24 Noyabr 2024

Bazar, 00:42

ÖHDƏLİKSİZ DİALOQ

Çin və ABŞ liderləri görüşünün nəticəsi miqyaslı qarşıdurmanın gözlənilmədiyini göstərir

Müəllif:

01.12.2023

ABŞ prezidenti Co Baydnen ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Asiya-Sakit Okean İqtsadi Əməkdaşlıq təşkilatı sammiti çərçivəsində baş tutmuş görüş sammitin nəticələrini kölgədə qoyub. O, hətta beynəlxalq gündəmin Ukrayna müharibəsi və Yaxın Şərq münaqişəsi kimi əsas mövzularını belə, ikinci plana atıb.

 

Tiranların döyüşü

Bu, heç də təəccüblü deyil. Çünki söhbət münasibətləri planetin ən müxtəlif bölgələrində siyasi və iqtisadi proseslərin gedişinə ciddi təsir göstərən iki qlobal oyunçudan gedir. ABŞ ilə Çinin dünya ÜDM-dəki ümumi payı təxminən 40% təşkil edir. Onun 24,41%-i Amerikanın, 15%-i Çinin payına düşür. 2022-ci ilin nəticələrinə görə, onlar arasında ticarət dövriyyəsinin həcmi 750 milyard dolları ötüb. Bu, mütləq rekorddur. Odur ki, Vaşinqtonla Pekin arasında münasibətlərin kəskin pisləşməsi dərhal dünya iqtisadiyyatı üçün faciəvi nəticələr verə bilər. Bunun qlobal siyasətə hansı mənfi təsirləri göstərə biləcəyini isə yəqin ki, sadalamağa dəyməz.

Bu qarşıdurmanın nələrə aparıb çıxara biləcəyini hər iki paytaxtda yaxşı anlayırlar. Odur ki, son aylar ərzində onlar əməkdaşlığın əsas istiqamətləri üzrə razılığa gəlməyə çalışırlar. Qarşılıqlı münasibətlərdə ciddi problemlər olduğundan, ali səviyyəli görüşə hazırlıq kifayət qədər vaxt aparıb: iki ölkənin xarici siyasət idarəsi rəhbərləri iyunda Pekində, noyabrda Vaşinqtonda görüşüblər, müxtəlif nümayəndə heyətləri uzun zaman kəsiyində saysız-hesabsız qarşılıqlı səfərlər ediblər.

Nəhayət, liderlər bir araya gəliblər. Onların arasında San-Fransiskonun cənubunda yerləşən bir məkanda baş tutmuş görüş 4 saatdan artıq davam edib. KİV xəbər verir ki, tərəflər əməkdaşlığın və dialoqun davam etdirilməsi haqda razılığa gəlib. Bayden hətta onu da bildirib ki, Si onların istədikləri an telefonun dəstəyini qaldıraraq, söhbət edə bilməli olduqları fikrini qəbul edib.

Görüşün nəticələrini Si Cinpin də yüksək qiymətləndirib. O, ABŞ-nin biznes liderlərinə San-Fransiskodan ünvanladığı müraciətdə deyib ki, «bizim korporasiyalarımızda kifayət qədər yer var və biz bir-birimizə kömək etmək, uğur qazanmaq, qarşılıqlı səmərəli nəticələr əldə etmək iqtidarındayıq».

Amma bütün bunlar, əlbəttə ki, ali səviyyədə görüşün ikitərəfli münasibətlərin trayektoriyasına dəyişməyə qadir olduğu anlamına gəlmir.

 

«Diktator», amma tərəfdaş

Bayden Amerika ictimaiyyəti qarşısında Çinin siyasəti ilə bağlı kəskin ritorikasını davam etdirir. Xüsusilə seçki ərəfəsində o, əsas strateji rəqibi üzərində üstünlüyünü nümayiş etdirməli,  göstərməlidir ki, dialoq davam etsə də, o, güclü tərəfin mövqeyinə uyğun aparılır.

Saatlarla davam etmiş görüşdən sonra mətbuat konfransında çıxış edən Bayden çinli həmkarı ilə ünsiyyətdə sərt tondan imtina etmədiyini deyib. Üstəlik, o, çinli qonaq haqda danışarkən növbəti dəfə «diktator» ifadəsindən istifadə edib.

«Mən bu şəxsi tanıyıram. Mən onun işləmək üsulunu bilirəm», - deyə ABŞ lideri qeyd edib: «O, diktatordur. O ölkəni idarə edir ki… bu, kommunist ölkəsidir. Orada idarəçilik üsulu bizimkindən tamamilə fərqlidir».

Bu, Si Cinpinin xoşuna gələ bilərdimi? Xatırladaq ki, Bayden həmkarını ilk dəfə «diktator» adlandıran zaman ölkələr arasında əsl diplomatik qalmaqal yaşanmışdı. Amma bu dəfə qalmaqaldan qaçmaq mümkün olub. Danışıqlar nəticəsində əldə olunmuş bir sıra razılaşmalar iki ölkə arasında heç də yaxşı olmayan münasibətlərə sabitlik elementləri qazandıra bilər. Odur ki, bu dəfə Pekin münasibətləri qızışdırmağı lazım bilməyib.

Müşahidəçilər bildirirlər ki, Çin liderinin ABŞ-a son səfərindən düz 6 il sonra baş tutmuş Cinpin-Bayden görüşü birincinin Trampla görüşü ilə müqaiysədə daha ehtiyalı keçib. O, daha çox işgüzar xarakter daşıyıb və ikitərəfli münasibətlərin emosional tərəfini yaxşılaşdırmaq məqsədi güdməyib.

2017-ci ilin aprelində Tramp vəzifəsinin icrasına başladıqdan təxminən 3 ay sonra Si Cinpini Florida yaxınlığındakı Mar-a-Laqo iqamətgahında qəbul etmişdi. O görüş emosional çalarlar və qaynar məqamlarla zəngin keçmişdi. Si Cinpin və birinci xanım Pen Liyuanın «özlərini evdəki kimi hiss etmələri üçün» Trampın nəvələri məşhur Çin mahnısı olan «Jasmin gülü» mahnısını ifa etmiş, klassik Çin poeziyasından nümunələr söyləmişdilər.

ABŞ prezidentinin özəl iqamətgahında keçirilməyən Cinpin-Bayden görüşündə isə əhval daha işgüzar və gərgin olub, danışıqlar daha sıxışı keçib. Çünki dövlət başçıları çox çətin mövzularda müzakirələr aparıblar – ikitərəfli münasibətlərin xarakterindən tutmuş, Tayvana, Ukrayna müharibəsinə, Qəzza sektorundakı vəziyyətədək.

İstənilən halda, danışıqların yekununda hər iki liderin ehtiyatlı nikbinlik ifadə etməsi göstərir ki, yaxın gələcəkdə onların arasında miqyaslı qarşıdurma gözlənilmir.

 

Tayvandan pandalaradək

Əldə olunmuş razılaşmalar arasında ən önəmlisi hərbçilər arasında yüksək səviyyədə dialoqun bərpası haqdadır. Bu dialoq ötən il Nümayəndələr palatasının o zamankı spikeri Nensi Pelosinin Tayvana qalmaqallı səfərindən sonra kəsilib. Bayden məsələdə razılığın əldə olunmasından məmnunluğunu ifadə edib.

Baydenlə Cinpinin daha bir önəmli razılaşması hər il 10 minlərlə amerikalının həyatına son qoyan sintetik opioid – fentanillə bağlıdır. 2019-cu ildə Çin fentanilin ixracını qadağan etsə də, qeyri-leqal narkotik istehsalçıları vəziyyətə uyğunlaşmağı bacarıb. Bu gün inqrediyentlərin böyük hissəsi – preparatın prekursorları Çindən gətirilir.  Yeni razılaşma prekursor satan şirkətlərə qarşı tədbirlərin sərtləşdirilməsinə imkan verəcək.

Prezident Bayden bildirib ki, o və Cinpin süni intellektin idarə olunması məsələsində dialoqa başlanılması haqda da razılığa gəliblər. Pekin qarşıdakı 5 ildə mübadilə proqramları və təlimlər üçün 50 min gənc amerikalını Çinə dəvət etmək fikrindədir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, hər iki lider birbaşa hərbi qarşıdurmadan çəkinmək arzusundadır. Lakin Tayvan problemi ikitərəfli münasibətlərin ən problemli mövzusu olaraq qalır. ABŞ-nin yüksək rütbəli rəsmisi bildirib ki, Si Cinpin bu haqda da danışıb. O, xüsusi vurğulayıb ki, Tayvan iki ölkə arasında dayanan «ən böyük» və «potensial olaraq ən təhlükəli» problemdir. Bununla yanaşı, Pekin Baydenlə Cinpinin xarici siyasət və gəmiçiliyin təhlükəsizliyi məsələlərində «dialoq mexanizmləri» yaratmaq niyyətlərini bəyan edib. Tərəflər aviareyslərin sayını artırmağı da düşünür.

Si Cinpin ABŞ ilə Çin arasında ikitərəfli münasibətlərin trayektoriyasını dəyişməsə də, ən azı Çin pandalarının taleyi ilə bağlı narahatlığı aradan qaldırıb. San-Fransiskoda təşkil olunmuş şam zamanı çıxış edən Cinpin bildirib ki, o, bəzi amerikalıların Çin pandalarının ABŞ ərazisini tərk etməsini istəmədiyini nəzərə alıb – bundan əvvəl onlardan üçün geri, vətəninə yola salınıb.

Çin vəhşi pandaların yaşadığı yeganə ölkədir və o, xoşməramlı jest kimi, onları dünyanın bütün zooparklarına satır və ya icarəyə verir. «Biz pandaların burada qalması üçün ABŞ ilə əməkdaşlığı davam etdirmək, kaliforniyalıların arzularını yerinə yetirmək üçün əlimizdən gələni etməyə hazırıq. Bu, xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşdirilməsi üçün lazımdır», - deyə Çin lideri bildirib və onun bu sözləri gurultulu alqışlarla qarşılanıb.

 

Qlobal problemlərdən, qarşılıqlı biznesədək

Bayden və Cinpin münasibətlərin lazımi formada idarə olunmasının onların üzərinə düşdüyünü etiraf ediblər. Bununla yanaşı, Çin sədri bildirib ki, «Yer planeti bütün ölkələrin müvəfəqiyyət qazanması üçün çox böyükdür. Onlardan birinin uğuru isə digərləri üçün imkanlar yaradır».

İkitərəfli razılaşmaların effektivliyi baxımından sınaqlardan biri Yaxın Şərq böhranı ilə bağlı atılacaq addımlar ola bilər. Amerikalı məmurların sözlərinə görə, Bayden İsraillə HƏMAS arasında müharibənin uzandığını deyərək, Pekinin İranı vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırmasını istəyib. Çin tərəfi isə cavabında Tehranla region üçün potensial risklər haqda müzakirələr aparıldığını bildirib.

Rusiya-Ukrayna müharibəsi də ali səviyyədə ikitərəfli danışıqların mövzusu olaraq qalır. Bayden San-Fransiskoda Cinpini Moskvaya hərbi yardımların göstərilməməsi qərarını davam etdirməyə səsləyib.

İki liderin İndoneziyada ötən il keçirdikləri görüşdən sonra çox şey dəyişib. ABŞ-də seçki mövsümü başlayır, Çin mövzusu isə Amerikanın daxili siyasətində ən çox müzakirə olunan mövzulardandır. Qlobal Məsələlər üzrə Çikaqo Şurasının bu yaxınlarda keçirdiyi sorğu göstərib ki, amerikalıların təxminən 60%-i sürətlə inkişaf edən Çini ABŞ üçün təhdid sayır.

Görünən odur ki, Si Cinpin bu səfəri Amerika biznesinin liderlərinə mesaj göndərmək imkanı kimi qiymətləndirməyi düşünürmüş. Amma bu gün ABŞ-Çin münasibətləri elə mərhələdədir ki, ikitərəfli ticarət və investisiyaların «sabitləşdirici» rolu oynaması çətindir. İndi söhbət ikitərəfli münasibətlərdə struktur problemindən gedir. Tərəflər arasında ticarət-iqtisadi əlaqələrin optimallaşdırılması problemi əvvəlkitək dəyişməz qalır və həllini gözləyir.



MƏSLƏHƏT GÖR:

87