18 Yanvar 2025

Şənbə, 11:38

ƏSƏDİN İFLASI

Suriyada vətəndaş müharibəsi bitdimi?

Müəllif:

15.12.2024

Suriya Bəşər Əsəd rejimi yıxılıb. Bəs uzun illərdir vətəndaş müharibəsindən əziyyət çəkən bu ərəb ölkəsinin gələcəyi necə olacaq? Ölkədə daxili siyasi sabitliyi bərqərar edəcək sülh mərhələsi başlayacaqmı? Suriya ətrafında onun xalqına bu qədər iztirab gətirmiş, saysız-hesabsız qurbanlara səbəb olmuş geosiyasi ehtiraslar, nəhayət, yatacaqmı?

 

Qiyamçıların ələ keçirdiyi Dəməşq

Bəşər Əsədin devrilməsi Suriyada əsası 1963-cü ildə qoyulmuş dövlət modelinin də sonu deməkdir. O vaxt «Bəəs» partiyası (Ərəb Sosialist Dirçəliş Partiyası) ölkədə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş, 7 il sonra – 1970-ci ildə bu dəfə partiya daxilində baş vermiş çevrilişlə ölkənin başına Hafiz Əsəd keçmişdi. Hafiz Əsədin prezidentliyə 1971-ci ildə başlayıb və 29 il davam edib. 2000-ci ildə onun vəfatından sonra «Bəəs» partiyasının və müvafiq olaraq, Suriya Ərəb Respublikasının başına oğlu Bəşər keçmişdi.

Əsədlərin ənənəvi idarəçiliyinə 2011-ci ildə müxtəlif xarici oyunçuların qızışdırdığı amansız vətəndaş müharibəsi ilə son qoyulmuşdu. Bu işdə əli olan güclərin hər biri Suriyada öz istəyinə uyğun dövlət qurmaq niyyətində idi. O dövrdən davam edən vətəndaş qarşıdurmasında yarım milyon insan həlak olub, daha altı milyon suriyalı qaçqına çevrilib. Ölkədə nisbi sakitliyə yalnız 2017-ci ildə Bəşər Əsədin Rusiya və İranın köməyi ilə qiyamçı müxalif qruplaşmaları zərərsizləşdirməsindən sonra nail olunmuşdu. Qiyamçılar sırasında ekstremist, terrorçu qruplaşmalar da var idi.

Lakin Əsəd hakimiyyətinin bu zəfəri 2024-cü il noyabrın sonu, dekabrın əvvəlində cəmi 10 gün içərisində darmadağın olub. Həmin günlər ərzində Bəşər Əsəd hakimiyyətinə qarşı olan qüvvələr ölkənin aparıcı, əhəmiyyətli şəhər və regionlarını bir-birinin ardınca ələ keçiriblər – Hələb, İdlib, Həmas, Hüms və sonda Dəməşq. Əsəd özü ailəsilə birlikdə Rusiyadan siyasi sığınacaq alıb.

Ölkəyə bir neçə gün formal olaraq Əsəd hakimiyyətinin baş naziri Məhəmməd Qazi əl-Calali rəhbərlik edib. Sonra müxalifətçilər hakimiyyəti məhz ondan təhvil alıblar.

Əsədin devrilməsinə nail olmuş əsas qruplaşma «Həyat Təhrir əş-Şam»dır (HTŞ). Onun kökləri «Əl-Qaidə» terror təşkilatına gedib çıxır. «Cihadçı»-sələfi ideologiyasına əsaslanan HTŞ məhz «Əl-Qaidə»nin Suriya qanadı olan «Cəbhat ən-Nusra»dan qoparaq yaranıb. O, ölkədə illərdir davam edən vətəndaş müharibəsində digər dini cərəyanlara qarşı amansızlığı ilə yadda qalıb. Lakin son illər qruplaşma özünü Suriya millətçiliyi ideyasının tərəfdarı kimi göstərir. Onun transformasiyası qruplaşma lideri Əbu Məhəmməd əl-Culaninin ideoloji baxımdan «Əl-Qaidə»dən uzaqlaşması ilə əlaqələndirilir. Əl-Culani «ümumdünya xilafəti»nin yaradılması hədəfindən imtina etdiyini deyərək, Suriyada radikal-islamçı hərəkatın standartlarını tətbiq etmək niyyətinin olmadığını bildirib.

Halbuki o, hələ 10 il əvvəl Suriyanın radikal islamçıların nəzarətinə keçəcəyi təqdirdə orada xristianlarla ələvilərə (sonuncular Əsəd rejiminin əsas dayağı idi) yer olmayacağını bildirirdi. Əsəd rejimini devirərək hakimiyyətə gəldikdən sonra isə əl-Culani bəyanatlar verərək, suriyalıları ölkənin bütün sakinlərinə dözümlə yanaşılacağına, onlara arasında etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin aparılmayacağına inandırmağa çalışıb. Bundan başqa, HTŞ nəzarətində olan ərazilərdə qadınlardan üzlərini tam bağlamalarını da tələb etmir. Qruplaşmanın qaydalarına isə döyüşçülərin uşaqları qorxudacaq əməllərə yol verməməsi haqda da maddə əlavə olunub.

Əsəd rejiminin devrilməsindən dərhal sonra əsl adı – Əhməd Hüseyn əl-Şaara kimi təqdim olunmağa başlamış əl-Culaninin hakimmiyyətin sakit formada, zorakılıq hallarına yol verilmədən ötürümləsinin tərəfdarı olduğu deyilir. Məsələn, o, öz döyüşçülərinə ilkin dövrdə, hakimiyyətin rəsmi ötürülməsinədək baş nazir əl-Calalinin nəzarətində qalmış dövlət qurumlarına yaxınlaşmağı qadağan etmişdi.

Amma Suriyadakı etnik və dini azlıqların təmsilçilərində hələ də ciddi narahatlıq qalmaqdadır. Çünki Suriya və suriyalılar üçün həyati əhəmiyyət daşıyan bir çox məsələ hələ ki, açıq qalır. Məsələn, HTŞ və hakimiyyəti ələ keçirmiş digər hərbi birləşmələr Suriyada necə bir dövlət yaratmağı düşünür? Yeni Suriya klerikal dövlət olacaq, islam dövləti, yoxsa dünyəvi dövlət? Əl-Culani və silahdaşları, həqiqətən «cihadçılıq»dan millətçiliyə keçiblərsə, yoxsa onlar özlərini xalqa və dünyaya bu cür təqdim etməklə sadəcə, əsl hədəflərini gizlədirlər?

Və nəhayət: Suriyanın yeni hökuməti əvvəlki rejimin təmsilçiləri və tərəfdarlarından qisas alacaqmı? Əl-Culaninin Əsəd rejiminin zorakılığa, hərbi cinayətlərə yol vermiş nümayəndələrinin təqib olunacağına dair bəyanatından sonra bu narahatlıq bir qədər də artıb. Hər halda, HTŞ lideri qeyd olunan cinayətlərdə şübhəli bilinənlərin siyahısının açıqlanacağını deyib və onlar haqqında məlumat verəcək şəxslərə mükafat vəd edib.

Bununla yanaşı, Suriya daxilində uzun illər Əsədlə mübarizə aparmıq və nəhayət, onun devrilməsinə nail olmuş qüvvələr arasında yeni münaqişə də istisna edilmir. Ümumi hədəfə nail olmuş qiyamçı qüvvələr arasında münasibətlər necə olacaq? Əsəd rejiminin devrilməsi bir yana, Suriyanın gələcəyilə bağlı düşüncələr, ölkənin bundan sonra necə inkişaf etməli olduğu haqda fikirlər onları birləşdirəcək, yoxsa əksinə?

Bəşər Əsədin dövründə hökumət qüvvələrinə qarşı ən fəal mübarizə aparmış silahlı qruplaşmalardan biri Suriya Milli Ordusudur. O, Türkiyəyə yaxınlığı ilə tanınır və ölkənin şimalında güclü mövqelərə malikdir. Suriyanın cənub rayonlarında isə əsasən dünyəvi dövlət quruluşuna tərəfdar olan müxtəlif qiyamçı dəstələr mübarizə aparıb. Onları islamçılarla yalnız Əsəd rejiminə nifrət birləşdirirdi. Odur ki, indiyədək Əsəd hakimiyyətinə qarşı birgə mübarizə aparmış qüvvələrin dövlətin bundan sonrakı mövcudluğu ilə bağlı ortaq məxrəcə gəlib-gəlməyəcəkləri məsələsi Suriyada hərtərəfli sülhün əldə olunması baxımından çox vacibdir. Suriya ictimaiyyəti dəhşətli vətəndaş müharibəsinə birdəfəlik son qoya biləcək, yoxsa İraq və Liviya kimi, bu ölkəni də da çoxillik diktaturanın süqutundan sonra bitib-tükənməyən xaos, yeni qanlı münaqişələr bürüyəcək?

Bu və digər suallar hələ də açıq qalır. Qiyamçılar Dəməşqi nəzarətə götürdükdən bir neçə gün sonra ölkədə keçid hökuməti qurublar. Onun müvəqqəti baş naziri İdlib əyalətinin qiyamçı administrasiyasının rəhbəri Məhəmməd əl-Bəşirdir. Keçid hökuməti Suriyaya 2025-ci il martın 1-dək rəhbərlik etməlidir. Ola bilsin ki, o vaxtadək Suriyadakı vəziyyətə xarici təsirlərin dərəcəsi də daxil olmaqla, bir çox məsələyə aydınlıq gəlsin.

 

Xarici oyunçular

Əsəd rejiminin çöküşündə, şübhəsiz ki, geosiyasi vəziyyətdən irəli gələn ayrı-ayrı məqamların üst-üstə düşməsi vacib, bəlkə də həlledici rol oynayıb. Əsədin əsas müttəfiqləri olan Rusiya ilə İran müvafiq olaraq, Ukrayna müharibəsi və İsraillə münaqişə fonunda «Bəəs» rejiminə dəstək imkanlarını xeyli itirmişdilər. Onlar Əsəd hakimiyyətinə ən azı Suriyadakı vətəndaş müharibəsinin qızğın çağında olduğu qədər kömək edə bilmirdilər. Müxalif qruplaşmalar Əsəd qüvvələrinə qarşı həlledici hücuma keçmək üçün bu şansı əldən vermədilər. Onların bu hücumu isə Əsədin devrilməsinə çalışan ABŞ və İsrail başda olmaqla, nəhəng beynəlxalq güclər tərəfindən də dəstəklənirdi (həlledici hücumun onlar tərəfindən planlaşdırıldığı da istisna deyil).

Bir sözlə, Rusiya ilə İran Suriya meydançasında çox zəifləmişdilər. Əsəd rejiminin devrilməsi ilə isə Rusiyanın bu ölkəyə 2015-ci ilin sentyabrında göndərdiyi böyük hərbi kontingentin deyil, həm də onun Aralıq dənizindəki iki nəhəng bazasının taleyi sual altında qalıb. Söhbət Tartusdakı hərbi-dəniz və Hmeymimdəki hərbi-kosmik bazadan gedir. Moskva ilə Dəməşq 2017-ci ildə Tartus və Hmeymimdəki hərbi bazalardan 49 il müddətinə – 2066-cı ilədək istifadəyə dair razılaşma imzalayıblar. İndi isə Kremldə etiraf edirlər ki, bazaların gələcək taleyini Suriyanın yeni hökuməti müəyyənləşdirəcək.

Suriya ərazisində dislokasiya olunmuş Rusiya qoşunlarına gəlincə, onların da vəziyyəti problemlidir. Beləliklə, Moskva Suriyaya təsirini tam itirə bilər. Halbuki indiyədək Rusiyanın fövqəldövlət statusunun əsas elementlərindən biri onun məhz bu ərəb ölkəsindəki nüfuzu idi. Üstəlik, Rusiyanın Suriya kampaniyasının iflası praktik olaraq, onun Yaxın Şərq regionundan tamamilə uzaqlaşdırılması anlamına gəlir.

İrana gəlincə, Əsəd rejiminin devrilməsi onun Qərblə İsrailə qarşı uzun illər ərzində qurduğu «müqavimət xətti»nin dağılması deməkdir. Suriyada vətəndaş müharibəsinin getdiyi illərdə Suriya hökumətinə ciddi dəstək verən Tehran yalnız bu ölkənin cihadçıların, ilk növbədə, «İslam Dövləti» təşkilatının nəzarətinə keçməsini əngəlləmir, həm də faktiki olaraq, onun ərazisini sözügedən «xətt»in özəyinə çevirirdi. Suriya İranla Livanda məskunlaşmış silahlı «Hizbullah» şiə qruplaşması arasında əlaqələndirici bənd idi. Bu qruplaşma İrandan silah-sursatı məhz Suriya vasitəsilə alırdı. Lakin İsrailin Livana qarşı bu yaxınlarda həyata keçirdiyi hərbi əməliyyat «Hizbullah»ı da əhəmiyyətli dərəcədə zəiflədib. Nəticədə, İran və onun proksi qruplaşmaları Əsəd hakimiyyətini qoruya bilməyib. Media yazır ki, İran və «Hizbullah» artıq öz dəstələrini Suriyadan çıxarıblar.

Əvəzində, İsrail Suriyaya daxil olaraq, Əsədin devrilməsi ilə regional mövqelərini daha da gücləndirib. Suriyada hakimiyyət dəyişikliyindən dərhal sonra İsrail qoşunları Holan yüksəkliyindəki demilitarizasiya olunmuş bufer zonanı nəzarətə götürüb. Söhbət yəhudi dövləti tərəfindən 1967-ci ildəki «Altı günlük müharibə» zamanı işğal olunmuş ərazidən gedir. İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, onun ölkəsi ilə Suriya arasında delimitasiya olunmuş bufer zonanın yaradılmasına dair 1974-cü ildə imzalanmış razılaşma qüvvədən düşür.

Bundan başqa, İsrail silah və raketlərin güman edilən istehsal və saxlanma yerlərinə də zərbələr endirir, bunu onların ekstremistlərin əlinə keçməsini əngəlləmək üçün etdiyini bildirir. Məlumata görə, belə hücumlar nəticəsində Suriyada aeroportlar, aviasiya eskadriliyaları, radarlar, silah-sursat anbarları, elmi tədqiqat mərkəzləri, Hava Hücumundan Müdafiə Sistemləri kimi vacib hərbi obyektlər, həmçinin ölkənin şimal-qərbindəki Latakiya liman şəhərində yerləşən hərbi gəmilər məhv edilib.

Amma son günlərdə Suriya ərazisində hərbi fəallığı ilə seçilən tək İsrail deyil. ABŞ «İslam Dövləti» yaraqlılarının dislokasiya olunduqları yer daxil olmaqla, 75-dən artıq hədəfin vurulduğunu bəyan edib. Yəhudi dövləti kimi, Birləşmiş Ştatlar da bildirir ki, bu əməliyyatın keçirilməsində məqsəd terrorçuların Suriyada Əsəd rejiminin devrilməsindən sonra yaranmış siyasi qeyri-müəyyənlikdən istifadəsinin qarşısının alınmasıdır.

Suriyada hakimiyyət dəyişikliyindən sonra regionda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş və güman ki, burada hadisələrin gələcək inkişafında həlledici rollardan birini oynayacaq daha bir dövlət Türkiyədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Bəşər Əsədi istər ikitərəfli münasibətlərin bərpası üçün Ankara, istərsə də vətəndaş müharibəsinə son qoyulması üçün Suriya müxalifəti ilə danışıqlara çağırmış, lakin Əsəd bu danışıqlardan imtina etmişdi.

İndi Ankara üçün prioritetlərdən biri Türkiyə ərazisində məskunlaşmış bir neçə milyon suriyalı qaçqının vətəninə qayıtmasıdır. «Türkiyə öz evlərinə qayıdacaq suriyalılara ciddi yardım göstərəcək. Biz Suriyanın bərpasında qardaş xalqın yanında olacağıq», - deyə Ərdoğan qeyd edib.

Görünən odur ki, Ankara Suriyanın bərpasında, həqiqətən, həlledici rol oynamaq istəyir. Bununla yanaşı, Türkiyə bu ərəb ölkəsinin ərazi bütövlüyünə də tam dəstək verir. «Biz Suriyanın yenidən parçalanmasına, onun ərazisinin qarşıdurma zonasına çevrilməsinə imkan verə bilmərik», - deyə R.T.Ərdoğan bildirib. Dövlət başçısı deyib ki, o, Suriyanın hələ «İslam Dövləti» və Kürd Fəhlə Partiyası terrorçularının nəzarətində qalan ərazilərinin də «tezliklə» azad olunacağına ümid edir.

Şübhəsiz ki, Ankara üçün ABŞ-nin Suriyanın Türkiyə ilə sərhəd olan şimal rayonlarında kürd terrorçu dəstələrinə dəstəyi dayandırması çox vacibdir. Bu mənada, görünən odur ki, qarşıdakı aylar ABŞ-Türkiyə müttəfiqliyi üçün daha bir sınaq olacaq, Vaşinqtonun müttəfiqinin təhlükəsizlik sahəsindəki maraqlarını nə qədər nəzərə aldığını göstərəcək.

Ümumilikdə isə bütünlükdə Yaxın Şərq həyati əhəmiyyətli tarixi imtahandan keçir. Suriyada yaşanan son hadisələr regional siyasətdə tektonik dəyişikliklərin daha bir komponenti sayıla bilər.



MƏSLƏHƏT GÖR:

21