23 Noyabr 2024

Şənbə, 22:03

ANTALYA MESAJLARI

III Diplomatiya Forumu özünü vacib beynəlxalq problemlərin müzakirəsi platforması kimi təsdiqlədi

Müəllif:

15.03.2024

Martın əvvəlində Türkiyənin Antalya şəhərində III Diplomatiya Forumu keçirilib. Forumun mövzusu «Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq» olub.

Tədbirdə dünyanın 110 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak edib. Onlardan təxminən 20-si dövlət və hökumət başçıları, təxminən 60-ı isə xarici işlər naziri olub. Azərbaycanı Forumda təmsil edən nümayəndələr arasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə xarici işlər naziri Ceyhun Bayramov da yer alıblar.

 

«Dünyadakı böhranların əksəriyyəti bizim regionda baş verir»

Qlobal problemlərin, məsələn, ksenofobiya, terrorçuluq, qeyri-leqal miqrasiya, iqlim dəyişikliyi kimi məsələlərin həlli yollarının müzakirə edildiyi Antalya Forumunun təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. İlk belə toplantı 2022-ci ilin martında keçirilib. Ötən il o, Türkiyədə baş vermiş dağıdıcı zəlzələ səbəbi ilə baş tutmayıb, çünki ölkə rəhbərliyi bütün güc və diqqətini təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəltməli olub.

III Diplomatiya Forumunun gedişində «Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT», «Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə», «Avropa təhlükəsizlik arxitekturasının gələcəyi», «Avrasiyada əməkdaşlığın yeni dinamikası», «Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları» və s. mövzularda fikir mübadilələri aparılıb.

Ukraynada, Yaxın Şərqdə və Cənubi Qafqazda yaşanmaqda olan böhranlar forum iştirakçılarının xüsusi diqqətində olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Forumun açılışındakı çıxışında təsadüfən deməyib ki, «dünyadakı böhranların əksəriyyəti bizim regionda baş verir». Bununla yanaşı, o, Liviya, Suriya, Yəmən və Ukraynada yaşananların müasir beynəlxalq münasibətlər sisteminin qeyri-effektivliyini sübut etdiyini də söyləyib.

Türkiyə Prezidenti Ərdoğanın, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və digər iştirakçıların çıxışlarında Qəzzada müharibəyə son qoyulmasının, İsrail-Fələstin münaqişəsinin həllinin vacibliyi vurğulanıb, üstəlik, bu problemin Fələstin dövlətinin yaradılması ilə bitməsinin zəruriliyi qeyd edilib. Suriya böhranına gəlincə, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasının əhəmiyyətindən danışılıb. Məsələn, Lavrov Suriya probleminin həllində vacib amil olaraq, Suriya-Türkiyə-Rusiya-İran formatının qorunub saxlanılmalı olduğunu deyib.

Antalya Forumunun iştirakçıları iqtisadi məsələlərə də toxunublar. Məsələn, «Enerji təhlükəsizliyində paradiqma dəyişikliyi» mövzusunda təşkil olunmuş paneldə Ukrayna müharibəsinin beynəlxalq enerji bazarına təsirindən, atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün təmiz enerjiyə keçidin vacibliyindən, həmçinin fasiləsiz və əlçatan enerji tədarükünün təmini üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs olunub.

Avropanın enerji təhlükəsizliyinin təmini kontekstində Azərbaycanın vacib rolu vurğulanıb. Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyyarto Azərbaycan, Türkiyə və Rumıniya ilə qaz tədarükünə dair müqavilələrin imzalandığını xatırladıb, Azərbaycanın Gürcüstan vasitəsilə Rumıniyaya «yaşıl enerji» ixracı perspektivindən danışıb.

Bu diskussiya panelində iştirak edən Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov da Gürcüstan, Macarıstan, Türkiyə və Azərbaycan arasında imzalanmış sənədlərin, o cümlədən «yaşıl enerji» haqqında razılaşmanın əhəmiyyətinə diqqət çəkib, enerji təhlükəsizliyinin təmini kontekstində onların önəmini vurğulayıb. Azərbaycanın Xəzər dənizi vasitəsilə fəal şəkildə bərpa olunan enerji mənbələri layihələri reallaşdırdığını deyən nazir müavini bildirib ki, hazırda Bakı Qazaxıstan və Özbəkistanla birlikdə Mərkəzi Asiyadan Avropaya Qara dəniz vasitəsilə enerji ötürülməsi layihəsi üzərində də çalışır. Bundan başqa, bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək Azərbaycanın enerjinin ekoloji balansı pozmadan təhlükəsiz istehsalına istiqamətlənmiş beynəlxalq səylərin pionerinə çevrilmək səyləri də vurğulanıb.

Avrasiyanın siyasəti və iqtisadiyyatında Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə artdığı «Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT» mövzusunda keçirilən panel iclasda da vurğulanıb. Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin inauqurasiya mərasimində Türk Dövlətləri Təşkilatını (TDT) «bizim ailəmiz» adlandırdığını xatırladıb. «Bu gün dünyada qeyri-sabitlik hökm sürür. Hazırda regional əməkdaşlıq daha vacibdir, çünki dünya düzəni dağılır. Bu mənada, TDT böyük əhəmiyyətə malikdir», - deyə nazir qeyd edib.

Regional problemlər və perspektivlər ikitərəfli görüşlərdə də müzakirə olunub. Məsələn, Azərbaycan və Rusiyanın XİN başçıları iki ölkə arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarına uyğun münasibətlərin vəziyyətini müzakirə ediblər. Onlar Bakı ilə Moskvanın «Xəzər beşliyi» və «3+3» formatı çərçivəsində birgə fəaliyyətə sadiq olduqlarını təsdiqləyiblər. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyannamənin reallaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

 

«Səyləri birləşdirmək və dünya gündəmində birgə irəliləmək lazımdır»

Azərbaycan-Ermənistan nizamlanması məsələsi Antalya Forumunun əsas müzakirə mövzularından olub. Məsələn, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Helqa Mariya Şmid və Özbəkistanın XİN başçısı Baxtiyor Saidov ilə görüşlərində Ermənistanın destruktiv mövqeyinə – hərbi təxribatlarına, sürətlə silahlanmasına, aqressiv ritorikanı davam etdirməsinə, sülh prosesinə ziyan vurmasına diqqət çəkib.

«Cənubi Qafqazda sülh, inkişaf və əməkdaşlıq» mövzusunda təşkil olunmuş müzakirələrdə isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan çıxış ediblər. Sonuncunun çıxışından belə çıxıb ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri (10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamə) yerinə yetirmək, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizini açmaq niyyətindədir. Bununla yanaşı, Rubinyan ölkəsinin Azərbaycanla 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsaslanan qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsinin imzalanması üçün də əlindən gələni etdiyini söyləyib.

Hikmət Hacıyev isə öz növbəsində bildirib ki, Bakının Ermənistanın səmimiyyətinə şübhə ilə yanaşması üçün əsaslar var. Belə ki, 2020-ci il müharibəsinin başa çatmasından 3 il keçsə də, İrəvan hələ də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımaqdan imtina edir. Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatına da bu səbəb olub.

H.Hacıyev xatırladıb ki, sülh prosesinin təşəbbüskarı məhz Bakıdır. Beynəlxalq hüqunun norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhə nail olmağa köklənib. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Bu iddialar Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasında, həmçinin onun beynəlxalq məhkəmələrə təqdim etdiyi Azərbaycan əleyhinə sənədlərdə əksini tapır.

Hikmət Hacıyev Antalyadakı çıxışında Azərbaycanın Ermənistanla vasitəçilərin iştirakı olmadan ikitərəfli danışıqlar formatına sadiqliyini də dilə gətirib. «Azərbaycan sülh müqaviləsi üzərində işdə ikitərəfli komponentə xüsusi diqqət ayırır. Sülh Parisdə, Brüsseldə və ya hər hansı digər yerdə yox, Bakı ilə İrəvan arasındadır. Hər iki ölkə səylərini birləşdirməli və dünya gündəmində birgə irəliləməlidir», - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib. Bununla yanaşı, o, təəssüflə bildirib ki, «bəzi qüvvələr hərbiləşdirmə siyasəti yürüdür, silahlanma yarışını qızışdırır, regionda yeni ayırıcı xətlər müəyyənləşdirməyə çalışır, Cənubi Qafqazdan kənarda olan geosiyasi intriqalarını regiona daşımaq istəyir». «Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, qarşıdurma xətti kimi formalaşdırmağa çalışan qüvvələr var», - deyə Hacıyev bildirib. O, Azərbaycanın Ermənistandan «ötən illərin səhvlərini təkrarlamamasını» gözlədiyini deyib. Yəni İrəvanın keçmişdə yürütdüyü, Azərbaycan əleyhinə yönəlmiş, sülhün bərqərar edilməsinə imkan verməyən siyasəti, ilk növbədə, Ermənistanın özü üçün acınacaqlı nəticələr verib.

Bu yerdə bir məqamı qeyd etmək vacibdir ki, İlham Əliyev ilə Nikol Paşinyanın Münhen görüşünün, daha sonra isə iki ölkənin xarici işlər nazirlərinin Berlin danışıqlarının yekununda hər iki tərəf müzakirələrin uğurlu alındığını deyib, yekun sülh müqaviləsinin hazırlanması üçün müzakirələrin davam etdirilməsinə hazır olduğunu bildirib. Lakin sülh prosesi üçün əlverişli təsir bağışlayan belə bir şəraitdə Ermənistan yenidən gərginliyi artıracaq addımlar atır. Bu isə nəinki tərəflər arasında sülh perspektivinə, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına zərbə vurur. Halbuki, Antalya Forumunda bir daha bəyan olunub ki, Azərbaycanla sülh əldə olunmazsa, Türkiyə ilə də sülh olmayacaq! Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması prosesini qardaş Azərbaycanla sıx koordinasiya şəklində aparır. Başqa variant yoxdur və ola da bilməz.

Ermənistanın sülhə, əməkdaşlıq və təhlükəsizliyə mane olan siyasət yürütdüyünü yalnız onun ərazi iddiaları irəli sürdüyü türk qonşuları demir. Ermənistanın əməllərində Rusiya da narazıdır. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Qərb ilə hərbi-siyasi əməkdaşlığı canlandırmasından, o cümlədən bu ölkə ərazisində Avropa İttifaqı missiyasının mövcudluğundan narazılığını dilə gətirib. Ermənistan rəhbərliyinin «bilərəkdən Rusiya ilə münasibətlərin davamlı pisləşməsi xəttini seçdiyini» deyən Lavrov İrəvanın qeyri-region ölkələrinə arxalanmaq qərarına gəldiyi qənaətindədir. «Amma bu, o siyasət mühəndisləridir ki, dünyanı öz apartamentləri ilə idarə etməyə öyrəşiblər və dünyanın heç bir nöqtəsinə fayda verməyiblər», - deyə Sergey Lavroa bildirib.

Ermənistan-Rusiya münasibətlərinin pisləşdiyini Lavrovun səsləndirdiyi tələb də təsdiqləyir. O, İrəvandan KTMT-də mövcudiyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı yekun qərara gəlməyə çağırıb.

Antalya Forumunda Azərbaycan-Ermənistan nizamlanmasının hazırkı vəziyyəti və perspektivlərilə bağlı aparılan müzakirələr bir daha göstərib ki, bu Cənubi Qafqaz ölkələri arasında münasibətlər ya Bakının tələb etdiyi kimi, beynəlxalq hüququn prinsipləri əsasında normallaşacaq, ya da bu münasibət, ümumiyyətlə, olmayacaq. Seçim Ermənistanındır. Təki o, bu dəfə də geri dönüşü olmayacaq səhvə yol verməsin.



MƏSLƏHƏT GÖR:

98