Müəllif: Natiq NAZİMOĞLU
Yaxın Şərq böyük müharibənin astanasındadır. Səbəb uzun illərdir bir-biri ilə qonşu ərəb dövlətlərinin ərazisində savaş aparan İranla İsrail arasında münaqişənin ciddi şəkildə gərginləşməsidir. Bununla yanaşı, görünən odur ki, real müharibəyə İsrailin müttəfiqləri – ABŞ və Qərb fövqəldövlətləri də cəlb oluna bilər.
SAXAL zərbə endirir
Yaxın Şərqdə onsuz da çətin olan vəziyyət İsrail Müdafiə Ordusunun (SAXAL) İranın Dəməşqdəki konsulluğuna aprelin 1-də endirdiyi hava zərbəsindən sonra daha da gərginləşib. Bu aviazərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 5 zabiti və 2 generalı – «Əl-Qüds Ordusu»nun (korpusun bölüklərindən biri) Suriya və Livandakı qüvvələrinin rəhbəri Məhəmməd Rza Zahedi ilə müavini Məhəmməd Hadi Hacı Rahimi həlak olublar.
İsraili beynəlxalq normaları və konvensiyaları pozmaqda günahlandıran İran onu sərt cavab addımları ilə hədələyib. İran İslam Respublikasının dini lideri ayətolla Əli Xamenei bildirib ki, İsrail «bizim cəsur insanlarımız tərəfindən cəzalandırılacaq». İran Prezidenti İbrahim Rəisi də konsulluğa hücumun «cavabsız qalmayacağını» deyib. İslam respublikasının xarici işlər naziri Hüseyn Əmir Habullahian isə baş verənlərə görə məsuliyyəti həm də İsrailin müttəfiqi olan ABŞ-nin üzərinə qoyub.
Ümumilikdə İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumu beynəlxalq birlik tərəfindən mənfi qarşılanıb. Məsələn, Ərəb Dövlətləri Liqasının bəyanatında İsrail Qəzza zolağında HƏMAS-la aparılan müharibəni regional səviyyəyə qaldırmaq cəhdində ittiham olunub. Lakin BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı yekdil bəyanat qəbul edə bilməyib. TŞ üzvlərinin çoxu diplomatik missiyaya hücumun Diplomatik münasibətlərə dair Vyana Konvensiyasının kobud şəkildə pozulması olduğu, o üzdən də baş verənlərə haqq qazandırılmasının mümkün olmadığı qənaətinə gəlsələr də, Qərb dövlətləri Təl-Əvivin bu addımını pisləməkdən çəkiniblər.
Bununla yanaşı, məlumdur ki, İsrail İranın Suriyadakı obyektlərinə müntəzəm olaraq zərbələr endirir. 2023-cü il dekabrın sonlarında Dəməşqə endirilmiş aviazərbələr nəticəsində İİKK generalı Seyid Rza Musəvi dünyasını dəyişmişdi. Bir ay sonra – 2024-cü il yanvarın sonunda isə İsrail HHQ İİKK-nin Suriya paytaxtındakı obyektinə hücum etmiş, nəticədə ən azı 5 iranlı hərbçi ölmüşdü. Suriyanın Deyr-əz-Zor əyalətində bu yaxınlarda həyata keçirilmiş aviareydi də unutmaq olmaz. Bu hücum zamanı iranlı hərbi müşavir də daxil olmaqla, ən azı 15 nəfər dünyasını dəyişib.
SAXAL əməlini İran dronunun İsrail Hərbi Dəniz Qüvvələrinin Eylatdakı bazasına hücumu ilə əlaqələndirir. Qeyd edək ki, həmin hücuma görə məsuliyyəti şiələrin «İraqda islam müqaviməti» qruplaşması öz üzərinə götürüb. İİKK-nin ABŞ və İsrailin İraq Kürdüstanındakı mövqelərini atəşə tutmasını da xatırlatmaq olar. İranlılar bu hücumun məqsədlərindən biri kimi, İsrailin kəşfiyyat xidməti olan «Mossad»ın «casus qərargahının zərərsizləşdirilməsi»ni göstərmişdi. O zaman yəhudi dövlətinin buna cavabı özünü çox gözlətməmiş, Dəməşqin cənub-qərbindəki Mezze rayonuna endirilən zərbələr İİKK-nin 5 nümayəndəsinin, o cümlədən Suriyadakı İran kəşfiyyatı rəhbəri Yusif Omidzadənin həyatına son qoymuşdu.
SAXAL əvvəllər İranın diplomatik missiyasına hücumdan çəkinirdi. Aprelin 1-də baş verənləri isə İsrail məhv edilmiş binanın diplomatik status daşımadığı, konsulluq olmadığı, İİKK-nin hərbi obyekti kimi fəaliyyət göstərməsi ilə əsaslandırır. Hücumun konkret hədəfinin general Hazidi olduğu da bildirilir. Onun öldürülməsi İİKK üçün 2020-ci ildə İraqda ABŞ aviasiyası tərəfindən öldürülmüş general Qasım Süleymanidən sonra ən ciddi itkidir. İsrail tərəfi bildirir ki, Zahidi və onunla eyni vaxtda öldürülmüş müavini Rahimi «İsrail və ABŞ obyektlərinə çoxsaylı hücumların arxasında dayanırdılar və yeni hücumlar planlaşdırırdılar».
Bununla yanaşı, İsrailin hücumu İranın cavab həmləsini qaçılmaz etmiş və Tehran bunu açıq şəkildə dilə gətirmişdi. Qaranlıq qalan yalnız onun nə vaxt, harada, hansı formada və hansı qüvvələr tərəfindən həyata keçiriləcəyi idi.
Tehran necə cavab verəcək?
Tehranın mümkün cavabı kimi lap əvvəldən iki versiya düşünülürdü: ya İran İsrailə birbaşa zərbə endirəcək, ya da qisas əməliyyatı İranın müxtəlif proksi gücləri, məsələn, «Hizbullah» və Yəmən husiləri tərəfindən həyata keçiriləcək. Bundan başqa, İsrail ərazisinin, yoxsa onun hər hansı xarici ölkədəki səfirliyinin hədəf seçiləcəyi sualı var idi.
Məhz sonuncu versiyadan çıxış edən Təl-Əviv cəmi bir neçə gün ərzində xarici ölkələrdə otuzadək diplomatik nümayəndəliyini bağlayıb. İranın cavabı birbaşa, yoxsa dolayısı ilə, sərt, yoxsa yüngül verəcəyi də sual idi. Lakin tezliklə aydın olub ki, İranın qisas aksiyasının total regional müharibəyə çevrilməsində nəinki İsraillə ABŞ, heç Tehranın özü də maraqlı deyil.
Bununla yanaşı, Vaşinqton İranın Dəməşqdəki konsulluğuna hücumun planlaşdırılması və həyata keçirilməsində iştirak etmədiyini bildirib. Maraqlıdır ki, İranın Prezident Administrasiyası Vaşinqtonun onlardan Amerika obyektlərinə zərbələrin endirilməməsini xahiş etdiyini açıqlayıb. Üstəlik, məlumatı əslində Birləşmiş Ştatlar da təsdiqləyib. Məlum olub ki, o, İrandan, həqiqətən də, regionda onsuz da mövcud olan gərginlik fonunda eskalasiyanı daha da artırmamasını istəyib. Vaşinqton, eyni zamanda Çin, Türkiyə və Səudiyyə Ərəbistanını Tehrana təsir imkanlarından yararlanaraq, vəziyyətin gərginləşməsinə imkan verməməyə çağırıb. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı regionda İranın ənənəvi rəqibi olsa da, Dəməşqdəki son hadisəyə görə Təl-Əvivi o da tənqid edib.
Beləliklə, iranlıların Amerika ordusu və ya obyektlərinə hücum edəcəyi ehtimalı sıfıra düşüb. Bundan başqa, İran İsrailə qisas əməliyyatının qaçılmazlığına dair xəbərdarlıq etsə də, «sionist rejimi»nə hansısa formada kritik əhəmiyyətli zərbə endirməyi düşünmədiyini də nümayiş etdirib. Tammiqyaslı eskalasiya, İsrail və onun əsas himayədarı olan ABŞ-nin timsalında düşmənlərlə birbaşa müharibə Tehranın planlarına uyğun deyil. İranda anlayırlar ki, bu, onun özü üçün təxminedilməz fəsadlara yol açacaq.
Bunu ABŞ və İsrailin İranın qisasını müsəlmanlar üçün müqəddəs olan Ramazan bayramından dərhal sonra almağı düşündüyünə dair məlumatlara reaksiyası da təsdiqləyib. Təl-Əviv İranın hücumuna məruz qalacağı təqdirdə islam respublikası ərazisinə zərbələr endirməyə hazır olduğunu bəyan edib. Müvafiq bəyanatlarla İsrailin həm müdafiə naziri Yoav Qalant, həm də xarici işlər naziri İsrael Kats çıxış ediblər. Üstəlik, yəhudi mənbələri İranın nüvə obyektlərinə hücum planından da danışır. Maraqlıdır ki, belə təhlükənin olduğu haqda məlumat İranın nüvə başlığı hazırlamağa maksimum yaxınlaşdığı xəbəri ilə eyni vaxta təsadüf edib.
ABŞ isə öz növbəsində İrana İsrailin yanında olacağına dair xəbərdarlıq edib. «Bizim İsraili İran və əlaltılarından qorumaq əzmimiz sarsılmazdır. Bir daha deyirəm, sarsılmaz! Biz İsrailin təhlükəsizliyinin təmini üçün hər şeyi etməyə hazırıq», - deyə ABŞ Prezidenti Co Bayden bildirib.
Bütün baş verənlər fonunda Amerikanın «Duayt Eyzenxauer» atom təyyarə gəmisinin göyərtəsindəki 90 təyyarə və helikopter, həmçinin «Sea Sparrow» zenit-raket kompleksləri ilə birlikdə Qırmızı dənizin şimalına, yəni İsrailə tərəf istiqamət dəyişdirdiyi məlum olub. Məqsəd İranın və ya onun husilər kimi proksi güclərinin mümkün hücumu halında İsrailin Hava Hücumundan Müdafiə qüvvələrinə dəstək verilməsi, yəhudi dövlətinin hava məkanının bağlanmasıdır.
İranın İsrailə məhdud miqyaslı zərbələrlə kifayətlənmək niyyətini isə onun iki diplomatik təklifi təsdiqləyib. İlk təklifdə bildirilir ki, BMT TŞ İsrailin Dəməşqdəki konsulluğuna hücumunu pisləyərsə və bu hərbi əməliyyatın icraçıları məsuliyyətə cəlb olunarsa, Tehran yəhudi dövlətini «cəzalandırmaq» ideyasından əl çəkə bilər. İkinci təklifi isə iranlılar Oman vasitəsilə Birləşmiş Ştatlara ünvanlayıblar: amerikalılar İsrailin Qəzzada əməliyyatları dayandırmasına nail olarlarsa, yəhudi dövlətinə hücum edilməyəcək.
Lakin hazırkı şəraitdə bu iki şərtin heç birinin reallaşma şansı yox idi. ABŞ və Qərb dövlətləri BMT-də İsrailin maraqlarını «satmaq» fikrindən uzaqdırlar. Qəzzaya gəlincə, onlar İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində dinc əhali arasında çoxsaylı tələfatın olmasından narazılıqlarını bu və ya digər formada ifadə etsələr də, yenə də İsrailin maraqlarını İrana güzəştə getməyi düşünmürlər. Onlar bü məsələdə, ilk növbədə, İranın xeyrinə addım atmaq istəmirlər (üstəlik, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalr üzrə koordinatoru Con Kirbinin öz təklifi var: qoy, Qəzzada sülhə nail olunması üçün Tehran radikal HƏMAS qruplaşmasına təzyiq göstərsin). Bütün bunlarla yanaşı, İsrailin baş naziri Binyamin Netanyahu və hökumətinin Fələstinin Rəfah şəhərinə hücum planı Qəzzada tezliklə barışığa nail olunması perspektivinin üzərindən xətt çəkir.
Raketlər, dronlar, «Doğru vəd»
Nəhayət, aprelin 12-də Livanın İrana yaxın «Hizbullah» qruplaşması İsraili kütləvi raket atəşinə tutub. SAXAL bəyan edib ki, «Livan ərazisindən təxminən 40 raket atılıb ki, onların bir hissəsi zərərsizləşdirilib, qalanları isə açıq məkanlara düşüb». İsrail ordusunun briqada generalı Daniel Xaqarinin sözlərinə görə, «raketlərin əksəriyyəti HHM sistemi tərəfindən zərərsizləşdirilib». Açıqlamada bildirilir ki, SAXAL cavabında «təhlükəni aradan qaldırmaq üçün» Livanın cənubuna zərbələr endirib. Söhbət İsrail ordusunun «Hizbullah»ın iri hərbi kompleksinə hücumundan gedir.
«Hizbullah» İsrailə hücumunu «Qəzza zolağındakı mətin Fələstin xalqına, onun rəşadətli və layiqli müqavimətinə dəstək» adlandırıb. Bununla yanaşı, İsrail ordusunun mövqelərinin atəşə tutması «düşmənin Livanın cənubundakı yaşayış məntəqələrinə, dinc sakinlərin evlərinə hücumuna cavab» kimi də təqdim olunub. Lakin lap başdan aydın idi ki, «Hizbullah»ın addımı sadəcə olaraq, İranın daha miqyaslı qisas əməliyyatının başlanğıcı idi.
Bəli, bu, nahayət, baş verib. Aprelin 14-ü gecə İran, həmçinin ona İraq, Suriya və Yəməndə müttəfiq olan qruplaşmalar İsrail ərazisinə doğru 300-dən çox dron və raket göndərib. Lakin SAXAL-dan verilən açıqlamaya görə, İsrail və müttəfiqləri ABŞ, Böyük Britaniya və Fransanın müdafiə sistemləri onların böyük əksəriyyətini zərərsizləşdirib. Xaqari bildirib ki, İsrail ərazisinə cəmi bir neçə ballistik raket düşüb. Məsələn, İsrail HHQ-nin Neqev səhrasındakı bazası «zədələnib», lakin o belə, fəaliyyətini davam etdirir.
İran isə öz növbəsində İsrail ərazisində hərbi hədəflərin «uğurla məhv edildiyini» açıqlayıb. Açıqlamada Neqevdəki baza xüsusi vurğulanır, İranın Dəməşqdəki konsulluğuna hücum etmiş «F-35» qırıcılarının məhz həmin bazadan havaya qalxdığı bildirilir.
İsrailə hücumdan az sonra Tehran zərbələrin davam etməyəcəyini açıqlayıb. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bageri deyib ki, «Doğru vəd» əməliyyatı qarşıya qoyulmuş məqsədə çatıb». Bununla yanaşı, İsraili cavab addımlarından çəkinməyə, ABŞ-ni isə İranla «sionist rejimi» arasındakı qarşıdurmaya hər hansı müdaxilədən uzaq durmağa çağırıb. Bageri bildirib ki, Təl-Əviv cavab addımları atarsa, İranın növbəti əməliyyatı «Amerikanın regiondakı bazarının da hədəf seçilməsi ilə, daha miqyaslı olacaq».
İsrailin baş naziri Binyamin Netanyahu İranın hücumundan dərhal sonra xalqa müraciət edib: «Mən dəqiq prinsip müəyyənləşdirmişəm: bizə zərbə endirənlərə zərbə endirəcəyik». İsrail «Hizbullah»ın Livanın cənubundakı obyektlərinə kütləvi şəkildə zərbələr endirməyə başlasa da, İranın özünə kəskin cavab verməyə tələsməyib. Bu, bəlkə də Vaşinqtonun mövqeyi ilə bağlıdır. Hər halda, hadisələrin ən qızğın vaxtında Netanyahu ilə Bayden arasında təcili telefon danışığı olub. Amerika mətbuatı xəbər verir ki, Bayden Netanyahuya İsrailin cavab addımlarını dəstəkləməyəcəklərinə dair xəbərdarlıq edib.
Vaşinqton hər vəchlə göstərir ki, o, lokal İran-İsrail qarşıdurmasının tammiqyaslı müharibəyə çevrilməsini istəmir. Eskalasiyanın dərinləşməsinin qarşısının alınması üçün siyasi alətlərdən istifadə cəhdləri də buradan qaynaqlanır. Hər halda, Ağ Ev artıq «Böyük yeddilik» ölkələrinin təcili görüşünün anonsunu verib. «İranın hücumuna vahid diplomatik cavabın verilməsi» üçün təşkil olunacaq toplantı videokonfrans formatında keçiriləcək.
Beləliklə, gərginliyin ən azı müvəqqəti səngiməsi şansı var. Hər halda, mövcud status-kvo münaqişəyə cəlb olunmuş bütün tərəfləri qane edir, çünki onlar hərbi eskalasiyanın dərinləşməsinin ən təxminedilməz fəsadlara yol aça biləcəyini yaxşı anlayırlar. Belə isə İran konsulluğuna hücuma tarixində ilk dəfə İsrailə raket zərbələri ilə cavab verməsindən məmnundur. Təl-Əvivə gəlincə, o, Tehranın hücumunun qarşısını uğurla almasını öz aktivinə yaza bilər. Həmin anda Qərbin İsraili birmənalı dəstəkləməsi isə praktik olaraq, yəhudi dövlətini təcrid vəziyyətdən çıxarıb, Qəzzada aparılan hərbi əməliyyatlara görə beynəlxalq birliyin real məzəmmətindən xilas edib.
İran İsrailə ciddi və effektiv formada hücum təşkil etsə də, düşməninə ciddi zərər verə bilməyib. Hər iki tərəfin özünü qalib sayması üçün bundan yaxşı nə ola bilər? Bəli, tərəflər elə belə də edir. Lakin bu «təqdimat» İranla İsrail arasında yaşananların ümumilikdə Yaxın Şərqdəki gərginliyin vacib tərkib hissəsi olduğunu inkar etmir. Region yenidən dünyanın ən böyük gərginlik ocağına çevrilir. Qlobal güc mərkəzləri arasındakı mövcud kəskin geosiyasi mübarizə fonunda isə bu, bütün dünyanın təhlükəsizliyinə ən ciddi təhdidlərdən biridir.
MƏSLƏHƏT GÖR: