Müəllif: Natiq NAZİMOĞLU
Tayvan mövzusu yenidən dünya birliyinin diqqət mərkəzindədir. Çin ordusunun ada ətrafındakı sularda «Joint Sword 2024B» («Birgə qılınc 2024B») adlı hərbi təlimə başlaması gərginliyin növbəti dalğasının başladığını göstərən əlamət sayıla bilər.
«Birgə qılınc»
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) təlimi Tayvanın əsas liman və rayonlarına hücum, onların mühasirəsi və ələ keçirilməsi taktikası üzərində keçirilib. Çin ordusu hərbi komandanlığının Şərq zonasının rəsmisi Li Si bildirib ki, «təlimlərdə məqsəd «Tayvanın müstəqilliyi»nə çalışan separatçı qüvvələrə sərt xəbərdarlıq mesajının verilməsidir. Bu, dövlətin birliyinin, milli suverenliyin qorunması üçün ədalətli və vacib addımdır».
Pekinin «vacib addım»ı, həqiqətən də, təsirli alınıb. Təlimlərdə Hərbi-Dəniz Donanması, Hərbi Hava Qüvvələri, raket qoşunları və Çin Xalq Respublikasının digər qüvvələri iştirak edib. Burada vacib elementlərdən biri isə manevrlərə dünyanın ən nəhəng sahil mühafizəsi gəmisi olan «CCG 2901»in cəlbi olub. Bu, Çinin sərhəd mühafizəsi qüvvələrinin Tayvan ətrafında fəaliyyətini gücləndirmək niyyətinin göstəricisidir.
Beləliklə, Pekinlə Taypey arasında Çində vətəndaş müharibəsinin baş verdiyi 1949-cu ildən yaranmış qarşıdurma yeni mərhələyə qədəm qoyur. Adanı «Çin Respublikası» adlandıran Tayvan rəhbərliyi ÇXR-ə tabe olmaqdan boyun qaçırır. Bununla yanaşı, Tayvanın siyasi elitası daxilində Pekinlə dialoq məsələsində fikir ayrılıqları da var. Tayvanın Pekinin kommunist hökumətindən müstəqillik mübarizəsinin başında dayanan millətçi «Homindan» partiyası ümumilikdə qitə Çini ilə yaxınlaşmaq tərəfdarı kimi çıxış edir, sonuncunun təşəbbüsü olan «bir ölkə-iki sistem» modeli əsasında dialoqu mümkün sayır. Lakin Tayvanın digər iri siyasi qüvvəsi – Demokratik Mütərəqqi Partiya (DMP) «Çin Respublikası»na qeyd-şərtsiz müstəqillik tələb edir. «Çinin müstəqilliyi» kursu 2016-cı ildə DMP nümayəndəsi Tsay İnvenin «prezident» postunu tutması ilə əhəmiyyətli dərəcədə sərtləşib. Pekin-Taypey münasibətlərində artan gərginlik tendensiyası hökm sürür və bu, özünü 2024-cü ilin əvvəlində «prezident seçkisi»ndə DMP-nin digər namizədi – Lay Tsindenin qələbə qazanmasından sonra daha aydın göstərir.
Pekini son olaraq qəzəbləndirən və Tayvan boğazında hərbi təlim keçirməyə vadar edən də Lay Tsindenin hər il oktyabrın 10-da keçirilən «Çin Respublikasının Milli Günü»ndə etdiyi çıxış olub. O, çıxışında adanın müstəqil olduğunu və Çinə tabe olmadığını bir daha dilə gətirib.
«Vahid Çin»in qorunub saxlanması, «Çinin birləşdirilməsi işinin irəli aparılması» əzminin qəti olduğunu göstərən Pekin Lay Tsindenin bəyanatına cavab olaraq bildirib ki, Tayvan heç zaman suveren dövlət olmayıb və olmayacaq. «Birgə qılınc 2024B» təliminə də bu bəyanatdan cəmi bir neçə gün sonra start verilib. Təlimin gedişində qarşıya qoyulmuş əsas hədəf «adanın hər iki tərəfdən sıxılması» taktikasının işlənməsi olub. Qərb mətbuatı yazır ki, indi Pekin Tayvan limanlarının şimal və cənubdan blokadaya alınmasına hazırlaşır. Pekin də öz növbəsində, təlimin Çin ordusunun adanı mühasirəyə almaq, iflic duruma salmaq imkanında olduğunu göstərdiyini deyir, bundan məmnunluğunu gizlətmir. Çində hesab edirlər ki, Lay Tsindeyə xəbərdarlıq kimi keçirilən təlim «separatçıların ürəyinə zərbə olub».
Pekin bununla blokada halında Tayvanın hansı vəziyyətə düşəcəyini nümayiş etdirib ki, bu da əslində heç kimdə şübhə doğurmurdu. Adanın iqtisadiyyatı praktik olaraq, tamamilə xarici əlaqələrdən, beynəlxalq ticarətdən asılıdır. Bu üzdən də onun blokadası adaya enerji daşıyıcıları tədarükünün, həyati əhəmiyyətli məhsulların və ümumilikdə Tayvan iqtisadiyyatının dayanmasına yol açacaq. Odur ki, Tayvan rəhbərliyinin adanın real blokadaya salınmasının müharibə aktı olacağına dair xəbərdarlıqları anlaşılandır. Tayvan rəhbərliyi deyir ki, Pekinin bu addımı beynəlxalq ticarət üçün ciddi fəsadlar verəcək. Son tezisdə xüsusilə o nəzərdə tutulur ki, Tayvanın blokadası ilə başlayacaq mümkün hərbi münaqişə beynəlxalq elektron sənayeni dağıda bilər. Çünki Tayvan yarımkeçiricilərin istehsalı üzrə dünya lideridir. Qlobal miqyasda qadjet və kompüterlərin əksəriyyətini yarımkeçiricilərlə məhz o təmin edir.
Taypey Çinin hərbi manevrlərini «biabırçı təxribat» kimi qiymətləndirib, cavab olaraq, «müvafiq qüvvələr» işlətməyi söz verib. Lakin Tayvanın öz hərbi potensialı hesabına Çinə müqavimət göstərmək iqtidarında olmadığı aydındır. Odur ki, Tayvan liderlərinin əsas ümidi ABŞ tərəfindən hərbi yardımın davam etdirilməsi və artırılmasınadır.
«Dinc birləşmə» və Amerika maneəsi
Birləşmiş Ştatlar bir yandan ÇXR-in Tayvan üzərində suverenliyini tanıyır, digər tərəfdən adanın statusunu qeyri-müəyyən sayır. Asiya-Sakit okean regionunda geosiyasi mövqeyini genişləndirmək və möhkəmləndirmək üçün məhz bu «qeyri-müəyyənlik»dən rahat vasitə kimi istifadə edən Vaşinqton Taypeyə ciddi siyasi dəstəklə yanaşı, silah və hərbi qurğular da verir.
ABŞ-nin hazırkı prezidenti Co Bayden dəfələrlə bildirib ki, Çinin Tayvana hücum edəcəyi təqdirdə Vaşinqton sonuncunu müdafiə edəcək. Onun bu istiqamətdə son qərarlarından biri dövlət katibi Entoni Blinkenə Tayvana müdafiə məhsulları və digər hərbi yardımların göstərilməsi üçün 567 milyon dolların ayrılması ilə bağlı olub.
Amerikanın Tayvana yeni yardım paketi ilə bağlı daha bir məlumat Çinin son hərbi təlimlərinin başa çatması ilə açıqlanıb. Pentaqon Birləşmiş Ştatların Tayvana 2 milyard dollarlıq silah satacağını bəyan edib. Buraya NASAMS qabaqcıl hava hücumundan müdafiə sistemləri də daxildir. Pentaqonun Müdafiə təhlükəsizliyi sahəsində əməkdaşlıq agentliyinin açıqlamasında deyilir ki, razılaşma Tayvana 1,16 milyard dollar dəyərində raket və 828 milyon dollarlıq radar sistemlərinin verilməsini nəzərdə tutur.
«Birgə qılınc» təlimi və Pekin-Taypey münasibətlərində gərginliyin növbəti dalğası fonunda ABŞ birmənalı olaraq anti-Çin xarakteri daşıyan iki hərbi aksiya keçirib. Onlardan biri Filippində miqyaslı KAMANDAG («Dəniz döyüşçülərinin əməkdaşlığı») təliminin təşkilidir. Bu təlimdə Amerika və Filippin hərbçiləri ilə yanaşı, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya və Yaponiya təmsilçiləri də yer alıblar. İkinci aksiya isə Çinin hərbi təlimi başa çatar-çatmaz keçirilən manevrdir. Bu təlim zamanı ABŞ və Kanadanın Hərbi-dəniz qüvvələrinə məxsus gəmilər – Amerikanın «Higgins» təyyarə və Kanadanın «Vankuver» keşikçi gəmisi Tayvan boğazı vasitəsilə cənubdan şimala keçiblər. Amerikalılar bu aksiyanı Tayvan boğazı ilə planlaşdırılmış tranzit kimi qiymətləndirib, «beynəlxalq hüquqa görə burada gəmiçiliyin sərbəst olduğuna» diqqət çəkiblər.
Amma Pekin ABŞ ilə Kanadanın bu demarşını kəskin pisləyərək onları «Tayvan boğazında sülh və sabitliyi pozmaqda» günahlandırıb. Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, «Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir, Tayvan məsələsi sərbəst gəmiçilik yox, Çinin suverenliyi və ərazi bütövlüyü məsələsidir». «Çin sərbəst gəmiçilik adı altında onun suverenliyinə, təhlükəsizliyinə təhdid yaradan istənilən təxribatın qatı əleyhdarıdır», - deyə Nazirliyin bəyanatında bildirilir.
Bəs Tayvan ətrafında növbəti gərginliyin nəticələri nə qədər ağır ola bilər?
Aydındır ki, qarşıdurmanın dərinliyinə baxmayaraq, yeni hərbi münaqişənin başlamasında nə Çin, nə də Tayvanı dəstəkləyən ABŞ maraqlıdır. Xüsusilə indiki şəraitdə Birləşmiş Ştatlarda bütün diqqət noyabrın 5-də keçiriləcək prezident seçkisinə yönəlib.
Hazırda Ağ Evə rəhbərlik edən Baydenin demokrat administrasiyası Çinlə mümkün hərbi qarşıdurmaya görə məsuliyyət daşımaq fikrində deyil. Güman ki, seçkidə Kamala Harrisin qalib olacağı təqdirdə Birləşmiş Ştatların yeni administrasiyası da eyni mövqedən çıxış edəcək.
Donald Trampın hakimiyyətə qayıtma ehtimalına gəlincə, o, artıq indidən bildirir ki, «Tayvan bizə heç nə vermir. Əksinə, onlar çip biznesimizin bir hissəsini bizim əlimizdən alıblar». Britaniyanın «The Guardian» qəzeti Amerika respublikaçılarının prezidentliyə namizədinin bu fikrini şərh edərək bildirir ki, «Trampın noyabrda Ağ Evə qayıdacağı təqdirdə ada demokratiyasına dəstək sual altına düşəcək».
Amma Trampın prezidentliyə qayıdacağı təqdirdə ABŞ-ın Pekinlə qarşıdurma şəraitində olan Teypeyə ənənəvi dəstəyi dayandıracağı az ehtimal olunandır. Çünki bu, Amerikanın Çinlə qlobal rəqabətində əsas elementlərdən biridir. Ən azı ona görə ki, Vaşinqton dəstəyi kəsəcəyi təqdirdə Tayvanın məğlubiyyətə məhkum olduğunu bilir. Bəli, Trampın prezident seçiləcəyi təqdirdə ABŞ Çinlə o cümlədən Tayvan məsələsindəki qarşıdurmasında daha çox iqtisadi rıçaqlardan istifadə edəcək. Bu isə başqa məsələdir. Hər halda, bunu Tramp özü də açıq şəkildə dilə gətirir. Seçkiqabağı kampaniya zamanı «Çinin Tayvana girəcəyi təqdirdə Vaşinqtonun necə davranacağı» haqda sualı cavablandıran Donald Tramp bildirib ki, o, «Tayvanın blokadasına hərbi güclə cavab verilməsini ististna edir». Respublikaçıların namizədi bu halda Pekini onun mallarına 150-200%-lik rüsumların tətbiqi ilə hədələyib. «Çin sədri Si Cinpin mənə hörmət edir və mənim dəli olduğumu bilir», - deyə D.Tramp qeyd edib.
Çin isə strateji olaraq, qiyamçı ada ilə məsələləri dinc yolla həll etməyə hədəflənib. Çin hökuməti artıq Tayvan boğazı vasitəsilə inteqrasiyanın dərinləşdirilməsi üçün daha çox təşəbbüs irəli sürür, onların reallaşdırılmasına Çinin müxtəlif regionlarını cəlb edir. Söhbət, ilk növbədə, tarixən Tayvan boğazındakı adaları da özündə birləşdirmiş Futszyan əyalətindən gedir. Çinin hakim Kommunist Partiyasından olan məmurlar isə davamlı olaraq, Tayvanla «dinc birləşmə»dən danışırlar. Bu mənada, Si Cinpinin 2023-cü ilin dekabrında ABŞ Prezidenti Baydenlə San-Fransiskodakı görüşündə səsləndirdiyi səs-küylü bəyanatı da yada salmaq olar. Həmin vaxt Cinpin bildirmişdi ki, Çin Tayvanla birləşəcək, amma bunu «güc yolu ilə yox, dinc şəkildə edəcək».
Amma Pekinin «dinc birləşməyə» sadiqliyi onun Tayvan üzərində suverenliyini hərbi yolla təmin etmək imkanlarını nəzərdən keçirmədiyi anlamına gəlmir. Mütəmadi olaraq «Birgə qılınc» tipli hərbi təlimlərin keçirilməsi bunun göstəricisidir. Pekinin mövqeyini Çin Dövlət Şurası yanında adalar üzrə dəftərxananın sədri Çen Binxuanın təlimin gedişində səsləndirdiyi bir bəyanat da ortaya qoyur: «Biz heç zaman üzərimiziə güc tətbiqindən imtina öhdəliyi götürməyəcəyik… Tayvanın nə boyda ordusunun olması, onların nə qədər silah alması, xarici güclərin məsələyə müdaxilə edib-etməyəcəyi vacib deyil. O, risk etmək qərarına gələcəksə, bu, onun özünün məhvi ilə nəticələnəcək».
Çen Binxua deyib ki, Çin milli suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə yönəlmiş fəaliyyətini «bir dəqiqə də olsun, dayandırmayacaq».
Beləliklə, Tayvan ətrafında vəziyyət bundan sonra da sülhlə müharibə arasında «var-gəl edəcək». O, bundan sonra da istər Çin-ABŞ qarşıdurmasının xarakterinə, istərsə də Asiya-Sakit okeanı regionu və ümumilikdə dünyanın təhlükəsizliyinə ciddi təsir göstərəcək. Tayvan məsələsi uzun illərdir beynəlxalq arenada hər an partlaya biləcək «barıt çəlləyi»dir və bu, yaxın perspektivdə də belə olacaq.
MƏSLƏHƏT GÖR: