Müəllif: İlqar VƏLİZADƏ
Hindistanda keçirilmiş seçkidə Nazirlər Kabinetinin hazırkı rəhbəri Narendra Modinin qalib gəlməsi planetin ən nəhəng dövlətlərindən birinin gələcək inkişafına mütləq şəkildə təsir göstərəcək tarixi hadisədir. Görünməmiş müddətdə – düz 6 həftə davam etmiş marafonun yekunu olan parlament seçkisi göstərib ki, prosesi son dərəcə dramatik şəraitdə gedir və Hindistan ictimaiyyətində ciddi bölünmə var. Seçkiyə qatılmış siyasi qüvvələr parlamentin aşağı palatasındakı 543 yerdən çox hökumətin formalaşmasında iştirak uğrunda yarışırdılar.
Son iki seçkidən fərqli olaraq, bu dəfə «Bxaratiya canata parti» (BCP) hökuməti təkbaşına formalaşdıra bilməyəcək. Bunun üçün onun Milli Demokratik Alyansın digər iştirakçılarının dəstəyinə ehtiyacı var. Məsələ ondadır ki, son seçki nəticəsində o, öz göstəricisini pisləşdirib. Əgər 2019-cu ildə keçirilmiş seçkidə BCP 303 mandat qazanmışdısa, bu dəfə bu rəqəm cəmi 240-dır.
Demək, Hindistan on il əvvələ – siyasi koalisiyalar dövrünə qayıdır. Xatırladaq ki, 2004-cü ildən 2014-cü ilədək bu ölkəni Hindistan Milli Konqresinin (HMK) rəhbərliyi ilə Birləşmiş Proqressiv Alyans-1 və Birləşmiş Proqressiv Alyans-2 idarə edib.
Keçmişə doğru
Seçki yalnız səsverməyə 640 milyondan artıq seçicinin qatılması ilə deyil, həm də həmin günlərdə ölkədə havanın görünməmiş dərəcədə isti keçməsilə kritik xarakter alıb. Bəzi rayonlarda hərarət az qala 50 dərəcəyə çatıb ki, bu da onlarla seçicinin və seçki komissiyası əməkdaşlarının ölümünə səbəb olub.
Seçkinin yekun nəticələri elan olunmadan belə, aydın idi ki, yarışın favoriti hakim BCP-dir. Çoxsaylı «exit-poll»ların nəticələri göstərirdi ki, Modi və onun rəhbərlik etdiyi partiya parlamentdəki yerlərin üçdə ikisindən artığına sahib çıxacaq ki, bu da onlara ölkənin əsas qanununa dəyişiklik etmək imkanı yaradacaq. Demək, Modi çoxdankı arzusunu həyata keçirə biləcək. Söhbət qandizm ideyaları üzərində qurulmuş multikultural Hindistanı yeni siyasi konstruksiya olan Bharataya - hindu millətçiliyi ideologiyasına əsaslanan Hindutvaya çevirməkdən gedir.
Yeri gəlmişkən, Hindistan dövlətçiliyinin qurulması prosesinin lap başlanğıcında milli azadlıq hərəkatının daxilində bu iki ideoloji hərəkatın nümayəndələri arasında ciddi qarşıdurma yaşanırdı. Qandiyə sui-qəsd edilmiş, nəticədə o, həyatını itirmişdi. Sui-qəsdin təşkilatçıları və icraçıları isə məhz hindistanlı millətçilər idi. O zaman məsuliyyətə cəlb olunanlar arasında məşhur yazıçı, hindutvanın yaradıcılarından olan Vinayak Damodar Savarkar da var idi. Lakin məhkəmə ona bəraət vermişdi. O zaman hindistanlı millətçilər məğlub olaraq, siyasi meydanı uzun müddət tərk etmiş, Qandi-Neru klanının yaratdığı Hindistan Milli Konqresi üstünlüyü ələ almışdı. Onun hazırkı rəqibi BCP yalnız 30 il sonra, Hindistanın müstəqillik qazanmasından sonra peyda olub. Lakin çox qısa zamanda ciddi siyasi kapital toplamağı bacarıb və bunu həm də sosial ədalət, ənənəvi dəyərlərin qorunması tezisi ilə əldə edib.
BCP artıq 1998-ci ildə çoxluqda olduğu Milli Demokratik Alyansın hökumət koalisiyası ilə ilk dəfə hakimiyyətə gəlib, liderliyi bir də 2004-cü ildə rəqibi Hindistan Milli Konqresinə verib. 2014-cü ildə isə növbəti parlament seçkisini qalib başa vurmuş partiya bundan sonra şakimiyyəti əldən verməyib. O vaxtdan Narendra Modi ölkənin dəyişməz lideri olaraq qalır.
Hind millətçiliyi xarici siyasətdə
Modinin millətçi siyasəti 10 ildə Hindistanın dünyəvi demokratiyasını əhəmiyyətli dərəcədə dəyişib. Hakimiyyətini gücləndirməyə çalışan Modi davamlı olaraq, daha iddialı layihələr və təkliflərlə çıxış etməyə başlayıb. Onun Hindistanın adını dəyişərək Bxarat qoyulması ideyası nəyə desən dəyər. Baş nazir ölkənin inzibati ərazi bölgüsünə də əl atıb. 2019-cu ilin avqustunda Cəmmu və Kəşmir ştatında müstəqillik tələb edən yerli islamçı qruplaşmalarla regional qüvvələr arasındakı növbəti qarşıdurmadan sonra hökumət ştatı ləğv edərək, onun yerində iki müttəfiq ərazi yaradıb. Söhbət ştatdan daha az hüquqlara malik Cəmmu və Kəşmir və Ladakh inzibati vahidlərindən gedir. Bunun üçün parlament konstitusiyanın ştata xüsusi status verən 370-ci maddəsini ləğv edib. Cəmmu və Kəşmir Hindistanın müsəlman əhalinin çox olduğu yeganə ştatı idi.
Hindistanın müsəlmanlarla yerli hakimiyyət orqanları arasında gərginliyin yaşandığı başqa regionları da var. Bu, hakim partiyanın antiislam siyasəti ilə izah olunur. Hindistanda son illərdə bu siyasət özünü daha çox büruzə verir. Məsələ o yerə çatıb ki, seçkiqabağı kampaniya zamanı Modi əsas müxalifət partiyası olan HMK-nı və müsəlmanları hinduların mülkiyyətini əllərindən alaraq bölüşdürmək planında günahlandırıb. Bundan başqa, o, Hindistandakı müsəlman azlığı (onların sayı isə nə az, nə çox – düz 200 milyondur) «çoxlu uşaqları olan casuslar» adlandırıb. Bütün bunlara baxmayaraq, baş nazir özünün və partiyasının müsəlmanlara qarşı olmadığını, sadəcə, müxalifətin planlarını tənqid etdiyini söyləyib.
Yeni-Dehli ilə İslamabad arasında məhz Modinin dövründə münasibətlər əməlli-başlı pisləşib ki, bu da təsadüf deyil. Hindistanın Pakistanın əsas regional müttəfiqi olan Çinlə də münasibətləri korlanıb. Onun hər iki ölkə ilə sərhəd mübahisəsi var və bu mübahisələr zaman-zaman ciddi münaqişəyə çevrilir.
Haqlı olaraq, Çin-Pakistan tandemini özünə əsas geosiyasi rəqib sayan Yeni Dehli regionda Pekini zəiflətmək üçün öz strategiyasını qurur. Hər halda, o, Çinin «mirvari boyunbağı» adına qarşı «brilliant boyunbağı» adını qazanıb. Hədəf öz təşəbbüslərini gerçəkləşdirmək üçün tərəfdaş və dost ölkələrdə əlverişli iqtisadi infrastrukturun yaradılmasıdır. Bununla yanaşı, Hindistan imkan düşdükcə, hərbi gücünü də nümayiş etdirməyə çalışır. Bunu Yeni Dehlinin Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi Cənubi Qafqaz regionunda da aydın şəkildə görmək mümkündür. Aydındır ki, bununla o, Azərbaycan-Pakistan ikitərəfli və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli hərbi əməkdaşlığına qarşılıq vermək istəyir.
Modi dövründə Hindistan beynəlxalq təhlükəsizlik problemlərinə də prinsipial yanaşmasını dəyişməyə başlayıb. O, məhz bu üzdən regional hərbi-siyasi alyansların yaradılması işinə girişib. Onlardan ən nümunəvisi Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın iştirakı ilə formalaşdırılmış «Quad» blokudur. Amma bu blok 2007-ci ildə, Modinin sələfinin dövründə yaradılmışdı. Avstraliyanın bloku tərk etməsindən sonra isə o, buraxılıb və yalnız 2017-ci ildə ABŞ-nin ciddi səyləri ilə yenidən qurulub. Narendra Modi hökuməti bərpa prosesinə ciddi dəstək verib.
Hindistan ABŞ-nin daha bir regional müttəfiqi – İsraillə də əməkdaşlığı gücləndirib. O, Fələstin dövlətinin yaradılmasına dəstək kursundan belə, imtina edib.
Nə şiş yansın, nə kabab
Hindistanın sərt xarici siyasəti, demək olar ki, eyni sərtlikdə daxili siyasətlə də müşayiət olunur. Hər halda, ölkənin aparıcı müxalifət liderləri ciddi təqiblərə məruz qalır.
Seçkiqabağı kampaniya zamanı BCP tərəfindən pozuntulara yol verildiyinə dair ittihamlar çox yayılıb. Opponentlər bildirirdilər ki, BCP müxalifət namizədlərini və partiyalarını qorxutmaqla, Modinin elektoratı olmayan müsəlman seçiciləri sıxışdırmaqla demokratik prosesi pozur. Modi özü də daxil olmaqla, BCP liderləri seçki qaydalarını açıq şəkildə pozmaqda günahlandırırdılar. Belə ki, seçkiqabağı kampaniyanın gedişində onlar ictimaiyyəti qütblərə parçalayan antimüsəlman ritorikasına üstünlük verirdilər.
Müxalifət partiyaları BCP-ni rəqiblərini təqib etmək üçün dövlət aparatından istifadədə, o cümlədən müxalifət liderlərinin həbsində, Hindistan Milli Konqresinin hesablarına vergi orqanları vasitəsilə həbs qoymaqda da ittiham edib.
Amerikanın «Freedom House» analitik mərkəzinin hesabatında bildirilir ki, BCP «siyasi opponentlərinə hücum üçün hökumət qurumlarından maksimum istifadə edib».
Bəzi nümunələrə nəzər salmaq yerinə düşər. Əsas müxalifət liderlərindən biri, Dehlinin baş naziri, seçkiqabağı kampaniyada iştirak üçün girov qarşılığında azadlığa buraxılmış Arvind Kecrival səsvermənin son günü həbsxanaya qaytarılıb. Arvind açıq şəkildə bildirib ki, ona qarşı qaldırılmış korrupsiya işi Modi hökumətinin «siyasi sifarişi»dir və məqsəd onun partiyasının qarşısının kəsilməsidir.
Bir vaxtların qüdrətli müxalifət partiyası olmuş Hindistan Milli Konqresinin tanınmış üzvü, məşhur sülalənin təmsilçisi Rahul Qandi ötən il Modinin partiyasının üzvlərindən birinin şikayəti əsasında siyasi böhtançılıqda günahlandırılaraq, həbs olunub. Barəsində iki il müddətinə azadlıqdan məhrumetmə cəzasının çıxarılması ilə Qandi deputat mandatını da itirib. Onun cəzası Ali Məhkəmənin hökmü dəyişməsinədək davam edib.
Bu ilin fevralında Hindistanın şərqində yerləşən Carkhand ştatının sabiq baş naziri Hemant Soren korrupsiyada ittiham olunaraq həbs edilib ki, bu da böyük qalmaqal yaradıb.
Kecrival da, Rahul Qandi də, Soren də 20-dən artıq partiyanı özündə birləşdirən, Modinin hakimiyyətinə son qoymağa çalışan müxalifət alyansının üzvləridirlər.
Bütün bunlara baxmayaraq, Modi hələ seçki başlamamış favorit sayılırdı. Modinin 10 il baş nazir olması həm onun şəxsiyyətinə pərəstiş yaradıb, həm də bu müddətdə o, hakimiyyətini kifayət qədər gücləndirə bilib.
Bununla yanaşı, son seçkinin nəticələri hazırkı baş nazirin nüfuzunun sarsılmaz olmadığını göstərib. Hindistan ictimaiyyəti daxilində qarşıdurmanın artması, aparıcı müxalifət partiyalarının siyasi sistemdəki özbaşınalığa etirazı, Hindistan dövlətinin siyasi modelinin əsaslarını təftiş etmək cəhdləri cəmiyyətdə getdikcə daha çox narazılıq doğurur. Nəticədə, hakim partiya və onun lideri reytinqini itirir.
Modinin seçicilərin mesajını həyəcan siqnalı kimi qəbul edərək, siyasətində dəyişikliyə gedəcək, yoxsa sərtliyi daha da artıraraq Hindistanın Bxarata çevrilməsi prosesini daha da sürətləndirəcək? Bu sualların cavabı yaxın vaxtlarda məlum olacaq.
MƏSLƏHƏT GÖR: