23 Noyabr 2024

Şənbə, 19:34

FİNALI TƏXMİNEDİLMƏZ YARIŞ

Qərblə Rusiya qlobal destibilizasiyada yeni mərhələ başladırlar

Müəllif:

15.06.2024

Qərblə Rusiya arasında qarşıdurma getdikcə daha sərt xarakter alır. Ukraynada davam etməkdə olan müharibə şəraitində bu qarşıdurma müxtəlif regionlarda geosiyasi destibilizasiya, silahlanma yarışı və nüvə müharibəsi riski ilə müşayiət olunur.

 

Silah və hədəflər

Bu ilin yazında Rusiya-Ukrayna müharibəsi cəbhəsində ciddi dəyişikliklər baş verib. Rusiya ordusunun miqyaslı hücumları Ukrayna üçün ölkənin ən böyük ikinci şəhəri olan Xarkovu itirmək riski yaradıb. Bu, Kiyevin qərbli tərəfdaşlarını Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisindəki obyektləri vurmaq imkanı yaratmağa vadar edib.

İttifaq qoşunlarının Normandiyadan çıxarılmasının 80 illiyi ilə bağlı Fransada keçirilən tədbirdə ABŞ Prezidenti Co Bayden bildirib ki, «Birləşmiş Ştatlar, NATO və 50-dən artıq ölkəni özündə birləşdirən koalisiya birmənalı olaraq, Ukraynanın yanındadır». Bununla yanaşı, Vaşinqton Ukraynaya tədarük etdiyi silahlardan Rusiya ərazisindəki hədəflərə qarşı istifadə olunmasına razılıq verib. Doğrudur, Amerika buna bir şərtlə «hə» deyib: zərbələr Rusiyanın yalnız həmsərhəd ərazilərinə və yalnız Ukraynaya hücumların edildiyi obyektlərə endirilə bilər. ABŞ mediası məhz bu məqama istinadla bildirir ki, Vaşinqton əvvəlkitək, Kiyevin Krıma zərbələr istisna olmaqla, uzaqmənzilli ATACMS raketlərindən istifadəsinin əleyhinədir.

Almaniya da ehtiyatlı davranır. O, Ukraynaya uzaqmənzilli «Taurus» raketlərinin tədarükündən hələ də imtina edir, lakin ona verdiyi iki sistem («Panzerhaubitze 2000» özüyeriyən haubitsa və 40 kilometrdən uzaqda olan hədəfləri vura bilməyən «Mars II» zirehli yaylım atəşi raket sistemi) vasitəsilə Rusiya ərazisinə zərbələrin endirilməsinə «yox» demir.

Ukraynanın Rusiya ərazisinə zərbə endirməsinə Böyük Britaniya ilə Fransa da «hə» deyib. Fransa Prezidenti Emmanuel Makronun bu məsələ ilə bağlı mövqeyi Birləşmiş Ştatlarınkına bənzərdir. Makron da hesab edir ki, Kiyev «yalnız raketlərin buraxıldığı obyektləri, həmçinin Ukraynaya hücumların təşkil olunduğu hərbi obyektləri vura bilər». Amma Böyük Britaniya Rusiya ərazisinin uzaqmənzilli «Storm Shadow» raketləri ilə vurulmasına qoyduğu qadağanı aradan qaldırıb. Bir sıra digər NATO ölkələri də Kiyevə tədarük etdikləri silahlardan qeyd-şərtsiz istifadəsinə razılıq veriblər. Məsələn, Kanada, Niderland, Çexiya, Polşa, Skandinaviya ölkələri və Baltikyanı dövlətlər.

Gözlənildiyi kimi, Rusiyanın bütün bunlara reaksiyası son dərəcə pis olub. Moskva baş verənlərlə bağlı BMT TŞ-nin xüsusi iclasının keçirilməsini istəyib. Onun BMT yanındakı nümayəndəliyi isə ABŞ və Avropa ölkələrini Rusiyanı zəiflətmək üçün Ukrayna savaşının davam etməsində maraqlı olmaqda günahlandırıb. Ən önəmlisi, Moskva Qərbin Ukraynaya dəstəyini genişləndirməsinə cavab olaraq, NATO, ABŞ və Aİ-nin dünyanın müxtəlif regionlarında maraqlarına zərbə vuracaq addımlar atacağını bəyan edib.

 

Kim qalib olacaq?

Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında bildirib ki, onun ölkəsi dünyadakı antiqərb qüvvələrinə silah tədarükünə başlaya bilər. O deyib: «Kimsə hərbi əməliyyatlar zonasına bu cür silahlar tədarük etməyi, bizə problem yaratmağı mümkün sayırsa, nədən bizim eyni sinfə aid silahlarımızı bu ölkələrin həssas obyektlərinə zərbələr endirilə biləcək regionlara göndərmək haqqımız olmasın?»

Moskvanın mövqeyini Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də təsdiqləyib. O, bildirib ki, Ukraynaya silah tədarük edən ölkələrlə savaşan regionlara silah göndərilməsini mümkün sayan Rusiya lideri xarici siyasətdə əhəmiyyətli dəyişikliklərə gedir. «Qoy, indi ABŞ və müttəfiqləri üçüncü ölkələr tərəfindən Rusiya silahlarının onlara qarşı necə istifadə olunacağını görsünlər… Siyasi mövqelərindən, beynəlxalq birlik tərəfindən tanınıb-tanınmadıqlarından asılı olmayaraq. ABŞ onların düşmənidirsə, demək, onlar bizim dostlarımızdırlar», - deyə Medvedev qeyd edib.

Dünya mediası dərhal Rusiyanın hansı ölkə və ya regionlara silah tədarük edə biləcəyilə bağlı diskussiyalara başlayıb. Ana fikir ondan ibarətdir ki, bu halda əsas hədəf Qərbin ən güclü üç fövqəldövləti olacaq – ABŞ, Böyük Britaniya və Fransa. Səbəb isə heç də yalnız onların Ukraynaya ən çox hərbi dəstək verən dövlətlər olması deyil. Sadəcə, məsələn, Niderland, Danimarka və ya Litvadan fərqli olaraq, bu ölkələrin dünyanın müxtəlif bölgələrində nüfuzu və hərbi obyektləri daha çoxdur. Odur ki, beynəlxalq məsələlərdə daha fəal iştirak edən, bir sıra hallarda müxtəlif regionlarda hərbi kampaniyalar aparan ABŞ, Böyük Britaniya və Fransa saysız-hesabsız ölkə və silahlı strukturların qismində daha çox düşmən qazanıblar. Məsələn, İran, Suriya, Venesuela, Kuba kimi ölkələri, Yəmən husiləri və Livanın «Hizbullah» təşkilatı kimi qruplaşmaları buraya aid etmək olar. Qərb fövqəldövlətlərinin obyektləri isə Asiyadan tutmuş, Afrika, Latın Amerikası və Okeaniyaya qədər hər yana səpələnib, nəticədə, milyonlarla insan Amerikanın hegemonluğu və Avropanın neomüstəmləkəçiliyi ilə mübarizəyə cəlb olunub.

Qərbin dünyanın müxtəlif bölgələrindəki düşmənlərinin müasir Rusiya silahlarına yiyələnəcəkləri təqdirdə bu ölkələrin hansı problemlərlə üzləşə biləcəklərini təsəvvür etmək çətin deyil. Bu halda, əlbəttə ki, Qərb də sakit oturmayacaq və onun «Amerika və qlobal imperializm» düşmənlərinə qarşı atacağı hərbi addımlar qlobal qeyri-sabitliyi daha da dərinləşdirəcək.

Belə vəziyyətdə dünyanın aparıcı güc mərkəzləri arasında qarşıdurmanın daha da qızışması və nüvə müharibəsi riskinin artması qaçılmazdır. Amerikanın iki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Kiyevə hələ də «zərbə məhdudiyyətləri» qoyması da Vaşinqtonun nüvə savaşı riskini ciddi qəbul etməsindən qaynaqlanır.

 

Nüvə müharibəsi riski

Qərb ABŞ və Avropa ölkələrinin silahları, hərbi texnikası ilə təchiz olunmuş Ukraynanın Rusiyaya qarşı əməliyyatlarda uğur qazanacağı təqdirdə Moskvanın nüvə silahına əl atması riskini davamlı müzakirə edir. Rusiya ilə öz növbəsində, bildirir ki, o, nüvə silahından istifadə etməyi düşünmür, lakin bunu birmənalı istisna da etmir. Bu məsələdə doktrianal baza rolunu 2020-ci ilin iyununda qəbul olunmuş «Nüvə yayındırıcılığı sahəsində Rusiya Federasiyasının dövlət siyasətinin əsasları» çıxış edir. Bu, Rusiyanın istənilən nüvə və ya qeyri-nüvə hücumuna (əgər hücum dövlətin mövcudluğuna təhlükə yaradan təcavüzdürsə) nüvə silahı ilə cavab verməsini nəzərdə tutan sənəddir.

Rusiyanın operativ-taktiki nüvə silahının tətbiqi ilə bağlı keçirdiyi təlim də böyük rezonans yaradıb. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təlimin məqsədi kollektiv Qərbin aqressiv bəyanatları fonunda texnika və şəxsi heyətin nüvə silahından istifadəyə hazırlığını artırmaqdır. Rusiya ilə Qərbin mövcud silahlandırma planları fonunda bu hadisələr nüvə müharibəsi təhlükəsini daha da aktuallaşdırıb. Söhbət ABŞ və NATO-dan olan müttəfiqlərinin Ukraynanın Rusiya ərazisini vurmasına məhdudiyyətləri tam götürməsi halında yarana biləcək təhlükədən gedir.

Hərbi ekspertlər də hesab edirlər ki, Birləşmiş Ştatların Ukraynaya Rusiyanın dərinliklərindəki aerodromları vurmaq icazəsi verəcəyi təqdirdə nüvə müharibəsi riski böyüyə bilər. Amma Vaşinqton Kiyevin bu istəyilə razılaşmağı düşünmür. Bu gün ciddi müzakirə olunan məsələ yalnız Ukraynanın hava hücumundan müdafiə gücünün Amerikanın Kiyevə verdiyi «F-16» qırıcılarından effektiv istifadə ilə gücləndirilməsi məsələsidir. Bu isə Ukraynanın hücum potensialının deyil, müdafiə imkanlarının artırılması deməkdir.

Odur ki, hələlik Qərblə Rusiya arasında nüvə müharibəsi riskinin o qədər də yüksək olmadığını düşünmək mümkündür. Üstəlik, hər iki tərəfi birbaşa hərbi qarşıdurmada maraqlı olmadığını göstərir. Lakin nüvə müharibəsi riskinin əsas xarakteristikası elə onun mümkünlüyü haqda fikirlərin mövcudluğudur. Belə riskin az olması belə, vəziyyətin nəzarətdən çıxmasının bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə biləcəyi ehtimalını yaradır. Bu vəziyyət isə yəqin ki, Ukrayna müharibəsi bitənə qədər davam edəcək.



MƏSLƏHƏT GÖR:

61