rusiya qüvvələrinin reaksiyası olmadan keçirildi. Rusiyadan fərqli olaraq, Avropa İttifaqının bu bölgədə hərbi mövcudluğu yoxdur», - deyə Mişel qeyd edib.

Onun sözlərindən belə çıxır ki, Rusiya sülhməramlılarının əvəzinə bölgəyə Avropa təmsilçilərindən ibarət beynəlxalq qüvvələr yerləşdirilərdisə, onlar antiterror tədbirlərinə qarşı çıxar, Azərbaycan Silahlı Qüvvələri ilə silahlı qarşıdurmaya gedər, faktiki olaraq, separatçı rejimi dəstəkləyərmiş.

Maraqlıdır ki, elə həmin gün İrəvana səfər etmiş Fransanın xarici işlər naziri Katrin Kolonna praktik olaraq, Mişelin dediklərini sözbəsöz təkrar edib, o da Moskvanı 2020-ci il 9 noyabr tarixli Üçtərəfli Bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb.

O, Ermənistan rəhbərliyi ilə də həmrəy olduğunu bildirib, baş nazir Nikol Paşinyanı İrəvanla bundan sonra da lazımi yardımın göstəriləcəyinə əmin edir. Fransalı nazir ölkəsinin Ermənistana silah tədarükünün də mümkün olduğunu deyib, bununla bağlı müvafiq razılaşmanın imzalana biləcəyini söyləyib. Bununla o, Parisin Rusiyanın silah tədarükünü dayandırdığı Ermənistanda hərbi-texniki mövcudluğunu gücləndirmək niyyətini ortaya qoyub. Yəni İrəvana diplomatik və ya siyasi dəstək alətlərinə hərbi dəstək də əlavə olunur. Bu isə artıq sadəcə diplomatik oyun yox, təxminedilməz nəticələr verə biləcək silahla oyundur. Üstəlik, yeni müttəfiqləri Ermənistanın maraqlarını o qədər həvəslə müdafiə edirlər ki, bəzən onlar üçün ermənilərin maraqlarının öz maraqlarından da üstün olduğu təəssüratı yaranır.

Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Fransanın 2020-ci ildən bu yana tutduğu destruktiv mövqeyi, oynadığı təxribatçı rolu sərt tənqid edib. «Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb», - deyə dövlət başçısı qeyd edib. Daha sonra o, Azərbaycanın öz ərazisində döyüşdüyünü xatırladıb: «Biz separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil».

 

«Üçüncü olacaqsan?»

Paris Ermənistana onun anti-Azərbaycan siyasətində müttəfiqlik etmək niyyətini gizlətmir, bu isə Bakıda aşkar qəzəb yaradır. Problem isə həm də ondadır ki, o, öz avantürasına Almaniya və Avropa İttifaqı rəhbərliyini də cəlb etməyə çalışır.

Məsələn, Almaniyanın «Frankfurter Allgemeine Zeitung» nəşrində dərc olunmuş «Tənha xilaskar İrəvanda» başlıqlı məqalədə Fransanın XİN başçısı Katrin Kolonnanın Aİ-ni «Ermənistana qəti dəstək» verməyə sövq etdiyi bildirilir. Yazıda deyilir ki, Kolonna İrəvana son səfərində almaniyalı həmkarı Annalena Berboku da özü ilə aparmağa çalışıb. Fransızların fikrincə, Berlinlə Parisin Ermənistana münasibətdə vahid siyasi cəbhə kimi çıxış etməsi, bununla da ümumilikdə Aİ-yə istiqamət verməsi son dərəcə vacibdir. Berlindən isə qəzetə bildiriblər ki, onlar Kolonnadan İrəvana birgə səfər etmək təklifi alsalar da, təklifi qəbul etməyiblər.

Almaniya Fransanın regionla bağlı siyasətini dəstəkləsə də, müttəfiqi, eyni zamanda geosiyasi rəqibi olan Parisin fonunda ikinci rolda olmaq istəmir. Fransa isə Qərbin Ermənistandakı «flaqmanı» olmaq, bu ölkə ilə xüsusi münasibətlərminin verdiyi üstünlüklərdən yararlanaraq, regional geosiyasi gündəmin formalaşmasında iştirak vacibdir. Bu mənada, Amerikanın populyar «Politico» nəşrində dərc olunmuş bir məqalə də maraqlıdır. Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, sentyabrın 17-də – Qarabağda keçirilmiş lokal antiterror tədbirlərindən iki gün əvvəl ABŞ, Aİ və Rusiyanın region üzrə xüsüusi nümayəndələri Luis Bono, Toyvo Klaar və İqor Xovayev İstanbulda Qarabağdakı vəziyyətlə bağlı gizli görüş keçiriblər. Yüksək rütbəli diplomatlardan biri «Politico»ya açıqlamasında bildirib ki, müzakirə iştirakçıları «9 aydır Qarabağı blokadada saxlayan Bakının buna son qoyması üçün ona təzyiq göstərilməsini, Ermənistandan humanitar yardım daşıyan konvoylara dəhliz açılmasına nail olmaq istəyirdilər».

«Mənbənin sözlərinə görə, görüşdə əsas diqqət «lənətə gəlmiş yük maşınlarının yola düşməsinə nail olmağın yolları» müzakirə edilib», - deyə yazıda bildirilir.hərəkətə gəlməsi»»

Güman olunur ki, Qərb təmsilçiləri Moskvaya Qarabağda uzunmüddətli missiya çərçivəsində beynəlxalq mexanizmin formalaşdırılmasına razılıq verməsini təklif edib, bunun Rusiyanın 2025-ci ildən (Rusiya sülhməramlılarının regionda qalma müddəti həmin il başa çatır) sonra da regionda qalmasına imkan yaradacağını bildiriblər.

Sonradan yaşananlar göstərir ki, tərəflər hansısa qərara gələ bilməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın sözlərinə görə, görüşün keçirilməsi təşəbbüsü Qərbdən gəlib, Moskva isə ona mövqeləri öyrənmək məqsədi ilə razılıq verib. Güman etmək olar ki, Moskva Qərbin təkliflərini bölgədə eksklüzivliyini itirə biləcəyi üçün razılaşmayıb. Bölgədə mövcud olan Azərbaycanla Rusiyadırsa, razılığa gələn tərəflər xarici oyunçular ola bilməz. Moskva ilə Bakı arasında o cümlədən Qarabağdakı vəziyyətlə bağlı razılaşma isə xarici oyunçuların prosesə daxil olmasını əngəlləyir. Belə təəssürat yaranır ki, Bakı ilə Qərb arasında münasibətlərin kəskinləşməsi fonunda Moskva Qərb ölkələrinin regionda güclənməsinə imkan vermək istəmir. Bununla yanaşı, Qərbin, xüsusilə Aİ-nin bəzi dövlət liderlərinin Bakıya təzyiq göstərmək cəhdləri Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyaya səfərdən imtina etməsilə nəticələnib. Avropa Parlamentində Qranada sammitindən iki gün əvvəl qəbul olunmuş qətnamə isə «odun üzərinə yağ töküb». Söhbət «Azərbaycan hökumətinin təmsilçilərinə sanksiyaların tətbiqi» çağırışının yer aldığı qətnamədən gedir. Sənədin maddələrindən birində deyilir ki, «Ermənistanın ərazi bütövlüyünə qarşı hərbi təcavüz olunarsa, Azərbaycandan Aİ-yə neft və qaz ixracı tam dayandırılmalıdır».

Belə şəraitdə İlham Əliyevin oraya yollanmasının mənası qalmırdı. Üstəlik, Azərbaycanın mövqeyini tam bölüşən, Azərbaycan Prezidentinə dəstək verə biləcək Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da İspaniyaya getməyib. Güman ki, planlaşdırılan Əliyev-Paşinyan görüşündə Ərdoğanın iştirakından məhz Makronun israrı ilə imtina olunub. Bu, açıq şəkildə göstərib ki, Fransa lideri Qranada öz oyununu oynamağı düşünürmüş – İlham Əliyev əvvəldən planlaşdırılmış gündəlikdə statist rolunu oynamalı, Türkiyənin maraqları isə ümumiyyətlə nəzərə alınmamalı imiş. Əliyevlə Ərdoğanın səfərdən imtinası isə bütün planları pozub.

 

Ümid sonda ölür

Avropa siyasətindəki erməni narrativləri haqda çox danışmaq olar. Ən acınacaqlısı isə odur ki, Qarabağ ermənilərinin gələcəyi, onların «təhlükəsizliyi» haqda danışan avropalı siyasətçiləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi çox az maraqlandırır. Halbuki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə baxmayaraq, bu insanlar hələ də öz evlərinə qayıda bilmirlər. Çünki onların evləri dağıdılıb, kənd və şəhərləri yer üzündən silinib. Üstəlik, həmin ərazilər ermənilər tərəfindən minalanıb.

Bakı Qarabağ ermənilərinin Azərbaycan ictimaiyyətinə reinteqrasiyasını istəyir, israrla buna çalışır, lakin avropalı siyasətçilər bu haqda da danışmır. Azərbaycan tərəfi bildirir ki, reinteqrasiya prosesi mərhələli şəkildə baş verməlidir. O, münaqişənin başlandığı 1988-ci ilədək regionda yaşamış hər kəsə vətəndaşlıq təklif edir.

Yeri gəlmişkən, təxminən 30 il əvvəl doğma torpaqlarından qovulmuş azərbaycanlılara heç kim heç bir təhlükəsizlik zəmanəti vermirdi. Onların elementar hüquqlarının təminindən isə danışmağa dəyməz. Belə bir vəziyyətdə Avropa İttifaqının Ermənistan-Azərbaycan trekinə münasibəti yumşaq desək, qəribə görünür: «Qarabağ ermənilərini nəyin bahasına olursa olsun, Bakının əməllərindən qorumaq vacibdir. Buna Azərbaycan tərəfinin, o cümlədən Azərbaycan ictimaiyyətinin necə reaksiya göstərəcəyi isə o qədər də vacib deyil» (?!).

Bütün bunlara baxmayaraq, Avropanın vasitəçiliyi çərçivəsində formalaşmış pozitiv məqamları nəzərə alan, əvvəlki razılaşmaların həyata keçirilməsini istəyən Bakı Avropa İttifaqı rəhbərinin Brüsseldə növbəti görüşün təşkili ilə bağlı təklifini qəbul edib. Lakin görüşdə Fransa prezidenti ilə Almaniya kansleri iştirak etməməlidir.

Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bu təşəbbüsə münasibətini açıqlayarkən deyib: «Azərbaycan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üzrə birbaşa dialoqu, ikitərəfli danışıqları dəstəkləyir».

Azərbaycan Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə Ermənistanla danışıqların vasitəçisiz keçirilməsinin vacibliyini bildirib. «Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək».

Düşünək ki, bu mesaj ünvanına çatacaq.



MƏSLƏHƏT GÖR:

110