Müəllif: Natiq NAZİMOĞLU
Deyəsən, Qərblə İran arasında qarşıdurma yeni fazaya qədəm qoyur. Söhbət proksi savaşın əsl müharibəyə çevrilməsi riskinin əhəmiyyətli dərəcədə artmasından gedir. Bu isə artıq bütünlükdə Yaxır və Orta Şərqdə gərginliyin artmasına təsir göstərir.
«Ansarulla»nın hücumları
Eskalasiyanın katalizatoru rolunu Fələstin-İsrail münaqişəsi oynayır. Suriya və İraqda İranpərəst qruplar qızışıb, Yəmənin Tehrandan hərtərəfli dəstək alan «Ansarulla» («Allahın partizanları») hərəkatı və ya husilər isə (adlarını hərəkatın yaradıcısı Hüseyn Bədruddin əl-Husidən götürüblər) «İsrail və müttəfiqlərini cəzalandırmaq üçün» ABŞ bazalarına və gəmilərinə hücumlar edir. Husilərin məqsədi İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar bitənədək ABŞ və İsraillə əlaqəlri gəmilərin Ərəb və Qırmızı dənizdən keçidini əngəlləməkdir.
Son həftələrdə Qırmızı dənizlə tranzit keçən onlarla beynəlxalq ticarət gəmisinə hücum olunub və bu, bu strateji əhəmiyyətli yolu təhlükəli marşruta çevirib. Bu marşrutla Avropa və Afrika bazarlarına neft daşıyan tankerlərə də problem yaranıb.
ABŞ bu bölgədə çoxmillətli Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında «Prosperity Guardian» («Çiçəklənmənin keşikçisi») əməliyyatına başlanıldığını hələ 2023-cü il dekabrın 18-də bəyan edib. Qırmızı dəniz və Fars körfəzində dəniz quldurları ilə mübarizə məqsədi ilə yaradılmış bu koalisiyaya (mənzil-qərargahı ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci donanmasının dislokasiya olunduğu Bəhreyndə yerləşir) 39 dövlət daxildir. Lakin Yəmənə zərbələrin endirilməsində əsas rolu ABŞ ilə Böyük Britaniya oynayır. Onlar «ticarət gəmilərinə bilavasitə təhlükə yaradan» husi obyektlərini hədəf alırlar.
Belə zərbələr bütün yanvar ayı boyunca davam edib. Bununla yanaşı, Vaşinqton Yaxın Şərq münaqişəsinin qızışmasını istəmədiyini deyir, bildirir ki, hədəf husiləri Qırmızı dənizdə yeni hücumlar təşkil etmək imkanından məhrum etmək, Yəmən ərazisindən beynəlxalq ticarət gəmilərinə zərbələrin endirilməsinin qarşısını almaqdır. Husilər isə cavabında Ədən körfəzi və Babül-Məndəb boğazında hərbi əməliyyatlara başladıqlarını bəyan edib. Onlar ABŞ-a məxsus bir neçə gəmi, məsələn, Amerika Hərbi Hava Qüvvələrinin «Ocean Jazz» yük gəmisi ilə toqquşmanın olduğunu bildiriblər.
Qərbin husilərə qarşı addımları İranın kəskin etirazına səbəb olub. Bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq üzrə təşkil olunmuş açıq debatdakı çıxışında bildirib ki, Birləşmiş Ştatlarla Böyük Britaniya Yəmən ərazisindəki husi obyektlərinə hücum qərarı verməklə, strateji səhv ediblər və bu, regionda münaqişənin genişlənməsi riskini yaradıb.
Hərbi gərginliyin artdığını təsdiqləyən daha bir amil artıq İranın Qərblə dolayısı ilə deyil, birbaşa savaşa girməsidir. Hər halda, Tehran bu istiqamətdə ciddi addımlar atır.
Ərbil və Mazze
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri ABŞ və İsrailin İraqdakı mövqelərinə ballistik raketlərlə zərbələr endirib. Məlumata görə, ABŞ-ın Ərbildəki (İraqın kürd muxtariyyətinin paytaxtı) konsulluğunun ətrafındakı obyektlər də hücuma məruz qalıb. Daha bir xəbərdə konsulluq binasın da ziyan dəydiyi bildirilir. İİKK açıqlamasında bildirir ki, onların hədəfi İsrailin «Mossad» kəşfiyyat xidmətinin İraq Kürdüstanındakı «casus qərargahı» olub.
Amerika və İsrailin mövqelərinə zərbələrin endirilməsi həm də yəhudi dövləti ilə Fələstinin HƏMAS hərəkatın arasında gedən müharibə ilə bağlıdır. İran bununla Qəzzada əməliyyatları davam etdirən İsrailə, həmçinin Təl-Əvivi atəşkəsə razı sala bilməyən və ya razı salmaq istəməyən ABŞ-a təsir göstərməyə çalışır.
Amma İsrailin cavabı da özünü çox gözlətməyib. O, özünü Dəməşqin cənub-qərbində yerləşən Mazze rayonunda göstərib.İsrail son illərdə mütəmadi olaraq Suriya ərazisinə zərbələr endirir və bu zaman əsasən İran hərbçilərinin, yaxud onlara yaxın qüvvələrin bazaları hədəf seçilir. HƏMAS-ın İsrailə ötən ilin oktyabrında etdiyi hücumdan sonra isə bu reydlər daha da artıb.
İranın Amerika və İsrail obyektlərinə birbaşa hücumlarına Kirman şəhərindəki qəbiristanlıqda bu yaxınlıqda baş vermiş terror aktına görə «qisas aksiyası» kimi də baxmaq olar. Söhbət general Qasım Süleymaninin xatirəsinə həsr olunmuş mərasim zamanı törədilmiş terror aktından gedir. Tehran rəsmiləri baş verən anoloji hadisələrə görə ənənəvi olaraq, Vaşinqtonla Təl-Əvivi günahlandırır. Kirman hadisəsində isə terror təşkilatlarının da iştirak etdiyi deyilir. İranın «İslam dövləti» təşkilatının Suriyanın şimalında yerləşən mövqelərinə, daha sonra isə «Ceyş əl-Ədl» («Ədalət ordusu») qruplaşmasının Pakistan ərazisindəki obyektlərinə zərbələr endirməsi təsadüf deyil. Sonuncu hadisə İranla Pakistan arasında ciddi gərginliyə səbəb olub və onun Böyük Yaxın Şərq dramının növbəti süjetinə çevrilməsi riski var.
Tehran və İslamabad «Ceyş əl-Ədl»ə qarşı
Pakistan ölkənin hava məkanının İran tərəfindən pozulmasını qəti şəkildə pisləyib və belə addımların ciddi nəticələr verə biləcəyinə dair xəbərdarlıq edib. İslamabad bildirir ki, bunun «Pakistanla İran arasında bir neçə əlaqə kanalının olomasına rəğmən» baş verməsi anlaşılan deyil. Az sonra isə Pakistan ordusunun «fövqəladə hərbi hazırlıq» vəziyyətinə gətirildiyi elan edilib.
Bu da son deyil. Qeyd olunan hücumundan sonra Pakistan İranın Sistan və Bəlucistan əyalətlərinə hücum edib. Nəticədə hər iki tərəfdən dinc sakinlər, o cümlədən uşaqlar həlak olub.
Nəzərə almaq lazımdır ki, müvafiq olaraq Pakistan və İran ərazilərində hərbi hədəf elan olunmuş terrorçular bəlucların separatçı səylərini dəstəkləyir. Odur ki, «Ceyş əl-Ədl» kimi qruplaşmaların məhvində həm Tehran, həm də İslamabad maraqlıdır. İki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yəqin ki, məhz bu ortaq maraq imkan verməyib.
Daha bir maraqlı məqam İranın «Ceyş əl-Ədl» qruplaşmasına hücumunun vaxtıdır. O, Pakistanın baş naziri səlahiyyətlərinin icraçısı Ənvər-ul-Hak Kakar ilə İranın XİN başçısı Abdullahianın Davos forumu çərçivəsində keçirdikləri görüşlə eyni vaxta təsadüf edib. Görüşdə tərəflər ikitərəfli münasibətlərin maksimum gücləndirilməsinə hazır olduqlarını bildiriblər. Gərginliyin pik vaxtında isə hər iki ölənin xarici işlər nazirləri mübahisənin İran və Pakistanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinə tərəfdar olduqlarını bəyan ediblər. Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı ilə İslamabadda keçirdiyi görüşdən sonra bildirib ki, onların ölkələri terrorçuluqla birgə mübarizə aparacaq. Nazir tərəflərin «bir-birinin narahatlığını aradan qaldırmasının» vacibliyini də vurğulayıb. O deyib ki, terror təhlükəsi iki ölkənin ümumi problemidir və ölkələr «bu təhdidin aradan qaldırılması üçün ortaya birgə yanaşma qoymaq haqda razılığa gəliblər». Bununla yanaşı, pakistanlı nazir əməkdaşlıq üçün ən vacib prinsipin ölkələrin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi olduğunu da deyib.
Buna görə də, nüvəyə sahib Pakistanın İrana cavab məsələsi qarşılıqlı birgə plan və maraqlarlardan ciddi şəkildə asılıdırsa, ABŞ-ın Tehranın atdığı "əlcək" ə reaksiyası sanki havada asılıb.
Söz Vaşinqtonundur
Birləşmiş Ştatlar Dövlət Departamentinin «İranın düşüncəsiz raket zərbələrinin İraqda sabitliyi pozduğu» haqda bəyanatı ilə kifayətlənib. Bəyanatda vurğunun «İraqın sabitliyi»nə edilməsi insident zamanı amerikalıların xəsarət almaması ilə bağlı ola bilər. Lakin ABŞ-ın reaksiyasını və ümumilikdə «İran siyasəti»ni qısa zaman kəsiyində qiymətləndirmək doğru olmazdı. Guman etmək olar ki, Birləşmiş Ştatlarda bu il keçiriləcək prezident seçkisində respublikaçı namizədin qələbə qazanacağı təqdirdə Vaşinqtonun «İran siyasəti» sərtləşəcək. Xüsusilə nəzərə alsaq ki, vaxtilə Tehranla «nüvə razılaşması»nı pozmuş Donald Trampın Ağ Evə qayıtması ehtimalı var, bu, gözləniləndir. Xatırladaq ki, İranın nüvə proqramı ilə bağlı problemin həlli prosesi məhz Trampın həmin qərarından sonra «donub».
MAQATE-nin dekabr hesabatına görə, İran uranın zənginləşdirilməsi tempini 60% artıraraq, ayda 3 kiloqramdan 9 kiloqrama çatdırıb. Tehran bu prosesin sürətləndirilməsi istiqamətində addımları ABŞ-ın «nüvə razılaşması»ndan çıxmasından sonra atmağa başlayıb. Agentlik bildirir ki, bu iş Nətənz və Fordo nüvə obyektlərində ötən ilin noyabr ayının sonundan başlayıb. Bununla yanaşı, MAQATE-nin baş direktoru Rafael Qrossi bir məqama xüsusi diqqət çəkib: «İran dünyada yeganə dövlətdir ki, nüvə silahına malik olmasa da, uranı az qala bu silahın əldə edilməsinə imkan verəcək həddədək zənginləşdirib». Qrossi əmindir ki, Tehranın nüvə proqramı «iddialı hədəflərə doğnu inkişaf edir». Agentliyin buna hər hansı rəsmi etirazı yoxdur, bir şərtlə ki, İran MAQATE müfəttişlərinin nüvə obyektlərinə girişini məhdudlaşdırmasın.
Tehranın bu israrı ABŞ və İsrailə İranın nüvə silahı əldə etməyə çalışdığına dair əlavə arqumentlər verir. Nəticədə bu iki dövlət İranın qarşısının alınmalı olduğunu getdikcə daha qəti şəkildə dilə gətirir. Amma səbəb tək bu deyil. Tehran həm də ABŞ-ın əsas rəqibləri olan Rusiya ilə Çinin ən önəmli müttəfiqidir. Belə bir vəziyyətdə Qərbin, ilk növbədə isə ABŞ və Böyük Britaniyanın aparıcı siyasətçilərinin, beyin mərkəzlərinin İranla böyük müharibənin qaçılmazlığı haqda bəyanatlarının artması təsadüf deyil.
İranla ABŞ-ın başçılıq etdiyi Qərb arasında hərbi gərginliyin getdikcə artması isə onsuz da «müharibələr burulğanı»nda olan Yaxın Şərq üçün yaxşı perspektivlər vəd etmir. Bu, şübhəsiz ki, Cənubi Qafqaz da daxil olmaqla, ətraf regionların təhlükəsizliyi üçün də çağırışlar yaradır.
MƏSLƏHƏT GÖR: