Müəllif: Natiq NAZİMOĞLU
Münhen Təhlükəsizlik Konfransı uzun illərdir ki, dünyanın ən nüfuzlu illik beynəlxalq forumlarından biri sayılır. Bu il fevralın 16-18-də keçirilən yubiley – sayca 60-cı konfransa 40-dan artıq dövlət və hökumət başçısı, həmçinin yüzlərlə nazir və ekspert qatılıb. Forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. O, tədbir çərçivəsində bir çox görüşlər keçirib və bu görüşlərin hər biri Bakının beynəlxalq arenada nüfuzunun əhəmiyyətli dərəcədə artdığını təsdiqləyib.
Azərbaycanın yeni üfüqləri
Münhen Konfransında Azərbaycana böyük diqqət xüsusilə onun 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının sessiyasına – COP 29-a ev sahibliyi edəcəyi ilə bağlı idi. İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen ilə görüşündə Azərbaycanın COP 29-un Təşkilat Komitəsi ilə Münhen Təhlükəsizlik Konfransı Katibliyi arasında əməkdaşlığa dair razılıq əldə olunub. Azərbaycanın dövlət başçısı Xoysqenin COP29 çərçivəsində birgə tədbirlərin keçirilməsi təklifini məmnuniyyətlə qəbul edib.
COP29 mövzusuna İlham Əliyevin amerikalı xadimlərlə görüşlərində də xüsusi toxunulub. Söhbət Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkendən, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerridən, dövlət başçısının qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Xoxşteyndən gedir. Bu görüşlərdə vurğulanıb ki, Azərbaycanın COP29-un ev sahibi olması Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişləndirilməsinə yaxşı imkan yaradır, COP29 zamanı qəbul ediləcək qərarlar isə iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması istiqamətindəki beynəlxalq səylərə ciddi təkan olacaq.
Beynəlxalq səylər kontekstində inkişaf etməkdə olan ölkələrin qlobal siyasətdə rolunun artırılmasına tərəfdar olan Azərbaycanın mövqeyi kifayət qədər nümunəvidir. Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının baş naziri Şeyx Xasin ilə görüşdə bildirib ki, Azərbaycan COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin güclənməsi üçün əlindən gələni edəcək.
İqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini təsdiqləyən Azərbaycan «yaşıl enerji»yə keçidi dəstəkləyir, bərpa olunan enerji layihələri reallaşdırır. Məsələn, söhbət Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilişindən, Azərbaycanın tezliklə «yaşıl enerji» ixracatçısına çevrilmək səylərindən gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Xəzər dənizində bərpa olunan enerji potensialı 157 giqavatı ötür.
İqlim maliyyələşdirilməsi və Bakının SOR29-a ev sahibliyi edəcəyi ilə əlaqəli məsələlər İlham Əliyevin Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq, «The Rockefeller Foundation»ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti Eylin Okonnor ilə görüşlərində də müzakirə edilib. Dövlət başçısının Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviç ilə görüşündə isə Avropaya «yaşıl enerji» ixracı ilə bağlı gələcək layihələr müzakirə olunub.
İlham Əliyevin ABŞ-nin dövlət katibi Entoni Blinken və Almaniya kansleri Olaf Şolts ilə görüşlərində COP29 mövzusuna bu hadisənin Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsinə müsbət təsir göstərə biləcəyi kontekstinə də toxunulub.
Münxen Təhlükəsizlik Konfransında Azərbaycan-Ermənistan mövzusu Prezident İlham Əliyev ilə baş nazir Nikol Paşinyan arasında görüş şəklində də gündəmə gəlib. Görüş Almaniya kanslerinin təşəbbüsü ilə baş tutub. Tərəflər tezliklə iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsi, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın toplantısının təşkilinə dair razılığa gəlib.
Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin tezliklə normallaşması üçün ikitərəfli danışıqların tərəfdarı olan Bakı ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsi məsələsini də qaldırıb. Bakının bu mövqeyi Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq və qurumun baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmid ilə görüşlərində də ifadə olunub.
Xatırladaq ki, İlham Əliyev öz inauqurasiya mərasimində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının beynəlxalq gündəlikdən çıxarılmalı olduğunu xüsusi vurğulayıb. Bu mənada, Azərbaycan Prezidentinin ABŞ-nin dövlət katibi ilə görüşdə Vaşinqtonu ikitərəfli münasibətləri Ermənistan-Azərbaycan münasibətləri mövzusundan kənar inkişaf etdirməyə çağırması maraqlıdır. Bakı bununla çalışır ki, Vaşinqton, nəhayət, Azərbaycan-ABŞ münasibətlərini erməni lobbisinin, həmçinin Amerikanın bu münasibətlərə öz şəxsi maraqları naminə ziyan vuran ermənipərəst siyasətçilərin mənfi təsirindən qorusun.
İlham Əliyevin Münhen «proqram»ında Ukrayna Prezidenti Vladimir Zelenski, İsrail Prezidenti İshaq Hersoq, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşlər də xüsusi yer tutub. Maraqlıdır ki, dövlət başçısının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi bütün görüşlər qarşı tərəflərin istəyi ilə baş tutub. İlham Əliyevin konfransda iştirakının digər aspektləri kimi, bu məqam da Azərbaycanın beynəlxalq və regional məsələlərdəki rolunun əhəmiyyətli dərəcədə artdığının göstəricisidir.
Azərbaycan özünü ayrı-ayrı ölkələrin, iri güc mərkəzlərinin ünsiyyət qurmaqda maraqlı olduğu məsuliyyətli, nüfuzlu dövlət kimi təsdiqləyib. Cənubi Qafqazın lideri, Avrasiyanın strateji əhəmiyyətli kəsişməsində yerləşən aparıcı amil, sadəcə güclü dövlət olan, beynəlxalq arenada sülh, təhlükəsizlik və əməkdaşlığın güclənməsinə böyük töhfələr verən Azərbaycan, həqiqətən də, «xarici siyasətdə yeni üfüqlər» açır. Prezident İlham Əliyev öz inauqurasiya mərasimində də bunu ifadə edib, Münhen Təhlükəsizlik Konfransında iştirakı zamanı da ortaya qoyub.
Müharibə və sülh arasında
Münhen Təhlükəsizlik Konfransı müasir beynəlxalq münasibətlər sistemində çətin ziddiyyətlərin olduğunu təsdiqləyib. Söhbət, ilk növbədə, Qərblə Rusiya arasındakı sərt qarşıdurmadan gedir. Yeri gəlmişkən, Rusiya tərəfinin artıq bir neçə ildir bu tədbirə qatılmaması da qeyd olunan qarşıdurmanın nəticəsidir.
Rusiya ilə qarşıdurma bu forumda da əsas mövzulardan olub. Forumun ilk günündən rusiyalı müxalifətçi, həbsdə olan Aleksey Navalnının ölümündən tutmuş, Ukrayna ilə müharibəyədək bir çox məsələ müzakirə edilib. Bununla yanaşı, görünən odur ki, Qərb, xüsusilə Avropa bu məsələdə o qədər də nikbin deyil. Bu mənada, yubiley konfransının proqram məruzəsinin adı çox şeydən xəbər verirdi – «Lose-Lose?» («Hamı məğlub olur?»). Məruzənin mətnində isə «beynəlxalq siyasətdə mənfi tendensiyalar»dan, «geosiyasi gərginliyin və iqtisadi qeyri-müəyyənliyin artması»ndan, «dünya düzənində davam edən parçalanma»dan bəhs olunur.
Tədbir çərçivəsində əsas müzakirə mövzularından olan, beynəlxalq gündəmin digər məsələlərini, o cümlədən İsrail-Fələstin münaqişəsini kölgədə qoyan Ukrayna böhranı ilə bağlı müzakirələr də məhz «qeyri-müəyyənlik», «parçalanma» ruhunda keçib. Rusiyanın keçirdiyi «xüsusi əməliyyat»ın ikinci ildönümündə Qərbdən Ukraynaya silah tədarükü məsələsi ciddi şəkildə aktuallaşıb. Avropa Ukrayna ordusuna lazım olan qədər silah istehsal etmək iqtidarında olmadığını etiraf edirsə, ABŞ-də Kiyevə on milyardlarla dollarlıq növbəti hərbi yardım paketinin ayrılmasını nəzərdə tutan qanun layihəsi Konqresdən keçməyib. Eks-prezident Donald Trampın Ağ Evə qayıda biləcəyinə dair proqnozlar isə skeptik yanaşmanı daha gücləndirir. Məsələ ondadır ki, Tramp nəinki Ukraynaya pul xərcləməyin lazımsız olduğunu deyir, bəzi Avropa ölkələrinin ÜDM-in 2%-ni müdafiə xərclərinə ayırmadığı üçün NATO-nu dağıtmağa belə, hazırdır.
Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Aİ ölkələrini silah tədarükünü ləngitməməyə çağırıb. O, əsas arqumentlərdən biri kimi deyib ki, Ukrayna qoşunları son olaraq Avdeyevkanı «süni silah çatışmazlığı» üzündən tərk etmək məcburiyyətində qalıb.
Qərb liderləri isə öz növbələrində, Ukraynaya yardımın davam etdiriləcəyini bildirirlər. Bunu, məsələn, ABŞ-nin vitse-prezidenti Kamala Xarris də deyir, Almaniya kansleri Olaf Şolts da. NATO-nun baş katibi Yens Stoltenberq isə Ukraynaya hərbi yardımın davam etdirilməsini «uzunmüddətli və ədalətli sülh»ə nail olunmasının yeganə yolu sayır. Lakin bu hərbi dəstəyin hansı miqyasda olacağını heç kim açıqlamır. Elə həmin Şolts ölkəsinin Ukraynaya «Taurus» qanadlı raketlər tədarük etməyə hazır olub-olmadığına dair suala birbaşa cavab verməkdən yayınıb.
Doğrudur, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Zelenski Almaniya və Fransa ilə Ukraynaya uzunmüddətli dəstək və təhlükəsizlik zəmanətinə dair razılaşma imzalayıb. Kiyev bundan əvvəl analoji sənədi Böyük Britaniya ilə də imzalamışdı. Lakin bu razılaşmalarda zəmanətin konkret nədən ibarət olduğu, qarant ölkələrin lazım gələcəyi təqdirdə Ukrayna uğrunda döyüşə girməyə hazır olub-olmadığı haqda heç bir fikir yoxdur.
Ukraynaya Amerika və Avropa yardımının həcmi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi şəraitdə Qərblə Rusiya arasında dialoqun tamamilə pozulduğu Münhen Təhlükəsizlik Konfransında bir daha təsdiqlənib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun Avropanın yaxın onillik üçün iki hissəyə bölünmüş şəkildə yaşayacağına dair proqnozu çox şeydən xəbər verir. Onun fikrincə, qarşıdakı illərdə Avropa «azad və demokratik hissə» ilə «avtoritar Rusiya»dan ibarət olacaq. Ən əsası isə, Qərb özünü Ukrayna müharibəsinin uzun çəkəcəyinə kökləyir. Bununla yanaşı, Qərbin əsas siyasi meydanlarından olan Münhen Təhlükəsizlik Konfransı bir suala cavab tapmayıb: Ukrayna böhranının hərbi həlli varmı?
Çinin xarici işlər naziri Van İ konfransdakı çıxışında Pekinin bu böhranın həlli üçün öz planının olduğunu və planın yaxın zamanlarda açıqlanacağını bildirib. Onun fikrincə, ən çətin vəziyyətlərdə belə, «sülhə şans vermək lazımdır». Bəs Çinin sülh planı Rusiya-Ukrayna müharibəsinə son qoymaq iqtidarında olacaqmı? Üstəlik, bəllidir ki, Çinin özü qlobal parçalanmanın əsas fiqurantlarındandır və burada söhbət həm də Qərblə parçalanmadan gedir. Amerikanın vitse-prezidenti Kamala Xarrisin Ukrayna müharibəsinin başlamasından sonra Çin-Rusiya münasibətlərinin yaxşılaşmasından narahatlığını ifadə etməsi təsadüf deyil.
Əksər ekspertlər hesab edir ki, hazırkı qlobal parçalanmaya nöqtəni Rusiya Prezidenti Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransında 2007-ci ildə etdiyi çıxış qoyub. O zaman Putin ABŞ-nin başçılıq etdiyi birqütblü dünya düzəninin başa çatdığını bəyan etmişdi. 60-cı Münhen Təhlükəsizlik Konfransı isə birqütblü dünyanın sanki aktuallığını itirdiyi, lakin çoxqütblü düzənin formalaşa bilmədiyi şəraitdə keçib. Belə qeyri-müəyyənlik şəraitində ABŞ və Qərbin yerdə qalan hissəsi bir tərəfdən, Rusiya ilə Çin isə digər tərəfdən potensial qütblər olaraq, bu ya digər formada qlobal qarşıdurmaya cəlb ediliblər. Qərb-Rusiya qarşıdurması daha çox hərbi, Qərb-Çin qarşıdurması isə iqtisadi müstəvidə inkişaf edir. Dünya düzəninin gələcəyi isə bu qarşıdurmaların nəticəsindən asılı olacaq. Bəs nəticə necə olacaq? Bu suala heç kim Münhen Təhlükəsizlik Konfransı kimi nüfuzlu tədbirdə belə, birmənalı cavab vermir.
MƏSLƏHƏT GÖR: