Müəllif: Namiq Q. ƏLİYEV
Gürcüstan Mərkəzi Seçki Komissiyası dekabrın 14-də prezident seçkisində hakim «Gürcü arzusu» partiyasının namizədi Mixail Kavelaşvilinin qalib gəldiyini açıqlayıb. Qanunvericilikdə nəzərdə tutulmuş 300 seçicinin (onların yarısı parlamentin deputatlarından, yarısı isə regionların təmsilçilərindən ibarətdir) 224-ü səsini məhz ona verib.
M.Kavelaşvili prezident seçkisində iştirak edən yeganə namizəd idi. O, bu postda seçkinin nəticələrini tanımaqdan boyun qaçıran müxalif mövqe ilə Fransa vətəndaşı Salome Zurabişvilini əvəzləyib.
Yeni seçilmiş prezident ilk müsahibəsində bildirib ki, namizəd olması təklifini «Gürcü arzusu» partiyasının yaradıcısı və fəxri sədri Bidzina İvanişvili ilə Gürcüstanın baş naziri İrakli Kobaxidzedən alıb. «…Mən prezidentlik institutunu konstitusion çərçivəyə qaytaracaq şəxs olacağam», - deyə o, qeyd edib.
Seçkinin nəticələrinin elan olunmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev Mixail Kavelaşvilini qələbə münasibətilə təbrik edib. Gürcüstanın digər yaxın qonşusu olan Ermənistanın baş naziri Nikol Paşinyanın təbriki bir sutka sonraya təsadüf edib.
Seçki bəhanəsi
Fransa Prezidenti Emmanuel Makron dekabrın 13-də – Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu əldə etməsinin birinci ildönümündə gürcü xalqına müraciət edib. «Gürcü xalqının ölkə Konstitusiyasında əksini tapmış Avropaya inteqrasiya səylərinə xəyanət yolverilməzdir… Gürcüstanın Avropa arzusu boğulmamalıdır. Bu seçim bizim suveren qərarımızdır və bu gün Tbilisidə, həmçinin ölkənin onlarla şəhərində Avropa ailəsinə qoşulmaq qərarı dinc şəkildə ifadə olunur», - deyə Makron bildirib.
Gürcüstanın hakim «Gürcü arzusu» partiyasının baş katibi Kaxa Kaladze isə öz növbəsində, Prezident Salome Zurabişvilinin «Gürcüstana deyil, xarici qüvvələrə xidmət etdiyini» söyləyib. Kaladze ötən prezident seçkisində Zurabişvilinin namizədliyinin məhz onun təmsil etdiyi partiya tərəfindən irəli sürüldüyünə görə xalqdan üzr istəyib.
Parlamentin spikeri Şalva Papuaşvili isə Zurabişvilini Gürcüstan qanunvericiliyinə əməl etməyə çağırıb: «Onu sabotaja başlayaraq, gürcü xalqını növbəti dəfə satmamağa çağırıram. Onun gürcü xalqının iradəsinə qarşı gedəcəyini düşünmürəm. Xalq onun cavabını oktyabrın 26-da keçirilmiş seçkidə verib. Yeganə çağırışım gürcü xalqının iradəsinə tabe olmasıdır».
Prezident seçkisi Gürcüstanda növbəti etiraz aksiyaları üçün bəhanə olub. Gürcüstan parlamentinin qarşısına toplaşmış kütləyə sonradan Salome Zurabişvili də qoşulub. Onlar Kavelaşvilidən ali təhsil haqqında diplomunu nümayiş etdirməsini tələb ediblər. Qeyd edək ki, bəzi məlumatlara görə yeni prezidentin ali təhsili yoxdur.
Polis aksiya yerinə əlavə qüvvələr və su vuran maşınlar cəlb etməli olub…
Seçkiqabağı qarışıqlıq
Emmanuel Makron dekabrın 11-də Bidzina İvanişvili ilə telefon əlaqəsi saxlayıb. Zəngin məqsədini təxmin etmək olar. Güman edilir ki, Gürcüstanda vəziyyətin dəyişməyəcəyi təqdirdə radikal ssenarilərin işə düşə biləcəyinə dair xəbərdarlıq da səsləndirilib. Ehtimala görə, Makron İvanişviliyə hakimiyyətdən gedəcəyi təqdirdə Fransada təhlükəsiz həyat vədi belə, verib.
Xatırladaq ki, «ağsaq ördək» Zurabişvili kimi, İvanişvili də Gürcüstanla yanaşı, həm də Fransa vətəndaşıdır. Bu, onun xanımına da aiddir. İvanişvili 2011-ci ildə Rusiya vətəndaşlığından könüllü imtina etmiş, eyni zamanda, Fransa vətəndaşlığından imtina proseduruna başlamışdı. Lakin o, 2013-cü ildə bu uzun bürokratik prosesi dayandırıb. Yeri gəlmişkən, 2020-ci ildə Makron İvanişvilini «Fəxri legion» ordeni ilə təltif edib.
Dekabrın 12-də mediada Gürcüstanın baş naziri İrakli Kobaxidzenin vəzifədən getməyə hazırlaşdığı, hətta İvanişvilinin guya artıq bu istefanı qəbul etdiyi haqda xəbərlər yayılıb. Amma məlumat rəsmi təsdiqini tapmayıb.
Mətbuatda yer alan daha bir xəbərə görə, ölkənin sabiq hökumət başçısı, «Gürcü arzusu»nun hazırkı sədri İrakli Qaribaşvili ciddi travmalar aldığı üçün xəstəxanaya yerləşdirilib. Guya partiya üzvləri arasında fiziki qarşıdurma baş verib və nəticədə, Qaribaşvili xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Bunu telekanallardan birinin efirində İvanişvilinin Birləşmiş İnvestisiya Fondunun sabiq rəhbəri Georgi Baçiaşvili deyib.
Hökumətə yaxın mənbələr isə onun sadəcə, məşq zamanı çiynini zədələdiyini bildirir. Sonradan Qaribaşvili özü də ictimaiyyət qarşısına çıxıb və onun guya partiyadaşları tərəfindən döyüldüyü haqda deyilənləri «həyasız yalan» adlandırıb.
Maraqlıdır ki, dekabrın 12-də Tbilisidə keçirilən etirazlara Avropa Parlamentinin qəsdən Gürcüstana gəlmiş 7 deputatı da qatılıb. Onlar Salome Zurabişvili, müxalifət partiyalarının liderləri, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərlə görüşlər də keçiriblər. Hökumət nümayəndələri ilə görüşdən imtina edən avroparlamentarilər səbəb kimi onları «qeyri-legitim» saydıqlarını göstəriblər.
Mətbuatda Salome Zurabişvilinin prezident seçkisini pozmaq, parlamentin mühasirəsini təşkil etmək, ümumxalq tətilinə nail omlaq niyyətinə dair xəbərlərin yayılmasından sonra Kavelaşvili onu «nəhayət, istefa verməyə» çağırıb.
Gürcüstanın şahmat taxtası
Gürcüstan yenidən geosiyasi hadisələrin mərkəzindədir. O, beynəlxalq və regional aktorların maraqlar toqquşmasında növbəti meydana çevrilib. Gürcüstanın coğrafi mövqeyi onu Cənubi Qafqaz uğrunda mübarizənin aparıcı elementinə çevirir. Qərbin aşkar və kobud təzyiqləri, daxili siyasi fikir ayrılıqları və proseslərə kənardan təsir göstərmək imkanlarının real olması inteqrasiya ilə suverenlik arasındakı incə balansı poza biləcək ciddi təhdid yaradır. Qarşımızda sanki iki gürcü cəmiyyəti var: biri nəyin bahasına olursa olsun, Avropanın ayrılmaz hissəsinə çevrilmək istəyir, digəri Avropaya inteqrasiyadan imtina etmədən, ənənələrin, müstəqilliyin, milli suverenliyin qorunub saxlanmasını vacib sayır.
Gürcüstana «xarici agentlər haqqında» qanunla bağlı edilən təzyiqlərin üzərindən çox keçməyib. Qlobalistlər onu demokratiyaya təhdid sayırlar. Halbuki xarici təsirlərin məhdudlaşdırılmasını nəzərdə tutan sənəddə «xarici agentlər» haqda bir kəlmə də yoxdur. Ümumiyyətlə, qanun layihəsində bu termindən istifadə edilməyib. Bu, sadəcə, qanuna vurulmuş damğadır. Ortaya atılaraq sonradan mediada tirajlanması, bununla da ictimai rəyin çaşdırılması üçün uydurulmuş damğa. Amma bu gün əksər gürcülər bu qanunu ölkədə yadların maraqlarının reallaşdırılmasına maneə kimi yanaşır.
Bu qanun Aİ və ABŞ-yə demokratik azadlıqlara təhdiddən danışmaq üçün bəhanə olub. Sonrakı hadisələr isə göstərib ki, «xaricilər» qanunun məhz xarici təsirləri məhdudlaşdırdığı üçün narahat olublar. Gürcüstan vətəndaşlarının əksəriyyəti tam əksinə, onu ölkəni və xalqı daxili işlərə müdaxilədən qorumaq vasitəsi, qərarların müstəqil şəkildə qəbuluna imkan verən sənəd sayır.
Baş nazir Kobaxidzenin hakim «Gürcü arzusu» partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonunadək dondurduğuna dair bəyanatı əvvəlcə ciddi etiaz dalğası yaradıb. Nəticədə, cəmiyyət iki yerə bölünüb: bəziləri üçün bu qərar Avropaya inteqrasiya arzusuna xəyanət, digərləri üçün isə milli suverenliyin dəstəklənməsi, ölkənin tam subyektivliyinin təsdiqlənməsi istiqamətində vacib addım idi. Gürcüstan avropalı tərəfdaşlarından bərabərhüquqlu dialoq tələb edirdi ki, ölkə kimlər üçünsə obyektə yox, tamhüquqlu tərəfdaşa çevrilsin. Burada bəzi aktorların demokratik imicə uyğun olmayan ultimativ danışığı da öz rolunu oynayıb.
Lakin zaman keçdikcə çoxları anlayıb ki, söhbət Avropa xəttindən imtinadan yox, sadəcə, avropalı bürokratların əmredici tonunu dəyişməsi üçün danışıqların təxirə salınmasından gedir.
Cənubi Qafqaz nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi üçün aparıcı halqaya çevrilib. Bu da onu ABŞ, Aİ, Rusiya, Türkiyə, Çin və İran kimi oyunçular üçün geosiyasi maraqlar kəsişməsinə çevirir. İndi Gürcüstan hökuməti yeni şəraitdə Avropaya inteqrasiya ilə bağlı daxili qüvvələrin tələbləri və xarici çağırışlar arasında balansa əsaslanan müstəqil siyasət yürütməlidir. «Gürcü arzusu» komandası artan geosiyasi mübarizə fonunda bacarıqlı oyunçu olmalıdır.
Dinc etiraz, yoxsa fişənglər inqilabı?
Ölkədə sabitliyin pozulmasına istənilən cəhd haqlı olaraq, təxribat kimi qiymətləndirilməlidir. Dinc etiraz, öz mövqeyini ifad etmək, hadisələrə, əməllərə münasibət bildirmək və s. kimi məsələlər vətəndaş hüquqlarının ayrılmaz hissəsidir. Dinc etiraz öz-özlüyündə seçkinin nəticələrini dəyişə, hüquq müstəvisindən kənara çıxa bilməz. Bu, normaldır. Lakin Gürcüstanda son həftələrdə baş verənlər növbəti «rəngli inqilab» cəhdinə bənzəməyə başlamışdı. Hər halda, polisin insanları hüquq normaları çərçivəsinin aşılmamasına çağırması nəticə verməyib və etirazlar iğtişaşlarla əvəzlənib. Polis əməkdaşlarının gözünə lazerlə işıq salındığı, onların daş-qalaq olunduğu, fişəng atəşinə tutulduqları kadrları hər kəs görüb. Etirazçılar parlamentin qapısını belə, sındırıb, qanunsuz olaraq onun ərazisinə soxulmağa cəhd göstəriblər. Bu halların qarşısının alınması cəhdləri isə heç də hər zaman uğurlu alınmayıb, çünki polis zorakılıq etməkdən çəkinib. Amma buna rəğmən, istər etirazçılar, istərsə də asayiş keşikçiləri arasında yaralananlar olub. Müxalifətin bu əməli apriori seçkinin nəticəsini dəyişə bilməzdi. Amma yaşananların sabitliyi pozduğu birmənalıdır.
Hadisələrin gedişi, həqiqətən də, Ukraynanın Maydan hadisələrini xatırlatmağa başlamışdı. O zaman qurulmuş barrikadalar, hər yanı bürümüş tüstü, Kiyev küçələrində toqquşmalar hər kəsin xatirindədir. Lakin Gürcüstan müxalifəti dekabrın 5-nə keçən gecə taktikanı dəyişib. Onların fəaliyyəti praktik olaraq hüquq normalarını aşmır, müvafiq olaraq, polis nümayişi müşahidə etməklə kifayətlənirdi. Sanki kimsə gözlənilmədən komandaya qanunsuzluğun yolverilməzliyi, hər şeyin demokratik şəraitdə baş verməsinin vacibliyi haqda çağırış etmişdi. Belə vəziyyətdə zaman-zaman asayiş keşikçiləri ümumiyyətlə, gözə dəymirdi.
Səbəb isə sadə imiş: polis iğtişaşçılara – mitinq təşkilatçılarının yox, məhz iğtişaşlara hazırlaşanların saxlanılması istiqamətində önləyici tədbirlər görübmüş. Onların ofislərində saysız-hesabsız maska, fişəng, fənər və digər «iğtişaş avadanlıqları» aşkarlanıb.
Dekabrın 13-də Gürcüstan parlamenti inzibati qanun pozuntuları ilə bağlı məcəlləyə dəyişikliklər paketini təsdiqləyib. Yeniliyə əsasən, bundan sonra mitinq, toplantı və nümayiş iştirakçılarının maskadan, həmçinin pirotexnikadan istifadəsi qadağandır. Hüquq mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə mane ola biləcək lazerlərdən və ya hər hansı digər güclü işıq cihazlarından istifadə də qadağan olunub. Qanunvericilikdə küçələrin qanunsuz yürüşlərlə, nəqliyyat vaistələri ilə bağlanmasına görə isə ciddi cərimə məbləğləri nəzərdə tutulur. Bənzər cərimələr binaların fasadlarına şəkillər çəkən, yazılar yazan insanlara da tətbiq olunacaq.
İrakli Kobaxidze bəyan edib ki, prezident seçkisindən sonra «Gürcüstan Maydanı iflasa uğrayıb». O, ölkənin Avropaya inteqrasiya kursunun dəyişməz qaldığını, hökumətin ölkəni Aİ üzvü etmək üçün əlindən gələni əsirgəməyəcəyini də söyləyib.
Etirazlardan qaçmaq olardımı?
Kobaxidze dekabrın 3-də keçirdiyi mətbuat konfransında təəssüflə bildirib ki, 2020-ci ilin noyabrından bugünədək – 4 ildir – ölkədə inqilaba dörd cəhd olub və onların hamısı xaricdən maliyyələşdirilib.
Parlament seçkisi ilə bağlı mətbuatda, o cümlədən müxalifət mediasında gedən xəbərlərdə bildirilir ki, ayrı-ayrı seçki məntəqələrində pozuntular qeydə alınıb, onların nəticələri ləğv edilib və faktlarla bağlı cinayət işləri açılıb. Lakin bu pozuntular səsvermənin ümumi nəticəsinə təsir göstərməyib. MSK seçkini baş tutmuş sayıb və onun nəticələrini təsdiqləyib.
Qərbin tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi isə ölkədə liberal elita ilə daha mötədil ənənəvi millətçi qüvvələr arasında daxili münaqişəni qaçılmaz edir, ictimaiyyət arasında ziddiyyəti və uçurumu dərinləşdirir.
Avropa seçimi, yoxsa suverenlik?
Gürcüstan tam müstəqilliyini qoruyub saxlamağa çalışırdı və buna nail olub. Maraqlı qüvvələr onu Rusiya ilə növbəti müharibəyə sürükləyə bilməyib. Gürcüstanın Ukrayna ilə bir cəbhəyə qoyulmasına istiqamətlənmiş fəal gedişlər az qala iki ölkə arasında münasibətləri tamamilə pozacaqdı. Halbuki Tbilisi Ukraynanın ərazi bütövlüyünü açıq və birmənalı şəkildə dəstəkləyir, Gürcüstan vətəndaşları isə onun uğrunda mübarizə belə, aparır. Belə bir vəziyyətdə Tbilisiyə «ikinci cəbhə»nin açılması üçün göstərilən təzyiqlərə baxmayaraq, Gürcüstan hökuməti milli maraqlarının, təhlükəsizliyinin prioritetlərini dəqiq müəyyənləşdirərək, müharibəyə cəlb olunmayıb.
ABŞ və Aİ iyirmi il ərzində Gürcüstana Rusiya ilə qarşıdurmalarında strateji forpost kimi baxıb. Vəziyyəti xarakterizə edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, siyasi, hərbi və media təzyiqləri vasitəsilə Gürcüstanın bufer zonaya çevrilməsinə çalışılır.
Tbilisinin balanslı siyasəti isə gürcü xalqının köklü maraqlarına tam cavab verir. Ölkə rəhbərliyinin öz ərazisində müharibədən qaçmaq cəhdləri dövlət maraqlarından irəli gəlir. İki etno-ərazi münaqişəsinin hələ də davam etməsi, Rusiya ilə diplomatik əlaqələrin olmaması və onunla mümkün toqquşma Gürcüstanın Avropaya inteqrasiya yolunu birdəfəlik qapada biləcək risklərdir. Bu gün ölkə rəhbərliyi öz siyasətində bütün bunları nəzərə almağa çalışır, bu isə kimlərinsə xoşuna gəlmir. Bəlkə, Rusiya ilə münaqişə elə Gürcüstanı Aİ-dən uzaq tutmaq üçün gərəklidir?
Gürcüstan hökumətinin Avropaya inteqrasiya niyyəti Avropanın əksər ölkələrində şübhə doğurmur. İndi söhbət Gürcüstan hökumətinin Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqına o qədər də sadiq olmayacaq qüvvə ilə əvəzlənməsi, qeyri-sabitlik yaradılması və bununla da Cənubi Qafqazın işlərinə müdaxilə üçün şəraitin əldə olunması cəhdlərindən gedir.
Parlament seçkisində «Gürcü arzusu»nun qalib gəlməsi, Mixail Kavelaşvilinin prezident seçilməsi isə Tbilisinin regional mövqeyini gücləndirir, onun qonşu ölkələr üçün etibarlı tərəfdaş olaraq qalacağını göstərir.
Bununla yanaşı, İrakli Kobaxidzenin prezident seçkisindən sonra dediyi kimi, «Gürcüstan Aİ-yə üzv olmaq üçün əlindən gələni edəcək». «Gürcüstan Avropa İttifaqı ilə kompromisə gedə bilər. Amma bunun üçün suverenliyindən, müstəqilliyindən, ərazi bütövlüyündən keçə bilməz», - deyə o, qeyd edib.
Dost gürcü xalqının müdrikliyinə, onun sabitliyi qorumaq, etnik münaqişələri çözmək, sülh, Cənubi Qafqaz xalqlarının rifahı naminə düzgün qərarlar qəbul etmək bacarığına şübhə yoxdur. Bu gün Gürcüstan Ukraynanın yolu ilə getmək istəmir. O, nəinki sabitliyini qoruyub saxlamağa, həm də suverenliyini itirməməyə çalışır.
MƏSLƏHƏT GÖR: