23 Noyabr 2024

Şənbə, 23:13

ÜMİD VAŞİNQTONADIR

NATO-nun Avropanın şərqindəki əsas sərhədi olan Polşa ilə Rumıniya hərbi potensiallarını sürətlə müasirləşdirirlər

Müəllif:

01.03.2024

Ukrayna müharibəsinin ikinci ildönümü bu ölkənin ən iri iki qonşusu olan Polşa ilə Rumıniyanı strateji vəziyyətlərini yenidən qiymətləndirməyə vadar edib. Belə ki, son illərdə onlar NATO-nun Avropanın şərqindəki əsas sərhədinə çevriliblər.

Ukrayna ordusunun döyüş qabiliyyətinin dəstəklənməsi üçün bütün lazımi hərbi vasitələr Kiyevə məhz bu ölkələr vasitəsilə daşınır. Ukraynanın ixrac-idxal əməliyyatlarının əhəmiyyətli hissəsi də məhz bu ölkələr vasitəsilə həyata keçirilir.

Amma Varşava ilə Buxarest Kiyevə yardım etməklə yanaşı, özlərini də unutmurlar. Onlar hesab edirlər ki, hərbi-strateji vəziyyətləri istənilən an böhranla üzləşə bilər. Məsələ ondadır ki, bu NATO ölkələri Rusiya və ya onun müttəfiqi olan Belarusla bilavasitə həmsərhəd olmaqla yanaşı, həm də müharibə aparan Ukrayna ilə ümumi sərhədə malikdirlər. Bu isə onları hər an ayıq-sayıq olmağa məcbur edir.

 

Polşa NATO-nun Baltikyanı bölgənin şərqindəki ön cəbhəsi kimi

Yanvarın sonunda Polşa, Almaniya və Niderland hərbi dəhlizin yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalayıblar. Yaradılacaq dəhlizə artıq «hərbi Şengen» adı verilib. Məqsəd Şimal dənizindən NATO-nun şərq cinahına aparan əsas dəhlizlərdən biri ilə qoşun və silahların sürətli hərəkətinə mane olan bürokratik süründürməçilik hallarının aradan qaldırılmasıdır. «Hərbi dəhlizlər» və ya «hərbi Şengen» ideyası yalnız Avropa ölkələri arasında deyil, onlardan kənar regionlar arasında da hərbi texnika mübadiləsinə, onların hərəkətinə mane olan qarışıq qaydalara son qoyulması məqsədi daşıyır. Bu, müharibəyə girəcəyi təqdirdə Polşa ordusu üçün əlavə üstünlüklər yaradacaq.

Hazırda Polşa Silahlı Qüvvələrinin şəxsi heyəti 200 mindən artıqdır. Bu, 10 il əvvəllə müqayisədə 105 min nəfər çoxdur. Bununla yanaşı, Polşa 2026-cı ilədək bu rəqəmi daha 100 min artırmağı düşünür. Bu halda Polşa Avropada NATO-nun ən böyük quru qoşunlarına malik üzvü olacaq.

1600 döyüş tankından idarət arsenalın yaradılması da planlaşdırılır. Bu, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyanın ümumilikdə döyüş tankı arsenalından böyükdür. Proqnozlara görə, Polşa bu il ÜDM-in 3%-ni, bəzi hesablamalara görə isə 4%-dən çoxunu müdafiə xərclərinə yönəldəcək ki, bu da NATO-da ən yüksək göstərici olacaq.

Bu hədəflərin reallaşdırılmasında Polşanın əsas tərəfdaşı ABŞ-dir. 2023-cü ilin sentyabrında Birləşmiş Ştatlar Varşavaya 2 milyard dollarlıq kreditin ayrıldığını elan edib. Polşa bu vəsaitlə ordusunu Amerika avadanlıqları və xidmətləri almaq yolu ilə müasirləşdirməlidir. Təbii ki, eyni vaxtda o, yeni texnikaların istehsalı ilə bağlı öz müəssisələrinə də sifarişlər verəcək.

Polşanın yenidən silahlandırılması proqramına 2018-ci ilin sonlarından start verilib. Onun iki əsas məqsədi var. Birincisi, təhlükəsizliyin əsas qarantı kimi, ABŞ-ni öz tərəfinə çəkmək, müdafiə xərclərini iki dəfə artırmaq və Amerikadan külli miqdarda müasir hərbi avadanlıqlar sifariş etmək. Söhbət 366 ədəd «M1 Abrams» tankından, 486 ədəd HIMARS reaktiv yaylım atəşi sistemindən, ən azı 32 ədəd «F-35» döyüş təyyarəsindən gedir.

İkinci və daha vacib aspekt isə NATO-nun Avropada ən böyük quru qoşunları qrupunun yaradılmasıdır.

Maraqlıdır ki, Almaniya, Fransa və bir sıra digər Avropa ölkələrinin vahid Avropa ordusunun yaradılmasına çalışdığı bir vaxtda Polşa bu ideyaya skeptik yanaşma nümayiş etdirir. O, Avropa nəhənglərinin bu istəyini onların öz maraqlarına xidmət edəcək panavropa silahlı qüvvələri yaratmaq niyyəti ilə əlaqələndirir.

Polşa üçün Baltikyanı bölgənin şərqində NATO-nun ön cəbhəsi olmaq daha vacibdir. Bu, onun Avropanın orta səviyyəli fövqəldövləti statusunu gücləndirəcək.

 

Rumıniya – NATO-nun Balkan və Qara dəniz sərhədi

Rumıniya da təxminən eyni məqsədləri güdür, sadəcə başqa regionda. Bu dəfə söhbət Şərqi Balkanlardan və Qara dənizin qərb sahillərindən gedir.

Son zamanlar Ukrayna ilə sərhəd olduğu üçün NATO üçün əhəmiyyətini artıran Rumıniya çox sayda müasir silah-sursat almaqdadır. Onların sırasında Almaniya istehsalı olan «Gepard» özüyeriyən zenit qurğuları və Niderland istehsalı olan «I-Hawk PIP» zenit-raket kompleksləri də var. Rumıniya Britaniyadan 2 freqat da alıb. Onlar Rumıniyaya verilməzdən əvvəl müasirləşdirilib və 2004-2005-ci illərdə istismara verilib.

Bununla yanaşı, Rumıniya köhnəlmiş hərbi avadanlıqlarını yeniləmək üçün öz müdafiə sənayesindən də istifadə etməyə çalışır. Bu, iqtisadi baxımdan daha effektivdir, çünki həm də yerli sənayenin dəstəklənməsidir. Rumıniyanın hərbi sənayesi istehsal, mövcud arsenalın, yerüstü və dəniz sistemlərinin müasirləşdirilməsi, həmçinin zamanla yeni tələblərə uyğunlaşdırılması üçün ciddi potensiala malikdir. Eyni zamanda Birləşmiş Ştatlar Rumıniyanın əsas hərbi-siyasi və hərbi-texniki tərəfdaşıdır.

Hələ 2017-ci ildə ABŞ ilə Rumıniya arasında 1,25 milyard dollarlıq hərbi müqavilə imzalanıb. O, özündə 54 ədəd M142 HIMARS atəş qurğusunun, GMLRS və ATACMS raketlərinin, həmçinin yardımçı qurğuların tədarükünü nəzərdə tuturdu. Müqaviləyə əsasən ilk tədarük 2021-ci ildə həyata keçirilib. ABŞ ilə daha bir böyük, 3,9 milyard dollarlıq müqavilə Rumıniyaya 7 ədəd «PATRIOT Configuration 3+» atəş qurğusu və raketlərin tədarükünü nəzərdə tutur. Bir müddət əvvəl isə tərəflər arasında Buxarestə «Kongsberg» hərbi-dəniz zərbə raketləri ilə işləyən 2 sahil mühafizəsi sisteminin satışını nəzərdə tutan 300 milyon dollarlıq razılaşma imzalanıb.

 

İlk iş təyyarə məsələsidir

«F-16»ların müasirləşdirilməsini və mövcud donanmaya logistik dəstəyin verilməsini nəzərdə tutan ayrıca müqavilə də var.

Bu, Ukrayna ətrafında 2014-cü ildən sonra yaşananlar fonunda Rumıniya ilə reallaşdırılan iri proqramların yalnız bir hissəsidir. Rusiya-Ukrayna savaşının başlamasından sonra bu istiqamətdə fəaliyyət daha intensiv xarakter alıb.

Məlum olduğu kimi, hazırda Rumıniya Quru Qoşunlarının arsenalında yerli «TR-85», eyni zamanda köhnə Sovet tankları olan «T-55»lər yer alır. Bu isə təbii ki, Rumıniya Silahlı Qüvvələrinin tələbatını qarşılaya bilməz. Bu problemin həlli üçün əsas hədəf kimi, «M1 Abrams» tank batalyonunun yaradılması nəzərdə tutulur. Bu, 54 tank deməkdir.

Rumıniyanın raketdən müdafiə sisteminin təkmilləşdirilməsində isə əsas rolu Deveseluda Amerikanın «Aegis Ashore» kompleksinin qurulması oynayır. «Patriot» batareyaları ilə təchiz olunmuş bu kompleks 2016-cı ilin əvvəlindən NATO Hava Hücumundan Müdafiə sisteminə qoşulub.

2023-cü ildə Buxarest öz HHM sistemini Amerikanın 2 «Patriot» raket batareyası ilə gücləndirərək, onların sayını 4-ə çatdırıb. Ümumilikdə isə proqrama görə, ölkə 7 belə batareyaya malik olmalıdır.

Elə 2023-cü ildə Rumıniya Silahlı Qüvvələrinin tarixində ən bahalı alqı-satqı prosesinə də start verilib. Söhbət «F-16» qırıcılarından gedir. Bu, iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə 32, daha sonra ayrıca müqavilə ilə daha 17 qırıcı alınacaq.

Buxarest təyyarələrin, mühərriklərin alışına, maddi-texniki təminata, pilotlara və personala təlimlərin keçirilməsinə, həmçinin aviatrenajorlara ümumilikdə 6,5 milyard dollar xərcləmək niyyətindədir. Onların arasında «hava-hava» və «hava-yer» tipli xüsusi sursatlar da var.

2023-cü ilin aprelində ölkənin Ali Müdafiə Şurası Rumıniyanın hökumətlərarası razılaşma əsasında ABŞ-dən çoxhədəfli hərbi təyyarə alması haqda da qərar qəbul edib. Bütün proqramın icrası 2030-cu ilədək həyata keçiriləcək. Daha sonra Rumıniya Hərbi Hava Qüvvələri mərhələli şəkildə «F-35» qırıcılarına keçəcək. «F-16»ların isə ilk partiyası Norveçdən, ikinci partiyası Portuqaliyadan alınacaq. Norveç «F-16»ları üçün istifadə müddəti maksimum 10 ildir, Portuqaliya qırıcıları istismar müddətinin ortalarındadır. Daha əvvəl Rumıniya HHQ əsasən köhnə Sovet «MiQ-21 LanceR»lərindən ibarət idi.

 

Varşava ilə Buxarest Vaşinqtona arxalanır

Quru qoşunlarına gəlincə, Polşa və Rumıniya ordusu bənzər texnikalara üstünlük verirlər. Onlar iki ölkənin Silahlı qüvvələrinin əməkdaşlıq proqramı çərçivəsində M142 HIMARS qurğularının birgə tətbiqini müzakirə edirlər. «Patriot» sistemlərilə bağlı vəziyyət də bənzərdir. 2023-cü il iyunun sonunda ABŞ Dövlət Departamenti Polşaya hava hücumundan müdafiə üçün 15 milyard dollar dəyərində inteqrasiya olunmuş hərbi idarəetmə sisteminin satışına razılıq verib. Eyni qərar Polşa ordusunun artıq bu il əldə edəcəyi «M1 Abrams» tankları ilə bağlı da qəbul edilib.

Tərəflər müasir Amerika silahlarından istifadə bacarığının öyrənilməsi, hərbi birliklərin fəaliyyətinin koordinasiyası məqsədilə dəfələrlə ikitərəfli və çoxtərəfli təlimlər də keçirib.

Onu da xatırladaq ki, Polşa ilə Rumıniya 2014-cü ildə yaradılmış və Şərqi Avropa ölkələrini özündə birləşdirən «Buxarest doqquzluğu»nun (B9) üzvüdürlər. Bu format çərçivəsində görüşlər ən müxtəlif səviyyələrdə keçirilir (prezidentlər, xarici işlər və müdafiə nazirləri). B9-un fəaliyyəti NATO-nun şərq sərhədlərinə yarana biləcək təhdidlərə yönəlib. Birlik bu təhdidləri yumşaltmağa, bu kontekstlə region ölkələri arasında əməkdaşlıq imkanları tapmağa çalışır.

Polşa NATO-nun Rumıniya ərazisindəki hərbi bölüyünə də dəstək verir. Onların vəzifəsi Alyansın şərq və cənub cinahlarında, həmçinin bütünlükdə Şimali Atlantika Alyansında təhlükəsizliyin gücləndirilməsidir. Bununla da Polşa ilə Rumıniya NATO-nun təhlükəsizlik sisteminin aparıcı iştirakçılarına çevrilir, Avropa siyasətində öz rollarını və əhəmiyyətlərini artırır, orta güclü regional fövqəldövlətlərə çevrilirlər.

Həm Varşava, həm də Buxarest ABŞ-yə hərbi sahədə əsas tərəfdaş və müttəfiqi kimi baxır. Lakin son zamanlar bu ölkələrdə müəyyən narahatlıqlar yaranıb. Hər iki ölkədə düşünürlər ki, ABŞ onların Avropanın müdafiə konsepsiyası ilə bağlı mövqelərinə münasibətini dəyişə bilər. ABŞ-nin eks-prezidenti, qarşıdan gələn prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olacağı gözlənilən Donald Tramp bildirib ki, o, Rusiyanın ÜDM-in 2%-ni müdafiəyə yönəltməkdən imtina edən NATO üzvlərinə potensial hücumunu qəbul edərdi. Polşanın baş naziri Donald Tusk ona Fransanın dövlət başçısı Emmanuel Makronla görüşündə cavab verərək deyib ki, «Aİ, Fransa və Polşa öz sərhədlərini, öz ərazisini müdafiə etməyə, həmçinin Aİ-dən kənardakı müttəfiq və dostlarını qoruya bilməyə hazır güclü ölkələr olmalıdırlar». Baş nazir bildirib ki, Trampın fikirləri «hər kəs üçün soyuq duş olub».

O, faktiki olaraq, ümumavropa hərbi gündəminin formalaşdırılması üçün səylərə dəstək ifadə edib. Eyni çağırışla Fransa ilə Almaniya da çıxış edir. Onlar Avropa Silahlı Qüvvələrinin yaradılmasını vacib sayırlar. Bu, əlbəttə ki, Polşanın ABŞ ilə hərbi sahədə əməkdaşlığa münasibətini dəyişəcəyi anlamına gəlmir. Amma eyni zamanda Varşavanın yaxın perspektivdə hərbi-strateji prioritetlərinə dəyişiklik edə biləcəyi də istisna deyil.



MƏSLƏHƏT GÖR:

90