Müəllif: NURANİ
Antalyada keçirilən Beynəlxalq Diplomatiya Forumu özünü ən perspektivli və çox şey vəd edən diplomatik meydan kimi təsdiqləyir. Dünyada Türkiyənin nüfuzu artır və artıq bunu hiss etməmək, görməmək mümkün deyil. Bundan başqa, Ukrayna müharibəsinin başlaması ilə Ankara Qərblə Rusiya arasında vacib dialoq kanalı rolunu da gücləndirib.
Lakin Antalya Forumu-2024 zamanı diqqət mərkəzində başqa məsələlər olub. Türkiyənin kurort paytaxtına Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da gəlmişdi. O, səfər çərvəsində türkiyəli həmkarı Hakan Fidanla görüşərək, iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsini də müzakirə edib.
Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan «CNN Türk»ə müsahibəsində İrəvanın sərhədlərin açılmasına, Ankara ilə diplomatik münasibətlərin tam normallaşdırılmasına hazır olduğunu bildirib. Bununla yanaşı, o, Ermənistanın Türkiyə tərəfindən siyasi iradə nümayişi gözlədiyini söyləsə də, İrəvanın buna hazır olub-olmadığını deməyib.
«Blokada» yazılır…
Ermənistanla Türkiyə arasında quru sərhədi 1993-cü ildə ermənilərin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsinə cavab olaraq, Ankaranın təşəbbüsü ilə bağlanıb. Qeyd edilməlidir ki, Türkiyə SSRİ-nin dağılmasından sonra yeni yaranmış respublikaların müstəqilliyini tanımış ilk dövlətdir. Lakin onunla İrəvan arasında diplomatik əlaqələr hələ də mövcud deyil. Səbəbini Ankara heç zaman gizlətməyib. Türkiyə rəsmiləri hər zaman açıq şəkildə deyiblər ki, İrəvanla Ankara arasında diplomatik münasibətlər yalnız Azərbaycan ərazilərinin işğaldan azad olunmasından, Qarabağ münaqişəsinə son qoyulmasından sonra mümkündür.
Ermənistan ötən illər ərzində bütün beynəlxalq meydançalarda «blokada» haqda «ağı deyib», bunu az qala «2015-ci il soyqırımı»nın davamı kimi qiymətləndirib. Bununla yanaşı, onlar Azərbaycanla münasibətləri normallaşdırmadan, mütəmadi olaraq sərhədlərin açılması məsələsini gündəmə gətirib. Radikallar düşünürdülər ki, təzyiqləri bir az da davam etdirsələr, Türkiyə sərhədləri açmaq məcburiyyətində qalacaq. Guya «sivil dünya iztirablı Ermənistanın blokada qalmasına imkan verməyəcək». Ermənistan siyasi düşərgəsinin daha praqmatik hissi isə Ankara ilə Azərbaycanın kürəyi arxasında razılığa gəlməyə çalışıb. Bu mənada, 2000-ci illərin sonlarının «futbol diplomatiyası» hər kəsin yaddaşındadır.
Bununla yanaşı, ötən dövrdə Ermənistanla Türkiyə arasında təyyarə uçuşları həyata keçirilir, sərnişin və yük daşımaları isə Gürcüstan ərazisilə baş tuturdu. Ermənistanda millətçilər əhalini paytaxtın bazarlarında dolu olan Türkiyə məhsullarından imtina etməyə çağıran «təsirli» videoçarxlar çəkir, tez-tez bazarlarda Türkiyə pomidorlarının «aşkarlandığına» dair səs-küy qaldırırdılar. Amma bazarlarda pomidorlar da, köynəklər də, ayaqqabılar da satılır, səfirlik isə açılmır ki, açılmır. Sərhədlər kimi…
Nəhayət, bu gün sanki bu istiqamətdə addımların atılmasına maneə yoxdur. Azərbaycan işğal olunmuş torpaqlarını hərbi yolla geri qaytarıb, ərazi bütövlüyünü bərpa edib. 44 günlük müharibədən sonra 2023-cü ilin sentyabrında antiterror əməliyyatı da keçirilib və bu gün Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanır. İndi Bakı özü «3+3» formatını (Azərbaycan, Ermənistan, Gürcüstan + Türkiyə, Rusiya, İran) təklif edir, regionda kommunikasiyaların açılmasının vacibliyini bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Forumunun rəsmi açılış mərasimində bildirib ki, ölkəsi Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək. Diplomatik dildən tərcümədə bu, Bakını hər hansı «sürpriz»in gözləmədiyi anlamına gəlir.
Təxminən bir il əvvəl, Türkiyədə dəhşətli zəlzələ baş verən zaman Ermənistan fəlakət zonasına xilasedicilər göndərdikdə bir çox ekspert «seysmik diplomatiya»dan danışmağa başlamışdı. Onlar vaxtilə Türkiyə ilə Yunanıstan arasındakı gərginliyə məhz zəlzələdən əziyyət çəkən insanlara humanitar yardımın göndərilməsi ilə son qoyulduğunu xatırladırdılar.
Lakin «futbol diplomatiyası» zamanı ekspertlər az qala bir həftə sonra sərhədlərin açılacağını gözləyirdilərsə, bu gün nikbinlik o qədər də yüksək deyil. Ankara-İrəvan danışıqlarının yeganə nəticəsi Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçın bəyanatıdır. O, iki ölkə təmsilçiləri arasında növbəti görüşün anonsunu verib, lakin görüşün vaxtı və yeri haqda heç nə deməyib. Belə bir vəziyyətdə ən nikbin ekspertlər belə, sərhədlərin tezliklə açılacağını söyləyə bilmir.
Türkiyə sərhədinin «Zəngəzur açarı»
Ermənistanda (həm də tək Ermənistanda yox) diqqətlər konkret olaraq Türkiyə sərhədi ilə tranzit daşımalarına başlanılması məsələsinə yönəlib. Açığı, bu məsələyə diplomatik münasibətlərin qurulmasından daha çox diqqət ayrılır. Bakı ilə Ankara kommunikasiyaların açılmasına kompleks şəkildə yanaşır. Onlar hansısa «mərhələli qrafik»lə razılaşmağı düşünmürlər. Bu gün regionda qapalı qalmış kommunikasiyalardan danışan zaman əsas diqqət mərkəzinə gələn isə əlbəttə ki, Zəngəzur dəhlizidir.
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin qurulması Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyannamədə də əksini tapıb. Lakin Ermənistan bu öhdəliyini hələ də yerinə yetirməyib.
İrəvan, əlbəttə ki, özünə Azərbaycan vasitəsilə Rusiyaya tranzitin, Culfa vasitəsilə İrana Arazdəyən dəmir yolu xəttinin açılacağına, Qars-Gümrü marşrutu ilə hərəkətin bərpa olunacağına, bunların Zəngəzur dəhlizi olmadan baş tutacağına dair ümidlər verə bilər. Lakin bu varianta nə Azərbaycan, nə də Türkiyə gedəcək. Yeri gəlmişkən, mövcud stereotiplərin əksinə olaraq, Zəngəzur dəhlizinin açılması hamıdan çox Ermənistanın özünə sərf edir.
Azərbaycan Arazboyu ərazilərin işğaldan azad olunmasından sonra İran ərazisi ilə alternativ nəqliyyat dəhlizinin yaradılmasına dair razılıq əldə edib. Bakı-Tbilisi-Qars dəmir yolu ilə hələ 2015-ci ildə istifadəyə verilib. İndi İğdır-Naxçıvan xətti də çəkilir. SSRİ illərində Ermənistan faktiki olaraq, Cənubi Qafqazın dəmir yolu monopolisti idi. İran və Türkiyə ilə dəmir yolu əlaqəsi məhz onun vasitəsilə həyata keçirilirdi. İndi isə nəqliyyat kommunikasiyaları Ermənistandan yan keçir. Odur ki, Azərbaycan və Türkiyə üçün Ermənistanla sərhədin bağlı qalıb-qalmayacağının xüsusi bir əhəmiyyəti yoxdur.
«Unudulmuş» maneələr
2000-ci illərin ortalarında üçüncü ölkələrdən olan ekspertlərin diqqəti əsasən Türkiyənin İrəvana ünvanladığı bir tələbə yönəlmişdi: qoşunlarınızı Azərbaycan ərazisindən çıxarın! Amma qeyd olunmalıdır ki, bu, yeganə problem deyil. İrəvan Türkiyəni nəinki uydurma «soyqırımı»da günahlandırır, həm də ona qarşı ərazi iddiaları irəli sürür. Bu iddialar Sevr müqaviləsinə və Birinci Dünya müharibəsi ərəfəsində Antanta dövlətləri hökumətlərinin emissarları tərəfindən erməni liderlərə verilmiş vədlərə əsaslanır. Ermənistanın gerbində hələ də Ağrıdağın şəkli var, burada hələ də «Qərbi Ermənistan»dan danışılır və onun Sevr müqaviləsinə əsasən, altı Şərqi Anadolu vilayətinin hesabına yaradılması nəzərdə tutulur. Ermənilər hələ də ümid edirlər ki, bir az da keçəcək, «erməni soyqırımı» tanınacaq, sivil dünya yüz ildən də artıq müddət əvvəl verilmiş vədləri yada salacaq, Türkiyə əraziləri Ermənistana peşkəş ediləcək.
İrəvan 2020-ci ilin yayında, Azərbaycanla müharibə ərəfəsində Türkiyəyə iddialarını yeni səviyyəyə qaldırmış, onları erməni tarixçi və diplomat Jirayr Liparidyan özünün səs-küylü müsahibəsində dilə gətirmişdi. O, demişdi ki, «Ermənistan prezidenti və baş naziri <…> Sevr sülh müqaviləsinin ildönümü ilə bağlı bəyanat veriblər ki, bu bəyanatı Türkiyəyə ərazi iddialarının irəli sürülməsi kimi qəbul etmək olar».
Ermənistanın SSRİ-nin tərkibində olduğu illərdə bu mövzu erməni siyasi dairələrinin çərçivəsini aşmayıb. Hər halda, Türkiyənin NATO-ya qoşulmasından sonra SSRİ «altı vilayət», «Qərbi Ermənistan» və s. mövzuları gündəmə gətirməyib. Amma Ermənistanda belə söhbətlərin qarşısı da alınmayıb. Bu cəfəng ideyalar xüsusilə erməni diasporu arasında populyar olub. SSRİ-nin dağılmasından və dünya xəritəsində müstəqil Ermənistan dövlətinin peyda olmasından sonra vəziyyət kökündən dəyişib. Nə qədər ki, Ermənistan-Türkiyə sərhədləri Azərbaycan ərazilərinin işğalı səbəbi ilə bağlı idi, Şərqi Anadolu məsələsi ikinci plana atılmışdı. Bundan başqa, Levon Ter-Petrosyanın dövründə Ermənistan rəhbərliyi Sevr müqaviləsi dövrünün sərhədlərinə qayıdış haqda rəsmən danışmağın cəfəngiyyat olduğunu anlayırdı. Amma məsələnin, ümumiyyətlə, gündəmdən çıxarılmasına da çalışılmayıb.
Bir sözlə, Ermənistanda Türkiyəyə ərazi iddiaları milli ikona ranqına yüksəldilib. Bu isə artıq Türkiyə ilə Ermənistan arasında danışıqların xarakterini tamamilə dəyişir. İrəvanın Türkiyənin ərazi bütövlüyünü tanımayacağı təqdirdə Ankara, əlbəttə ki, sərhədləri açmayacaq. Eyni zamanda Ermənistan rəhbərliyi üçün ermənilərin Türkiyə ərazilərilə bağlı əsrlərdən gələn arzusunun üzərindən birdəfəlik xətt çəkməsi asan deyil. Bunün siyasi qasırğası Qarabağa iddiadan əl çəkilməsindən daha güclü olacaq.
Bütün bunlardan isə bir nəticə çıxır: təəssüf ki, münasibətlərdə tezliklə normallaşma gözlənilmir. Günah isə yüz il əvvəlin arzuları, xülyaları ilə yaşayan İrəvandadır.
MƏSLƏHƏT GÖR: