Müəllif: Kənan RÖVŞƏNOĞLU
müəyyən edəcək
2024-cü il fevralın 8-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək. Bu barədə qərar noyabr ayında Pakistan Seçki Komissiyası (ECP) üzvlərinin Prezident Arif Alvi ilə görüşündən sonra elan olunub. Qeyd edək ki, bundan əvvəl seçkilərin fevralın 11-də keçiriləcəyi haqda qərar qəbul edilmişdi.
Pakistan İslam Respublikası parlament üsul-idarəsinə malik olduğu üçün bu ölkədə parlament seçkiləri ölkənin siyasi həyatında əsas hadisə hesab olunur. Çünki ölkə hökuməti və baş nazir məhz parlament çoxluğuna malik olan partiyanın namizədi olur. Baxmayaraq ki, Pakistan dövləti mövcud olduğu 76 il ərzində heç bir baş nazir 5 illik müddəti sona qədər işləyə bilməyib, ya hərbi çevriliş, ya da siyasi böhran hökumətin dəyişməsinə səbəb olub.
Otuz ilə yaxındır ki, ölkəni hərbçilər idarə edirdi. Buna baxmayaraq, Pakistan müsəlman dünyasında ən sağlam seçki sistemi və müstəqil məhkəməyə malik ölkə hesab olunur. Bunu son iki ildə keçmiş baş nazir İmran Xanın cəlb olunduğu məhkəmə prosesləri də bir daha sübut etdi.
Xana qarşı 150 məhkəmə iddiası
Yeri gəlmişkən, Pakistan məhkəməsi hazırda həbsdə olan keçmiş baş nazir İmran Xan və xarici işlər naziri Mahmud Qüreyşinin həbsxanada mühakimə olunmasının qanunsuz olduğuna və baş nazirin mühakiməsinin xalqa açıq məhkəmədə keçirilməsinə qərar verib. Ümumilikdə ona qarşı 150-yə yaxın ittiham irəli sürülüb.
Bu ittihamlar Pakistan qanunlarına görə, hazırda çoxlu sayda məhkəmə iddiası ilə üz-üzə olan İmran Xanın fevralda keçiriləcək seçkilərdə iştirakına imkan vermir. Bu səbəbdən də Xanın partiyasına müvəqqəti olaraq yeni sədr seçilib. Vəkil Gohar Əli Xanın namizədliyi İmran Xanın özü tərəfindən tövsiyə olunub. Nəticədə Gohar Əli Xan Pakistan Təhrik-e-İnsaf (PTI) partiyasının sədri seçkilərində rəqibsiz iştirak edərək qalib olub. Ancaq bildirib ki, İmran Xanın hökmü ləğv olunduqdan sonra partiya sədrliyindən istefa verəcək. Beləliklə, 8 fevral seçkilərində İmran Xanın 1996-cı ildə yaratdığı Təhrik-e-İnsaf Partiyasına ilk dəfə onun vəkili rəhbərlik edəcək.
Xatırladaq ki, keçmiş kriket çempionu İmran Xanın rəhbərlik etdiyi Tehrik-e-İnsaf Pakistan (Pakistan Ədalət Liqası) partiyası 2018-ci ildə keçirilən seçkilərdə parlamentdə 149 mandat və ya 31,82 faiz səs alaraq birinci olub. Pakistan qanunlarına görə, hökuməti formalaşdıran Xan cəmi 4 il Pakistana rəhbərlik edib. Ancaq Xan da digər həmkarları kimi 5 illik müddəti başa vura bilməyib. 2022-ci ildə İmran Xana qarşı çıxan müxalifət koalisiyası baş nazirə qarşı etimadsızlıq səsverməsi tələbini irəli sürüb. Həmin il aprelin 10-da isə parlamentdə keçirilən səsvermə nəticəsində 174 deputatın səsi ilə İmran Xan baş nazir postunu itirib. İmran Xan parlamenti buraxsa da, sonradan məhkəmə bu qərarı ləğv edib. Bundan sonra baş nazir vəzifəsinə Pakistan Müsəlman Liqasının sədri, keçmiş baş nazir Nəvaz Şərifin qardaşı Şahbaz Şərif seçilib. Ancaq bu ilin avqustunda parlament buraxılıb və baş nazir vəzifəsinə keçici olaraq seçkilərə qədər Ənvərül Haq Kaka seçilib.
İmran Xana qarşı bu il avqustun 5-də korrupsiya ittihamı irəli sürülüb, o, avqustun 19-da isə həbs olunub. Məhkəmə keçmiş baş nazir barəsində 3 il həbs cəzası verib. Avqustun 30-da isə Xana qarşı daha bir ittiham “dövlət sirrini ifşa etmək” maddəsi irəli sürülüb və onun cəzasının ertələnməsi qərarı ləğv olunub.
Geosiyasi rəqabətin qurbanı?
Qeyd edək ki, hazırda İmran Xan Federal Təhqiqat Agentliyi tərəfindən 1923-cü ildə qəbul edilmiş “Xarici İşlər Nazirliyinin diplomatik kodundan siyasi məqsədlər üçün istifadə etməklə” Dövlət Sirləri Aktını pozmaqda ittiham olunur. Belə ki, ABŞ-da fəaliyyət göstərən “The Intercept” xəbər saytı Pakistanın Vaşinqtondakı keçmiş səfiri Əsəd Məcid Xan və ABŞ Dövlət Departamenti rəsmisi arasında 7 mart 2022-ci ildə baş tutan görüşün sənədini yayıb. Sənəddə rəsmi Vaşinqtonun baş nazir İmran Xanın Rusiya-Ukrayna müharibəsində tərəfsizlik nümayiş etdirməsindən narazılıq ifadə olunub. Həmçinin yazıda iddia olunur ki, görüşdə iştirak edən dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavini Donald Lu İmran Xanın impiçment ediləcəyi təqdirdə, münasibətlərin yenidən istiləşməsinin mümkün olduğu ifadə olunub.
Qeyd edək ki, İmran Xan Rusiya-Ukrayna müharibəsindən bir gün əvvəl fevralın 22-də Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putin ilə görüşüb və bu ölkədən taxıl tədarükünü müzakirə edib. Eyni zamanda Rusiya-Pakistan sammitinin nəticəsi iki dövlət başçılarının qarşılıqlı dostluq ismarışları oldu.
Ancaq Vaşinqton, eləcə də Pakistan siyasi qüvvələri və ordu komandanlığı bu iddiaları təkzib edib. Eyni zamanda Pakistan Federal Təhqiqat Agentliyi məxfi sənədləri açıqladığı üçün İmran Xana qarşı cinayət işi açıb.
Bu arada, bir sıra ekspertlərin fikrincə, Xana təzyiqlər onun ordu ilə rəqabəti ilə bağlıdır. İmran Xanının ABŞ-la münasibətləri soyuqlaşması, Çin və Rusiya ilə yaxınlaşması Pakistanda bir sıra siyasi qüvvələri, o cümlədən ordu komandanlığını narazı salıb. Məlum olduğu kimi, ordu Pakistanın uzun illərdir mövcud olan siyasi kursunun müdafiəçisidir və üstəlik bir çox komandanlar ABŞ-la yaxındır. Bu mənada İmran Xan ətrafında cərəyan edən hadisələr həm də qlobal siyasi rəqabətin təsiri kimi qiymətləndirilir. Çünki hər nə qədər ciddi zərbələr alsa da, keçmiş baş nazir möhkəm dayanıb, məhkəmə sistemində və dövlət bürokratik aparatında ciddi dəstəyi var.
Bu mənada gələn ilin fevralında Pakistanda keçiriləcək seçkilər ölkə tarixində ciddi hadisə ola bilər. Söhbət yalnız İmran Xanın siyasi taleyindən deyil, həm də ölkənin siyasi kursunun gələcəyindən gedir.
Qarşıdan gələn seçkilərlə bağlı gözləntilər
Pakistanda parlament seçkiləri qanunvericiliyə görə parlament buraxıldıqdan sonra 90 gün ərzində keçirilməlidir. Lakin ölkədə keçirilən siyahıyaalmadan sonra bu müddətin uzadılması lazım gəlib. Bu səbəbdən də seçkilər fevrala təyin edilib.
Qeyd edək ki, Pakistanda bir çox siyasi partiyalar olsa da, son seçkilərin də nəticələrinə əsasən 3 partiya daha çox səs almağa iddialıdır. Beləliklə, ciddi siyasi sürprizlər baş verməsə, 8 fevral seçkilərində qələbəyə əsas iddiaçılar İmran Xanın lideri olduğu Pakistan Ədalət Liqası (PTİ), Nəvaz Şərifin lideri olduğu Pakistan Müsəlman Liqası (PML) və keçmiş baş nazir Bənazir Buhuttonun oğlu, eks xarici işlər naziri Bilaval Buhutto Zərdarinin sədri olduğu Pakistan Xalq Partiyası (PPP) olacaq.
Yeri gəlmişkən, keçmiş baş nazir Nəvaz Şərif də məhkəmə ittihamları səbəbi ilə partiyasına faktiki rəhbərlik edə bilmir. Ancaq məhkəmə keçmiş baş nazirə korrupsiya ittihamından bəraət verib. Yəni N.Şərifin seçkilərə qatılması ehtimalı artır.
Xatırladaq ki, 2018-ci ildə keçirilmiş parlament seçkilərində İmran Xanın partiyası 31,82 faiz (149 yer), Şahbaz Şərifin (Nəvaz Şərifin qardaşı) rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası 24,35 faiz (82 yer) və Buhuttonun partiyası Pakistan Xalq Partiyası isə 13,03 faiz (54 yer) səs almışdı. Digər 10-a yaxın partiyanın səsləri isə azdır, həlledici əhəmiyyət kəsb etmir.
Pakistan parlamenti (Milli Assambleya) 336 üzvdən ibarətdir. Bunların 266 yer birmandatlı dairələrdə seçkilər vasitəsilə seçilir. Yerdə qalan 60 yer qadınlara ayrılıb, seçkidə yer tutan partiyalar arasında proporsional əsasda bölünür. 10 yer isə milli azlıqlara ayrılıb.
Əhalisi sürətlə artan Pakistanda 2023-cü il iyulun 25-nə olan məlumata əsasən 127 milyon seçici var. 58,5 milyon qadın seçici və 68,5 milyon kişi seçici var. Lakin seçicilərin sayı gələn ilin fevralına qədər bir qədər də artacaq.
Son söz əvəzi
Pakistanda seçkilər təkcə konkret partiyanın qələbəsi və hökumətin qurulması demək olmayacaq. Onlar həm də son bir neçə ildə güclənən Çin-ABŞ qarşıdurması kontekstində mühüm mərhələ olacaq. Ordunun təzyiqlərinə baxmayaraq, İmran Xanın uğuru Pakistanda yeni keyfiyyət dəyişikliklərinə səbəb ola bilər.
Əlbəttə ki, rəqiblərinin onun qazanmasına nə qədər dözümlü yanaşmasından da çox şey asılıdır. Lakin İmran Xanın siyasi təzyiq altında vəzifədən kənarlaşdırılması, daha sonra mitinqdə sui-qəsdə məruz qalması və həbs olunması Pakistanda onun reytinqinin artmasına səbəb olub. Xatırladaq ki, keçmiş baş nazir Bənazir Buhutto 2007-ci ildə sui-qəsdə məruz qalıb öldürüldükdən sonra partiyası seçkilərdə ciddi yer qazandı və həyat yoldaşı Asif Əli Zərdari Pakistanın prezidenti seçildi. Bu mənada İmran Xanın əslində seçkilərdə şansları daha da artıb. Lakin qeyd etdiyim kimi, xalq dəstəyi artmaqla yanaşı, dövlət aparatında və orduda Xanın hələ də çox güclü rəqibləri var. Bu da onun üçün ciddi risklər yaradır.
MƏSLƏHƏT GÖR: