Müəllif: Kənan RÖVŞƏNOĞLU
Aprelin 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın on iki illik fasilədən sonra İraqa ilk rəsmi səfəri baş tutub. Bu hadisə həm də Türkiyə-İraq münasibətlərində yeni dövrün başlanğıcı sayıla bilər. Görüşün yekunu müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra ikitərəfli sazişlərin imzalanması, eləcə də birgə fəaliyyətin məqsədlərinin müəyyən edilməsi olub. Ən əsası isə hər iki dövlətin liderləri terrorizmə qarşı birgə mübarizə haqqında razılığa gəlib və yeni qlobal nəqliyyat dəhlizinin əsasını qoyublar.
Münasibətlərin tarixi
XVI əsrdən XX əsrin əvvəllərinə qədər indiki İraq dövlətinin ərazisi, daha doğrusu onun tərkibinə daxil olan üç bölgə - Bağdad, Bəsrə və Mosul Osmanlı imperiyasının eyniadlı əyalətləri idi. Birinci Dünya müharibəsi nəticəsində imperiya digər torpaqları ilə birlikdə İraqı da itirib. 1918-ci ildən İraq Böyük Britaniyanın müstəmləkəsi, 1922-ci ildən isə mandatlıq idarəsi altında olub. Eyni dövr Osmanlı imperiyasının dağıntıları üzərində yenicə yaranmış Türkiyə Cümhuriyyəti ilə 1923-cü ildə ingilislərin yaratdığı İraq Krallığı adlı süni qurum arasında bir sıra sərhəd mübahisələri ilə səciyyələnirdi. Hətta gənc Türkiyə Cümhuriyyəti Mosulu öz ərazisinə qatmaq üçün burada baş qaldıran üsyanı dəstəkləyib və sərhədə ordu göndərib. Lakin bu plan baş tutmayıb və Türkiyə daha sonra Mosula olan iddialarından əl çəkməli olub.
XX əsr ərzində İraq-Türkiyə əlaqələri hamar olmayıb. Sərhəd mübahisələri, terrorizm və su bölgüsü də daxil olmaqla müxtəlif mövzularda zaman-zaman fikir ayrılıqları yaranıb. 2000-ci illərin əvvəllərində Ərdoğanın Türkiyə Baş naziri seçilməsi ilə İraqla münasibətlərdə yeni bir səhifə açılmış, Bağdad və Ankara arasında 2008-ci ildə 50 müxtəlif sahədə müqavilələr imzalanmışdı.
Lakin 2011-ci ildə başlayan “Ərəb baharı”nın ardınca silahlı qiyamlar və İŞİD terroru Bağdad və Ankara arasında yeni gərginliyə səbəb olub. Türkiyə İŞİD və PKK terror təhdidini əsas gətirərək 378 kilometrlik İraq-Türkiyə sərhədinin mühafizəsini təşkil etmək, həmçinin İŞİD-ə qarşı mübarizədə sünni ərəb tayfalarının silahlı birliklərinə dəstək məqsədilə İraq ərazisində hərbi baza və təlim düşərgələri yaradıb. Bu hadisə Bağdad və Ankara münasibətlərinə ciddi zərbə vurdu.
Üstəlik, Ankaranın Mosulun qalmaqallı valisi, Bağdadın İŞİD-lə əməkdaşlıqda ittiham etdiyi Esil Nuceyfini himayə etməsi Bağdadda narazılıqla qarşılanmışdı.
Mosulun azad edilməsi ilə münasibətlər tədricən yumşalıb. Son illər iki ölkə arasında regional əməkdaşlıq və yaxınlaşma müşahidə olunur.
Səfərin nəticələri
Türkiyə Prezidentinin İraqa səfəri zamanı 26 sənəd imzalanıb. Buraya terrorizmlə mübarizə, su ehtiyatlarının bölüşdürülməsindən tutmuş din sahəsində əməkdaşlığa qədər fərqli mövzular daxildir. Amma Türkiyə dövlət başçısının İraqa səfərinin əsas gündəliyi üç əsas istiqamətdən ibarət olub: terrorizmə qarşı birgə mübarizə, İraqın Bəsrə şəhəri ilə Türkiyəni birləşdirəcək “İnkişaf Yolu” nəqliyyat dəhlizi və ikitərəfli ticarət əlaqələrinin 20 milyard dollara çatdırılması. Qeyd etmək lazımdır ki, bütün bu mövzular bir-biri ilə bağlıdır.
Ərdoğanın Bağdad səfəri çərçivəsində İraq, Türkiyə, Qətər və BƏƏ arasında Anlaşma Memorandumu imzalanıb. Fars körfəzi ilə Türkiyə və Avropanı birləşdirəcək yeni, ən yaxın nəqliyyat dəhlizi layihəsinə İraq və Türkiyə ilə yanaşı regionun iki mühüm neft-qaz və ticarət mərkəzi olan Qətər və BƏƏ-nin qoşulması onun perspektivindən xəbər verir. Bir tərəfdən Fars körfəzi ölkələri, digər tərəfdən Türkiyə, Suriya və Avropa arasında ən qısa məsafəni təmin edən layihə, Hind okeanı ilə qoca qitə arasında kommersiya yüklərinin daşınma müddətini 25 günə endirəcək.
“İnkişaf Yolu”nun əhəmiyyəti və cəlbediciliyi həm də Qırmızı dənizdən keçən nəqliyyat dəhlizinin bağlı olması, həmçinin BƏƏ və İsrail arasında Hindistan-Yaxın Şərq-Avropa (IMEC) dəmir yolu və dəniz dəhlizlərinin yaradılması üzrə ABŞ və Avropa İttifaqının layihəsinin uğursuzluğu ilə bağlıdır.
Terror təhlükəsi
Şübhəsiz ki, hazırda inşası davam edən layihə üzərində ən ciddi təhlükə İraq-Türkiyə və İraq-Suriya sərhədində mövcud olan PKK təhdididir. Xüsusən də İraqın Sincar bölgəsində son illərdə möhkəmlənən PKK gələcəkdə “İnkişaf Yolu” üçün ən ciddi təhdid hesab olunur.
Ümumiyyətlə, hərbi münaqişələrin nəqliyyat dəhlizlərinə necə və nə dərəcədə təhlükə yarada biləcəyini keçən il HƏMAS-ın İsrailə hücumu nümayiş etdirib. Buna görə də həm Bağdad, həm də Ankara “İnkişaf Yolu” marşrutunun keçəcəyi ərazilərdə təhlükəsizliyin təmin edilməsinin vacibliyini və xüsusi əhəmiyyətini başa düşür.
Xatırladaq ki, İraq və Türkiyənin müvafiq qurumları arasında 2023-cü ilin dekabrında keçirilən Təhlükəsizik Konfransından sonra bu il martın 14-də Türkiyə Xarici İşlər Nazirliyi, Milli Kəşfiyyat Təşkilatı və Müdafiə Nazirliyinin rəhbərləri II Təhlükəsizlik Zirvə Toplantısında iştirak etmək üçün Bağdada birgə səfər ediblər. Bu sammitdə əldə olunan ən ciddi uğur İraq hökumətinin ilk dəfə olaraq PKK-nı “qadağan edilmiş” təşkilat adlandırması idi.
Bu o deməkdir ki, Bağdad PKK qüvvələrinin sərhəd bölgəsindən çıxarılması məsələsində Ankara ilə əməkdaşlığa hazırdır. Prezident Ərdoğanı Bağdad səfəri zamanı müşayiət edən Türkiyənin müdafiə naziri Yaşar Gülərin sözlərinə görə, İraq və Türkiyənin müvafiq qurumları terrorla mübarizə və antiterror əməliyyatlarını koordinasiya etmək üçün birgə əməliyyat mərkəzi yaradacaq.
Bu, Türkiyənin terror təşkilatına qarşı daha effektiv mübarizə aparması üçün mühüm dəstək deməkdir. Bu, həm də Ankaraya Sincar bölgəsində gələcək nəqliyyat dəhlizinin marşrutunu və sərhəd zonasını PKK-nın son illərdə bu istiqamətdə möhkəmlənmiş hissələrindən təmizləməyə imkan verəcək.
Tərəflər həmçinin 2030-cu ilə qədər ölkələr arasında ticarət dövriyyəsinin 20 milyard dollara çatdırılması barədə razılığa gəliblər. Türkiyə İraqdan neft və qaz alacaq, həmçinin enerji infrastrukturunu bərpa etmək, içməli su təchizatı sistemi yaratmaq və bir sıra digər layihələri həyata keçirmək niyyətindədir. Bu mənada iki ölkə arasında ticarət dövriyyəsinin 20 milyard dollara yüksəlməsi real görünür.
Ərbildə kürdlər və Bağdadda türkmənlər
Ərdoğanın Bağdadda ölkənin sünni icmasının nümayəndələri və türkmən fəallarla görüşü sıradan protokol təmasları kimi görünsə də, Ankara Bağdad ilə əlaqələrini inkişaf etdirsə də, Türkiyə ənənəvi müttəfiqlərini unutmadığını göstərib. Şübhəsiz ki, İraq-Türkiyə münasibətlərinin inkişafı Ankaranın İraqdakı sünni icması və türkmən azlığı ilə əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.
Türkiyə dövlət başçısının aprelin 23-də - İraqa səfərinin ertəsi günü Ərbilə səfəri bəlkə də daha əhəmiyyətli idi. Ankara İraq kürd muxtariyyətini PKK-ya qarşı qoymaqla uzun illər regionda bu terror təşkilatına qarşı ciddi mübarizə aparıb. Bu mənada Bağdad-Ankara əlaqələrinin inkişafı həm də kürd muxtariyyəti ilə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Bu, PKK-ya qarşı mübarizədə kürd tayfalarının dəstəyini qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Risklər
Sirr deyil ki, böyük layihələr həm də böyük risklər deməkdir. IMEC layihəsinin taleyi, Süveyş kanalının hazırkı vəziyyəti göstərir ki, meqa nəqliyyat layihələri ilə bağlı ciddi risklər var.
Layihə üçün əsas təhlükə PKK-dır. Ancaq eyni zamanda, fəaliyyət sahəsinə İraq və Türkiyə sərhəd bölgəsini daxil edən İŞİD amilini də unutmaq olmaz. Yəni gələcəkdə bu ərazidə İŞİD-in, təbii ki, 3-cü tərəflərin sifarişi ilə fəallaşması riski yüksəkdir.
Zamanla bu layihəyə qonşu ölkələrin və maraqlı tərəflərin reaksiyası bəlli olacaq. Xüsusən də bölgədə ciddi rıçaqları olan İranın “İnkişaf Yolu” layihəsinə münasibəti həlledici amillərdən biridir. Doğrudur, hələlik Tehrandan bu layihə ilə bağlı hər hansı mənfi reaksiya – siyasi və ya KİV səviyyəsində – yoxdur. Amma bunun gələcəkdə baş verməyəcəyinə zəmanət yoxdur.
Bir sözlə, “İnkişaf Yolu” layihəsinin və Türkiyə-İraq əlaqələrinin gələcəyi həm də regiondakı sabitlikdən asılı olacaq. Lakin Yaxın Şərqdə sabitliyin yaradılması heç də asan məsələ deyil. Bunu ən azı yaxın illərin təcrübəsi göstərir.
MƏSLƏHƏT GÖR: