24 Noyabr 2024

Bazar, 02:05

COP29 ÜMİDİ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təşkili Bakıya həvalə edilib

Müəllif:

15.12.2023

Beynəlxalq birlik həyəcanla iqlim böhranından çıxış yolları axtarır. BMT-nin COP28 kimi tanınan konfransı BƏƏ-yə dünyanın təxminən 200 ölkəsindən 100 mindən artıq hökumət, korporasiya nümayəndəsi, cəmiyyətin ən müxtəlif təbəqələrindən olan təmsilçi toplamışdı. Bununla da o, tarixə BMT-nin ən nəhəng tədbiri kimi düşüb. Konfransın əsas mövzuları 2015-ci il Paris Sazişinin nəticələri, yoxsul ölkələrə pul təzminatının ödənilməsi və son illərdə yaşanmaqda olan iqlim dəyişikliyinin səbəblərilə davranış formaları olub. Söhbət enerjinin əldə olunması üçün mədən yanacağının istehsalı və yandırılmasından gedir. İki variant var: ya bəşəriyyətin neft və qazdan asılılığı mərhələli şəkildə tam aradan qaldırılmalı, ya da daha yumşaq davranaraq, karbonsuz texnologiyaların tətbiqinə üstünlük verilməli, atmosferə zəhərli qazların buraxılmasının qarşısı bu yolla alınmalıdır.

 

İqlim «od saçır»

BMT-nin 2015-ci ildə Parisdə keçirilmiş SOR21 Konfransında dünyanın bütün ölkələri yer kürəsində nisbətən temperatur artımını sənayedən əvvəlki səviyyəyə  - 2°C-ə qədər məhdudlaşdırmağa, idealda isə, hətta, 1,5°C-yə salmaq haqda razılığa gəlmişdilər. O vaxtdan təxminən 10 il keçsə də, Paris Sazişinin bu hədəfinə nail olunmasının çətinliyi hər ötən gün daha çox aydın olur. Ötən illər ərzində külək və günəş enerjisindən istifadə sürətlə artsa da, dünyada neft və qazdan istifadə də yüksələn xətt üzrə gedir.

İndi Yer kürəsində hərarət sənaye inqilabınadək olduğundan 11,1-1,2 °C yüksəkdir. Əsrin sonlarına bu rəqəmin 2,4°S-yə çatacağı gözlənilir. «Global Carbon Project» beynəlxalq alimlər qrupu xəbərdarlıq edir ki, qarşıdakı illərdə heç nə dəyişməzsə, Paris Sazişində müəyyənləşdirilmiş 1,5°C-lik maksimal hədd təxminən 7 ildən sonra aşılacaq. Müəlliflər əmindirlər ki, atmosferə istixana qazlarının buraxılması həddinin 2019-cu illə müqayisədə 2030-cu ilədək 43%, 2035-ci ilədək 60% azaldılması, 2050-ci ilə isə onun sıfır səviyyəsinə çatdırılması üçün daha ciddi tədbirlər görülməlidir. Başqa sözlə, bütün ölkələr bu sahədə mübarizə ilə bağlı təshih edilmiş milli plan hazırlamalıdır.

«BMT-nin iqlim dəyişikliyi proqramı» təşkilatı da bəyan edib ki, iqlimin müdafiəsi üçün tədbirlərdə gecikməyə vaxt qalmayıb. Mütəxəssislərin hesablamalarına görə, dünyada 3,3 milyard insan iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkir. ÜST isə bildirir ki, dünyada hər dörd ölüm halından birinin səbəbi ekoloji amildir. Dünyada bu səbəblə hər dörd saniyədə bir insan dünyasını dəyişir. Bu, koronavirus pandemiyasının səbəb olduğu ölüm hallarından çoxdur. Hava, su və zəminin çirklənməsi, kimyəvi maddələrin təsiri, iqlim dəyişikliyi və ultrabənövşəyi şüalanma bütün dünyada insan ölümlərinə səbəb olur. Bir sözlə, iqlim həqiqətən «alov saçır» 2023-cü il müşahidənin aparıldığı dövrün ən isti ili olub. Ümumilikdə isə son 9 il «qaynarlıq reytinqi»ndə ilk doqquzluğu təşkil edir. Ekspertlərin fikrincə, bu hal gələn il də davam edəcək və demək, 2024-cü il də anomal isti hava ilə yadda qala bilər.

 

«İqlim skeptikləri»

Qeyd olunmalıdır ki, dünyada «qlobal istiləşmə», «iqlim dəyişikliyi» kimi terminlər haqda fərqli fikirlər də var. Bu fikirdə olanlar iddia edirlər ki, iqlim dəyişikliyini qlobal istiləşmə yaratmır, bu, sadəcə ümumi iqlim dəyişikliklərinin tərkib hissəsidir. İddia olunur ki, bu, dövri təbii proseslərin nəticəsidir. Bu fikirdə olanları artıq «iqlim skeptikləri» adlandırmağa başlayıblar və etiraf etmək lazımdır ki, belə düşünənlərin sayı kifayət qədər çoxdur. Məsələn, məşhur isveçrəli ekspert, qar və qar uçqunlarının öyrənilməsi üzrə mütəxəssis Verner Munter belə düşünənlərdəndir. O deyir ki, atmosferdəki CO2-nin ümumi həcminin yalnız 5%-i antropogen xarakter daşıyır, yəni insan fəaliyyətinin nəticəsidir. Məsələn, vulkanlar, xüsusilə İslandiyanın Eyyafyatlayokudl buzlağında baş vermiş vulkan kimi miqyaslı püskürmələr atmosferə daha çox zəhərli qaz buraxır. Bu fikri sırf empirik məlumatlar da təsdiqləyir – hava şəraiti getdikcə daha ekstremal xarakter alır. Burada söhbət heç də yalnız quraqlıqlardan yox, həm də daşqınlardan, yalnız ekstremal istilərdən yox, həm də anomal şaxtalardan gedir. Məsələn, Qərbi Avropa və Britaniya sakinləri artıq dekabrın əvvəlində güclü qar yağışı ilə üzləşib, hərarət mənfi 12°C-yə düşüb, qarın hündürlüyü 40 santimetri ötüb. Nəticədə yollarda kilometrlərlə uzanan tıxaclar yaranıb, reyslər təxirə salınıb, elektrik enerjisi kəsilib və s.

 

Kim imtina edəcək?

Ekspertlərin əksəriyyəti yenə də baş verənlərdə əsas rolu CO2-nin, müvafiq olaraq, bəşəriyyətin mədən yanacaqlarından istifadəsinin oynadığına əmindirlər. BMT-nin baş katibi Antoniu Qutyerriş noyabrın 30-da – COP 28-in açılışı günü dünyanı mədən yanacağından istifadədən təcili olaraq imtina etməyə çağırıb. ABŞ-nin iqlim məsələləri üzrə elçisi Con Kerri də eyni ruhda çıxış edib – Vaşinqton mədən yanacağından istifadəyə mərhələli şəkildə son qoyulmasını dəstəkləyir. Dünya Resursları İnstitutunun Beynəlxalq İqlim Təşəbbüsünün direktoru Devid Vaskou isə bildirib ki, «dəqiq mandat müəyyənləşdirilmədən, SOR28 neft, qaz və kömürdən qlobal asılılığın aradan qaldırılmasında nəticə əldə etməyəcək».

Əsas sual isə dəyişməzdir: bütün ölkələr dəyişikliyə eyni dərəcədə cəhd göstərməlidir, yoxsa bəzi dövlətlər bu  işlə daha ciddi məşğul olmalıdır? Bəs bunu kim və necə tənzimləyəcək? Dünyada atmosferə ən çox zəhərli maddələrin buraxıldığı ölkələrdən olan Çin hesab edir ki, iqlim dəyişikliyinə görə əsas məsuliyyəti Qərb ölkələri daşıyır. Onlar uzun illər ərzində öz sənayelərini inkişaf etdirməklə məşğul olublar, enerjidən hərisliklə istifadə edərək, faktiki olaraq ətraf mühiti düşünməyiblər, indi isə «yaşıl gündəm»dən danışırlar. Pekində deyirlər ki, buna baxmayaraq, həmin dövlətlər «zərər çəkmiş inkişaf etməkdə olan ölkələrə kompensasiyanın ödənilməsilə bağlı mənəvi borclarını ödəməkdən, hüquqi öhdəliklərini yerinə yetirməkdənsə, onları atmosferə zəhərli qazların buraxılmasının azaldılması istiqamətində irrasional planların qəbuluna məcbur edirlər». Misirdə keçirilmiş COP27-də sanki kompensasiya fondunun yaradılması haqda razılığa gəlinmişdi. Lakin razılaşmanın detalları hələ də işlənməyib.

Həqiqətən də, atmosferə ən çox karbon qazı buraxan dövlətlərdən biri onilliklərdir ki, ABŞ-dir. Maraqlıdır ki, Birləşmiş Ştatların neft-qaz sənayesi «yaşıl texnologiyalar»ın inkişafı fonunda da özünü kifayət qədər rahat hiss edir. Bundan başqa, Britaniya hökuməti Avropada enerji böhranının yaşandığı bir vaxtda Şimal dənizində yeni neft-qaz yataqlarının işlənməsi kursunu götürüb. Ölkənin baş naziri Rişi Sunak bildirib ki, ölkəsinin karbon neytrallığına nail olacağı 2050-ci ildə belə, Britaniyanın enerjiyə olan tələbatının dörddə bir hissəsi neft və qazın hesabına ödəniləcək. Almaniya ilə Avstriya isə kömürlə işləyən İstilik Elektrik Stansiyalarının fəaliyyətini bərpa etməyi düşünür. Siyahını uzatmaq da olar.

 

Texnologiyalar bizi xilas edəcəkmi?

COP28-də ənənəvi yanacaq tərəfdarı olanlardan ibarət böyük bir koalisiya yaradılıb – 2456 nəfər! Bu, COP27-də iştirak etmiş eyni mövqeli nümayəndələrlə müqayisədə təxminən 4 dəfə çoxdur. BƏƏ-nin sənaye və öncül texnologiyalar naziri, konfransın sədri Sultan ben Əhməd əl-Caber deyib: «Mədən yanacağından mərhələli şəkildə imtina olunması isə 1,5 dərəcəlik hədəfə nail olunacağını göstərən heç bir elmi məlumat və ya ssenari yoxdur. Dünyanı geri – mağaralar dövrünə qaytarmaq istəmirsizsə, mədən yanacaqlarından dayanıqlı sosial-iqtisadi inkişafı təmin edəcək mərhələi imtina planını göstərin». Bununla yanaşı, o, mədən yanacağından istifadənin azaldılmasının qaçılmaz olduğunu da etiraf edib.

Nəhəng enerji şirkətlərinin rəhbərləri isə onların atmosferə əsasən metan və digər istixana qazlarının buraxılmasının məhdudlaşdırılmasına yönəlmiş addımlarının ekoloji effektivliyini sübuta yetirməyə çalışırlar. Aydındır ki, vəziyyətdən bu yolla da çıxmaq üçün ciddi investisiyaya ehtiyac var – ciddi müasirləşmə və digər tədbirlərə az vəsait tələb olunmur. Amma görünən odur ki, başqa variant yoxdur. Odur ki, bəşəriyyət bu yolla getməli olacaq. Əlbəttə ki, yalnız razılaşmaqla kifayətlənməyərək, verilən vədlərin üzərində dayanacaqsa.

 

Siyasət və konspirologiya iqlimə qarşı

Aydındır ki, hazırda iqlimlə bağlı konsensusun əldə olunmasına siyasət, ilk növbədə Ukrayna müharibəsi və Fələstin-İsrail münaqişəsi mane olur. Onlar onsuz da parçalanmış dünyanı daha da parçalanmış vəziyyətə gətirib, insanların diqqətini «yaşıl gündəm»dən yayındırıb. İndi hər kəs daha çox yaşayış şəraitinin pisləşməsi, inflyasiya, miqrasiya problemi və s. haqda düşünür. Bəzən sadə insanları qlobal istiləşmə ilə mübarizə vasitələri də qorxudur. Bir yandan bəli, məram xoşdur – milyardlarla insanın quraqlıqlar, daşqınlar, qar uçqunları və s. fəlakətlərin dəhşətli nəticələrindən qorunması. Amma digər tərəfdən informasiya məkanında tez-tez belə bir fikrə rast gəlinir ki, karbon neytrallığına nail olunması üçün yalnız üzvi yanacaqların yandırılmasından yox, həm də metan (SN4) əmələ gətirən fəaliyyətdən də imtina edilməlidir. Bu isə kənd təsərrüfatı deməkdir. Yəni insanlar nəqliyyatdan daha az istifadə etməli, isitmə sistemləri və kondisionerləri daha az işlətməli, yeməkdə qırmızı ətə mümkün qədər üstünlük verməməli, ümumiyyətlə, daha az yeməlidirlər. Müxtəlif konspiroloji nəzəriyyələr də meydana məhz bu zəmində çıxır.

 

COP29 Azərbaycana həvalə olunub

Beləliklə, iqlimlə bağlı beynəlxalq gündəm ildən-ilə, hətta aydan-aya daha dolğun, daha aktual və çətin xarakter alır. Bütün bunların fonunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təşkilinin məhz Bakıya etibar olunması çox şeydən xəbər verir. Hər halda, BMT-nin iqlim sammitinə sədrlik onun gündəliyinə və nəticələrinə ciddi təsir etmək imkanı yaradır.

Şübhəsiz ki, bu cür miqyaslı, bütün planet üçün vacib olan tədbirə ev sahibliyinin Azərbaycana verilməsi respublikanın sosial-iqtisadi inkişafının, ölkədəki ictimai-siyasi sabitliyin göstəricisidir. Qeyd olunmalıdır ki, Bakı ən yüksək səviyyədə beynəlxalq tədbirlərin təşkili ilə bağlı böyük təcrübəyə malikdir. Bunun üçün ölkədə lazımi infrastruktur da var. Yalnız onu xatırlatmaq kifayətdir ki, son dörd ildə Azərbaycan dünyanın BMT-dən sonra ən nəhəng təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edib, ən yüksək səviyyədə çoxsaylı beynəlxalq konfrans və görüş keçirib. COP29-un təşkilində də Bakının xeyli müsbət nəticələr əldə edəcəyinə şübhə yoxdur. Söhbət heç də ölkəyə qlobal diqqətin artacağından, turizm sahəsinin faydalarından, iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizədə səylərinin səfərbər olunacağından getmir. Azərbaycan üçün bunlar xüsusilə məsələn, su resurslarının idarə olunmasında vacib hədəflərdir. Ən önəmli məqam Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş əraziləri «yaşıl enerji zonası» elan etməsi, 2050-ci ilə həmin ərazilərin «atmosferə sıfır tullantı» zonasına çevrilməsi hədəfidir. Bu, ölkənin əsl hədəflərinin vacib göstəricisidir – illər əvvəl işğal edilmiş və xarabalığa çevrilmiş ərazilərin bütün regionun faydası naminə çiçəklənən, ekoloji təmiz əraziyə çevrilməsi.

Ümumilikdə Bakı qarşısına iddialı və tamamilə real hədəflər qoyub. Hər halda, o, artıq «yaşıl enerji»nin inkişafı üçün bütün lazımi şəraitə malikdir. Ölkə ərazisində günəş və külək Elektrik Enerjisi Stansiyaları tikilib və tikilir, «yaşıl enerji», hidrogen və «yaşıl» ammonyak istehsalı və ixracı üçün lazımi qurğular yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin SOR28-in yekun sessiyasının plenar iclasında bildirdiyi kimi, «Azərbaycan iqlim dəyişikliklərinə qlobal reaksiyanın koordinasiyasının vacibliyini anlayır». «Üzləşdiyimiz çağırışlar kollektiv fəaliyyət, ümumi razılaşdırılmış hədəflərə, səylərə sadiqlik tələb edir. Azərbaycan iqlim dəyişikliklərilə mübarizədə birgə səylərin vacibliyini anlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və digər dövlətlərin – Qərbi Avropa qrupu üzvlərinin dəstəyi Bakının SOR29-a ev sahibliyi məsələsində uğur əldə etməsində həlledici olub», - deyə nazir qeyd edib.

Taleyi neft hasilatı ilə sıx bağlı olan Azərbaycanın «yaşıl texnologiya»ların inkişafı işində uğurlu nümunə olması həqiqətən də rəmzi və nümunəvi xarakter daşıyacaq.



MƏSLƏHƏT GÖR:

91