23 Noyabr 2024

Şənbə, 22:19

MÜHARİBƏ SƏHİFƏSİNİ ÇEVİRƏRƏK

Azərbaycan-Ermənistan sərhədində sülhün təmini üçün əhəmiyyətli hadisələr yaşanır

Müəllif:

01.05.2024

Cənubi Qafqazda hadisələr son dərəcə sürətlə inkişaf edir. Qarabağda Rusiya sülhməramlıları çıxarılır, Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətində isə ilk sərhəd dirəkləri quraşdırılır.

Ekspertlər hesab edirlər ki, bu, son dərəcə əhəmiyyətli hadisədir. Bakı ilə İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlayır və bu, uzunmüddətli sülhün yaradılması istiqamətində ilk və vacib addımdır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi səhifəsini çevirməyin vaxtıdır. İndi bu çağırış reallığa çevrilir.

 

Sülhməramlılar gedir

Qarabağdan Rusiya sülhməramlı kontingentinin çıxarılması həm sensasion, həm də gözlənidən hadisə idi. Bir yandan 10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Üçtərəfli Bəyannamədə bildirilir ki, «Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir». Sənəddə deyilir ki, «Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır». Başqa sözlə, Üçtərəfli Bəyannaməyə görə, sülhməramlılar ən azı 2025-ci ilin noyabrınadək Qarabağda qalmalı idi.

Lakin sonradan vəziyyət qəflətən dəyişdi. Qarabağa mina, silah daşınması, peşəkar təxribatçıların və terrorçuların axını, İrəvan və Xankəndidəki qanunsuz xuntanın revanş planı, nəhayət, tikilməkdə olan yollardan birində erməni diversantlarının quraşdırdıqları mina partlayışı – Azərbaycan bütün bunlara nəzəri baxımdan belə, dözə bilməzdi. Nəticədə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi antiterror əməliyyatı ilə erməni silahlıları darmadağın edilib, xunta isə özünü buraxdığını bəyan edib. Yaranmış yeni status-kvodan sonra Rusiya sülhməramlılarının Qarabağda görməli olduqları iş qalmayıb: artıq bölgədə aralarında sülhün təmin edilməli olduğu silahlı tərəflər yox idi. Üstəlik, artıq hansısa «xüsusi» statusdan da söhbət getmirdi. «Bu (sülhməramlıların çıxarılması), Ermənistanın Azərbaycanla 1991-ci ildə müəyyənləşmiş sərhədlərini tanıması ilə yaranmış hazırkı reallığa uyğundur», - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib: «Orada geosiyasi reallıq dəyişib və artıq onların (sülhməramlıların) görəcəyi iş qalmayıb».

Sülhməramlıların Qarabağda İlham Əliyevin Moskva səfəri ilə eyni vaxta təsadüf edən çıxarılması Azərbaycan-Rusiya münasibətlərində hər hansı çətinlik yaratmayıb. Halbuki bu, çoxları üçün gözlənilməz olub. Üstəlik, artıq Qarabağa Rusiya sülhməramlılarının əvəzinə hansısa başqa qüvvələrin yerləşdirilməsi məsələsi də Ermənistanda fəal müzakirə olunmasına rəğmən, aktuallığını itirib.

Azərbaycan siyasətçiləri və ekspertləri əmindirlər ki, artıq Qarabağ münaqişəsinə yekun nöqtə qoyulub. Müharibə səhifəsi çevrilib. Sülhməramlılar da Qarabağı orada əsl sülhün yarandığı üçün tərk ediblər.

 

Dövlət sərhəddən başlayır. Sülh də

Sülhməramlıların Qarabağı tərk etməsi fonunda Cənubi Qafqazdan daha bir sensasioln xəbər yayılıb. Məlum olub ki, Azərbaycanla Ermənistan sərhədlərin delimitasiyası istiqamətində də addımlar atmağa başlayıb. 19 aprel 2024-cü ildə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və onun ermənistanlı həmkarı Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının səkkizinci iclası keçirilib. Prosesin ilk mərhələsində Azərbaycanın Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin Bakının nəzarətinə qaytarılmasına dair razılıq əldə edilib. Üstəlik, kəndlərin qaytarılması və sərhədlərin delimitasiyası haqda razılaşma vasitəçilərsiz əldə edilib ki, bir çox ekspert məhz bu məqama xüsusi diqqət çəkir. Yəni artıq tərəflər sülh prosesini kənar təzyiqlər olmadan özləri irəli aparır.

 

Paşinyanın sərhəd problemləri

Ermənistan siyasi spektrinin radikal hissəsi 4 həmsərhəd kəndin Azərbaycana qaytarılması qərarını birmənalı qarşılamayıb ki, bu da gözlənilən idi. Doğrudur, Ermənistan hökuməti ictimai rəyi buna hazırlamaq üçün açıq addımlar atırdı. Məsələn, baş nazir Nikol Paşinyan sərhəd bölgəyə bir neçə səfər etmiş, orada yaşayan sakinlərlə görüşlər keçirmiş, sadə həqiqəti onlara başa salmağa çalışmışdı: Ermənistan özünü beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində daha təhlükəsiz hiss edəcək, qonşu Azərbaycanla isə müharibə aparmaqdansa, dostluq etmək daha yaxşıdır. Amma onu heç də hamı dinləmək istəmirdi. Hər halda, Ermənistanda Tavuş adlandırılan Tovuzqala rayonunda «ərazilərin təhvil verilməsi»nə etirazlar baş qaldırmışdı, hökuməti günahlandıran qüvvələr vacib avtomobil yollarını bağlayırdılar və s. Onlara tez-tez sabiq müdafiə naziri Seyran Ohanyan, eks-prezident Serj Sarqsyan kimi müxalifət «lider»ləri də qoşulur, xalqı Paşinyanı devirməyə çağırırdılar. Etiraz aksiyalarında kilsə də fəal iştirak edir. Ermənistan müxalifəti isə etirazlara məhz kilsə iyerarxiyasının rəhbərlik etməsini istəyi, çünki Ermənistan vətəndaşlarının Qarabağ klanı başçılarına münasibəti çox pisdir.

Politoloqların bu etirazların Paşinyan hakimiyyətinə və Bakı ilə İrəvan arasındakı sülh prosesinə nə dərəcədə təhdid yaratdığı haqda fikirləri müxtəlifdir. Bir tərəfdən hazırkı baş nazir siyasi yaşam möcüzəsi göstərir. Hər halda, o, ölkəsinin 44 günlün müharibədə məğlub olmasından sonra belə, hakimiyyətdə qala bilib. Halbuki o zaman İrəvanda hiddətlənmiş kütlə parlamentin binasına hücum etmiş, baş nazirin kabinetindən saatı və ətiri «itmiş», hazırkı xarici işlər naziri Ararat Mirzoyan isə ölümcül şəkildə döyülmüşdü. Paşinyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının artıq sabiq rəisi Onik Qasparyanın təşkil etdiyi hərbi çevriliş cəhdindən də sağ-salamat çıxa bilib. Amma ədalət naminə deyilməlidir ki, həmin çevriliş cəhdi daha çox karikaturaya bənzəyirdi.

Bu da son deyil. Paşinyan iki ölkənin şərti sərhədində baş vermiş toqquşmadakı məğlubiyyətdən, hətta Azərbaycanın Qarabağda qeyri-qanuni xuntanın mövcudluğuna son qoymuş antiterror əməliyyatından sonra da hakimiyyətini qoruyub saxlamağı bacarıb. Amma bütün bunlar, əlbəttə ki, bu dayanıqlılığın əbədi olacağı anlamına gəlmir.

Ekspertlər əmindirlər ki, Paşinyanın bu siyasi yaşam bacarığı ölkə müxalifətinin parlaq, xarizmatik liderinin olmaması, «köhnələr»in isə xalqda ciddi qıcıq yaratması ilə də bağlıdır. Amma belə lider ortaya çıxsa, vəziyyət asan olmayacaq. Belarusdakı Tixanovskaya misalı isə göstərir ki, siyasi arenada hətta adi evdar qadını da «parlatmaq» mümkündür.

Nəhayət, hələ işə xarici oyunçular da «qol qoymayıb». Paşinyan yalnız Moskvanın deyil, Qərbdə də bir çoxunun xoşuna gəlmir. Ondan xarici siyasi kursunu dəqiq müəyyənləşdirməsi istənilir. Belə vəziyyətdə istər Moskvanın, istərsə də Brüssel, Paris və Vaşinqtonun əlində «kozır» peyda ola bilər. Bütün bunlar isə kiçik, zəif və yoxsul, lakin siyasi terror və zorakılıq ənənələri olan Ermənistanda baş verəcək…

Paşinyan üçün ən təhlükəlisi kilsənin ona qarşı çıxmasıdır. Bu, Ermənistanda və erməni diasporunda daha ciddi gücdür. Eçmiədzinin maliyyə resursları da var, beynəlxalq əlaqələri də. Odur ki, kilsə dindarları hakimiyyətə qarşı qaldırmaq iqtidarındadır.

Qeyd olunmalıdır ki, artıq Ermənistanda revanşist şüarlar əvvəlkitək effektsiz qalmaya da bilər. İki uduzulmuş müharibə erməni seçicisinin Qarabağın, Cavaxetiyanın və Şərqi Anadolunun kimə məxsus olduğuna dair diskussiyaların «qiyməti» haqda düşünməsinə əsas ola bilər. Yeni ərazilər uğrunda yeni müharibə «Yerablur» qəbiristanlığında yeni ərazilərə səbəb olub ki, belə ağır təcrübə çox vaxt nəticəsiz qalmır.

O da unudulmamalıdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə belə, İrəvan imzaladığı öhdəlikləri yerinə yetirməlidir – sərhədlərin delimitasiyası, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağa iddialardan imtina. Yəni Paşinyanın istənilən xələfi onun siyasətini davam etdirmək məcburiyyətindədir – İrəvan Azərbaycanla yeni müharibəyə gedə bilməz. Bu, onlar üçün intihar olardı. Ola bilsin ki, müxalift dairələr məhz bu səbəbdən gərginliyi davam etdirsələr də, Paşinyanın devrilməsi istiqamətində real addımlar atmır. Bununla da, onlar əslində, Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması kimi qeyri-populyar işi məhz Paşinyanın üzərinə atırlar.



MƏSLƏHƏT GÖR:

97