Müəllif: Kənan RÖVŞƏNOĞLU
Martın 1-də İranda İslam Şurası (parlament) və Mütəxəssislər Məclisinə (Xubreqan) seçkilər keçiriləcək. İslam Respublikasının sayca 12-ci parlament seçkiləri və əsas vəzifəsi ölkənin birinci şəxsini seçməkdən ibarət olan Xubreqana keçiriləcək sayca 6-cı seçkiyə böyük bir diqqət və maraq var.
Qeyd edək ki, İran parlamentinin 290 üzvü var, deputatlar ümumi səsvermə ilə majoritar qaydada 4 il müddətinə seçilir. Eyni şəkildə 88 nəfərdən ibarət Xubreqan üzvləri də 8 il müddətinə yalnız din xadimi olan namizədlər içərisindən seçilir.
Böyük diqqət
İran seçkilərə olan böyük diqqətin bir neçə səbəbi var. Məsələ ondadır ki, 2020-ci il fevralın 21-də keçirilmiş seçkilərdə mühafizəkarlar böyük üstünlük (290 nəfərlik parlamentdə 223 mandat) əldə edərək parlamentə nəzarəti ələ keçirdilər. O vaxt keçmiş İnqilab Keşikçiləri korpusu generalı, Tehran bələdiyyəsinin sabiq sədri Məhəmməd Baqir Qalibaf İran parlamentinin sədri seçildi. Parlamentdə yalnız 20 mandatı isə islahatçılar qazandılar. Yerdə qalanları isə müstəqillər əldə etdilər.
2021-ci il prezident seçkilərində isə mühafizəkarların namizədi, hazırkı Prezident İbrahim Rəisi qalib gəldi. Ancaq mühafizəkar qanadın qanunverici və icra hakimiyyətini ələ keçirməsi İranda vəd olunan dəyişikliyə səbəb olmadı. Əksinə, ölkə çox ciddi iğtişaşlarla və geriləmə ilə üz-üzə qaldı. 2022-ci il Məhsa Əmini etirazları isə pik nöqtə oldu. Üstəlik mühafizəkar hakimiyyət öz daxilində ciddi qalmaqallar yaşadı, vəd olunan iqtisadi və sosial sıçrayışlar baş vermədi. Belə məlum oldu ki, islahatçıların parlamentdə azlıqda qalması deyildiyi kimi, ölkənin problemlərini həll etməyə yetərli olmadı, ancaq əvəzində daxildəki qarşıdurma dərinləşdi. İranda da son illərdə xüsusilə Sistan-Bəlucistan və Əhvaz əyalətlərində, eləcə də ölkənin kürd bölgələrində terror aktları və separatizm artıb. Başqa sözlə, mühafizəkarların “təkhakimiyyətliliyi” effektiv olmayıb və indi geniş ictimai iştiraka ehtiyac yaranıb.
Seçki prosesinə cəmiyyətin bütün təbəqələrinin cəlb edilməsinin məqsədəuyğunluğunu başa düşən hakimiyyət imkan daxilində həm mühafizəkarların, həm də islahatçıların parlamentdə geniş təmsilçiliyini təmin etməyə çalışır. Buna həm də seçkiləri boykot etmək çağırışlarının artması təkan verir.
Fevralın sonunda İranın daxili işlər naziri Əhməd Vahidi bildirib ki, Konstitusiya Keşikçiləri Şurası 15200 deputatlığa namizədi qeydə alıb. Bunlardan bir çoxu ilkin mərhələdə müraciətlərinə rədd cavabı verilmiş şəxslər idi. Hakimiyyət onların namizədliyini qeydə almağa qərar verib.
İslahatçılar üçün bu seçki əvvəlki mövqelərini bərpa etmək üçün fürsət ola bilər. Bu dəfə onlar daha ehtiyatlı davranırlar.
Seçkiyə diqqəti artıran daha bir səbəb hazırkı dini liderin yaşı və səhhətidir. 84 yaşlı Ayətullah Xameneinin varisinin məhz bu seçkilər zamanı formalaşmış parlament və Xubreqan tərəfindən seçilməsi ehtimalı daha da artır. Məlum olduğu kimi, Xubreqan 8 il müddətinə seçilir və əsas işi dini lideri seçmək, onun fəaliyyətinə qiymət vermək və zəruri şərait yaranarsa, rəhbərin impiçmentini həyata keçirməkdir.
Sonuncu prezident və parlament seçkilərində seçici fəallığını 50 faizin altına düşməsi ölkədə ciddi legitimlik şübhələrinə səbəb olur. Çünki buna qədər olan bütün seçkilərdə bu şəkildə aşağı fəallıq qeydə alınmayıb.
Boykotçular
Maraqlıdır ki, islahat qanadında seçki ilə bağlı iki baxış var. Birinci xətt islahat qanadının “mənəvi atası” hesab olunan keçmiş prezident Məhəmməd Xatəminin liderlik etdiyi boykotçulardır. Xatəmi bəyan edib ki, ölkəsi azad və rəqabətli seçkidən uzaqda qalıb. Bu isə boykot çağırışı kimi qiymətləndirilib.
Ancaq eyni zamanda 110 islahatçı fəal müraciət yayaraq mühafizəkar hakimiyyətə son qoymaq üçün seçkilərdə iştiraka çağırıb. Bu xətti dəstəkləyənlər arasında keçmiş Baş nazir və siyasi məhbus Mir Hüseyn Musəvi də var.
İran parlamentinin səlahiyyətləri
İran parlamenti hər dörd ildən bir ümumxalq səsverməsi ilə seçilir. Ölkənin ali qanunverici orqanının 290 üzvü majoritar seçki dairələrindən seçilir. Parlamentin respublika qanunlarına və hökumətin fəaliyyətinə nəzarət etmək hüququ var. Belə ki, hökumətin müəyyən qərarları, o cümlədən nazirlərin təyinatı və dövlətlərarası müqavilələrin bağlanması İran parlamenti tərəfindən təsdiqlənir. Nazirin təyin edilməsi ilə bağlı prezidentin fərmanı təsdiq olunmaq üçün parlamentə göndərilir və bundan sonra o, öz işinə başlaya bilər.
İranda dövlətin birinci şəxsi ali dini liderdir. 1989-cu ildən əvvəl mövcud olan baş nazir postu ləğv edildikdən sonra prezident eyni zamanda ən yüksək icra hakimiyyətinin və hökumətin başçısıdır.
İran parlamentinin prezidentə qarşı impiçment prosedurunu başlatmaq hüququ var. Amma prezident onu buraxmaq səlahiyyətinə malik deyil. Maraqlıdır ki, İranda prezident və parlamenti xalq seçir, məhkəmə hakimiyyətinin başçısını isə ali lider təyin edir.
İran hakimiyyəti içərisində ən mühüm qurumlardan biri də Konstitusiya Keşikçilər (Şurayi Negahban) Şurasıdır. 12 nəfərlik bu şuranın üzvlərinin 6-sı din xadimi, 6-sı isə hüquqşünasdır. Din xadimlərini dini lider, hüquqşünasları isə Ali Məhkəmə sədri təyin edir. Keşikçilər Şurası qanun və qərarların mövcud islami sistemə uyğun olub olmadığına rəy verir, həmçinin prezident, parlament və Xubreqan üzvlərinin namizədliklərini təsdiqləyir.
Hakimiyyətin daha bir qurumu isə Sistemin Məsləhətini Müəyyən edən Şuradır. Əsasən keçmiş dövlət məmurları, bürokratlar, diplomatlar və hərbçilərin təmsil olunduğu bu Şuranın güclü səlahiyyətləri olmasa da, dövlətin siyasi kursunun müəyyən edilməsi ilə bağlı təkliflər verir, qurumlar arasında anlaşılmazlıq zamanı vasitəçilik kimi yardımçı rolu var.
Hökumətin seçki siyasəti
İran hakimiyyəti seçkilərdə fəallığı artırmaq üçün hər cür səy göstərir. Ölkənin dini liderlərindən biri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, eləcə də bir çox digər dini və siyasi xadimlər, cümə imamları da bu tədbirlərdə fəal iştiraka çağırırlar. Bəzi KİV-lərin məlumatına görə, hakimiyyət sonuncu seçkilərdə 50 faizin altına düşən seçici fəallığının bu il daha da aşağı düşəcəyindən narahatdır. Çünki bəzi sorğulara görə, əhalinin yalnız 30 faizi seçkilərdə iştiraka maraq göstərir. Bu isə hakimiyyətin legitimliyinə birbaşa təhlükədir.
Eyni zamanda Konstitusiya Keşikçiləri Şurası müxalifətçiləri seçkilərə buraxmır. İslahatçılara yaxın media İranın keçmiş prezidenti Həsən Ruhani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, keçmiş informasiya naziri Heydər Moslehi və keçmiş kəşfiyyat rəisi, Əmmar düşərgəsinin rəhbəri Mehdi Taibin namizədliyinin rədd edildiyini yazır.
Bu şəxslər “Xubreqan” üzvlüyünə namizədliklərini vermişdilər. Həsən Ruhani namizədliyinin növbəti dəfə rədd edilməsi ilə bağlı Keşikçilər Şurasına 3-cü dəfə məktub yazıb. Həsən Ruhani dini islahatçı komanda içərisində dini lider postuna əsas namizədlərdən hesab olunur və bu səbəbdən də onun namizədliyinin məqsədli şəkildə qeydə alınmadığı ehtimal olunur.
Nə olacaq?
12-ci parlament və 6-cı “Xubreqan” seçkiləri İran hakimiyyəti üçün ciddi imtahan olacaq. Baxmayaraq ki, 4 il əvvəlki ilə müqayisədə hakimiyyətin vəziyyəti daha yaxşıdır. Bir qayda olaraq, İran hakimiyyəti xaricdə baş verən proseslərdən ölkə daxilində məharətlə istifadə edir. Hazırda regionda baş verənlər, ABŞ ilə artan gərginliyin fonunda Tehranın böhranı ustalıqla idarə etməsi, maraqlıdır ki, əvvəlki illərdən fərqli olaraq daxildəki vəziyyətə təsir etmir. Halbuki, təcrübədən bilinir ki, Tehran böhranlardan daxili siyasətdə uğurla istifadə etmək bacarığına malikdir. Üstəlik, Ukrayna münaqişəsi, Yaxın Şərqdəki toqquşmaların fonunda İranın mövqeləri xeyli dərəcədə möhkəmlənib, neft satışından tutmuş xarici ticarətə qədər bir çox sahələrdə müsbət nəticə var.
Lakin daxildə ciddi narazılıq qalır, ölkədə işsizlik artır, İbrahim Rəisi hökuməti sosial-iqtisadi vəziyyəti düzəldə bilmir, nəhayət, ciddi təhlükəsizlik boşluğu var. Bütün bunlar onu deməyə əsas verir ki, İslam Respublikası rəhbərliyinin narahatçılığı üçün kifayət qədər əsaslar var.
Seçkilərin sönük keçməsi daxildəki narazılığı körükləyə, hakimiyyətə qarşı etirazlara səbəb ola bilər. Bu səbəbdən də, hakimiyyət, əsas siyasi kursu zədələmədən mümkün qədər seçici fəallığı və geniş bir iştirakçılığa nail olmağa çalışır. Bu isə indi o qədər də asan deyil.
MƏSLƏHƏT GÖR: