24 Noyabr 2024

Bazar, 02:09

«FRANSIZ ARZULARI»

İrəvanın yeni himayədar tapmaq arzusu reallaşacaqmı?

Müəllif:

15.11.2023

Cənubi Qafqazın siyasi icmalında «Fransa» və «Ermənistan» sözləri hələ də yanaşı gəlir. Bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa paytaxtına – Paris Sülh Konfransına yollanıb. Bunu tarixi hadisə adlandırmaq çətin olsa da, Ermənistan hökumətinin başçısı sadiqliyini nümayiş etdirmək üçün hər şansdan yararlanmağa çalışır. Konfransın adına baxmayaraq, moderatorun Paşinyana sualları, eləcə də baş nazirin cavabları heç də sülh gündəliyinə sadiqlikdən xəbər verməyib.

Ümumiyyətlə, İrəvanla Paris arasında Sovet İttifaqı illərində də «xüsusi münasibətlər» olub. Belə ki, Ermənistan SSR vətəndaşlarına xaricdə yaşayan qohumları ilə əlaqə saxlamaq icazəsi tanınmışdı. Yarım milyonluq fəal, Fransa ictimaiyyətinə yaxşı inteqrasiya olunmuş erməni icması isə bu «xüsusi münasibətlər»i kifayət qədər möhkəmləndirib. Ermənistan müstəqillik qazandıqdan sonra Frankefoniya təşkilatına üzv də olub. Halbuki, o, heç zaman Fransanın müstəmləkəsi və ya maraq dairəsi olmayıb.

İndi bu ənənəvi əlaqələr başqa, üstəlik, son dərəcə təhlükəli şəkil alıb.

 

Militarizm üslubunda flirt

Bəlkə də, Parislə İrəvan arasında yaşanan siyasi prosesləri ayrı-ayrı hissələrə ayırmaq lazımdır. Ermənistanın baş naziri Nikol Paşinyan Moskvadan çox inciyib. Səbəb Rusiyanın ermənilərə Qarabağ müharibəsində qələbə qazanmağa kömək etməməsi imiş. Üstəlik, bölgədə Rusiya sülhməramlıları olsa da, bu ilin sentyabrında Azərbaycan Ordusu Qarabağdakı qanunsuz xuntanı darmadağın edib. Bundan başqa, Moskva «Azərbaycanın suveren Ermənistan ərazisinə soxulmasına» da reaksiya göstərməyib (KTMT də həmçinin), İrəvana vəd edilmiş silah-sursat isə hələ də ünvanına çatdırılmayıb.

Ekspertlər isə hesab edir ki, burada Ermənistan qarşısındakı müttəfiq öhdəliklərini yerinə yetirmiş və yetirməkdə davam edən Rusiyanın «satqınlığı»ndan danışmaq yersizdir. İstər 44 günlük müharibə, istərsə də 2023-cü ilin sentyabrı zamanı hərbi əməliyyatlar Ermənistan ərazisindən kənarda və müvafiq olaraq, KTMT-nin məsuliyyət zonasından kənarda, həmçinin Moskva ilə Yerevan arasındakı ikitərəfli müqavilələrin qüvvədə olmadığı ərazidə aparılıb. Başqa sözlə, hər hansı «suveren əraziyə soxulmaq»dan söhbət belə, gedə bilməz. Azərbaycanla Ermənistan arasında sərhəd də hələ müəyyənləşməyib – özü də bu, Ermənistanın lehinədir. Rusiyanın vasitəçiliyi ilə keçirilmiş ilk delimitasiya isə Azərbaycana şumluq torpaqlar, Meğri-Yerevan yolunu, hətta külək elektrik stansiyası qazandırıb. Moskvada məlum səbəblərdən SSRİ Baş Qərargahının xəritələrini yaxşı oxuya bilirlər. Bu isə respublikaların sərhədlərinin daha dəqiq göstərildiyi xəritələrdir. Bu üzdən, Rusiya tərəfi də anlayır ki, delimitasiya olunmamış sərhədlər şəraitində söhbətin yüksəkliklərdən, dərələrdən getdiyi vaxt «suveren əraziyə soxulmaq»dan danışmaq açış-arkan səhvdir. Odur ki, Moskva Ermənistanın ərazi iştahları naminə öz imicini korlamaq istəmir.

Bundan başqa, Ukrayna ilə müharibə aparan və ciddi sanksiyalarla üzləşmiş Rusiya Ermənistana 90-cı illərdəki miqyasda hərbi-siyasi dəstək vermək gücündə deyil. Bu isə Yerevanı beynəlxalq arenada yeni müttəfiqlər, daha dəqiq desək, himayədarlar axtarmağa vadar edir. Ermənilər onu Qərb fövqəldövlətləri arasından tapmaq istəyir.

Belə bir şəraitdə İrəvanın Moskvadan incikliyindən yararlanaraq, onu Rusiyadan qoparmaq istəyən Qərb dövlətləri çoxdur – ABŞ-dan Litvayadək. Fransa isə daha irəli getməyə hazırdır. Paris artıq Yerevana Hava Hücumundan Müdafiə radarları, «Mistral» zenit-raket kompleksləri, Ermənistan hərbçilərinin hazırlığına kömək və s. vəd edir. Elə öz günahı ucbatından bir çox problemlərlə – sosial problemlər, «sarı jiletlilər» aksiyası, Afrikada silsilə geosiyasi iflaslar – üz-üzə qalmış Makronun Fransada yaşayan etnik ermənilərin səsinə çox ehtiyacı var. Amma məsələ bununla da bitmir.

 

Erməni ləhcəsində Napoleon planları

Xatırladaq ki, Yelisey sarayının hazırkı rəhbəri Emmanuel Makron illərdir Fransanın keçmiş qüdrətini özünə qaytarmağa çalışır. Amma o, istəyinə heç cür nail ola bilmir. Reallıqda Fransa bir-birinin ardınca geosiyasi məğlubiyyətlərə uğrayır – Afrikada işlər çox pisdir, Liviya sahillərində arzularla reallıqlar fərqlənir, Sakit okeanda amerikalılar, britaniyalılar və avstraliyalılar fransızları «oyundan çıxarır»… Belə bir şəraitdə Ermənistan perspektivli proksi kimi görünür. O, son dərəcə həssas bölgədə yerləşir, praktik olaraq, bütün qonşularına qarşı ərazi iddiaları irəli sürür ki, belə ölkədən Azərbaycan, Türkiyə, Gürcüstan və İrana təzyiq vasitəsi kimi istifadə olunması asandır. Bundan başqa, Paris KTMT üzvü olan ölkəni Qərb düşərgəsinə çəkə biləcəksə, Fransa diplomatiyası müttəfiqlərinin gözündə xal qazanacaq. Üstəlik, Afrikada iflasa uğramış Paris belə bir şəraitdə maraq dairəsinin nəinki məhdudlaşmadığı, əksinə, daha da böyüdüyü presedentə ehtiyac duyur. Yəni Fransa ilə Ermənistan sözün əsl mənasında «bir-birlərini yaxşı tapıblar». Bəs bu ittifaqın şans və perspektivi nə qədərdir?

 

«Materialı öyrənin!»

«Poqonlular» arasında məşhur olan «Materialı öyrənin» ifadəsi Ermənistanla Fransa arasında hərbi əməkdaşlığın perspektivini çox gözəl açır. Nəzəri cəhətdən hər şey əladır: Paris müttəfiq qazanır, İrəvan Qərb fövqəldövləti timsalında himayədar əldə edir. Bəs sonra?

Əksər hərbi mütəxəssis hesab edir ki, Ermənistana HHM radarları və kompleksləri vədi Cənubi Qafqazda qüvvələr nisbətini kökündən dəyişmək iqtidarında deyil. Üstəlik, ekspertlər bu radarların çox köhnəldiyini, dağlıq relyeflərdə çox effektiv olmadığını bildirirlər. Bir sözlə, «götürün, onsuz da atacağıq». Ermənistan ordusunu 2020-ci il sentyabrın 27-dək olduğu vəziyyətə qaytarmaq üçün bir neçə milyard dollarlıq silah-sursat lazımdır. Fransa isə nəzəri cəhətdən belə, buna qadir deyil. Hər halda, onun hərbi imkanları qeyri-məhdud deyil. Belə olmasaydı, Paris Afrikadakı müstəmləkələrini bir-birinin ardınca itirməzdi. Bununla yanaşı, Fransa Paşinyanın Moskva ilə əməkdaşlığa dair heç bir qərardan imtina etmədiyini, heç bir razılaşmanın ləğv olunmadığını da görür. Ermənistan KTMT və Aİİ-ni tərk etməyi düşünmür, onun İran və Türkiyə ilə sərhədlərini əvvəlkitək Rusiya sərhədçiləri qoruyur, beynəlxalq aeroportlarının nəzarət-buraxılış məntəqələrinə də rusiyalı hərbçilər nəzarət edir. Ermənistanın dəmir yolları, mobil rabitəsi, elektrik və qaz xətləri şəbəkəsi də Moskvanın nəzarətindədir… Belə bir vəziyyətdə Ermənistanın Fransanın müttəfiqinə çevrildiyi haqda danışmaq ən azı axmaqlıqdır. Odur ki, burada uzağı jestlərdən danışmaq olar. Amma bu jestlər Paris-Bakı münasibətlərinin sıfır səviyyəsinə düşməsinə kifayət edib. Bəs bunun müqabilində İrəvan nəyəsə nail olubmu? Bu suala müsbət cavab vermək çox çətindir. Fransa tərəfi, təbii ki, son dərəcə ehtiyatlı tərpənir. Parisdə Ermənistana sevgi nə qədər güclü olsa da, o, müasir və effektiv silahlar əldə etmiş İrəvanın yenidən Moskvanın qucağına qayıtmasını arzulamır. Hər halda, 2013-cü ildə Ermənistanın siyasətində belə kəskin dönüş yaşanıb. Doğrudur, o zaman söhbət silahdan getmirdi, amma görünür, "Gözəllərin ürəyi xəyanətə meyillidir" ifadəsi Ermənistanın xarici siyasətinin qeyri-rəsmi himni olaraq qalır. O da qeyd edilməlidir ki, Moskva hələ İrəvana «əsl üzünü» göstərməyib.

Son hadisələr göstərir ki, Ermənistanda artıq məyusluq başlayıb: Parisdən gözlənti sadəcə köhnə radarlar deyildi.

 

Fransanın planlarına «uran bombası»

İndi Fransanın son dərəcə ehtiyatlı davranması üçün daha bir ciddi səbəb var. Emmanuel Makronun Mərkəzi Asiyaya səfəri ciddi səs-küy yaradıb. Bu region son dövrlərədək qeyd-şərtsiz Rusiyanın nüfuz dairəsi sayılıb. Amma indi orada ciddi geosiyasi proseslər yaşanır. Makron üçün bu səfərin xüsusi əhəmiyyəti var idi. Onun ölkəsi «piroqun bölüşdürülməsi»ndən kənarda qalmaq istəmir. Fransa qoşunlarının tələm-tələsik çıxarıldığı Nigerdəki çevrilişdən sonra Paris uran mədənlərinə çıxışı əldən verib. Uran olmadan isə Fransanın Atom Elektrik Stansiyaları işləməyəcək. Bu, indi – Avropa bazarlarına Rusiya qazının ixrac olunmadığı, Ukraynanın Atom Elektrik Stansiyalarından elektrik enerjisinin getmədiyi vaxtda özünü daha ciddi göstərir. Belə bir vəziyyətdə Paris sanki Qazaxıstanla uran tədarükünə dair razılığa gəlib. Lakin birincisi, onun Fransaya çatdırılması hələ uzun və çətin işdir. Uran filizini ən azı sivil dünyada hava ilə daşımırlar. Ukrayna müharibəsi üzündən Rusiya ərazisi isə tranzit də mümkün deyil. Bu daşımaya Çin də çətin razılaşsın. Demək, Azərbaycanla razılaşmaq lazım gələcək. Bu zaman fransızlar, yəqin ki, İrəvana edilən jestlər haqda düşünməli olacaqlar…

Bütün bu reallıqlar Ermənistanla Fransa arasındakı flirtin yaxın zamanlarda sona çatacağını düşünməyə əsas verir. Bunu dünyaya car çəkmədən də etmək mümkündür…



MƏSLƏHƏT GÖR:

85